"Bir addımlıq ömür..."

 

Şair Sultan Mərzilinin müxtəlif illərdə qələmə aldığı və 2006-cı ildə Bakıda nəşr olunmuş şeirlər kitabı belə adlanır. Fizikadan lirikaya gələn həmin bir addımlıq ömür min illik Azərbycan ədəbiyyatı xəzinəsinə dəyərli bir şeirlər kitabı töhfə etmişdir.

 

(Əvvəli ötən sayda)

 

Həyat fəlsəfəsi, dünyanın müsbət və mənfi yüklərlə yükləndiyini, nəticədə isə həmin iki zərrədən həyat mübarizəsi üçün hansının yaşarlı olacağını şeir dili ilə S.Mərzili çox böyük ustalıqla oxucunun mütaliəsinə verə bilib. Kitabda çap olunmuş sevgiyə, məhəbbətə dair bütün şeirlər demək olar ki, biri-birindən daha maraqlı, daha oxunaqlı və daha yaddaqalandır. Sultan Mərzili yəqin ki, xoşbəxt insandır ki, həyatında belə sevə bilib. O, eşqin, məhəbbətin, sevginin qədrini, mahiyyətini olduqca dərindən duyan bir şairdir. Yoxsa yazdıqları yüzlərlə sevgi şeirləri bu qədər təbii, saf, ürəkyandırıcı və inasanı kövrəldən ola bilməzdi:

 

Bahar bitirməmiş sənintək çiçək,

Həm cəmalı göyçək, həm cismi göyçək,

Söylə eşqdənmi əsdikcə külək,

Alnına tökülən tellər sevinir!

 

Sultan həyatda qəlbən sevib və sevərək də yaşayıb. Sevgisinə, əhdinə axıra qədər vəfalı qalan şair ilk məhəbbətinə əbədi olaraq qovuşa bilmir. Elə özü də  bu barədə misal gətirərək peyğəmbərcəsinə belə deyir: "Məcnun kimi sevənlərin Leylisi həmişə İbn-Səlamlara qismət olur". Doğrudan da müdrikcəsinə deyimiş sözlərdir. Məgər eşq səhralarında Leylisini itirib ürək yanğısına, sevgi nisgilinə, məhəbbət bəlasına düçar olanlar azdırmı?

İlk sevgi Allahdan verildiyinə görə pakdır, nöqsansızdır, qüsursuzdur. Məhz elə ona görə də çılğındır, kövrəldicidir, coşdurucudur, yandırıcıdır və nəhayət, nisgillidir. Sevən insanın evinə, yanına gəlmək əvəzinə, kosmosa, göylərə çəkilən sevgi, eşq, məhəbbət yer üzündə hər bir insanın qəlbini imthandan keçirir, yaxıb-yağmalayır, alovlarda bişirir və nisgilə çevrilib özünün idarə mərkəzinə qayıdır. İlk məhəbbət yer üzünün aldadıcı hiyləsindən, şöhrətindən, mənəmlikdən, təmənnadan, gözqamşdırıcı altunlardan, ikiüzlülükdən uzaqdır. Ona görə də o, yer üzünə sığmır və axırda özünün pak, büllur, nur dolu mənzilinə - transendental bir aləmə rücu edir.

Zənnimcə, Sultan məhz belə bir eşqin, belə bir sevginin bəlasına düşmüş aşiqlərdəndir. Nə bilmək olar ki, bəlkə də yandırıcı, nisgilli o eşq olmasaydı bu gün S.Mərzili kimi bir şair də olmazdı. İlk sevginin bəşəri olmadığını dərk  edən filosof şair həmin fikri "Düşər" rədifli qoşmasında görün necə qələmə alır:

 

İlk sevgi deyildir heç kimə qismət,

Bəşəri deyildir ondakı xislət.

Bəlkə yox dünyada mütləq səadət,

Olsa da insandan uzağa düşər.

