Uğurlu və sıçrayışlı yaradıcılıq

 

Mətanət Ulu Şirvanlının yaradıcılıq yolu sıçrayışlı inkişafı ilə məni nəinki sevindirir, həm heyrətləndirir. Onun ilk şeirlər kitabı və sonrakıları məndə ona olan inamı daha da artırır. Mətanət şeirimizə sıçrayışla gəldi - desəm, kimisə təəccübləndirmərəm. Bu baxımdan, 2008-ci ildə çap olunan "Bir gecənin nağılı" kitabına diqqəti yönəltmək istəyirəm.

Kitabda diqqəti cəlb edən bir də odur ki, şair bir çox mövzuları poeziya və nəsrin müşayiəti ilə tərənnüm edir. Bu zaman poeziya və nəsr elə çuğlaşır ki, yəni nəsir də poeziya dilinə elə çevrilir ki, həvəslə oxuyursan. Bu, ürək odunun, ilham selinin poetik nəticəsidir. "Mürgülü şəhərin mürgülü sakinləri"ndə Bakının gecəsi və bu gecənin saatbasaat əriməsi və səhərlərinin addım-addım gəlməsi, insanların oyanışı, insanların yolunda sellənməsi elə şirin dillə təsvir edilir ki, oxucu şairlə birgə yaşayır bu gecəni. Gəlin aşağıda bir necə obrazlı ifadəyə diqqət yetirək:

 

 

Axşamlar

şəhər yorulur,

Gözlərini yumur.

Gecələr şəhər lal olur,

Xəyala,

        sükuta,

        səssizliyə dalır.

 

Yaxud: "Südlə qanın vəhdəti: - Bakının səhəri gözəl olurmuş".

Belə obrazlı nəsrli sətirlərdən sonra insanı qəfil sehrli misralar qarşılayır:

 

Şəhər ləpələnir

Xəzərin qoynunda.

Xəzərin dodağları

              tərpənir.

Şəhərin öz qoxusu,

Öz çarxı, öz oxu var.

Bu şəhərin dəyirmanı

hey üyüdür zamanı.

 

         ya:

 

Keçmişin səsi

Divarlarına hopan şəhərim.

Naləsi sinəsindən

                   qopan şəhərim

Fəryad qoparır.

Yığıb boğazına

     qəhərini, kədərini

Sürüyür, aparır

     hər səhər arxasınca.

 

"Nigaran ruh" nəsrli-poeziyalı yazı ata həsrətinin, ata-övlad məhəbbətinin ağrılarını dilləndirir. Oxucunu ataya olan məhəbbətin sonsuzluğuna inandırır.

 

Atanın qəbri üstə:

 

Gəlmişəm ruhunla danışmaq üçün,

Gəlmişəm qədərlə barışmaq üçün,

Gəlmişəm yoxluğa alışmaq üçün,

Alışa bilmirəm, bilmirəm, ata.

 

Belə misralar tez-tez nəsrin sətirləri ilə əvəzlənir. Ata itkisinə dözməyən, xatirələrlə yatan övlad yuxuda onunla görüşür:

"Mənə elə gəldi ki, yanımdasan, ata. Paltarlarını üzümə sıxaraq hönkürtü vurdum. Elə zənn etdim ki, paltarların məni qucaqladı. Sağlığında özün məni köksünə alıb qucaqladığın kimi. Gözündən tökülən yaşlar paltarlarımı isladırdı".

Şairin "Hər şey gözəl olacaqdı", "Atılmış", "Sənə üsyan edirəm", "Ağzınız yansın", "Gölməçə qürbağaları", "Qara boyalı yumurta", "Külək qız" və sair poeziya-nəsr vüsallı yazıları eyni ruhun, eşqin odu, sevgisi ilə qaynayıb qarışmışıdı.

"Hər şey gözəl olacaqdı" poeziya-nəsr vüsallı yazıdakı ayrılığın dəhşəti, ağrılı, göynərtili, peşmançılığı görün necə də ürək göynədən misralarla bitir:

 

İndi bir ah, bir nalə

Yaşla dolu piyalə!

 

İç!

 

İç mənim sağlığıma:

Göz yaşımı şərab kimi.

Ürəyim üzüldü getdi...

 

Hər şey göz

əl olacaqdı;

Artıq gecdi,

məhəbbət keçdi.

            Hər şey gözəl olacaqdı.

 

Mətanət xanım xəyallar, fantaziyalar, həyatdan kənar qeyri-adiliklərdən yox, həyatının hər anında rastlaşdığı, gördüyü, yaşadığı, qol-boyun olduğu hadisələri bu hadisələrdəki poetik duyğuları, əslində özünü tərənnüm edir. Yəni həyatı olduğu, gördüyü, duyduğu kimi şeirə gətirir. Elə buna görə kitablarındakı şeirləri oxuduqca yorulmursan. Heç təsadüfi deyil ki, Mətanət xanım ailə, ailədə gördüklərini, atanı, ananı, nənəni, onların həyatını, özünün onlarla münasibətini obrazlı tapıntılarla, hüznlə qələmə alır.

