22 iyul - Milli Mətbuat Günüdür

 

Qəzet zəmanəsinin aynası olmalıdır

 

"...Milli mətbuatımızın bünövrəsi 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin ilk nömrəsinin nəşri ilə qoyuldu. Bütün Qafqazda əks-səda doğuran bu qəzetin naşiri , redaktoru da, korrektoru da Azərbaycan milli maarifçilik lıərəkatının banilərindən biri, təbiətşünas-alim Həsən bəy Zərdabi idi. Qəzetin ərsəyə gəlməsiııdə Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani başqa ziyalıların böyük xidmətləri olmuşdur. Dövrünün görkəmli maarifçiləri olan bu şəxsiyyətlər "Əkinçi" qəzetinin səhifələrində öz maarifçi demokratik ideyalarını təbliğ edərək ictimai-siyasi bədii fikrin inkişafına böyük təsir göstərmişlər".

 

Heydər ƏLİYEV

 

İlk mətbuat nümunəsinin işıq üzü görməsindən əvvəllər xalqımızın şanlı keçmişi ilə fəxr etməyə mənəvi ixtiyarı çatırdı. Neçə əsr öncə Həsənoğlu yazı mədəniyyətimizin əsasını qoymuşdu. Ulu Nizami, Füzuli, Nəsimi... dünya poeziya aləminin söz, sənət ustadları kimi tanınmışdılar. "Şeyx-Səfi" xalısının, "Dədə Qorqud" dastanının sorağı uzaq-uzaq ellərdə eşidilirdi. Azərbaycan nağılları, aşıq-ozan yaradıcılığı əsrlər boyu eşidənləri heyrətə gətirirdi. Ancaq kütləvi informasiya vasitəsi olan qəzet hələ məmləkətimizdə yaranmamışdı. Görünür, Azərbaycanda ana dilində qəzet nəşr etdirmək Zərdabinin qismətindəymiş. O, özündə güc tapmalı, xərc çəkməliydi. Zəmanəsinin min bir zillətinə, tənəsinə qatlaşıb məqsədini qəzet vasitəsilə yaymalıydı. Bu barədə onun fikirləri maraqlıdır: "Hər kəsi çağırıram, gəlmir, göstərirəm, görmür, deyirəm, eşitmir. Axırda gördüm ki, qəzet çıxarmaqdan başqa bir qeyri əlac yoxdur..."

H.Zərdabinin ünvanına, insanlığın ən dəyərli kəlamlarını seçib ərməğan etmək gərəkdir ki, onun müqəddəs ruhu dinclik tapsın. çünki o, fədai olub, mayak kimi yanıb, doğma xalqını azadlığa, tərəqqiyə, əsarət və zülmlərdən can qurtarmağa çağırıb. Əlbəttə, bu yol enişli-yoxuşlu, sərt döngəli idi. Olub-qalanını "Əkinçi"nin çapına, yaşamasına sərf etmişdi. Bunlara görə də zərrə qədər peşman, gileyli deyildi. çünki amalı gün kimi aydın, şəffaf idi. Ancaq yaşının ahıl çağında Zərdabini incik salan? küsdürən bu idi ki, onu anlamırdılar, ünvanına yüz cür həqarət yağdırırdılar. O, yazıb: "İşıq gələn yerə barmaq tıxayırdılar ki, həmişə olduğu kimi, yenə də cəhalətin qulu olsunlar, zülınət qaranlıqda gözləri görməsin, ağılları kəsməsin..."

