Boşanmalar artır
Ekspertlər ailə institutunun zəiflədiyini deyir
Gender, ailə və demoqrafiya məsələlərinin
işıqlandırılması
Gənclər evliliyə dözmür,
demoqrafik təhlükə
qapıdadır
Son dövrlərdə Azərbaycanda
boşanmaların sayında
müşahidə olunan
artım cəmiyyətdə
ciddi narahatlıq doğurur. Ailə institutunun zəifləməsi
ilə müşayiət
olunan bu proses təkcə sosial münasibətlərə deyil,
eyni zamanda ölkənin demoqrafik vəziyyətinə də
birbaşa təsir göstərir.
Mütəxəssislər bildirirlər ki,
boşanmaların çoxalması
doğum səviyyəsinin
azalmasına, tək valideynli ailələrin artmasına və gələcəkdə əmək
resurslarının azalması
riskinə yol aça bilər. Mövcud tendensiya davam edərsə, bu hal uzunmüddətli
perspektivdə əhalinin
təbii artımına
və sosial sabitliyə ciddi təhlükə yarada bilər.
Statistik
məlumatlar göstərir
ki, hər 100 nikahdan
56-sı bir il keçməmiş
pozulur, yəni cütlüklər arasında
ailə həyatının
sabitliyi qısa müddətdə pozulur.
Dilarə
Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə
Cəmiyyətinin sədri,
hüquq müdafiəçisi
Novella Cəfəroğlu “Şərq”ə bildirib
ki, artıq ailə institutu, ailə dəyərləri, tərbiyə
aradan çıxmağa
başlayıb. Onun fikrincə, biz bu dəyərləri yenidən
geri qaytarmalı, ailə institutumuzu möhkəmləndirməliyik:
“Əvvəllər evlənəcək
gənclərin ailələri
bir-birini araşdırır,
bir-birinə uyğun olub-olmadığını müəyyənləşdirirdi,
daha sonra gənclər ailə qururdu. Lakin indi evlənmək, ailə qurmaq çox asanlaşıb, gənclər
özlərini avropalı
kimi aparır. Qızlarımız da işləyirlər,
iqtisadi cəhətdən
sərbəst olublar, ailədə olan söz-söhbətə, problemlərə
dözümlülük göstərmirlər.
Bir çoxu da sərbəst
yaşamaq istəyir. Əvvəllər qadınlar
ona görə dözürdülər ki, iqtisadi
cəhətdən kişidən
asılı idilər,
övladlarının gələcəyi,
öz gələcəyinə
görə bir çox problemlərə susqunluq nümayiş etdirirdilər. İndi isə
əksər qadınlar
kişilər qədər
işləyib, evə
pul gətirirlər və hansısa problem olduqda ona sinə
gəlmək istəmir,
rahatlıqla boşanma
qərarını verirlər.
Həmçinin uşaq dünyaya
gətirmək, onu böyütmək çətinləşib.
Buna görə ailələr
əksər hallarda bir uşaqla kifayətlənir, buna görə
ölkəmizdə demoqrafiya
da aşağı düşməyə
başlayıb”.
Hüquq
müdafiəçisi hesab
edir ki, həm sosial-iqtisadi problemlər, maddi sıxıntılar, gənclərin daha çox sərbəst yaşamaq istəyi, çətinliklərə dözümsüzlük
boşanmaların artmasına
təsir göstərir:
“Bu məsələdə televiziyaların
da təsiri az deyil. Bəzən görürük ki, 5-ci dəfə
evlənən toy edir,
o toyu efirdə verirlər, buna baxanlar da düşünürlər ki, onlar
da bu cür tez-tez boşanıb, evlənə bilərlər,
elin, cəmiyyətin qınağına tuş gəlməyəcək. Amma əvvəllər
el qınağı
var idi, insanlar boşanmağı böyük
ayıb hesab edirdilər, ailələrini
hər cür çətinlikdən qorumağa
çalışırdılar. İndi isə bütün bunlar sıradan çıxıb".
