AZƏRBAYCANLIYAM, AZƏRBAYCANLI

 

Mənim qismətimə bir diyar düşüb,

Dünya nemətindən şirin bar düşüb.

O elə diyardır axar-baxarlı,

Dağları vüqarlı, bağçası barlı.

Hər qarış torpağı qızıldı, zərdi;

Gözləri dalğalı mavi Xəzərdi.

Qoynunda buruqlar məskən salıbdı,

Ömrünün üzünü sevinc alıbdı.

Mili, Muğanı var... Şəki, Şirvanı...

Füsunkar guşədi onun hər yanı.

Min nemət yetirən barlı bağı var,

Ömrünün bəzəyi Qarabağı var.

Lənkəran, Astara sahil boyunca,

Könüllər oxşayır ürək doyunca.

Naxçıvan, Ordubad... gözəl məkandı,

Günəşlə nurlanan nəqşi-cahandı...

Billur çeşmələri gözün nurudu,

Murovu, Qoşqarı... şah qürurudu!

Güllü-gülüstandı çölü, çəməni;

Ətrini bol saçır tər yasəməni.

Bülbülün eşqilə açılır gülü,

Saçını darayır sarı sünbülü.

Ceyranın, cüyürün ürkək baxışı

Könül pərvazıdı, çölün naxışı.

Göllərdə şövq ilə sonası süzür,

Durnalar köçünü qatara düzür.

Aləmə səs salır gur şəlaləsi,

Bağrını yandırır xallı laləsi.

Şirin nəğməlidir hər coşan çayı,

Köksündə əks edir gecələr Ayı.

Səmada qartalı erkən oyanır,

Uca zirvələrdə məğrur dayanır!..

O elə diyardı gendi ürəyi,

Boldur süfrəsində duzu, çörəyi.

O Odlar Yurdudu - qonaq-qaralı,

Köksündə yer verir olsa haralı.

Üzünün nurudu isməti, arı;

Dillənir kamanı, oxuyur tarı.

Dönməyir getdiyi doğru yolundan,

Ümidsiz olanın tutur qolundan!

Yazıb bayrağına haqq-ədaləti,

Tanrı vergisidir qədir-qiyməti.

Tanıyır düşməni, bilir yağını...

Əlindən qoymayır saz yarağını!

Elin ocağını alovlandırır,

Könüllər mülkündə işıq yandırır!

Taleyi güllənən gözəl diyardır,

Qoynunda yaşayan bəxtiyardır.

Belə məkanlıyam, belə məkanlı, -

Azərbaycanlıyam, Azərbaycanlı!

 

Təzadlar.- 2010.- 14 dekabr.- S.15.