Şəkidə "Milli Kulinariya günü" qeyd edilib

 

Bayram tədbirinə xarici ölkə səfirliyi və beynəlxalq təşkilatların təmsilçiləri də qatılıb

 

 Şəki Şəhər İcra Hakimiyyəti, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Kulinariya Mərkəzinin birgə təşkilatçılığı ilə Şəki şəhərində "Milli kulinariya günü" bayramı keçirilib.   

Tədbirdə Azərbaycanda fəaliyyət göstərən 25-ə yaxın xarici ölkə səfirliyi və beynəlxalq təşkilatların təmsilçiləri, Milli Məclisin deputatları, KİV nümayəndələri, elm və incəsənət nümayəndələri iştirak ediblər. Bayram tədbiri şəhər rəhbərliyi və qonaqların mərhum prezident Heydər Əliyevin adını daşıyan parkda abidəsi önünə tər çiçəklər düzüb, onun xatirəsini yad etməklə başlayıb. Daha sonra tədbir iştirakçıları parkı gəzib, meyvə və giləmeyvələrdən hazırlanan şərbətlərdən dadıblar.

Daha sonra bayramın rəsmi açılışı mərasimi keçirilib. Şəki şəhər icra hakimiyyətinin başçısı Nazim İbrahimov bildirib ki, ölkəmizdə mədəni irsin qorunub saxlanmasına, xalqımıza məxsus zəngin mədəniyyətin təbliğinə böyük diqqət göstərilir: "Prezident İlham Əliyevin mədəni irsin qorunub saxlanması ilə bağlı imzaladığı fərman və sərəncamlar buna bariz nümunədir. Bu kimi tədbirlərin Şəkidə keçirilməsi artıq bir ənənə halını alıb. Belə ki, belə çeşidli bayramlardan 2006-cı ildə "İpək bayramı", 2007-ci ildə "Sənətkarlar günü", 2008-ci ildə isə "Şəki - qədim sivilizasiyalar diyarı" adlı bayram tədbirləri keçirilib. Bu bayramların təşkilində əsas məqsəd tarixi mədəni irsimizi qoruyub saxlamaq, təbliğ etmək, habelə bölgənin turizm potensialının genişləndirilməsinə nail olmaqdan ibarətdir. Qeyd edim ki, Şəkinin məşhur aşpaz və qənnadçılarının əldə etdikləri vərdiş, bilik və bacarıq daim zənginləşib, bu günümüzə qədər gəlib çatıb. Bununla yanaşı, bu cür bayramların xalqlarımızın daha da yaxınlaşmasına, ölkələrimiz arasında olan dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə xidmət edəcəyinə əminəm". Şəkidən seçilən millət vəkili, AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov isə deyib ki, belə bir tədbirin Şəkidə keçirilməsi təsadüfi deyil. Onun sözlərinə görə, Şəki Yer kürəsində həyatın başlandığı yerlərdən biri olub. Y.Mahmudovun dediklərinə əsasən, 6 min il bundan əvvəl burada ilk insan məskənləri yaranıb.

Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru, YUNESKO-nun Ənənəvi Qida Komitəsinin sədri, professor Tahir Əmiraslanov isə vurğulayıb ki, aparılan sonuncu tədqiqatlar Azərbaycanın dünyanın mətbəx mədəniyyətinin beşiyi olduğunu göstərib: "Qobustan qayalarının üzərində çəkilmiş rəsmlər 37 min il bundan öncə Azərbaycanda çox böyük və gözəl kulinariya məktəbinin olduğunu sübut edir. Müasir ət bölgüsü ilk dəfə Qobustan qayalarında və Naxçıvanda yerləşən "Gəmiqaya"da cızılan rəsmlərdə öz əksini tapıb. Gildən hazırlanmış və 4 min ilə yaxın yaşı olan ən qədim samovar da məhz Şəkidə tapılıb. Hər bir ölkənin özünün kulinariya imici var. Onu da qeyd edim ki, Azərbaycanda 200-dən çox plov növü vardır. Şəki aşpazları 100-dən artıq plov hazırlayırlar". Bundan sonra parkda meyvə və giləmeyvələrdən hazırlanmış 30-a yaxın şərbət və sərinləşdirici içkilərin təqdimatı olub.

Daha sonra bayram iştirakçıları "Şəki xanlarının sarayı"nın həyətində çay süfrəsi arxasında müxtəlif növ mürəbbə, qənnadı məmulatları və Şəki şirniyyatını dadıb, musiqi və rəqs kollektivlərinin çıxışlarını izləyiblər. F.Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblının rəqsləri, İraqdan gəlmiş kərküklü bəstəkar, folklorşünas və müğənni Seyfəddin Çaxmaqçıoğlunun ruh oxşayan mahnıları xoş ovqat bəxş edib. Bayram iştirakçıları Kiş kəndində yerləşən qədim Alban məbədini də ziyarət ediblər. Burada qonaqlara salat və soyuq qəlyanaltılar təqdim olunub. "Cənnət bağı" istirahət mərkəzində qonaqlar ət, toyuq və tərəvəzlərdən hazırlanmış isti xörəklərdən dadıblar. "Yuxarı Karvansara"da isə tədbir iştirakçılarına müxtəlif bitki və quru meyvələrdən hazırlanmış çay dəstgahı, habelə 30-a yaxın kabab və 30-dan artıq plov növü təqdim edilib.

Bayramda qonaq qismində olan səfirlər, beynəlxalq qurumların nümayəndələri belə bir bayramda iştirak etməkdən məmnun qaldıqlarını söyləyiblər. Ayrı-ayrı sahələr üzrə fərqlənmiş aşpazlara Milli Kulinariya Mərkəzinin fəxri diplomları təqdim edilib. Şəki şəhərində keçirilən bayram tədbiri "Milli kulinariya günü" atəşfəşanlıqla başa çatıb.

   

 

Anar

 

Şərq.- 2009.- 30 iyun.- S. 6.