Problemin
səbəbləri və
psixoloji aspektlərini
dəyərləndirən psixoloq
Elnur Rüstəmov qeyd edib ki, ailələr
adaptasiya prosesini keçə bilmədikləri
üçün boşanmağa
qərar verirlər. Onun sözlərinə görə, əsas səbələrdən biri
tərəflərin bir-birini
yetəri qədər
tanımaması və
ya tanıtmaq istəməməsi ilə
bağlıdır: "Tanışlıq
ərəfəsində cütlüklər
özlərinin daha çox müsbət tərəflərini göstərməyə
çalışırlar. Bir-biri ilə tam səmimi ola bilmirlər və nəticədə ailə qurduqdan sonra problemlər yaranır. Sonra da deyirlər
ki, mən onu belə tanımırdım,
mən onun bu xüsusiyyətlərini
bilmirdim, mən bilmirdim onun ailəsində bu kimi problemlər var və s. Halbuki bunları zamanında çox rahat həll etmək olardı". Psixoloq boşanma hallarına ailələrin müdaxilələrinin
də böyük təsir göstərdiyini
qeyd edib. Onun sözlərinə görə, klassik bir problem olsa da, qayınana-gəlin münasibəti
burada çox önəmlidir: “İstər
qız, istər oğlan tərəfin ailələrindən olan müdaxilələr də
boşanmalara gətirib
çıxarır. Bəzən
səbəbsiz qısqanclıqlar
da buna səbəb olur”.
Boşanma hallarının azalması
və qarşısının
alınması məsələsinə
gəldikdə isə
E.Rüstəmov psixoloqa müraciət etməyi məsləhət
görüb. Onun fikrincə, bu məsələyə peşəkarların
cəlb olunması çox yaxşı nəticələr verə
bilər. Çünki
bəzən boşanan
tərəflər zaman keçdikcə
təəssüf hissi
keçirir və qərar verərkən tələsdiyini düşünür.
Lakin iş-işdən keçmiş
olur.
Sağlam
Cəmiyyət Hərəkatının
sədri, sosioloq Elçin Bayramlı da açıqlamasında ailə
dəyərlərinin zədələnməsinin
qlobal bir tendensiya olduğunu deyib. Onun sözlərinə
görə, müasirlik
adı altında təbliğ olunan yeni həyat tərzi, gənclər arasında aparılan müxtəlif çağırışlar prosesə
ciddi təsir göstərir: “Bir çox
gənclər həyatlarını
yalnız şəxsi
maraqlarına uyğun
qurmaq istədiklərini
bildirərək evlənməyə
tələsmirlər. Ailə
qurmağa və ailəyə maddi resurs ayırmağa üstünlük vermək
əvəzinə, səyahət
etməyi və fərdi rahatlığı
seçirlər”. Bu yanaşmaların
milli-mənəvi dəyərlərimizlə
ziddiyyət təşkil
etdiyini xatırladan sosioloq qeyd edib
ki, ailələrin sayının
azalması və boşanmaların artması
ümumi əhali strukturunda problemlər yaradır: “Doğum səviyyəsinin aşağı
düşməsi demoqrafik
tarazlığa təsir
edir, boşanmalar isə əlavə hüquqi və sosial öhdəliklər formalaşdırır. Nəticədə
dövlətin sosial məsuliyyəti və yükü artır”. Ailə institutunun möhkəmləndirilməsi və
sağlam ailə modelinin təşviqini vacib hal kimi
dəyərləndirən E.Bayramlı hesab edir ki, minilliklər boyu formalaşmış
milli-mənəvi dəyərlərimizi
qorumaq və gənclərə ailənin
müqəddəs bir
institut olduğunu düzgün şəkildə
izah etmək mühüm əhəmiyyət
daşıyır: “Ailə
oyun və ya müvəqqəti qərar deyil, ciddi və məsuliyyətli
bir seçimdir. Ailə bir dəfə
qurulmalı və qorunmalıdır. Əgər
ailədaxili problemlər
yaranarsa, onların həlli yolları mövcuddur. Böyüklərin
məsləhəti, ailə
üzvlərinin qarşılıqlı
dialoqu və anlayışı vasitəsilə
problemləri aradan qaldırmaq mümkündür.
Həll olunmayan problem
yoxdur. Gənclər
milli dəyərlərimiz əsasında
tərbiyə olunduqda
ailə institutu daha möhkəm və dayanıqlı olar”.
Şəymən Bayramova
Şərq
qəzeti.-2026.- 6 mart-13 mart.-S.6.