Onsuz yaman darıxmışıq...

 

Xalq rəssamı, görkəmli fırça ustası Rafiq Mehdiyevi respublikamızın ən ucqar obalarında belə, tanıyır, özünə, yaradıcılığına hörmət bildirərdilər. O, ömrü boyu doğma Azərbaycanımızı gəzməkdən, görməkdən, halal əməyinə tapınan insanları  təsvir, tərənnüm etməkdən yorulmaq bilməzdi.  Elə bu səbəbdən də onun qəhrəmanları, özü dediyi kimi, alnının tərini ütülü dəsmalla yox, qabarlı əlləri ilə silənlər idi. Onun yaratdığı tablolarda, mənzərələrdə nişan aparan qız-gəlinlər, toylarda qol götürüb oynayanlar, istili-soyuqlu səngərlərə sinə gərən əsgərlər, işıqlı, xoşbəxt sabahlara ümidlə, inamla baxan insanlar olmuşdu.

R.Mehdiyev adi dolanışığı olan ailədə dünyaya göz açmışdı. Körpə vaxtlarından halal əməyin bəhrəsi görmüşdü. Ayaq açıb yeriyəndən torpağı öpərmiş. Bəzən onu xışmalayıb üz-gözünə sürtər, bəzən də əcaib, qəribə fiqurlar düzəldərdi. Ziyalı valideynləri onun bu cür davranışından heyrətlənsələr də susarmışlar. Yəqin ona görə ki, bilirmişlər: uşağa nəyisə qadağan edəndə, o həmin irada qarşı daha maraqlı olar. Onun orta məktəb illəri də maraqlı keçmişdi. Sanki yeniyetməni gözəgörünməz qüvvə özünə çəkərdi. İlin bütün fəsillərində təbiəti seyr eləməkdən doymurdu. Gül ləçəyindəki şeh damcısına, quşların cəh-cəhinə, tumurcuqların necə açmasına, ləçək-ləçək olmasına baxmaqdan doymazdı. Nəhayət, vaxt yetişdi, o, orta məktəbi bitirdi. Doğmaları ona müxtəlif ali məktəblərə sənəd verməsini məsləhət bildilər. Lakin o, dedi: "Mən Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə gedəcəm".

Müdriklərin fikridir: "Alın yazısı insanın yolu üstə yanıb-sönən mayakdır. Ona həyan olur, bəxtinə işıq saçır". Rafiq bu kəlamın necə həqiqət olmasını öz taleyində gördü. Təsviri sənətimizin sayılıb-seçilən, peşəkar ustadlarından dərs aldı, öyrəndi. çəkdiyi natürmortları, mənzərələri, portretləri bəyənən müəllimləri könül açdığı sənətin dolanbac yollarıda ona uğurlar arzuladılar.

Ürəyi daim yenilik, çox bilmək həvəsi ilə döyünən rəssam sənədlərini, əl işlərindən bəzi nümunələri Moskvaya - V.İ.Surikov adına Dövlət Rəssamlıq İnstitutuna göndərdi. Bir müddət keçmiş onu həmin ali məktəbə dəvət edirlər. İmtahanlardan yüksək qiymətlər aldı. Onu instituta qəbul etdilər. Dünya şöhrətli B.Dexteryov, E.Kibrik, N.Ponomaryov kimi korifeylərdən sənətin sirlərini öyrəndi. Yüksək peşəkarlığını, orijinal dəst-xəttini görən müəllimləri onun həmin tədris ocağında qalmasını bildirirlər. Lakin o, bu dəvətdən imtina etdi. Bütün varlığı qədər sevdiyi doğma vətəninə qayıtmağı üstün tutdu. O vaxtdan - altmış il bundan əvvəl ta bu yaşına kimi gördüyü, duyduğu sevinc-fərəhi sənətbilərlə bölüşdü. Yaratdığı yüzlərlə portretləri, mənzərələri, qrafik nümunələri tamaşaçıların zövqünü oxşadı. Dünyanın müxtəlif ölkələrində təşkil olunmuş 70-dən artıq sərgilərdə iştirak etdi.100-dən artıq əsərləri bu gün də ayrı- ayrı dövlətlərin muzey, şəkil qalereyaların daimi eksponatı kimi qorunur, baxılır, sevilir.

İstedadlı fırça ustasının yaradıcılığında əsas yeri dəzgah qrafikasında yaratdığı əsərlər üstünlük təşkil edib. Kənd mövzusunda işlədiyi "Səhər" və "Axşam" ofortlan bu baxımdan xarakterikdir. "Səhər"də təbiətin canlanması, Günəşin tədricən əbədi yolu ilə yüksəlməsi, kənd zəhmətkeşlərinin tarlalara getməsi, şagirdlərin məktəbə tələsməsi, "Axşam"da isə bütün bunların əksi kətan üzərində canlanır. Hər iki əsərdə tamaşaçıların diqqətini çəkən aktuallıq, bir də dinamikadır. Hadisələr, obyektlər elə inandırıcı təsvir olunub ki, insan fiqurları, təbiət mənzərələri canlıymış kimi göz önündə canlanır.

