"Bu dərd gözlərimi örtüb qan kimi..."

 

(Şair S.Şəkərlinin 50 illiyinə gecikmiş dost sözü)

 

Şair kimi doğulmaq, şair taleyilə əl-ələ verib, şair baxtıyla barışıb da sonacan bu qədər-qismətlə yollaşıb yola getməkdən zülmlü aqibət yoxdu. Kimsə bu sözümü qəribliyə salmasın, çünki ucdantutma şeir yazanları nəzərdə tutmuram. Şeir yazmaq hələ şair olmaq demək deyil. Şairlik isə könül işi, ruhun divanəliyidi, adamın bu boyda dünyada başını qoymağa bir əlcə yer tapa bilməməsidi, sürgündü, daş-qalaq olan içinin ağrılarını gizləyə-gizləyə ayrılıqların böyrünə düşüb dualarını daşa-torpağa, göylərə, adamlara - dünyanın qulağına pıçıldayaraq üzdə heç nə olmamış kimi yaşamaqdı... Bir sözlə, şair kimi doğulmaq zülümdü və ən zülümlüsü isə odur ki, əslində Tanrı lütfü olan bu qeyri-adi vergiylə doğulanlardan bir bəndi-bəşər soruşmadı ki, bu bəxtlə doğulmağa razısanmı, yoxsa yox?.. Seçim edən yəqin bilir ki, böyük sözün altına kim çiyin verib də onu daşıya, yaşada bilər, qədir-qiymətə kim çatdıra, Tanrı dilindən qopan sözü urvatında, hörmətində, sirri-sehrində, cazibəsində kim saxlaya bilər...

Bu gün yuxarıda dediklərimin beş qatını yaşayan bir şairlə üzbəüz, dizbədizəm və bu şair Saday Şəkərlidir.

Saday Şəkərli bu yaxınlarda 50 yaşının qapısını açıb-örtdü və əslində bu yaş məsələsi də şair ömründə şərti xarakter daşıyır, şairin yaşını dediyi sözün nə qədər yaşadığı və hələ nə qədər yaşayacağı müəyyən edir, elə-belə də isə şairlərin yaşı olmur...

Sadayın "ömrün yorğun kölgəsi" adlı poetik toplusu hələlik onun sonuncu sayılacaq kitabıdır. Bəziləri kimi, mən bu kitabı Sadayın 50 illik şair ömrünün hesabatı saymaq fikrində deyiləm. Bu kitaba sadəcə, şair Saday Şəkərlinin oxuculara deməyə yetərincə sözü olduğunu isbatlayan bir nümunə kimi baxır və bəri başdan demək istəyirəm ki, "ömrün yorğun kölgəsi" bütövlükdə bu gün çağdaş Azərbaycan poeziyasını hər vəchlə inkar edənlərə "şeir yazılmır, oxucunu özündən çıxaracaq qədər söz deyə bilən şair yoxdu" misallı fikri təkrar və təlqin yolunu tutanlara tutarlı bir şair cavabıdır və bütünlükdə "poeziya nədir" - sualına tam şəkildə cavab verən bu kitabı ən azı görməməzliyə vurmaq, sadəcə, mümkün deyil. Bu qənaətimi mümkünləşdirən səbəbləri isə deyəcək, izahını verməyə çalışacağam.

"Belə tapşırıblar mənə dünyanı..."

Hər şeydən əvvəl Saday Şəkərlinin yaradıcılığında diqqət çəkən ilkinlik, müstəvi rolunu oynayan məqam nədir? Bu sualın cavabını tapmaq üçün bütövlükdə Sadayın yazdığı bütün əsərləri oxumaq elə də vaciblik, zərurət əmsalı daşımır. Ona görə ki, onun yaratdığı irili-xırdalı hər bir əsər elə dərini hissiyyatla qələmə alınır ki, onların hər hansını götürüb onun barəsində yetərincə söz demək, fikir söyləmək mümkündür. Şair Saday Şəkərlinin poeziyasında ən əvvəl möcüzəvari bir harmoniya üstündə köklənən, aydın və sakit  bir sükutun içindən keçərək adamın içini diksindirən, az qala özündən çıxaran, olmuşları, olacaqları aram-aram dilə gətirən, bu azmış kimi, səni özünə şərik etdirən bir ruhun harayı var. Bu harayın sətir-sətir dilə gətirdiyi hər şey, hər bir bədii predmet o qədər canlı təsvirlidirlər ki, sanki onlar oxunmur, gözlə görünür, müşahidə edilir. Sadayın şair dünyasında olmaq adamı yormur, bezdirmir və bu şeirlərin təbiiliyi, səmimiyyəti onu isbatlayır ki, Saday oxucu yanında yerini şirin salmaq, möhkəmləndirmək üçün yox, ürəyinə gələnin, dolanın onu rahat qoymadığı üzündən əlini qələmə uzadan, yazan şairdir.

