Üfüqdən Qüruba   

 

Xudu Məmmədov fenomeni

 

Azərbaycanın ictimai həyatında Asif Ata həmişə bir nəfərin adını hörmətlə çəkir, bütöv şəxsiyyət kimi onu təqdir edirdi. Bu barədə vaxtaşırı bir sıra yazılarımda mövqe bildirmişəm. Elə vaxtilə "Axtarış" qəzetində gedən "Ziyalı bolluğunda şəxsiyyət qıtlığı" yazım da Asif Atanın bu rəyindən sonra yazıldı. Bu, Xudu Məmmədov idi... Xudu müəllimlə şəxsi tanışlığımın dəqiq tarixi (günü, ayı, ili) yadımda deyil. Ağdama qısamüddətli ezamiyyəyə getmişdim. O vaxtlar Ağdam rayon mədəniyyət şöbəsinin müdiri işləyən çimnaz Əliyeva məni mehribanlıqla qarşılayıb, sanki müjdə verirmiş kimi dedi: - Sabah Xındırıstan mədəniyyət evində gənc istedadlara baxış - müsabiqə keçiriləcək. Baxış - müsabiqə barədə "Mədəni-maarif" jurnalında da yazı versəniz yaxşı olardı. Xudu müəllimi də dəvət etmişik.

Məmnuniyyətlə razılığımı bildirdim. Və deyilən vaxtda şöbədə oldum. Elə burada Xudu müəllimlə və onun yaxın dostu, təbii Füzulişunas Zeynal Məmmədovla da görüşdüm. Birlikdə Xındırıstana yollandıq. Həmin gün, demək olar ki, münsiflər heyətinin mülahizələrinə Xudu Məmmədovun dolğun fikirləri aydınlıq gətirirdi. (Əlbəttə ki, hər kəsin fikirinə hörmətlə yanaşaraq).

Tədbir səhər saat 11-00-dan axşamacan çəkdi. Həmin vaxt futbol üzrə dünya çempionatı keçirilirdi. Münsiflər heyətinin üzvlərindən bir çoxu yarışlara baxmaq üçün çox tələsirdi. O cümlədən mən də. Amma Zeynal müəllim təkidlə dedi ki, bugunku bu görüşü "Ozan"da davam etdirməliyik. Xudu müəllimlə bir süfrə arxasında oturmaq yeniyetmə bir gənc üçün həm də böyük bir şərəf idi. Odur ki, təklifdən imtina edə bilmədim. Xudu müəllim, Zeynal müəllim, Respublika Həmkarlar İttifaqından olan bir yoldaş və mən dəstədən ayrılıb "Ozan" restoranına yollandıq. O vaxta qədər Xudu müəllim barədə çox eşitmiş, "Qoşa qanad" kitabını, "London dumanlı görünür" və digər yazılarını böyük könül xoşluğu ilə oxumuşdum. Masa arxasında oturan insan sanki dünyaşöhrətli alim deyildi. Sadədən-sadə, adidən-adi, olduqca təvazökar və mülayim, son dərəcə səmimi bir insan tikə kəsirdi bizimlə birgə. Zeynal müəllimlə mən əvvəllər də görüşmüş, Ağdamda redaksiya yerləşən bağda çay da içmişdik. çox yaxından olmasa da, aramızda tanışlıq vardı. Demə, Xudu müəllim də mətbuatda gedən yazılarımdan və şeirlərimdən məni qiyabi tanıyırmış. Odur ki, Zeynal müəllimin təklifinə Xudu müəllim də tərəfdar çıxıb, şeir oxumağımı təkid etdi. Düzü, onların hər ikisinin yanında şeir oxumaq mənim üçün çətin idi. Amma sözlərindən çıxa bilmədim. çəkinə-çəkinə bir-iki şeir oxudum. Məclisimiz xeyli çəkdi. Oradan Zeynal müəllim bizi öz evinə gətirib təzədən çay dəsgahına, sonra isə kofeyə qonaq etdi. Axşam qaranlığı çökəndə Novruzluya getdik. Zeynal müəllim dedi ki, dostun Cahangirə ata-baba ocağımızda ev tikdirmişəm. Gedək onu gör, sonra səni Pirzatlıya, Xudu müəllimi isə Mərziliyə apararıq. Dediyi kimi də oldu. Amma Novruzlu - Mərzili daş yolunda nə illah elədimsə Xudu müəllimlə Zeynal müəllim razı olmadılar. Mən istəyirdim ki, əvvəlcə Xudu müəllimi aparaq Mərziliyə, qayıdanbaş mən düşərəm. Dedilər: - Olmaz!

Heyiflər ki, həmin axşam bizimkilərdən heç kəs evdə olmadı. Bu, ürəyimdə bir nisgil olaraq həmişəlik qaldı: Xudu müəllimi mənim ata ocağımda bir stəkan çaya qonaq edə bilmədim. Nə bilim, bəlkə də qismətdən deyilmiş...