Məşhur ədəbiyyatşünas alim, yazıçı Mir Cəlal müəllim deyərdi ki, Həsən bəyin adı çəkiləndə ayağa durun. Bədirlənmiş ay görəndə necə ki, salavat çevirirsiniz, bax, eləcə ehtiramla, məhəbbətlə onu xatırlayın, ruhuna dua oxuyun. O, milli mətbuatımızın təkcə öndəri deyil, həm də cəfakeşidir. Hər zülmə dözüb yolumuza işıq saldığı üçün daim onu uca tutmalıyıq. Adına layiq yazıb-yaratmalıyıq. Çünki "Əkinçi"nin əsas qayəsi insan ucalığını qiymətləndirmək idi. Maarifləşmə, müasirləşmə, məfkurə saflığı, ümummilli məqsədlərin təbliği, bəşəri dəyərlərin milli ənənələrlə sıx vəhdəti, ədəbi dilin danışıq dilinə yaxınlaşdırılması, hadisələrin obyektiv işıqlandırılması Azərbaycan milli demokratik mətbuatınm gələcək inkişafı üçün təməl daşını qoydu.

Amma 1887-ci ilkinçi" üçün xoş gəlmədi. Obyektivsubyektiv səbəblərdən qapandı. Lakin öz missiyasını ləyaqətlə, şərəflə yerinə yetirmişdi. Necə deyərlər, estafeti inamla, qətiyyətlə digər yeni nəşrlərə vermişdi. Məsələn, "Bakinski listok", "Bakinski izvestiya", "Kaspi", Tiflisidə "Ziyayi Qafqaz", "Kəşkül" qəzet-jurnallar nəşr olunmağa başladı. Digər tərəfdən də Həsən bəy Zərdabinin ənənələri yaşayırdı. Məşhur xeyriyyəçi, var-dövlətini, sərvətini doğma xalqından əsirgəməyən Hacı Zeynalabdin Tağıyev, zəmanəsinin böyük elm-maarif xadimi Əlibəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov müxtəlif qəzetlərin işıq üzü görməsi üçün imkan və bacarıqlarını əsirgəməmişdilər.

XX əsr milli mətbuatımız üçün daha önəmli oldu. 1903-cü ildə Məmmədtağı Şahtaxtinskinin Azərbaycan dilində ilk çap etdirdiyi ictimai-siyasi, iqtisadi, elmi, ədəbi "Şərqi-rus" qəzeti qısa zaman kəsiyində populyarlaşaraq ölkəmizdə ictimai fikir tarixinin inkişafında əhəmiyyətli xidmət göstərmişdi. Onun səhifələrində dünyəvi elmlər, ana dili, qadın azadlığı ilə ümumbəşəri, mütərəqqi yazılar dərc olunurdu. "Şərqi-rus" qəzeti Cəlil Məmmədquluzadə, Abbas Səhhət, Mirzə Ələkbər Sabir, Ömər Faiq Nemanzadə, Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Əli Nəzmi kimi işıqlı təfəkkür sahiblərini ətrafında birləşdirmişdi. Bu gün həmin qəzeti xatırlamağı özümüzə mənəvi borc bilməliyik ki, məhz o, Mirzə Cəlilin bir jurnalist kimi formalaşmasına, tanınmasına, gələcəkdə redaktorluq fəaliyyətinə xidmət göstərmişdi. 1906-cı il aprelin 7-də, Tiflisdə Mirzə Cəlilin təşəbbüsü, redaktorluğu, naşirliyi ilə illüstrasiyalı ilk Azərbaycan satirik jurnalı - "Molla Nəsrəddin" oxucuların görüşünə gəldi. Milli mətbuatımızın tarixinə nəzər yetirəndə qürur hissi duyuruq ki, xalqımızın Mirzə Cəlil kimi hünərvər ziyalısı, onun da "Molla Nəsrəddin" tək zəhmət, jurnalistik bəhrəsi olub. "Molla Nəsrəddin" yaşasın, yayılsın, oxuculara milli dəyərləri anlatsın deyə, naşirin, redaktorun, müəllifin əzabları önündə istər-istəməz səcdə etmək hər birimizin mənəvi borcudur. Ustadın cəfalarından bir epizodu xatırlayaq: O, "Molla Nəsrəddin"i 1918-ci ilədək Tiflisdə, sonra Təbrizdə, 1921-31-ci illər arasında isə Bakıda çap etdirmişdi.