O, heç bir əsərində diqtə və təlqin yolunu tutmur, zorən oxucunu dediklərinə inandırmağa çalışmır və birrəngli, bir-birindən yalnız mövzu sarıdan fərqlənən, amma kökündə eyni münasibət cəmlənən standart münasibətlərdən uzaq durmaqla yanaşı, dediyinə oxucunu inandırmağı bacaran şairdir.

 

Saday -

 

"Köksümdə ağrılar alır dincini,

Ay susur, il dözür, fəsil incimir.

Elə paylayıram öz sevincimi,

Elə hey əlimdən qapan özgədi" -

 

deyəndə,

 

"Kim deyir ki, baş ağarmaz, yaş artmaz,

Yaxşı dünya yaman kəsi yaşatmaz?

Yaxşı qonşu yad toyuğa daş atmaz,

Yaman qonşu çəpər çəkər bir ucdan". -

 

söyləyəndə də,

 

"Hər yetən üstümdə ağlayır mənim,

İçimdən göyərən qəbirəm indi.

Verib küləklərə çiçəklərimi,

Dərdimi dən kimi səpirəm indi"

 

pıçıldayanda da kiməsə ağıl dərsi vermədən, öz-özüylə həmsöhbət olduğu bu anlardakı halıyla, ovqatıyla, titrəyişiylə hər birimizin içində haçansa yaşatdığımız anların güzgüsünə çevrilə bilir.

S.Şəkərlinin poetik "məni" keçmişi lənətləməkdən, ittihamedici tondan, hədsiz pərişanlıqdan, canüzücü həddə yetən kədərdən, məftunluğa yaxın eqoizmdən uzaq durmaqla yanaşı, aydınlığa bürünmüş səlis dildə oxucusuyla həmsöhbət olmağı xoşlayır. "Oxucu ilə aydın dildə danışmaq yazarın lütfkarlığıdır" - deyir Jül Renar. Bu mənada, çağdaş poeziyamızın bugünkü mənzərəsinə göz yetirmək kifayətdir ki, orada dilə qarşı olan saymazlığın dözülməz həddə yetdiyinin şahidi olasan. Şeir forma və üslubdan asılı olmayaraq elə bir dildə qələmə alınmalıdır ki, onun üstündə baş sındırmaqla müəllifin nə demək istədiyini yüz yerə yozmadan anlayasan. Bu gün guya yeni ...izmlər altında yazanlar oxucunu sanki riyaziyyatçıya çevirmək yolunu tutublar. Amma bu o demək deyil ki, poetik fikir birbaşa, bədiilikdən uzaq şəkildə qələmə alınmalıdır.

Sadayın şeirləri bu baxımdan öz rəngarəngliyi ilə bərabər, bədii çalarlarını qorumaq şərtilə hər vaxt və hər zaman üçün çəkisini, rəngini, işığını qoruya biləcək şeirlərdir. Bu şeirləri bu gün də, sabah da, yüz illər ötəndən sonra da çətinlik çəkmədən oxumaq, oxucuya təqdim etmək mümkündür.

Rus tənqidçisi A.Belnikov deyir: "Əsl söz adamı tarixin mərmər divarlarını, bürünc qapılarını sındıra bilməsə də, ən azı onun cırmaq yerləri orada görünməlidir". S.Şəkərli qeyd etdiyimiz kimi, hər vədə oxucusuyla həmsöhbət olmağa hazır şairdir və o, bu mükamilədə siyasətçilər kimi hələ olmayanlardan, baş tutmayan, amma arzuedilənlərdən yox, ötənlərdə, dünənlərdə baş verənlərdən danışmağı xoşlayır. O, bir növ öz iç dünyasını, ürəyindəki sirli anları saxlaya bilməyən, bir növ özü-özünə "düşmən", dili özünə "qənim" kəsilən bir söz sahibidir.

 

"Yaralı dalğalar dizinin üstə,

Gündə ağı deyən yarımadayam.

Məndən nə istəsən, yarsını istə,

Mən yarım adamam, yarım adayam."

 

(Yarısı mənimdi, yarısı...)

 

 

"Hey çapdım ömür köhləni,

Sözlə doldurdum dəhnəni...

Əlifbası çox köhnədi,

Oxunmur yazı alnımda."

 

(Oxunmur)

 

 

"Mən min dəfə bölünmüşəm,

Cana yığıb bölgü məni.

Kimi qopardır yaramı,

Kimi açır, bükür məni."

 

(Məni)

 

 

Mənə elə gəlir ki, dediklərimin təsdiqi sayılacaq bu nümunələrlə əlavə şərhə ehtiyac yoxdur.