Xudu müəllim ürəyimdən keçənləri oxuyurmuş kimi: - Eybi yox, gələn dəfəyə qalsın, - dedi. Və ara yolla Mərziliyə yön aldılar. Maşın Tutduxlu bağı keçənədək arxalarınca təəssüflə baxdım: Elə bu vaxt açıq darvazamızdan qardaşımgil deyə-gülə həyətə girdilər. Uşaqlar maşından tökülüb üstümə cumdular. Qardaşım bikef, fikirli olduğumun səbəbini soruşdu. Xuduyla Zeynalın beş dəqiqə əvvəl burda olduqlarını bildirdim. Dedi ki, otur maşına bu dəqiqə gedib yoldan qaytaraq. Dedim, artıq gecdir, qayıtmazlar...

Safruh dostumun məsləhəti ilə "İşıq" nəşriyyatından sifariş almışdım. (Safruh orada şöbə müdiri idi). 25 nəfərdən ibarət siyahıda Azərbaycanın tanınmış elm, ədəbiyyat və incəsənət xadimlərinin, qabaqcıl əmək adamlarından bir neçəsinin uşaqlıq xatirələrini hazırlamalıydım. Xudu müəllimin də adı ön sıralarda idi.

Nədənsə, elə ilk olaraq Xudu müəllimin çalışdığı laboratoriyaya getdim. Bilmirəm o baxış-müsabiqədən sonra yadında qalmışdım, ya yox. Axı aradan çox illər ötmüşdü. Amma yenə məni çox mülayimliklə, səmimiyyətlə qarşıladı. İşimlə-gücümlə, ailə vəziyyətimlə maraqlandı. Söhbət zamanı yeri gəldikcə dəyərli məsləhətlər verdi. Kirayədə yaşadığımı biləndə halı dəyişdi, dözümlü, əzmkar olmağı tövsiyə etdi. Nəşriyyatın rəsmi məktubunu nəzərdən keçirib, "çox maraqlıdır", dedi. Suallara mütləq cavab hazırlayacağını yəqin ki, maraqlı bir şey alınacağını bildirdi. Vədələşib, ayrıldıq. Arada-bir zəng edib, yazının hazır olub-olmadığı ilə maraqlanırdım. çox zaman yerində olmurdu. Mən də digər müəlliflərlə məşğul olduğumdan iş yerinə baş çəkməyə macal tapmırdım. Məndə çox böyük inam vardı ki, suallar ətrafında nə isə yaxşı bir material hazırlayır. Heyflər ki, qəfil ölüm xəbəri bütün istəklərimi alt-üst etdi. İş yerində də, evində də nə verdiyim məktub tapıldı, nə də suallara münasibətini bildirən cavabı. Naəlac qalıb həyat yoldaşı Raya xanımdan yarımçıq qalmış "Baharın ardınca" kitabından bir hissəni "Biz də uşaq olmuşuq" kitabına daxil etdik. İstəmirdim ki, əqidə dostları Bəxtiyar Vahabzadədən və Nurəddin Rzayevdən bu kitabda da ayrı düşsün. "Yarımçıq kitab"dan götürülən hissələr o qədər rəvan, səmimi idi ki, digər yazılardan seçilmir, ümumi ahəngi pozmurdu. Əksinə, kitabı daha oxunaqlı, daha diqqətçəkən edirdi. Bir sözlə, Xudu dünyasını tam dolğunluğu ilə göstərirdi...

 

Uzaqlarda qalan sevinc...

 

Dediyim kimi, hələ 5-6-cı siniflərdə oxuyarkən ədəbiyyata meyilli olmuşam. Kəbirlidə oxuyarkən məktəbin divar qəzetində gedən bir cızmaqaramın, 1960-cı ildə "Mingəçevir işıqları" qəzetində çap olunan "Deyə bilmədim" adlı şeirimin sevincini ömrüm boyu başqa uğurlarımda yaşamamışam, qalın-qalın kitablarım çıxsa belə. Bundan sonra cild-cild kitablarım çıxsa da (əlbəttə ki, bu, mümkün deyil) yenə o sevinci yaşamaq qeyri-mümkündür. Doğrudan da ilk məhəbbət kimi, ilk böyük sevinc də insan həyatında bir dəfə olur. Bənzərsiz olur. Əvəzedilməz olur. Böyük sevincimə səbəb olan şeirim (əlbəttə ki, yeniyetməlik çağlarında) belədir

 

Deyə bilmədim

 

Həsrətiylə bir qızın daima - səhər-axşam,

Şölə çəkib yanırdı, yanırdı qəlbimdə şam.