Dövrün, zərnanənin zülümlərinə, paxılların, xainlərin təhqirlərinə, təqiblərinə dözmək az imiş kimi, sonralar Mirzə Cəlilin qədri də bilinmədi. Dəhşətə diqqət yetirin: əlyazmalarını yandırdı ki, soba qızsın, onun ahıl, artıq iradəsinə - şüuruna tabe olmayan canını isindirsin... Görəsən, niyə unudulurdu ki, zaman-zaman "Molla Nəsrəddin" - yəni Mirzə Cəlil əsarəti, müstəmləkəçilik siyasətini, geriliyi, avamlığı, meşşanlığı, mövhumatı amansız satira atəşinə tutub, ana dilimizin saflığı uğrunda mübarizə aparıb?! Xalq şairi Bəxtiyar Vahabzadə yazıb: "Cəsarətli mövqeyinə, reallığa ayna tutduğuna, acı həqiqətləri aşkar yazdığına görə "Molla Nəsrəddin"in nəşrinə çap senzurası tərəfindən dəfələrlə qadağa qoyulmuş, bir sıra nömrələri müsadirə olunınuş, redaktor Mirzə Cəlil məhkəmə məsuliyyətinə cəlb edilmiş, cərimələnmişdi. Lakin qadağalara baxmayaraq, jurnalın səsi Qafqaz hüdudlarından ötüb Rusiyada, türk aləmində, Yaxın və Uzaq Şərqdə eşidildi. Millətimizin hər bir yazarı "Molla Nəsrəddin"dən ibrət dərsi almalıdır!".

İllər ötüb keçəcək, Mirzə Cəlil, onun "Molla Nəsrəddin" satirik jurnalı heç vaxt, heç vədə hörmətini, nüfuzunu, dəyərini, qiymətini itirməyəcək. Əksinə, nə qədər Azərbaycanımız var, bu keyfıyyətlər də qoşa, birgə olacaqlar. çünki mollanəsrəddinçilər xalq yumorundan məharətlə bəhrələnərək milli mətbuat tarixində satirik jurnalistikanın bünövrəsini qoymuş, Azərbaycan publisistikasını janrüslub rəngarəngliyi ilə zənginləşdirərək onun inkişafinda ölçüsüz rol oynamışlar. Bu gün fəxarətlə, həm də qürur hissi ilə demək mümkündür ki, "Molla Nəsrəddin" mövcudluğu çağlarında və özündən sonra mətbuatımızda yeni era yaranmasına müsbət təsir göstərmişdi. Məhz bu nəşrin tərəqqipərvərliyindən mənəvi güc tapan "Dəbistan", "Rəhbər", "Məktəb" jurnalları işıq üzü görmüşdü. Xalqımızın mütərəqqi fikirli ziyalılarının sayəsində "Həyat", "Fyuzat", "Təzə həyat", "Şəlalə", "Açıq söz", "Dirilik" kiıni nəşrlərin müasir mətbuatımızın inkişafı yolunda misilsiz xidlmətləri olmuşdu.

1918-ci il may ayının 28-də xalqımızın ilk dəfə müstəqillik qazanmasında milli mətbuatımızın da rolu danılmazdır. Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin formalaşmasında, mərhələlər keçməsində, onların siyasi fəaliyyətinin gerçəkləşdirilməsində mətbuat təbliğatının xidməti danılmazdı. Məhz o dövrdə ümummilli mövqedən çıxış edən "Azərbaycan" qəzetinin dahi üzeyir bəy Hacıbəyov tərəfindən işıq üzü görməsi ictimai-siyasi proseslərin milli mədəniyyətin inkişafı ilə vəhdətdə olduğunun bariz nümunəsidi. Əslində dövr mətbuatın fəaliyyəti Həsən bəy Zərdabinin ideyalarının, "Əkinçi" prinsiplərinin həyata keçirilməsinin yeni, mühüm mərhələsi idi. Təəssüf ki, bu mərhələnin ömrü qısa oldu.