Saday Şəkərlinin üz tutduğu, əsas hədəfi, üzünü tutub dediyi sözün ünvanı - insandır. Şairin öz bədii "mənində" ümumiləşdirdiyi həmin obraz bir vasitə olaraq onun əsərlərindən boy verib görsənir. Əslində isə həmin bədii "mənin" - insanın prototipi elə hər birimizik. O, öz ağrısından boylanaraq dünənin, bü günün qapılarını döyərək səsinə verilən bir səsin, ona qoşularaq qandan-qadadan, hər cür pislikdən uzaq, ayrılıqların göynərtili təəssüfündən, bir daha geri dönməyəsi sevdalardan, yad tapdağı altında qalan yurd yerlərindən, ün yetməz tarixin qatlarında gizlənən ərən səslərindən, yaddaşlardan sallanıb gəzən xatirələrdən söz açan bir insanın taleyinin sözlə şəklini çəkir. Bir neçə nümunəyə diqqət yetirək.

 

"Mən də bir zaman daş idim,

Aydı, Günəşdi yaşıdım.

Yadnan bir yerdə yaşadım,

Yardan ayrı salan baxtım."

 

(Baxtım)

 

 

"Bu dünyada bir adətdi, -

Gedən gəldi, gələn getdi.

Axı səni kim öyrətdi?

Getmə, getmə, nolar, getmə."

 

(Getmə)

 

 

"Poeziya özünəməxsus, bənzərsiz və hər dəfə inkardan uzaq duyumla, ağlın diqtə süzgəcindən yan keçərək hissin, duyğunun əlinin yetdiyi yerdə dünyanı yenidən kəşf etməkdir" - deyir şair Mişel Yelbek. Sadayın kəşf etdiyi hər bir əsərindəki söz dünyasında Dünyaya, İnsana böyük bir sevgi, şəfqət hissi hakimi-mütləqdir. Bu dünyada uduzan və udan tərəf, qınağa səbəb olan hədəf bir nəfərdi - o da elə Saday Şəkərlinin özüdür. Buradakı talelərin ümumi fonunda üz tutub getdiyi məkanın sahibi də, qonağı da özüdür. Bu dünyada hökmü-fərman olan Tanrılar deyil və həmin dünyada cəza verən, cəza çəkən də, günahı olan da, olmayan da, qınayan da, qınanan da, haqlı da, haqsız da elə şairin özüdür. Amma bu poetik dünyanın içində bir darlıq, sıxlıq, boğucu əhvali-ruhiyyə yoxdur, əksinə, buradakı misralardan, bəndlərdən adamı bir azadlıq havası vurur. S.Şəkərlinin azad şair ruhu əlbəttə ki, çərçivələrə sığan halda deyil, heç onun bütlərə də baş əyməyə, kimisə boş-boşuna öyməyə nə vaxtı, nə də fikri yoxdu. S.Şəkərlinin həmin dünyada ən böyük "günahı" isə olsa-olsa, özünün "boynuna aldığı" aşağıdakı etirafıdır.

 

"Şeir yazdım, ilahi,

Keç günahımdan.

Şeir yazanda görürəm,

Səni yaxından.

 

Səndən ayrıldım,

Yenə

Sənə qarışdım, Allah.

Şeir yazdım...

Bağışla,

Sirrini açdım, allah."

 

(Şeir yazdım, ilahi)

 

 

Sadayın poeziyasındakı intonasiyalarda sözün bədii yük altında ifadə edilən fikri çatdırmaq üçün çətinliklər çəkdiyi hiss olunmur, eyni zamanda o, hər bir əsərinin sonluğundakı nəticələrində də hökmlü səsini qaldırmır. Unutmaq olmaz ki, hər bir şairin müəyyənləşdirdiyi ideyanın, fikrin daşıyıcısı olan şeirlərində ideya və fikir məsələsi ierarxik xarakter daşıyır. Yəni bir poetik əsərin hər bəndi, hətta hər misrası müəyyən motivlərin üzə çıxmasına rəvac verir, ancaq bütövlükdə onlar ayrılmaz şəkildə bir vahidə - mətnə xidmət edrlər.

Şairin hökmü əsərin sonluğunda elə şəkildə olmalıdır ki, o bütün bəndlərin yükünü daşımaq gücündə olsun. Bu prinsiplə yanaşsaq, S.Şəkərlinin hər bir əsərindəki sonuncu bəndlər ayrı-ayrılıqda bir şeir qədər təqdim olunmağa layiqdir.

S.Şəkərli kütlə üçün yazan "tribun şair" olmadığı kimi, yalnız "elita" - tək-tək "seçilmişlər" üçün də qələmə əl uzadan şair deyil.