 

Azərbaycanda olduğum illərdə məhəbbət şairi hesab etdiyim N.Kəsəmənlinin şeirlər kitabını həmişə yazı stolumun üstündə saxlayırdım. N.Kəsəmənlinin eşq və məhəbbətə həsr olunmuş şeirlərində sentimentalizm və romantika nə qədər güclüdürsə, mənə belə gəlir ki, S.Mərzilinin sevgi təranələri bir o qədər fəlsəfi, məntiqli, nisgilli, kövrəldici və ürəkyandırıcıdır. O, lirik şeirlərində o qədr güclü təzadlar, təşbehlər və kövrək məqamlar yarada bilib ki, oxucu öz mütaliəsində onların heç birinə laqeyd qala bilmir. Minlik mismar kimi hədəfə tutdurulan həmin misralar və şeirlər insanın qəlbini ehtizaza gətirir və onu özündən alır:

 

Qəlbimi günəştək saçaqlayım mən,

Gözə görünməsin kiçik bir ləkə.

Qoy bütün dünyanı qucaqlayım mən,

Əllərim sənə də toxundu bəlkə.

 

Bu misralar mübaliğəsiz olaraq böyük ustadlıqla qələmə alınmışdır. ümumiyyətlə, "Bir addımlıq ömür" kitabını mütaliə edən oxucu orada dərc olunmuş sevgi şeirlərinin sehrinə düşərək onlardan ayrılmaq istəmir. S.Mərzili Azərbaycan şeirinin demək olar ki, bütün janrlarında qələmini sınamış və biri-birindən gözəl, poetik qoşmalar, təcnislər, rübailər, nəğmələr və qəzəllər yazmışdır.

Kitabda diqqəti ən çox cəlb edən mövzulardan biri də vətənpərvərlik notlarıdır. Yeganə vətənimiz olan Azərbycanı yüz yerə bölən, yüz ada calayan, yüz dilə parçalayan tayfabazlara şair olduqca tutarlı cavab  verir:

 

Bu ana torpağa gəlib-gedən çox,

Qarğa-quzğun kimi dəlib-didən çox.

Neyləsək, vətəndən özgə vətən yox,

Unutma anamız Azərbaycanı!

 

Vətən torpaqlarının əvəzsizliyinə, onun qüdrətini ürəyinin dərinliyinə qədər nəqş edən S.Mərzili "Torpaq qayıda..." adlı şeirində erməni işğalçıları tərəfindən zəbt olunmuş torpaqlarımızın geriyə alınması yollarını belə təsəvvür edir:

 

Başçılar başını torpağa qoysa,

Torpağı anlasa, torpağı duysa,

Torpağa and içsə, torpağı saysa,

Torpaq qayalanar, torpaq qayıdar!

 

Özü Rusiyanın vətəndaşı olmasına baxmayaraq, torpaq harayı, vətən qeyrəti şairi bir an belə rahat buraxmır. O, bütün həmvətənlərini müsəlləh əsgərə çevrilib torpaqlarımızı geriyə almağa səsləyir:

 

Bu necə taledi, bu necə baxtdı,

O taylı-bu taylı yandırdı-yaxdı?!

Qalx ey Azərbaycan ayağa, vaxtdı,

Torpaq haraylana, torpaq qayıda!

 

 Yaxud da "Qarabağ harayı" adlı şeirində tükənməz  yanğı və kədərlə yazır:

 

Qara torpaqlıyam, Qara bağlıyam,

Doğulduğum gündən ölənə qədər.

Mənim bayrağıma qara bağlayın,

Qara torpaqlarım dönənə qədər.

 

Bəli, vətən həsrəti, vətən dərdi Füzulini İraqda, Hüseyn Cavidi Sibir çöllərində ömürlərinin sonuna qədər kədərmənd və dərdmənd etmişdi. Füzuli öz dövründə belə yazırdı: "Füzuli dərd əlindən dağa çıxıb, Dedilər, bəxtəvər yaylağa çıxıb".

Eşqindən, sevgisindən, məhəbbətindən güc alan S.Mərzili həyatında böyük həsrətə və dərd kimi cəfaya vadar olur. Bu da didərginlik, köçkünlük, qaçqınlıq və qəriblik adlı bir tale yazısıdır:

 

Yetməzmi dağıldıq bu yer üzünə,

Öz elim, öz başım, öz əlim hanı?!

