“Mən
ölümü rahatlıqla qəbul etmiş adamam”
Kəramət Böyükçöl: “Amma onu da bilirəm
ki, insanlara nə vəsiyyət eləsəm, yerinə yetirməyəcəklər”
“Yəni deyəcəm balalarıma
yaxşı baxın, bir gün baxacaqlar, iki gün baxacaqlar,
sonra yadlarından çıxıb gedəcək.
Çünki biz qeyri-ciddi varlıqlarıq”
“Ona görə insanlara tövsiyəm odur ki,
çalışsınlar gülüşlərini itirməsinlər.
Bu dünyaya gəlmək istəyən milyardlarla insan olub ki,
çoxu kanalizasiya borularının içindədir. Amma siz
bu dünyaya gəlmisiniz, təbiəti, bu gözəllikləri
görmək şansınız olub, çalışın
xoşbəxt olun”
Yazıçılar, yaradıcı adamlar
son illər ictimaiyyətdə gündəm ola bilməsələr
də, bugünkü müsahibimiz üçün vəziyyət
heç də elə deyil. O, cəmiyyətdə ən
çox tənqid edən və tənqid edilən simalardan
biridir.
"Kəramət Böyükçöl
filankəs haqqında danışdı"
başlığı ilə yazılan xəbərlər,
çəkilən videolar auditoriya tərəfindən
böyük maraqla qarşılanır. Lakin biz bu gün Kəramət
Böyükçöllə pafos və qalmaqaldan uzaq, onu daha
yaxşı tanımaq üçün həmsöhbət
olduq. Müsahibə üçün
razılaşdığımız yerdə, Kəramətin
yeni kitab avtobusunun qarşısında oturub söhbətə
başladıq:
- Salam Kəramət bəy, yeni kitab
avtobusunuzun qarşısındayıq. Necəsiniz, işlər
necə gedir?
- Təşəkkür edirəm, xüsusi bir
iş yoxdur ki, haqqında danışım. Burdayam, insanlar gəlir, kitab alır,
söhbət edir. Bəzən söhbət eləməyə
gələnlər kitab alanlara imkan vermir (gülür).
Maraqlı insanlarla qarşılaşıram, Azərbaycan
xalqını bir-bir tanıyıram, daha dərindən
tanıyıram. Bu, yazıçını daha da zənginləşdirir.
- Kitab
avtobusunuzla rayonlara getməyi
düşünürsünüz? Yoxsa avtobus ancaq burda qalacaq?
(red. Elmlər Akademiyası parkı)
- Rayonlara
getməyi düşünmürəm, çünki bu avtobus
sürülmür. Mühərriki yoxdur, köşk kimidir və
daimi yeri buradır. Amma sürülən bir kitab avtobusum olsun
istəyərəm. Rayonlara, şəhərlərə getmək,
kitab satmaq, əhali ilə söhbət etmək. Bu çox da
böyük arzu deyil, balaca arzudur, reallaşdırmaq
mümkündür. Amma hələlik məndə o imkan
yoxdur.
-
İnşallah olar. Kəramət bəy, cəmiyyətdə ən
çox tənqid edən və tənqid edilən
simalardansınız. Bunun səbəbi nədir?
- Mən
həmişə sevənlərimdən çox, sevməyənlərimə
təşəkkürümü bildirmişəm.
Çünki sevməyənlər sevənləri aktiv
saxlayır. Tutalım ki, İmişli rayonunun hansısa kəndində
Məmməd adında bir adam var, məni çox istəyir. Mən
həyatımı Məmmədin xoşuna gəlmək
üçün yaşasam, onun sevdiyi musiqiləri,
kitabları, siyasətçiləri sevsəm, mənim ondan nə
fərqim oldu? Mən də bir Məmmədəm də.
İnsanların xoşuna gəlmək, onlardan istifadə edənlərin
məqsədi ola bilər. Bizim yazıçı kimi
işimiz məmmədlərin nazı ilə oynamaq yox,
onları dəyişmək, sivil dünyagörüşü
sahibi eləməkdir. Azərbaycan ədəbiyyatında
xalqın nazı ilə oynayan o qədər
yazıçı olub ki, ölüb gedib, heç
xatırlanmır. Yəni xalq, toplum səni sevə də bilər,
sevməyə də bilər, tənqid də edə bilər,
hətta nifrət də edə bilər. Amma sən azad fikirlərindən
əl çəkməməlisən.
- Cəmiyyətdə
"Kefli İsgəndər" obrazı ilə məşhurlaşmısınız.
Bildiyimiz qədər hazırda içkini, siqareti tərgitmisiniz.
Azərbaycan ictimaiyyəti yeni Kəramət
Böyükçölü necə tanımalıdır?
- Cəmiyyət mənə ona görə
"Kefli İsgəndər" deyir ki, onlar həmin obrazdan
başqa heç kimi tanımır. Onu da gedib oxumayıblar,
filminə baxıblar. "Martin İden"i (Cek London tərəfindən
yazılmış romanın qəhrəmanı)
tanısaydılar məni ona oxşadardılar.
