Ağdam rayonunun işğalından 17 il ötdü

 

Ağdamlılar Ağdamı Ağdamdakı yox, Bakıdakı Şəhidlər Xiyabanında andılar

 

Aqil Abbas: "Bizə Şuşasız, Laçınsız, Kəlbəcərsiz Ağdam lazım deyil..."

 

Düz 17 il əvvəl iyulun 23-də Ağdam erməni qəsbkarları tərəfindən işğal olunub. Hər il olduğu kimi, dünən də rayon ictimaiyyətinin nümayəndələri, Bakıda müvəqqəti məskunlaşan məcburi köçkünlər Ağdamın işğal gününü yad etmək üçün Şəhidlər Xiyabanına toplandılar.  

Əvvəlcə ziyarətçilər şəhidlərin məzarları üzərinə tər qərənfillər düzdülər. Sonra rayonun İcra Hakimiyyəti adından şəhidlər məqbərəsinin önünə əklil qoyuldu. Ağdambütün Qarabağ torpaqları uğrunda gedən döyüşlərdə həyatını qurban verən insanların ruhuna dualar oxundu.

Rayonun icra başçısı Nizami Sadıqov Ağdamın işğal gününü xatırladaraq ağdamlılara müraciət etdi: "Əziz ağdamlılar, biz 17 ildir Ağdamsız yaşayırıq. Bu illər sanki bizi sınağa çəkdi, o məna da ki, öz torpağımızın qədrini indi daha yaxşı bilirik. Torpaqlarımıza qayıtmaq üçün çox az müddət qalıb. Hesab edirəm ki, biz gələn bugünkü günü bura toplaşmayacağıq. Gələn ilin bu ərəfələrində rayonumuzun işğal ildönümünü deyil, qələbəmizi qeyd edəcəyik. Mən sizin hər birinizi Ağdama çağırıram. Bu gün dövlətimizin gördüyü səmərəli işlər sayəsində Agdamdan köçənlərin Ağdama qayıdışı başlayıb. Ağdamlılar rayonun işğal edilməmiş ərazilərində ciddi quruculuq işləri ilə məşğuldurlar. Siz də gəlin Ağdama, birlikdə quraq, yaradaq".

Millət vəkili Aqil Abbas rayon ziyalıları adından çıxış edərək ağdamlıların tezliklə doğma yurdlarına dönəcəklərini əminliklə vurğuladı: "Çox vaxt deyirik ki, Ağdam işğal olunub. Ancaq Ağdam o vaxt işğal olunacaq ki, beynimiz, təfəkkürümüz, yaddaşımız, ruhumuz işğal olunacaq. Bax, dəhşət budur. Ermənilər bizim Ağdam kimi şəhərimizi, torpağımızı işğal ediblər, ancaq ruhumuzu işğal edə bilməyiblər. Biz həmin ruhun sayəsində geri qayıdacağıq. Necə ki, Qarabağda Azərbaycanın ilk şəhidi ağdamlı Əli ilə Bəxtiyar oldu, son şəhidi də biz verərək Ağdamımıza qayıdacağıq, eləcə də Şuşamıza, Laçınımıza və digər rayonlarımıza, Ağdama qayıtmaq çox kiçik arzudur. Çünki bizə Şuşasız, Laçınsız, Kəlbəcərsiz Ağdam lazım deyil. Cənab prezident İlham Əliyev Qarabağın işğaldan azad olunması uğrunda çox ciddi iş aparır. Əgər ermənilər torpaqlarımızdan xoşluqla çıxmasalar, çox gözəl bir müharibə olacaq və son şəhidlərimizi verib, Allahın köməkliyi ilə ev-eşiyimizə qayıdacağıq".

Millət vəkilinin təklifi ilə şəhidlərimiz ziyarətçilər tərəfindən alqışlandı.