Kim ki, odlar oğlu deyir özünə

Çıxaraq zülmətdən Azərbaycanı!

 

Yaxud da:

 

Göyçənin, Dərbəndin sorağı hanı,

Gümrünün, Mehrinin səsi gəlməyir.

Türkü əkən kişi orağın hanı?!

Zəngəzur tərəfdən çollər mələyir...

 

Bir əsrə yaxın müddətdə zaman-zaman əlimizdən gedən, hər qarışı qızıl, suyunun hər damlası dərman olan müqəddəs Azərbaycan torpaqlarının bütövlüyü uğrunda qələmini silaha çevirir. S.Mərzili "Bir addımlıq ömür" kitabında vətənini ürəkdən vəsf edərək oxucuya bir-birindən gözəl, qüdrətli və yaddaqalan şeirlər təqdim edə bilmişdir. Bu yerdə ataların min illərdən bəri zərb-məsəl etdikləri bir fikir yaddaşıma gəlir:

 

El bir olsa dağ oynadar yerindən,

Güc bir olsa, zərbi kərən sındırar.

 

Qüdrətli və ölməz sözlər! Həqiqətən də belədir. Millət o zaman qüdrətli və yenilməz olur ki, onun milli həmrəyliyi güclü və yenilməz olur. Vətəndaş azadlığının zirvəsində məhz VƏTƏN azadlığı ucalır. Həmin duyğulardan qaynaqlanan S.Mərzili "Azadlıq" şeirində yazır:

 

Gümüş pullu balıqların,

Mavi dəniz - azadlığı.

Uçan qağayıların

Başının üstündə göy azadlığı.

Arıların

Çiçəkdən-çiçəyə uçuşu,

Yarpaqların, otların

Günəşə qarşı duruşu -

Azadlıq.

Küləklərin zəmilərdə əsimi,

Tonqalda yanan Bruno,

Dabanından soyulan Nəsimi

Azadlıq!

 

Azadlığın bəşəri mənasından söhbət açan şair, həmin məqamın insan üçün əvəzsizliyini, xoşbəxtliyini çox maraqlı, düşündürücü və incə lövhələrlə oxuculara təqdim edə bilib. S.Mərzili təkcə şair deyil. O, həm də yorulmaz və çalışqan bir tədqiqatçıdır. Ana haqqında, vətən mövzusunda, sevgi və məhəbbət barədə gözəl nəğmələrin və kövrək şeirlərin müəllifi olan S.Mərzili ömrünün bir hissəsini türk dilləri haqqında araşdırmalara həsr edib. İxtisaca fizik olan Sultan Mərzilinin bu qeyrəti, bu fədakarlığı və kökəbağlılığı möcüzə deyilmi?

O, oxuculara haqlı olaraq özünü müdrik bir filosof, çalışqan bir tədqiqatçı, tablolar yaradan ustad bir rəssam, almazdan brilliant yonub yaratmağı bacaran mahir bir zərgər və əsl söz ustadı kimi təqdim etməyə qadir bir sənətkardır. Onun əsərlərini qəlbinin dərinliyi ilə, həssalıqla mütaliə edən hər bir oxucunun mənim fikirlərimlə şərik olacağına şübhəm yoxdur.

S.Mərzilini yaradıcılığı təkcə "Bir addımlıq ömür" kitabı ilə bitmir. Onun yaradıcılığı rəhmətlik H.Z.Tağıyevin Bakıya çəkdirdiyi Şollar suyu kimi saf, büllur və pakdır. O, hər zaman çağlayır, mənən kükrəyir və coşaraq Azərbaycan ədəbiyyatı adlı tükənməz bir okeana qovuşmaq üçün dayanmadan pak, saf və büllur sular gətirir.

Sultan Mərzili özü elə hamıdan gözəl deyib: "Əsrlər bitər, əsrlər ötər, əsl sənət isə qalar".

 

 

Əşrəf Hüseynli

 

Təzadlar.- 2010.- 29 aprel.- S.15.