Tanımırlar axı. Hesab edirəm ki, "Kefli İsgəndər"
yaxşı obraz deyil. Hətta düşünürəm ki,
dərsliklərdə "Novruzəli", "Kefli İsgəndər"
kimi obrazlara yer verilməsi, hansısa sistemli bir siyasəti,
sovet totalitar hakimiyyətinin məqsədli bir addımı
idi. Belə obrazlarla Azərbaycan xalqına deyilirdi ki, "həqiqəti
deyənin əlində içki şüşəsi ola bilər,
həqiqəti deyən əyyaş ola bilər". Və
yaxud "Novruzəli". Onlar bu obrazla demək istəyirdilər
ki, “Sən Novruzəlisən, poçt qutusuna məktub belə
ata bilmirsən. Sən necə müstəqil ola bilərsən?
Sən necə özünə dövlət qura bilərsən?
Səni kimsə idarə etməlidir".
Artıq mən siqareti də, içkini də
tərgitdim, bunların qarşısında aciz adam
olmadığımı göstərdim. Cəmiyyət
artıq məni necə tanımaq istəyirsə, elə də
tanıyacaq. İstəyir sevsinlər, istəyir nifrət
etsinlər. İnsandır da, bir gün söyür, bir gün
sevir. Mən də yazıçıyam, insanların
qorxacağı məmur deyiləm ki, onları məhkəməyə
və ya polisə verim. Bu insanların nə azad seçkisi
var, nə müstəqil mətbuatı. (Gülərək)
Neyləsinlər yazıqlar, daha Kəraməti də söyməsinlər?
- Romanlarınızda, statuslarınızda ən
yaxınlarınızı belə tənqid edirsiniz. Buna
görə sizi nankor adlandıranlar da var. Bu məsələ
haqqında nə demək istəyirsiniz?
- Bəli, mən həm atamı, həm
anamı, həm xalqı, həm hakimiyyəti, həm də
müxalifəti tənqid edirəm. Ancaq heç birinə nifrət
etmirəm. Mənim tənqidlərimin məqsədi
islahdır. Bəzən deyirlər ki, bu adam öz
ağsaqqalını da tənqid edir, ona belə hörmət
qoymur. O insanlar böyük nə dedi, doğrudur,
düşüncəsi ilə yaşayan adamlardır. Mən
bu düşüncəni qəbul etmirəm. Belə
götürəndə düz də nisbidir. Məsələn,
sən de ki, nüvə silahını yaradanlar canilərdir, əlləri
insanların qanına batacaq. Çox adam sənin fikrinə
doğrudur deyəcək. Amma mən deyirəm ki, nüvə
silahı olmasa dünyada 100 dənə müharibə baş
vermişdi. Elə bu müharibələri saxlayan məhz
nüvə silahıdır. İndi sənə düzdür
deyənlər mənim fikrimlə razılaşacaqlar. Yəni
həyatda düz və səhv nisbidir. Sən elə bilirsən
ki, getdiyin yol, dediyin söz düzdür. Başqası gəlib
elə bir arqument deyər ki, ömrünü
yanlışlarla yaşadığının fərqinə
vararsan. Ona görə də, cahil-nadan bir adamı oyatmaq təhlükəlidir.
- Yaxın zamanda bir statusunuzu oxudum. Cəmiyyətin tənqidini
də tənqid edirdiniz. Yazmışdınız ki, bizim cəmiyyət
düzgün tənqid etməyi bacarmır, insanları islah
etmək üçün yox, vurmaq üçün tənqid
edir. Mən soruşmaq istəyirəm: Kəramət
Böyükçölün tənqidləri nə qədər
islahedicidir?
- Vaxt var
idi, mənim tənqidlərimə görə atam çox
narahat olurdu. Mənə iradlar bildirirdi. Amma elə olurdu ki, məhz
mənə görə atama hansısa bir yerdə hörmətlə
yanaşırdılar. Bu o deməkdir ki, tənqid etdiyim tərəf
də mənim məqsədimin nifrət, qərəz
olmadığını başa düşür, ona görə
də mənimlə düşmənçilik etmir. Bilirsiniz,
mən tənqid zamanı heç kimi hədəfə
almıram.
-
Hökumət və müxalifət camiasından da?
- Bəli,
adlarını çəkdiklərim belə mənim hədəfim
deyil. Mən demək istədiklərimi bu obrazlardan istifadə
edərək deyirəm. Heç birinə düşmənçilik
bəsləmirəm.
- Maraqlıdır, yaxın zamanda
öləcəyinizi bilsəniz vəsiyyətiniz nə
olardı?
- Mən
ölümü rahatlıqla qəbul etmiş adamam. Amma onu da
bilirəm ki, insanlara nə vəsiyyət eləsəm, yerinə
yetirməyəcəklər. Yəni deyəcəm
balalarıma yaxşı baxın, bir gün baxacaqlar, iki
gün baxacaqlar, sonra yadlarından çıxıb gedəcək.
Çünki biz qeyri-ciddi varlıqlarıq. Ona görə
insanlara tövsiyəm odur ki, çalışsınlar
gülüşlərini itirməsinlər. Bu dünyaya gəlmək
istəyən milyardlarla insan olub ki, çoxu kanalizasiya
borularının içindədir. Amma siz bu dünyaya gəlmisiniz,
təbiəti, bu gözəllikləri görmək
şansınız olub, çalışın xoşbəxt
olun.
- Vaxt
ayırdığınız üçün təşəkkür
edirik, Kəramət bəy.
Yusif Sultanoğlu,
Aybəniz Səfərova
Şərq.-
2025.- 10 sentyabr, ¹162.- S.5.