100 il öncə
Bakı tarix yazdı
Akif
Aşırlı: I Türkoloji
Qurultayının qərarları
hələ də aktualdır
I Türkoloji Qurultay XX yüzillikdə türk xalqlarının,
o cümlədən, Azərbaycan
xalqının mədəni
həyatında baş
vermiş ən əlamətdar hadisələrdən
biridir. Prezident İlham Əliyevin “I Türkoloji Qurultayın
100 illik yubileyinin keçirilməsi haqqında”
Sərəncamına əsasən,
Mədəniyyət Nazirliyi
Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birlikdə Birinci Türkoloji Qurultayın
100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirməlidir.
Modern.az xəbər verir ki, mövzu
ilə bağlı
"Şərq" qəzetinin
baş redaktoru, Azərbaycan Türk Ocağının sədri
Akif Aşırlı deyib ki, I Türkoloji
Qurultayın həm elmi, həm də tarixi əhəmiyyəti son dərəcə böyükdür:
- Akif müəllim,
siz əvvəllər
də I Bakı Türkoloji Qurultayı və bu Qurultayın
100 illik yubileyinin keçirilməsi haqqında
dəfələrlə danışmısınız.
Xatırlayıram ki, Heydər Əliyev Mərkəzində 3 may -
Türkçülük Gününə
həsr olunmuş “Dildə, fikirdə, İşdə Birlik: Türk dünyasının
gələcəyi” adı
altında paneldə bu məsələyə xüsusi diqqət çəkmişdiniz. I Bakı
Türkoloji Qurultayı
niyə bu qədər önəmli hesab edirsiniz?
- Bu təklifi
yalnız o tədbirdə
deyil, bir çox yerdə səsləndirmişəm. Məsələn,
ötən ilin aprelində Ankarada Türk Ocağı Genel Mərkəzinin Qurultayında da söylədim ki, Türkiyədə fəaliyyət
göstərən qeyri-hökumət
təşkilatları, vətəndaş
cəmiyyətləri, milliyyətçi
təşkilatlar gələn
il Azərbaycanla bağlı tədbirlərini
planlaşdırarkən I Bakı
Türkoloji Qurultayının
100 illiyini də mütləq nəzərə
alsınlar. Çünki
bu qurultay türk xalqlarının, türk millətinin milli kimlik inşasında,
ortaq türk əlifbasının işlənib
hazırlanmasında son
dərəcə mühüm
hadisə idi. Eyni zamanda ortaq
türk tarixinin yazılması, etnoqrafiyasının
öyrənilməsi, arxeologiyanın
sistemləşdirilməsi, milli mədəni nümunələrin axtarılması,
yazılı türk tarixinin müəyyənləşdirilməsi
baxımından bu Qurultay çox böyük əhəmiyyət
kəsb edir. Prezident bundan əvvəl də iki dəfə Türkoloji Qurultayın keçirilməsi ilə bağlı sərəncam
verib. Qurultayın 80 illiyinin, 90 illiyinin və bu il
də 100 illiyinin keçirilməsi məhz
həmin sərəncamlara
əsasən qərarlaşdırılıb.
Eyni zamanda nəzərə almalıyıq
ki, bu münasibətlə
keçiriləcək tədbirlər
yalnız Azərbaycanda,
Bakıda deyil, qarşıdakı həftələrdə
və aylarda Türkiyədə və ümumilikdə Türk cümhuriyyətlərində də
təşkil olunacaq. Çünki bu cür tədbirlər təkcə Azərbaycanda
keçirilmir. Özbəkistanda,
Qazaxıstanda, Qırğızıstanda
və digər türk respublikalarında da bu hadisənin
mahiyyətini və bu gün üçün
aktuallığını ortaya
qoyan tədbirlər həyata keçirilir. Bizim üçün ən önəmli fakt odur ki,
hələ 100 il əvvəl Bakı Türkoloji Mərkəz kimi tarixləşib. Bir əsr sonra
da, yəni ötən il türk dövlətləri
təşkilatı çərçivəsində
ortaq türk əlifbası yenə də Bakıda təsdiqləndi. Qeyd edək ki, I Türkoloji Qurultayın
1925-ci ildə keçirilməsi
nəzərdə tutulmuşdu,
lakin müəyyən
səbəblərə görə
ertələndi.
- Ertələnməyə
səbəb nə idi ki?
- Bunun səbəblərini
müəyyən etmək
üçün o dövrün
arxiv sənədlərinə,
qəzet materiallarına
diqqət yönəltməliyik.
