Hardasan, ay Səxavət, harda?..

 

Fərəhli haldır ki, milli musiqimizin daha da inkişafında xidməti olanlardan biri - Səxavət Məmmədov unudulmur. Amma yeri boş qalıb, zalım əcəl erkən onun arzularını ürəyində qoyub. Neyləyə bilərik? Gücüm yalnız onu gördüyüm günləri xatırlamağa çatır...

Ötən əsrin 70-ci illərində respublikamızda ancaq bir telekanal - ekran-efir təbliğat məkanı vardı. Arzuları, yaxud dəvətlərlə peşə, sənət xadimləri həmin ünvana gələrdilər. Orada əmək fəaliyyəti göstərdiyim üçün çoxlarını - Xan əmini, Sara Qədimovanı, Yaqub Məmmədovu, Ağabala Abdullayevi... yaxından görmüşdüm, yaradıcılıq əlaqələrimiz olmuşdu. Bənzərsiz ifaçı, məlahətli, dadlı-tamlı səsi, zəngulələri ilə ömrünün uşaqlıq çağlarından sənət zirvəsinə ucalan Səxavət Məmmədovu da məhz həmin dövrdə tanıdım. Xatirini əziz tutdum, təbliğinə çalışdım, qayğı-kömək göstərdim. O, son dərəcə sadə, zərif qəlbli insan idi. Bəzən mənə elə gəlirdi ki, günlərlə ac qalsaydı belə, gileylənməzdi. Səmimiyyəti onun baxışlarında idi. Dili deyə bilmədiklərini, ürəyindən keçənləri yalnız gözlərindən duymaq, baxışlarından anlamaq mümkün idi. Tanıdığım vaxtdan ömrünün sonuna kimi onun barəsində bircə kəlmə bəd xəbər, inciklik eşitmədim.

Səxavətin xoş avazı, şirin səsi vardı. Oxuduğu mahnılar, təsniflər, muğamlar o qədər məlahətli idi ki, eşidənlər sanki ovsuna düşərdilər. Bir gün onunla teleradio verilişləri komitəsinin foyesində görüşdük. Yenə ilıq təbəssümü canıma, qanıma hopdu. O, handan-hana dilləndi: "Musiqi verilişləri baş redaksiyasının baş redaktorunun qəbuluna gəlmişəm "Azad bir quşdum" mahnısını ekranda oxumaq istəyirəm".

Onun qoluna girib üçüncü mərtəbəyə qalxdıq. Baş redaktor mərhum, görkəmli bəstəkar Telman Hacıyevlə görüşdük. Rəhmətlik məqsədimizi bilcək ayaq üstə durdu, eynəyini çıxardıb Səxavətə yaxınlaşıb, onu doğması kimi sinəsinə sıxdı, alnından öpüb dedi: "Ay qardaş, xoş gəlmisən, səfa gətirmisən. Adını, səsini eşidib, üzünü görməmişdim, şükür, gördüm".

Telman müəllim olduqca qayğıkeş, sənət qədri bilən insan idi. Səxavətin gəlişinin səbəbini bilən kimi redaksiyanın əməkdaşlarına tapşırıq verdi: "Səxavət Məmmədovun ifasında "Azad bir quşdum" mahnısı lentə alınsın ekranda göstərilsin".

Belə oldu. Gənc müğənninin ifası güclü rezonans verdi. Yüzlərlə tamaşaçı məktubu gəldi ki, həmin ifa təkrar səslənsin. O çağdan ən ən azı iyirmi beş il keçir. Lakin Səxavət səsiylə - gah pıçıltısı, gah da harayı-həşri ilə möhür vurduğu "Azad bir quşdum" mahnısı yenə ənginliklərdə qanad açıb uçur, eşidənlərə mənəvi zövq verir, milli musiqi tariximizdə yaşayır.