R.Mehdiyev kitab qrafikası sahəsində ardıcıl fəaliyyət göstərən rəssamlardan biri olmuşdur. Böyük Mirzə Cəlilin "Poçt qutusu", "Saqqallı uşaq", "Danabaş kəndinin əhvalatları" əsərlərinə çəkdiyi illüstrasiyalar onun məqsəd və məramını əyani şəkildə göstərir. Təsvir vasitələrində rəssam milli koloriti saxlamış, ədəbi əsərlərin məzmunu, yazı üslubu ilə həmahəng səslənən yaddançıxmaz sənət nümunələri yaratmışdır. Fırça ustası uşaq kitablarına da illüstrasiyalar çəkmişdi. Məlumdıır ki, nağıl, hekayə və şeirlərdəki humanizm cəhətlər uşaqların tərbiyəsində mühüm rol oynayır. Rəssamın "Düyməcik", "Utancaq oğlan", "Qarışqa", "Sürəyya", "Yelləncək" kitablarına verdiyi tərtibatı azyaşlı oxucular bu gün də maraqla qarşılayırlar.

Sevilən sənətkar bir qərinədən çox Respublika Rəssamlar İftifaqının qrafika bölməsinə rəhbərlik edirdi. Zəmanət verdiyi, dərs dediyi onlarla gənc kadrlar onun etimadını doğrultmuşdur. Rafıq müəllim Rəssamlıq Akademiyasının professoru idi. İllərdən bəri topladığı biliyi, təcrübəni gənc həmkarlarına min bir həvəslə öyrədərdi. Onunla yaradıcılıq emalatxanasında görüşərdik. Son vaxtlar daha şən, şux ovqatda idi.

Sevincinin səbəbini bilirdik. Möhtərəm Prezident cənab İlham Əliyevin layiq olan şəxslərə fərdi təqaüd verilməsi haqqında imzaladığı fərmanda onun da adı vardı. Yüksək etimad münasibətilə dostumuzu təbrik etdik. O, dedi:

- Əlimə fırça alandan, molbert önündə dayanandan fəxr eləmişəm ki, mən azərbaycanlıyam. Doğma torpağımızın bir daş parçasını da millətimin bənzərsiz əmlakı kimi tablolarımda iri planda işləmişəm. ötən əsrin 70-80-ci illərində   xalqımız intibah dövrü yaşadı. Nailiyyətləri, uğurları mən də əsərlərimdə  canlandırmışam. Həmin zamanlar əməyim, yaradıcılığım ulu öndər Heydər  Əliyev tərəfindən yüksək qiymətləndirildi. Mənə əməkdar, xalq rəssamı fəxri adları verdilər. Dəfələrlə dövri mətbuatda böyük şəxsiyyətin sənətə, verdiyi dəyərli qiymət barədə yazılar dərc etdirmişəm. Bir çox əsərlərimdə Heydər Əliyevin işıqlı obrazını təsvir etmişəm. Bu günlərdə yeni bir sevincin ovqatını yaşayıram. Cənab prezidentimiz İlham Əliyev bir çoxları kimi, mənə də prezident təqaüdü verilməsi haqqında fərman imzalayıb. çox sağ olsun, bu yaxşılığı heç vaxt unutmaram...

Ömrünün ixtiyar çağında yaşayan, yaratdığı əsərlər maraqla qarşılanan Rafiq Mehdiyev geniş yaradıcılıq imkanlarına malik fırça ustalarından biri idi. O, sənətə gəldiyi gündən halal əməyi tərənnüm etmişdir. Elə özünün də gərgin əməyi, axtarışları hədər getməmiş, dəfələrlə mükafatlandırılmış, yüksək təltiflərə layiq görülmüşdü.

Yəqin fikir verdiniz: istəkli həmkarım, ləyaqətli, istedadlı, həssas, zərif duyumlu insan olan Rafiq Mahmud oğlu Mehdiyev haqqında artıq keçmiş zamanda - olmuşdu, var idi - mövzusunda yazdım. Bu, məndən asılı deyil. Zalım, amansız əcəlin zülmündən irəli gəlir. Neyləmək olar, bu dünya kimə qalıb ki, ona da qalaydı! Şair yaxşı deyib: "Biz gəldi-gedərik, sən yaşa, dünya!" Ancaq  xoşbəxt o kəsdir ki, dünyasını dəyişəndən sonra da vaxt, bivaxt hörmətlə yad olunur, ehtiramla xatırlanır. Elə əzizimiz, dostumuz, həmkarımız Rafiq Mehdiyev kimi. Demək olar ki, hər iş günü təhsil müəssisəmizin qənşərində dayanıb, onun bir zamanlar gəldiyi, getdiyi yollara baxa-baxa, boylana-boylana qalıram. Yox, o gücün, qüdrətin sahibi deyiləm ki, gedəni qaytara biləm... Sağ olsun, yüz yaşasın rektorumuz, Rafiq müəllimin xatirəsini əbədiləşdirmək üçün universitetin girəcəyində onun büstünü qoydurub. Bu da müəyyən təskinlikdir. Nə olsun ki, dili yoxdur danışmağa, baxışları donub...

Və milli ədəbiyyatımızın klassiklərindən olan Ə.Haqverdiyevin bu kəlamı heç yadımdan çıxmır: "Zaman ötüb keçəcək. Vaxt yetişəndə biz dünyaya həmişəlik, əbədi əlvida deyəcəyik. Bizi unudacaqlar. çöhrəmizi, səsimizi yaddan çıxaracaqlar. Lakin çəkdiyimiz əzablar, sağlam əqidəmiz, vətən, torpaq sevgimiz bizdən sonra gələnlərin yolunda mayak kimi işıq saçacaqdır". 

Bu baxımdan, Rafiq Mehdiyevin də həyat yolu xarakterikdir.

 

 

Məlahət Ağammədova,

 

Təzadlar.- 2010.- 8 iyun.- S.14.