İstəyirdim o qıza ürəyimi açam mən,

Onun arxasınca hey, bir quş olub uçam mən.

Deyəm könül sözümü,

Gözlərindən çəkməyəm

Bircə anlıq gözümü.

Gözəl yaz axşamıydı, coşğun Kürə baxırdım,

Sanki axar sulara mən qarışıb axırdım.

Gəlib sahilə çıxdı qəflətən sevdiyim qız,

Sevincdən, həyəcandan qəlbim vurdu aramsız.

Bu an vücudum əsdi, soyuq tər basdı məni,

Unutdum hər bir şeyi, dilim tutuldu birdən.

Bayaq elə bu yerdə ürəyimdən keçəni

O sevdiyim gözələ ah, deyə bilmədim mən.

Heykəl kimi dayanıb bir səmtə baxdım ancaq,

İlk sevənlər nə qədər olurlarmış utancaq    

 

 

Mart, 1960,

Mingəçevir

 

Orta məktəbi bitirəndən sonra əmioğlum Qarayev Eldarla görüşdüm. O, artıq Mingəçevirdə yaşıllaşdırma idarəsində işə düzəlmişdi. Onun məsləhəti ilə mən də Mingəçevirə gəlib 6 aylıq rəngsazlıq kursuna qəbul olundum. Eldarla birlikdə fəhlə yataqxanasında (Kürün körpüsünün lap yaxınlığında) qalır, o vaxtlar çox məşhur olan "Tekstilni kombinat"da işləyirdik.

Haşiyə - 3. Eldarla əmioğluluqdan daha çox dost idik. Bir-birimizin xətrini çox istəyirdik (indi Safruhla olduğu kimi). Amma tez-tez də bu və ya digər mövzu ətrafında mübahisələr edirdik. Yataqxanadan Mingəçevir avtovağzalına qədər xeyli yol vardı (köhnə Avtovağzal Lenin meydanının yaxınlığında idi). Oradan kombinata bir yük maşını gedirdi hər səhər. Kim o maşına çatıb, onunla gedirdisə, işə vaxtında çatırdı, çatmırdısa gecikirdi. Alik adlı zırpı (bəlkə də bədheybət daha uyğun gəlir) briqadirimiz vardı. İşə gecikənlərə tərs-tərs baxıb ikinci barmağını qolundakı iri saatına göyəcləyərdi... Burada sözə ehtiyac qalmırdı. Suyu süzülə-süzülə geri qayıdası olurduq - "proqul". Bir dəfə də yatıb qalmışdıq. çaysız-çörəksiz durub maşına tərəf qaçırdıq. Bu dəfə nədənsə Allahın varlığından-yoxluğundan mübahisəmiz düşmüşdü. Mən inada düşüb deyirdim yoxdu! O, da eyni inadkarlıqla deyirdi var! Maşına çatmağa 50-60 metr qalanda maşın tərpəndi. Eldar idmançıydı. Məndən bərk qaçırdı. Qaçmağın faydasız olduğunu duyub, mən daha qaçmadım. Eldar isə qaçıb maşına çatdı. Və birtəhər əlini maşının arxa bortuna ilişdirə bildi. Amma nə illah elədisə maşına minə bilmədi. Çünki maşın artıq yüksək sürət götürmüşdü. Bir xeyli bu vəziyyət davam etdi. Sürücü əhəmiyyət verməyib qazı bir az da artırdı. Və yazıq Eldarın ayaqları yerdən, əlləri isə bortdan üzüldü. üzüüstə asfalta çırpıldı. Mən ona çatanda üz-gözü qan içində, hərəkətsiz halda asfalta döşənmiş olsa da, halımı pozmadan dedim: "Var, yoxdu?"

 

***

 

Və bir azdan birtəhər ayağa qaldırıb, bir neçə nəfərlə aparıb Avtovazğaldakı su krantında üz-gözünün qanını təmizlədik. Həmin günümüzü isə "proqulla" yola verdik. Eldar bir neçə gün mənimlə kinli-kinli gəzib-dolandı. Onun o halında "Var, yoxdu?" sualım yandırıb-yaxırdı əmioğlumu.

İndinin özündə bacımgildə də bu barədə bəzən yersiz mübahisə düşür. Dünyada ən çox istədiyim - namaz qılıb, oruc tutan bacımla da eyni ciddiliklə bu söhbət düşür və aramızda soyuqluq yaranır. Mənə acıq verərək deyir ki, heç mən də sənin yazdıqlarını oxumuram, heç maraqlanmıram da. Amma bilirəm ki, məni çox istəyir, hirsindən belə deyir. Bunları dili desə də, ürəyi demir.

 

 

(Davamı var)

 

QƏŞƏM İLQAR RUHDAŞ

 

Təzadlar.- 2010.- 31 avqust-2 sentyabr.- S.15.