Həmin illərdə Səxavətin bir çox ifaları - "Ay Laçın", "Sarı bülbül", "Apardı sellər Saranı", "Olmaz-olmaz" başqa mahnıları lentə alındı. O sənət nümunələri gün Azərbaycan radiosunun fonotekasında dəyərli əmanət kimi saxlanılır. Məlumdur ki, "Segah" muğamı musiqimizin şamı, bayrağı, günəşi, ayı kimi yaddaşlarda əbədiləşib onu əsl sənət korifeyləri ifa ediblər. Əlbəttə, hərənin öz yeri, öz təsir gücü, qüdrəti var. Lakin məşhur muğamı Səxavətin ifasında eşidənlər daha çox mənəvi zövq alır, dinclik tapırlar. çünki onun səsi könülləri həm küsdürür, göynədir, həm sığal, tumar çəkir. Necə deyərlər, qanı sızan yaranın üstünə məlhəm qoyur.

Günlərin birində unudulmaz şair, publisist, bəstəkar, musiqi ifaçısı Bəhram Nəsibovla indi həsrətini çəkdiyimiz Qarabağımızdan Bakıya qayıdırdıq. Yolda təsadüfən Səxavətlə rastlaşdıq. İlahi, insan necə, qədər həssas ürəkli, zərif duyumlu olarmış? Görüşdük, söhbətləşdik. Bizi yenidən geri qayıtmağa, Şuşaya getməyə dəvət etdi. Getmədik. Amma mərhum Bəhram həmin görüşdən bəhrələndi, mənəvi zövq alıb, ən populyar mahnısını - "Qarabağ"ın həm sözləri, həm incə, şirin, boyat xatirələri oyadan musiqisini yazdı.

Bəxtəvər çağlarımızın bir günü - hələ çörəyimizi yeyib, suyumuzu içən ermənilərin yenidən quduzlaşmadığı vaxtlarda çəkiliş aparmaq üçün getmişdik Ağdama. Rayon həmkarlar təşkilatının sədri, mərhum Zeynal Məmmədov bizi Gülablıya dəvət etdi. O, məşhur elm xadimi, akademik Xudu Məmmədovla telefon əlaqəsi yaratdı. Onun da məclisdə iştirakını arzuladı. Canlı klassiki, dahi şəxsiyyəti ilk dəfə onda əyani şəkildə gördüm, səsini eşitdim. Dediyi sözlər isə yaddaşıma yazıldı: "Qarabağımız cənnətdir, onun qədir-qiymətini bilməliyik". Bu zaman radioda Səxavətin ifasında "Apardı sellər Saranı" mahnısı səsləndi. Xudu müəllimin üzünə sevinc gəldi. Gülümsünüb "Əlbəttə, cənnətdə bülbüllər cəh-cəh vurar" - dedi.

...Dost-tanışdan ayrılmaq yaman dərd, bəla imiş, Allahım!. Elə bil intizar, həsrət sinən üstünə köz qoyur. Od tutub yanırsan. Baxışların gözlərində, gülüşün dodaqlarda donur. Nisgil Əzrail qiyafəsində önündə dayanır... Səxavət xeyli müddətdir aramızda yoxdu, işıqlı dünyaya həmişəlik əlvida deyib. Bu barədə məlumatım olsa da, çoxları kimi elə hey onu haraylayır, səsləyir, soruşuram: hardasan ay Səxavət? Cavab yoxdur. ümid qalır əbədi, əzəli ünvanda görüşməyə. Süleyman peyğəmbərə qalmayan dünya kimə qalacaq?! Xoşbəxt o kəsdir ki, əməllərinə, əsl insani keyfiyyətlərinə görə ruhu dinclik tapır. Elə qısa ömür yaşayıb, qədərsiz şöhrət qazanmış Səxavət kimi. Hazırda təskinliyimiz onun səsidi, oxuduğu mahnılardı...

 

 

 

Telman MEHDİXANLI

 

Təzadlar.- 2010.- 20 aprel.- S.13.