Millət vəkili Bəxtiyar Əliyev şəhidlərin arzularının, istəklərinin reallaşacağına dərin inam hissi ifadə etdi: "Bəzən deyirlər ki, şəhidlərimizin axıtdığı qan hədər gedib. Əslində belə deyil. Onlar Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə şəhid olublar, onlar torpağımızın bütövlüyü uğrunda şəhid olublar. Bu gün ölkəmiz inkişaf edir. Bu gün dövlət başçısı elə bir siyasət yeridir ki, Azərbaycan dünya birliyində özünün möhkəm yerini tutub. Bu gün Azərbaycan qüdrətli orduya, iqtisadiyyata malikdir. Hesab edirəm ki, biz işğal altında olan torpaqlarımızı sülh yolu ilə azad edəcəyik. Amma bu sülhü möhkəmləndirən qüdrətli ordu da öz sözünü deyəcək. Düşünürəm ki, qısa bir zamanda bu söz deyiləcək, torpaqlarımız işğaldan azad olunacaq. Və böyük Ağdam yenidən qurulacaq. Əslində bu gün də Ağdam qurulmaqdadır".

B.Əliyev ağdamlıların tezliklə doğma yurd-yuvalarına dönəcəklərini söylədi: "Bu gün Ağdama böyük qayıdış var. Bu qayıdış böyük Ağdama, Şuşaya, Laçına doğru gedən bir yoldur. Hamımız o yerlərə qayıtmalıyıq. Hər kəs bacardığı işdən yapışıb öz köməyini göstərməlidir. Düşmən də görməlidir ki, ağdamlılar geriyə qayıdır, şuşalılar geriyə qayıdır və onlar çəkilib getməlidir. Bu yolda hər birimizə uğurlar arzulayıram və prezidentimizin siyasətini dəstəkləyirik. Şəhidlərimizin ruhu qarşısında bir daha baş əyərək, deyirik: sizin qanınız hədər axmayıb, torpağımız işğaldan azad olunacaq".

Digər çıxışlarda da prezident İlham Əliyevin Qarabağın işğaldan azad olunması uğrunda apardığı davamlı danışıqlar təqdir olundu. Bütün çıxış edənlər üzümüzə gələn il işğal gününün məhz Ağdamda keçiriləcəyinə ümidlərini ifadə etdilər.

Sonra mərasim iştirakçıları Ağdam uğrunda gedən döyüşlər zamanı həlak olan şəhidlərin məzarlarını və Türk Şəhidliyini ziyarət etdilər.

 

Ağdamda itirdiklərimiz

 

İşğal altında qalmış Ağdam rayonunun təbii sərvətləri 17 ildir ki, talan edilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 23 iyul 1993-cü ildə rayonun 88395 hektar ərazisi, 1 şəhəri, 119 kənd və qəsəbəsi Ermənistan Respublikası tərəfindən işğal olunub.

Ağdam rayonunun işğaldan əvvəl 1736 hektar dövlət meşəsi, 710 hektar kolxoz meşəsi, 560 hektar yol, su və kanal kənarı, şəhərətrafı meşə sahəsi mövcud idi.

Rayonun ümumi ehtiyatları 64863 min m3 olan mişar daşı, 140464 min ton çobandağ əhəngdaşı, 44708 min ton Boyəhmədli və 25197 min ton Şorbulaq gil yataqları işğal olunmuş ərazilərdə qalıb.

Rayon ərazisindən keçən ən iri çay olan Xaçınçayın uzunluğu 104 km, su toplayıcı sahəsi isə 657 km2-dir.

Ağdam şəhərində yaşı 150-250 ilədək olan 14 ədəd, Boyəhmədli kəndi ətrafında isə  yaşı 400 ilə çatan 71 ədəd Şərq çinarı təbiət abidəsi kimi qorunurdu.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "İşğal olmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz"i işğaldan sonrakı dövrlərdə rayon ərazisində təbii sərvətlərin ermənilər tərəfindən dağıdılmasına dair aşağıdakı faktları aşkar edib:

İşğal olunmuş ərazilərdən yaşı 400-ə çatan şərq çinarı növündən olan ağacların doğranaraq Ermənistan istiqamətində aparılması və iri gövdəli ağacların qırılaraq yığıldığı müşahidə edilib.

Rayonun işğal altında olan Novruzlu, Yusifcanlı, Kəngərli, Çəlik, Qaradağlı-Kəngərlisi, Göytəpə, Gülçülük kəndlərində 6330 hektar otlaq sahəsi erməni hərbçiləri tərəfindən yandırılıb. Yanğın zamanı "Qırmızı kitab"a və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı siyahısına" düşmüş müxtəlif sayda turac, qırqovul və gürzə məhv olunub.

 

 

Elbar ŞİRİNOV

 

Təzadlar.- 2010.- 24 iyul.- S.9.