Qurultayla bağlı həmin dövrdə çap olunan anadilli mətbuatda bu sualın cavabı var, bu da maddi
çətinlikdir. Qurultay
nümayəndələrinin sayı 130, qonaqların ümumi sayı isə 300-dən çox idi. Bu geniş
heyətin qarşılanmasına,
ehtiyaclarının ödənilməsinə,
nəşriyyat işinin
və qurultayın yüksək səviyyədə
təşkilinə xeyli
miqdarda vəsait lazım idi. Bu isə ömrünün
5-ci ilini yaşayan sovet Rusiyası üçün ciddi problem yaradırdı. İkinci səbəb isə gizli arxiv materiallarında əks olunub. Bu işi təşkil
edənlər çəkinirdilər
ki, qurultayda ərəb əlifbasının
latın qrafikasına
keçidi baş tutmaya bilər. "Ərəbçilər" adlandırılan
bu zümrə latın qrafikasını sözsüz, birmənalı
qəbul etmirdilər.
Digər tərəfdən
Türkiyədən dəvət
olunan alimlər də, onların qurultayda hansı mövqe sərgiləyəcəkləri
də qaranlıq qalırdı.
- 1925-ci ilin üzərində xüsusi
dayandınız. Bilmək
olar nə üçün?
- Çünki 1925-ci ildə Azərbaycan milli mətbuatının
50 illik yuibileyi, həmçinin Türk dünyasını birləşdirən
böyük şair Əlişir Nəvainin
500 illiyi idi. Az öncə qeyd etdiyim kimi tədbirin
1925-ci ildə keçirilməsi
nəzərdə tutulsa
da, 1926-cı ildə keçirildi. Həmin dövrün anadilli mətbuat orqanlarında Həsən bəy Zərdabinin əsasını
qoyduğu "Əkinçi"
qəzetinin 50 illiyi barədə yazılar çap olunmağa başladı. Azərbaycan
milli mətbuatının
son 50 ildə keçib gəldiyi yolla bağlı da xeyli materiallar
qəzetlərdə işıq
üzü gördü.
Qurultayın təşkili
ilə bağlı hesabat xarakterli yazılarda bu ali akademik tədbirlər
çərçivəsində mətbuatın 50 illik yubileyinin keçirilməsi
nəzərdə tutulurdu.
Bu yöndə hazırlıqlara başlanılmışdır.
- Bəs Türkoloji
Qurultay Azərbaycan mətbuatı üçün
nə verdi?
- Birincisi, mətbuatımızda
yeni bir texniki inkişaf mərhələsi, latın
qrafikasına keçid
dövrü baş verdi. Baxmayaraq ki, 1926-cı ildən əvvəl də latın qrafikasında bəzi qəzetlərimiz,
onların bəzi yazıları, məqalə
sərlövhələri nəşr
olunub. Latın əlifbasına keçidlə
bağlı Cümhuriyyət
dövründə (1918-1920) bu istiqamətdə addımlar atılıb. Ümumilikdə isə qəzetlərimiz təxminən
on il müddətində
latın qrafikasında
dərc olundu. Qeyd etdiyimiz kimi, həmin dövrdə Azərbaycan Milli Mətbuatının
50 illik yubileyinin keçirilməsi də I
Bakı Türkoloji Qurultayın əsas istiqamətlərindən biri
hesab olunurdu. Məhz buna görə 1925-ci ildə Rusiya ərazilərində
və Tiflisdə Azərbaycan dilində çap olunmuş qəzetlərin və dərgilərin nüsxələrinin
toplanmasına başlanıldı.
Bunun üçün
Rusiyaya, Tiflisə tədqiqatçılar göndərildi.
"Kommunist" qəzetinin
baş redaktoru Həbib Cəbiyev
1906-cı ildə Tiflisdə
şərq dilləri
üzrə senzor kimi çalışan Mirzə Şərif Mirzəyevə Azərbaycan
türk mətbuatı
tarixini yazmağı həvalə etdi, müqavilə imzaladı.
I Bakı Türkoloji Qurultayı açılan
gün, yəni fevralın 26-da "İsmailiyyə"
binasında 1875-ci ildən
1925-ci ilə qədər
Azərbaycanda ana dilində çap olunmuş bütün qəzet və dərgilərin sərgisi
təşkil edildi. Doğrudur, Azərbaycan Milli Mətbuatının
50 illiyi ayrıca və geniş miqyasda qeyd olunmadı,
amma sərgi təşkil edildi, mətbuatın yubileyi formal qeyd olundu.
Üçüncüsü
və bizim üçün maraqlı
olan məqamlardan biri də ondan
ibarətdir ki, I Bakı Türkoloji Qurultaya gələn qonaqların qarşılanması,
onlardan alınan müsahibələr ana dilində qəzet səhifələrində əksini
tapıb. Bizim üçün ən vacib qonaqlardan biri də Türkiyədən
vətənə dönən
Əli bəy Hüseynzadə və Türk dünyasının
çox qiymətli türkoloqu Məhəmməd
Fuad Köprülü
idi.