Tarix boyu başı bəlalar çəkmiş Azərbaycanımızın sovetlər dövrü nə qədər iztirablı, acınacaqlı olsa da, onun paytaxtında, əyalətlərində başqa sahələrlə yanaşı, mətbuat da inkişaf edirdi. 1920-ci illərdən başlayaraq "Kommunist", "Bakinskiy raboçiy", "Vışka", "Azərbaycan gəncləri", "Azərbaycan müəllimi", "Bakı", "Baku", "Ədəbiyyat və İncəsənət" və başqa mətbu orqanlarda kommunist ideologiyasının təbliği, tərənnümü ilə yanaşı, respublikamızın iqtisadi, elmi, mədəni inkişafından bəhs edən yazılar da işıq üzü görürdü. Sovet hakimiyyəti illərində Azərbaycan mətbuatı kommunist ideologiyasının güclü təsiri altında fəaliyyət göstərsə də, öz milli varlığını qoruyub saxlaya bilmiş, zəngin ənənələri davam etdirərək ölkəmizin inkişafında fəal rol oynamışdı. Elə həmin çağlarda publisistikanın yeni bir növü - teleradio jurnalistikası təşəkkül tapmışdı...

Ölkəmiz yenidən azadlığa, müstəqilliyə çıxdıqdan sonra mətbuatımızın inkişafında tərəqqiyə doğru dönüş yarandı. Siyasi plüralizm və söz azadlığını təmin etmək üçün taleyüklü tədbirlər həyata keçirildi. İlk Xalq Cümhuriyyəti çağlarından sonra rüşeym halında inkişafını dayandırmış proseslər yenidən dirçələrək demokratik mətbuatımızın inkişafına şərait yaratdı.

Bu gün qürur hissi ilə demək mümkündür ki, ölkəmizdə qısa müddət ərzində əsl mətbuat azadlığı yaranıb. Digər bir cəhət də olduqca dəyərli və önəmlidir: dünya siyasət olaylarında öz mövqeyi və qabiliyyəti ilə tanınan ümummilli lider Heydər Əliyev jurnalistlərin əməyinə, zəhmətinə yüksək qiymət verərək deyib: "JurnalistIərin əməyi qeyri-adi əməkdir, olduqca böyük zəhmətli əməkdir, çox səylər göstərilməsini, hətta cəsurluq, hünər fədakarlıq tələb edən əməkdir. Öz peşəsinə vurğunluq tələb edən əməkdir".

Təbii, bu müdrik kəlamları əsl jurnalist - dövlətimizin, dövlətçiliyimizin daha da möhkəmlənməsinə halallıqla can yandıran həmkarlarımız gərgin əməklərinə ali mükafat kimi qəbul edirlər. Sevindirici haldır ki, hazırda hüquqi demokratik dövlət və vətəndaş cəmiyyət qurmaq istiqamətində inamla, qətiyyətlə addımlayan respublikamızda yüzlərlə qəzet, jurnal, informasiya agentlikləri, teleradio şirkətləri fəaliyyət göstərir.

Milli mətbuatımızın cəfakeşi Mirzə Cəlil yazıb ki, qəzet zəmanəsinin aynası olmalıdır. Hamımız bu vəsiyyətə can-başla əməl etməliyik. Milli özünüdərkin bərqərar olmasında, vətənpərvərlik hisslərinin aşılanmasında, ümumbəşəri dəyərlərin təbliğində ınüstəsna rol oynayan mətbuat xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə öz əvəzsiz töhfəsini verib, bundan sonra da verəcək.

 

 

Telman MEHDİXANLI

 

Təzadlar. - 2010.- 22 iyul.- S.13.