Bu xanımın elə şeirlərinə tuş oluram ki, o şeirlər siqlətinə, tutumuna görə məni heyrətləndirir, sevindirir ki, bugünkü ədəbiyyatımızda belə uğur var, belə istedadlı xanımımız var. Mətanət xanımın şeirləri xaraktercə, qaynarlığına, narahatlığına görə elə özüdürkü var. "Üzüntülü gecə", "Səhəri gözləyirəm", "Cavabsız məktub", "Xəyanət" özünəməxsusluğu ilə seçilən şeirlər Mətanət xanımın istedadını göstərən işıqlı nümunələrdir. Kitabın ilk səhifəsindən bələdçi kimi əlimizdən tutan səhifə-səhifə çəmən, ölkə, diyar, sevgi sevinci, kədər ağrıları ilə gəzdirən "Azərbaycan" şeiri təzə deyim tərzi ilə diqqəti cəlb edir. Şeir belə bitir:

 

Rəssam, ürəyimə

Azərbaycan bayrağı çək,

Azərbaycan heykəli tək

          uca olsun ürəyimdə.

Sənə qurban ürəyim

Azərbaycan!

 

Aşağıdakı bir parça şeri daha gözəl bəlkə kimsə deyəcək. Hələki Mətanət deyib. Orijinal ürəyəyatımlı:

 

İstədim ölən atama

...bir məktub yazam,

Ölən qonşumuz aparsın.

Düşündüm: - gərək deyil.

Aparmağına aparar,

Cavabını kim qaytarsın?

 

ya "üzüntülü gecə" şeirində ki, bir hissəyə qulaq kəsilək:

 

Relslər üzərində

səslə-küylə gələn qatar,

Ya dərdimi ayaqla,

       ya da özünlə apar,

Sürü qələmimi arxanca,

Nəfəs alım asanca.

Kədərin əlindən

       yorulmuşam yamanca.

 

Tak...

 

        tak...

 

               tak...

 

Sürətlə ötür qatar.

Üzüntü məni yıxır...

Amandı!

Dərdimi apar, qatar.

 

Eləcə şairin "Səhəri gözləyirəm" şeirinə diqqət edək:

 

Bu banlayan xoruzun

            səsində qəribəlik!...

İndidən niyə banlayır,

Zamanımı qabaqlayır?

Səhərə çox var hələ...

 

Gecədən daş asılır,

        görünmür dan üzü.

Kədərim içimə süzülür,

Kirpiyimə şeh düzülür -

Dürr kimi,

             gövhər kimi.

Xoruz yenə banlayır...

O səhəri vaxtsız çağırsa da,

            səhər vaxtında açılır,

Lap dünya dağılsa da.

 

Şairin qısa məzmunlu, qəfil heyrətli, yarıyumor, yarıciddi səslənən "Amandı" şeirinə nəzər yetirək:

 

Dedin:

- Alım qollarıma, kaş bircə dəfə

                  öpüm dodağlarından,

Sıxım ürəyimin başına səni.

Deydim:

- Amandı! Dolan buludam,

 

             məndən gen dolan.

 

Tutaram gözümün yaşına səni.

 

" salmısan dərdə məni" şeirində şair heyrətdən, bəxtən, hətta atadan belə, gileylənir şeirdəki bir çox uğurlu misralarla yanaşı:

 

Başına dönüm o bəxt sənin,

Ələyindən ələ məni.

Özümü qoyum uşaqlığa,

Sən təzədən bələ məni.

 

Bənd insanda sevinc hissləri oyadır. çünki səmimi, ilhamla mayalanan misralardır.

 

***

 

Bütünlüklə belə yoğrulmuş, süslənmiş şeirlərlə çuğlanmaq, bələnmək, ruhlanmaq istəyirsinizsə kitabdakı onlarla şeiri, o cümlədən "Bəs mən...", "Bu gecə öləcəm", "O məni atdı getdi", "Canavar uladı", "Yox olmusan", "Açılan səhər" s. şeirləri  oxuyun oxuduqca şairin istedadına rəğbətim artır elə hey daha çox marağa, sevincə səbəb olacaq nümunələrdən söz açmaq istəyirəm. Bunlar o qədərdi ki, onda gərək kitabdakı şeirlərin çoxunu bu məqaləyə əlavə edəm. Bu da olar. Bir daha deyirəm: təbii ki, zövqlər müxtəlifdir. Bəlkə kimsə başqa şeirlərə daha çox rəqabət bəsləyəcək. Ənənəsinə sadiq qalan şair son kitabı "Sevgi çələngimiz heç toxunmadı"da da mənsur (o həmən yazıları belə adlandırmayıb) şeirlərə yer verib. Nəsrlə şerin yoğrulmasından pərvazlanan bu yazılar elə ilhamla, məhəbbətlə yazılmışdır ki... Bunları oxuyarkən istər-istəməz dodaqlarında ürəkdən gələn bir - Əhəsən! - nidalanır. Mətanət xanımın son illər poeziyada qazandığı uğurlar məni çox sevindirir. üstəlik ondan narahatam ki, ədəbi mühitimizdə hələ layiqli qiymətini almayıb. Əminəm ki, olacaq.

 

 

İskəndər Etibar

 

Təzadlar.- 2010.- 3 iyul.- S.15.