Sənətə həsr olunmuş ömür

 

Görkəmli rus bəstəkarı V.P.Salavyov-Sedoyun musiqi haqqında bir kəlamı var: "Qədim insanın daxmasına ilk musiqinin nə vaxt daxil olduğunu demək mümkün deyil". Bu, doğurdan da belədir. Hər bir insanın qəlbinə musiqinin necə və nə vaxt yol tapdığını heç kəs deyə bilməz. Bu mənada, musiqi hər bir kəsin qəlbindədir desək, məncə, daha düzgün olar. Müqəddəs sazımız hər bir türk övladının qəlbində olduğu kimi. Lakin bəzən ümumən musiqidə olduğu kimi, saza da ya hədsiz məhəbbətlə, ya qayğı və təəssübkeşliklə, ya da laqeydcəsinə yanaşanlar da olur. Lakin saza laqeyd olmaq heç də ondan uzaq olmaq demək deyil.

Əslində bu, heç mümkün də deyil. çünki yuxarıda da dediyimiz kimi, ruhun bir qidası olaraq musiqi hər bir kəsin, bir qədər qəribə səslənsə də, gərəyidir. Ona görə də onun qəlbində və cismində özünə əbədi yer tutmuşdur. Ulu türk övladının qəlbində aşıq musiqisi qərarlaşdığı kimi. Yəni əslində həyatda insan musiqini deyil, musiqi insanı tapır. Sadəcə, kim isə ondan yalnız bəhrələnir, qidalanır, kimi də ondan bəhrələnməklə yanaşı, həm də onun qayğısına qalır, təəssübünü çəkir. Təbii ki, bu mənada, bu gün aşıq sənətimizin inkişafında sənətkar aşıqlarımızla yanaşı, bir çox alimlərimizin də xidmətləri az deyildir. Yəni onların da xidmətləri çox yüksək qiymətə layiqdir. çox təəssüflər olsun ki, bəzi alimlərimizin bu istiqamətdəki xidmətləri və apardıqları işlər sırf mücərrəd və abstrakt xarakter daşıyır. Daha doğrusu, özündə heç bir praktik dəyər və aşıq sənətinin real durumu ilə heç bir əlaqə ehtiva eləmir.

Bu alimlər əsasən aşıq sənətinin tarixi, onun ibtidai qaynaqları, inkişaf mərhələləri və bir sənət kimi formalaşma xronologiyası haqqında daha çox yazır və tədqiqatlar aparırlar. Bir oxucu kimi tam əminliklə deyə bilərəm ki, bəzən lap həddindən çox, hətta bəlkə də lazım olmayan qədər. Lakin bununla yanaşı, bütün ömrünü sözün əsl mənasında aşıq sənətinə və onun praktik inkişafına sərf etmiş alimlərimiz də var.

Bunlardan biri də folklorşünas alim Elxan Məmmədlidir. Elxan Məmmədli aşıq sənəti haqqında kameral formada yazıb-yaradan alimlərdən olmamışdır. O, güneyli-quzeyli bütün Azərbaycanı qarış-qarış gəzmiş, yeni istedadlar üzə çıxararaq lentə almış və radionun bir vaxtlar özünün aparıcısı olduğu "Sarıtel" verilişində mütəmadi olaraq səsləndirmişdir. Bu gün ölkəmizdə əmin-amanlıqdır. Həyatımızın hər bir sahəsində bir inkişaf var. O cümlədən də aşıq sənətində. Ona görə də bu gün aşıq sənəti barədə hamı danışa bilər. Lazım gəlsə lap fədai mövqeyindən belə. Amma bir vaxtlar belə imkan yox idi. Aşıq sənətinə hər yerdə bir növ dırnaqarası yanaşırdılar. Yəni aşıq sənətinin taleyində sınaqlı dövrlər yaşanırdı. Məhz həmin dövrlərdə el-el, oba-oba gəzib, aşıqların öz sözləri ilə desək, el basıb, çay keçib aşıqları lentə alıb, "Sarıtel" vasitəsilə xalqa çatdıran məhz Elxan Məmmədli idi. Mən ilk dəfə Cənubi Azərbaycandan gəlmiş qonaqların Elxan müəllimlə danışıqlarını eşidəndə bir növ məəttəl qaldım. Lap köhnə dostlar kimi danışırdılar. Doğrudan da radio dalğaları vasitəsilə Elxan müəllimlə onlar araısnda bir yaxınlıq və dostluq əlaqəsi yaranmışdı. Qəribə də olsa, Elxan müəllimi onlar özlərinə bizdən yaxın hesab edirdilər və sevirdilər. Yeri gəlmişkən onu da deyim ki, elə aşıq sənətini də onlar bizdən daha çox sevirlər. Biz daha çox qadın aşıqlarına və onların oxuduqları nəğmələrə qulaq asdığımız halda, onlar aşıq Əmraha, aşıq Kamandara, aşıq Əkbərə və digər ustad sənətkarlara qulaq asırlar.