özünü, dünyanı, həqiqəti, haqqı-ədaləti, pisi-yaxşını, sevinci-kədəri, vüsalı-ayrılığı, mərdliyi-namərdliyi, faniliyi-əbədiyyəti qəbul edən və hər şeydən əvvəl özünü dərk edən insanlardır S.Şəkərlinin oxucuları.

S.Şəkərlinin şeirlərində daha çox göz qırpımında axan vaxtın və zamanın ahəngini hiss etmək, üzünü görmək mümkündür. Bu axarda isə oxucu ilə şair arasındakı münasibətlərin yaranmasında kimsə lazım deyil, çünki orada təsvir edilənlərin, hadisə və təsvirlərin hər hansının nə izaha, nə də isbata ehtiyacı yoxdur.

Hər bir şair bir az da filosofdur, amma bu "filosofluq" bilərəkdən hər misranın üstünə yüklənərsə, nəticə etibarilə yaradılan boş hay-küy təsirli, yalançı təəccüb donuna bürünmüş, dəlilər qədər ağıllı olduğunu fikirləşmək kimi bir söz yığını olacaq. Saday daha çox bundan uzaq qaçmağa çalışsa da, istər-istəməz bədii sual şəkilli izahlarında bu məqamla üzbəüz qalır. Amma Sadayın ustalığı ondadır ki, o, bu tip şeirlərində fəlsəfi baxışlarını özü izah edir və eyni zamanda ağlabatmaz, cod mühakimələrdən uzaq durmağı bacarır.

Bəzən şeirin cəlbediciliyi, diqqətçəkiciliyi təkcə onun gözəl deyimlərlə ifadə edilməsində olmur, həm da haradasa sözlərin harmonik düzümündən doğaraq gerçəkliyin çılpaq şəkildə təzahürü ilə bağlı olur. Şairin "Hara qaçım bilmirəm", "Torpağa oğul sözü", "Atamdan qalan payız", "Minini unutmuşam", "Kasıblıq təki", "Bu ağaca toxunma" və digərləri bu qəbildən olan əsərlərdir.

S.Şəkərli üçün forma və üslub, vəzn ayrı-seçkiliyi yoxdur. O, heca vəznində də, sərbəst vəzndə də eyni dərəcədə və özünəməxsus şirin bir təhkiyyə ilə, ustalıqla oxucusu ilə həmsöhbət ola bilir. Sən demə, Saday bu gün az saylı qələm əhlinin müraciət etdiyi əruz vəznində də qəzəllər yazırmış. Əsasən rəməl bəhrində yazdığı qəzəllər klassik irsi yaşatmaq sarıdan, eləcə də sırf azəri türkcəsində yetərincə dilə və ürəyə yatımlı qəzəl yazmağın bir daha mümkünlüyü baxımından alqışlanmağa layiq şair cürəti və qüdrətidir.

Bir nüansı da qeyd edim ki, "ömrün yorğun kölgəsi" kitabında Saday Şəkərlinin daha çox 80-ci illərdə qələmə aldığı əsərlər üstünlük təşkil edir. Bunu oxucuya "meydan oxumaq" kimi qəbul etmək fikrində deyiləm, o fikirdəyəm ki, bu şeirlər doğrudan da çap olunmağa, oxucunun diqqətinə çatdırılmağa layiq əsərlərdir.

Bu yazıda Saday Şəkərli yaradıcılığı haqqında müəyyən fikirlərimi nəzərə çatdırdım, amma bütövlükdə, onun yaradıcılığının məziyyətləri haqqında danışmaq, söz demək bir qəzet səhifəsinə sığacaq iş deyil.

Belə bir fikir var ki, bir şeirlər kitabında 5-10 yaxşı şeir tapa bildinsə, deməli, oxuduğun kitaba sərf etdiyin vaxta heyfin gəlməməlidir. üstəlik, belə bir çətinlik var ki, həmin 5-10 şeiri tapmaq üçün hansı səhifəni açmalısan ki, sənin oxucu bəxtin gətirsin, bəlkə sona yaxın... bəlkə orta səhifələrdən... bəlkə lap başdan? Saday Şəkərlinin "ömrün yorğun kölgəsi" şeirlər kitabını haradan açırsan aç, yüzdəyüz ürəyincə istəyən şeirlərlə üzbəüz qalacaqsan - elə mənim kimi. İnanmırsan? Onda tap, oxu və Saday Şəkərlinin əsl şair olduğunu bir daha özün üçün kəşf et - yenə elə mənim kimi...

P.S. ömrün uzun olsun, Saday qardaşım, 50 yaşdan o yana yaşadığın bütün illərdə Tanrının kölgəsi üstündə olsun.

 

 

Alim Məhərrəmli

 

Təzadlar .-2010.- 13 mart.- S.14.