- Səhv etmirəmsə,
Əli bəy Hüseynzadənin Qurultayda
videogörüntüləri də mövcuddur.
- Bəli. Hətta
bir il əvvəl
həmin material üzərində ayrıca
veriliş də hazırladıq.
- Türkiyədən Əli bəy Hüseynzadə həmin tədbirdə iştirak edə bilmişdisə, Əhməd bəy Ağaoğlu niyə həmin Qurultayda iştirak etmədi?
- Bunun səbəbi
ondan ibarət idi ki, Əhməd
bəy Ağaoğlu həmin dövrdə Ankarada Mətbuat və İstihbarat Ümum Müdürlüyünə
rəhbərlik edir, mühüm bir vəzifə daşıyırdı.
Həmçinin Qurultaya
yalnız Əli bəy Hüseynzadə və Fuad Köprülünü
dəvət etmişdilər.
Onların da Bakıya gəlməsi, iştirakı böyük
maraq doğurmuşdu.
Çünki çoxları
ərəb əlifbasından
latın qrafikasına
keçiddə Türkiyənin
mövqeyinin necə olacağını bilmirdi,
gizli sənədlərdə
bu narahatlıqlar əks olunub.
Bu Qurultayda
Avropa ölkələrinin,
bütün dünyanın
qəbul etdiyi çox böyük nüfuzlu dilçilər,
türkoloqlar, toponimika
üzrə mütəxəssislər
iştirak edirdi. Dünyaca tanınmış
akademiklər Bakıya
gəlmişdi. Bütün
bunlar onu göstərir ki, I Bakı Türkoloji Qurultayın həm elmi, həm də tarixi əhəmiyyəti son dərəcə böyükdür.
- Bəs Sovetlər Rusiyası bunu niyə edirdi?
- Birinci səbəb ondan ibarət idi ki, beynəlxalq aləmdə bolşevizm qəbul olunmurdu, millətlər həbsxanası
adlandırılırdı. Rusiyanın əsarətindəki
türk xalqlarını
özgələşdirdiyi, milli mədəniyyət nümunələrini
yox etdiklərini açıq söyləyirdilər.
Ruslaşdırma siyasətində
ittiham olunurdular. Bu qurultayın keçirilməsi
sadalanan ittihamların
əsassızlığının həm də sübutu üçün
lazım idi. Digər tərəfdən
onlar tabeliyindəki türk xalqlarının guya azadlıqlarını
təmin etmək, təhsil səviyyəsi baxımından yüksəltmək
və dövlətə
bağlılıqlarını gücləndirmək istəyirdilər.
Amma bu siyasətin ikinci, üçüncü
və daha dərin qatları da var idi. Həmin dövrdə Türkiyədə
hələ ərəb
əlifbasından istifadə
olunurdu. Türkiyədən
sovetlər birliyinə
gətirilən kitablar,
qəzet və jurnallar rahat oxunur, ideoloji fərqliliklər yaradırdı.
Həm də Türkiyəyə maraq çox idi. 1920-ci illərdə müstəqilliyi
zəbt olunan türk cümhuriyyəti liderlərinin böyük
qismi Türkiyədə
mühacirət həyatı
sürürdü. Sovetlər
latın qrafikasına
keçid vasitəsilə
Türkiyə ilə bu türk cümhuriyyətləri
arasındakı əlaqələri
qırmaq məqsədi
güdürdü. Hətta
buna görə M.Ə.Rəsulzadə başda
olmaqla Azərbaycan mühacirləri latın əlifbasına keçidin
tərəfdarı deyildilər.
Lakin 1928-ci ildə Türkiyənin
latın əlifbasına
keçməsi vəziyyəti
dəyişdirdi.
Üçüncü səbəb isə din məsələsi
idi. Müsəlmanların
müqəddəs kitabı
"Qurani-Kərim" ərəb
əlifbası ilə
yazılmışdı. Sovetlər
dinsizləşdirmə və
allahsızlaşdırma siyasətini
effektiv aparmaq üçün ərəb
əlifbasını dəyişdirmək,
dini kitabları məhv etmək istəyirdi. Sovetlərin arzu və istəklərinə
baxmayaraq, I Bakı Türkoloji Qurultayı qəbul etdiyi qərarlarla türklərin
mədəni, tarixi həyatında mühüm
rol oynadı.
Yusif Sultanoğlu
Şərq.-2026.-16-23 yanvar.-S.4.