Mən bir dəfə Elxan Məmmədli haqqında danışarkən böyük çin filosofu Kamfutsinin bir kəlamını misal çəkmişdim. Güman edirəm ki, bu söz oxucularımız üçün də maraqlı olar. Ona görə də onu təkrarən deyirəm: "Heç kim dünyaya nə vaxtından tez, nə də gec gəlmir. Kim gəlirsə, elə öz vaxtında, öz vədəsində gəlir".

Bu mənada, Elxan müəllim də dünyaya elə öz vədəsində gəlmiş bir insandır. Daha doğrusu, aşıq sənətinin tənəzzülə uğradığı və çoxlarının ona laqeyd yanaşdığı bir dövrdə. O dövrdə ki, bir çox alimlər, şair və yazıçılar aşıq sənəti haqqında süni pafoslarla ağız dolusu danışırdılar. Daha doğrusu, hər şey sözdə və quru vərəqlər üzərində qalırdı. Lakin Elxan müəllimin fəaliyyəti bütövlüklə aşıq sənətinin praktikası ilə bağlı idi. Ona görə də o zamanlar aşıq sənətnidəki mövcud durumu yalnız Elxan müəllimin verilişlərindən bilmək olardı. Elxan müəllim məhz bu yolu tutmuşdu. özü də müqəddəs bir yolu. Bəzi vaxtlar mən Elxan müəllimi bir dost kimi suçlayırdım. Hər yetən aşığı və hətta bəzən yeniyetmələri nəyə görə lentə aldığını deyir və ona iradlar tuturdum. Amma sonra gördüm ki, mən düz demirəm. Elxan müəllim bununla çoxlarını aşıq sənətinə cəlb edir, aşıq sənətinə bağlayırdı. Uşaqdan tutmuş böyüyə qədər. ümumiyyətlə, bununla Elxan müəllim cəmiyyətdə aşıq sənətinə qarşı ictimai bir maraq və sevgi-məhəbbət hissi oyadırdı.

Oxucularımız üçün daha bir marqlı faktı da demək istərdim. Adətən, alimlər elmi titullarına görə tanınırlar. Xüsusən də alim elmi dərəcəsini nə qədər erkən yaşlarında almış olardısa, bu ona daha çox şan-şöhrət gətirərdi. Maraqlıdır ki, Elxan Məmmədli namizədlik dissertasiyası müdafiə edəndə onun nə az, nə çox, düz əlli iki yaşı vardı. çünki bu vaxta qədər o bütün ömrünü bir qədər qəribə də səslənsə, dağda-daşda, eldə-obada aşıq sorağı ilə gəzib dolaşmışdı.

Elxan müəllim dörd divar arasında, isti kabinetlərdə nəzəri yaradıcılıqla məşğul olmamışdır. Ona görə də Elxan müəllimin elmi müdafiəsi bir növ maraqsız keçdi desək, heç kim təəccüblənməsin. çünki burada elə bir qeyri-adi yenilik yox idi. Oradakıların hamısı Elxan müəllimi elə müdafiəsiz də bir alim kimi tanıyırdılar. özü də bir namizəd kimi yox, bir elmlər doktoru kimi. Təki bir çox alimlərimiz, o cümlədən aşıq sənətindən ağızdolusu danışan, bəzən ona qəyyumluq edən ziyalılarımız aşıq sənətinin inkişafına Elxan müləlimin etdiklərinin yarısı qədər xidmət göstərmiş olaydılar. 

Mən ilk dəfə Elxan müəllimlə tanış olanda doğulub boya-başa çatdığım kəndin adını çəkdim. Mən Elxan müəllimin nəinki bizim kəndimizi və evimizi, bütövlükdə Tovuz rayonunun bütün kəndlərini ev-ev tanıdığını gördüm. Nəhayət, özümün yekun bir qərarımı da oxucularımızn nəzərinə çatdırmaq istərdim. Təbii ki, yuxarıda dediyimiz kimi, bizim çox gözəl və aşıq sənətinin həqiqi bilicisi olan alimlərimiz var. Amma şəxsən mən aşıq sənətinə, o cümlədən peşəkar aşıq musiqisi ifaçılığına və bütövlükdə bu sənətin praktikasına Elxan Məməmdli qədər bələd olan ikinci bir alim-ziyalı görmədim. Bu, həm bir müəllif, həm də bir mütəxəssis kimi mənim mütləq qənaətimdir.

Baxmayaraq, "Sarıtel" verilişindən bir qədər uzaqlaşıb, lakin Elxan müəllim yenə də öz xeyirxah əməllərini davam etdirir. Bir sözlə, Elxan müəllim kimi təcrübəli mütəxəssisə hələ bu xalqın və bu sənətin çox ehtiyacı var.

üzümüzə gələn 2011-ci il yanvarın 1-də Elxan müəllimin 65 yaşı tamam olur. Bu münasibətlə onu bütün sənətsevər insanlar adından, xalqımız adından, o cümlədən müqəddəs aşıq sənətimizin yaşadığı bütün türk dünyası adından təbrik edirəm. Ona can sağlığı və bütün ömrü boyu sənətdə də, həyatda da həmişə olduğu kimi dəyanət, mətnlik və mübarizlik arzulayıram.

 

 

 

Lətif HƏSƏNOV

Təzadlar.- 2010.- 25 dekabr.- S.15.