Qızıl güllə Xarı  bülbülün nağılı

(Esse)

 

Bir vaxtlar nənəm deyərdi:

-Layla, balam, yatarsan,

Qızıl gülə batarsan

İllər sonra nənəm dedi ki:

-Qızıl gül olmayaydı

Saralıb solmayaydı

Babam isə deyirdi ki;

-Mən sənə gül demərəm

Gülün ömrü az olur

Deyirəm, görəsən, niyə nənəm məni ömrü az olan gülə batırırdı? Sonra da qızıl gülün olmasını istədi, solmasını. Yəqin qızıl gülu cox, lap cox istəyirmiş, ona görə xəzana dözə bilmirmiş. Xəzan onu elə qorxudurmuş ki, xaliqin işinə qarışırmış. Axı qızıl gülü nənəm yaratmamışdı. Yaradan isə bütün yaratdıqlarını bir gün soldurur.  Geci-tezi var. Bəlkə nənəm tanrıdan qızıl gülün ömrünü uzatması təmənnasında imiş.

Babam isə nənəm kimi ürəyi ilə yox ağlı ilə görürmüş. Ona görə "Mən sənə gül demərəm" -dedi. Amma, vallah, indi bilmirəm ki, o mənə gül demək istəmədi, yoxsa nənəmə? Güman ki, ikimizə . Amma "demərəm"   deməyinə baxma, ürəyindən keçirmiş. Həmdə elə ağlına da güldən gözəl hec gəlməyib.

Nənəmlə babam mənə qızıl gül nağılı danışanda Cıdır düzündə hələ Xarı bülbül səhər acır, axşam solurdu. Bəs niyə nənəm allahından Xarı bülbülə uzun ömür diləmədi?

Deyəsən qorxub . Allahın göydən yerə endirdiyi möcüzəyə, onu bitirən torpaga baxıb "İlahi, sənin böyüklüyünə şükür!" kəlməsindən başqa dilinə hec gətirə bilməyib.

Babamla  nənəm  elə bilir ki ,Şuşa həmən Şuşadı, Cıdır düzündə Xarı  bülbül   hər il bir dəfə, cəmi bircə dəfə səhər açır, axşam solur . Daha bilmirlər ki, xəbərləri yoxdur ki... Yaxşı ki, bilmirlər, yoxsa Allahdan başqa təmənnada olardılar. Mənə isə söylədikləri qızıl gül nağılını, çaldıqları  qızıl gül laylasını haram edərdilər.

Allahın  dərgahından  gələn haram  tez müstəcəb olur. Allahım,  sən böyüksən, mənə bir az möhlət ver, babamın , nənəmin ruhuna isə rahatlıq .  Qoy, bu Qarabağ naləsindən   hələ bixəbər qalsınlar:

 

 

Getmə, qoyub məni, dedim

Qəvi bil düşməni, dedim

Balana da nənni idim,

Ogul, ləyaqətin hanı?

 

 

 

Fələk havasını çaldı,

Satan satdı, alan aldı,

Qarabağın viran qaldı,

Millət dəyanətin hanı?

 

 

Sinəm laxta laxta qandı,

Rüzgar da haqqımı dandı,

Məni hamı qurban sandı,

Allah, mərhəmətin hanı?

 

 

 

Yandı bağrın, aman Şuşam!

Yağı zalım, yaman, Şuşam!

Yad əllərdə yanan Şuşam!

Fələk kəramətin hanı?

 

Düşmən məni fəndə saldı,

Qollarımı bəndə saldı,

İgidlərin handa qaldı?

Bəs haqqın-hümmətin hanı?

 

Urus gəlir, firəng gedir,

Hərə bir dəllalıq edir,

Deyən yoxdu dərdin nədir?

Varsa, şəfaqətin hanı?

 

 

 

Tanrım haqqı gec eyləyər, Xarı bülbül!

Gec olsa da güc eyləyər, Xarı bülbül!

Düşməni mohtac eyləyər, Xarı bülbül!

Demə ədalətin hanı?

 

 

 

Deyirəm, görən, qızıl  gülün  ömrü  uzun  olsaydi  ətri yenə  həmin ətir  olardı, ya  yox? Allah-təala Xarı bülbülü Cıdır düzündə ona görə  bitirib ki, bizə olan sevgisini, mərhəmətini izhar eləsin?

Bir bilmirəm ki, güllərə nənəmin ürəyi ilə baxım, yoxsa babamın gözləriylə? Bircə onu bilirəm ki, mən qızıl gülü sevirəm, o babımın, nənəmin yadigarıdır. Xarı bülbülü isə daha çox, axı o Allahın əmanətidir.

 

 

 

Faiq Əliyev,

"Təfəkkür" Universitetinin professoru

Təzadlar.- 2010.- 16 dekabr.- S.10.