O, sözün hikmətini, qədrini və qədərini biləndi

 

Sözün bəşəriyyət tarixində çox böyük və qiymətli bir kəşf olduğunu deyənlər heç də səhv etməyiblər. Bir-birindən çox aralı, müxtəlif şəraitdə yaşayan, dərisinin rənginə, zahiri görkəminə görə seçilib fərqlənən, müxtəlif qitələrdə və materiklərdə yaşayan insanlar yalnız sözlə bir-birini başa düşüb, ünsiyyətə giriblər və bununla da dünyanı öyrəniblər. Yer üzündə sözün dəyərinə bərabər kəşf tanımıram, olsa-olsa indiki mobil telefonların ixtisarı bu kəşfə bir addım yaxın ola bilər.

Ancaq indi yazımın mövzusu söz barədədir. Söz qılıncdır, söz atəşdir, söz oddur-alovdur deyiblər və həm də deyiblər o qapını ki, top-tüfəng aça bilməyib, o şeyləri ki, atəşgahların odu-alovu yandıra bilməyib, həmin qapıları söz açıb, o şeyləri böyük Sabirin satiraları yandırıb-yaxıb, Cəlil Məmmədquluzadənin gülüşləri tarmar edib. Söz həmişə qiymətli olub, sözü dilə gətirənin də qiyməti sözlə ölçülüb. Böyük Sədi demişdir:

 

Kimin olsa əgər şirin dili,

Tük ilə çəkər dalınca fili!

 

Söz barədə qeyd etdiyim bu epitetləri əziz dostum, Ağdam ziyalılarının, belə demək mümkünsə, vicdan meyarı Bəbir Qüdrət oğlu Hüseynova ünvanlayıram. Bəbir müəllim sözlə işləyən ziyalı olub, fəal bir pedaqoq kimi ilk dəfə əlinə jurnal götürüb Mərzili kənd məktəbində sinfə daxil olub, hərbi xidmətə gedib, qayıdandan sonra doğma Novruzlu kənd məktəbində işləyib.

Adlı-sanlı pedaqoq, təcrübəli məktəb direktoru Zülfüqar Ələkbərov və məktəbin dərs hissə müdiri, hazırda Respublikanın əməkdar müəllimi Səlim Əzimovla çiyin-çiyinə çalışıb. Lakin onun geniş pedaqoji fəaliyyəti şəhər 8 ¹-li orta məktəblə bağlıdır.

Bəli, 8 ¹-li məktəbdə işləmək, öz qabiliyyətini daha da inkişaf etdirmək üçün Bəbir müəllimə geniş imkanlar açılıb, bir növ özünü burada təsdiqləyib. Bunu başqaları da görüb. Odur ki, rayon partiya komitəsinə irəli çəkilərək təlimatçı təyin edilib. Sonra isə təbliğat-təşviqat şöbəsinin müdiri olub.

Hamı Bəbir Hüseynovu təbiətən mülayim, xeyirxah, ədalətli bir insan kimi tanıyıb. Onun belə xarakterik xüsusiyyətlərini bilən birinci katib bəzən həlli heç də asan olmayan məsələləri də ona tapşırardı. Bu səbəbdən də Bəbir müəllimin sözü eşidilirdi.

Mən raykomda siyasi partiya kabinetinin metod şürasının sədri, kənd təsərrüfatı texnikası birliyində təbliğatçı işləyən zaman Bəbir müəllimin köməkliyini həmişə hiss etmişəm. Bir dəfə siyasi maarif işinin yoxlanılması ilə əlaqədar Bəbir müəllim texnika birliyinə gəldi və lazımi tapşırıqlar verdi. Bunun nəticəsi idi ki, yoxlama komissiyası bir təbliğatçı kimi işimdən razı qaldı və təbliğatçıların müşavirəsində komissiyanın sədri, iqtitsad elmləri doktoru Əfrasiyab Mürsəlov bir daha qeyd etdi ki, "texnika birliyindəki siyasi dərsdən çox razı qaldım, təbliğatçı özünün tərtib etdiyi əyani vasitələrdən istifadə etməklə məqsədinə nail oldu".

Bax bu, Bəbir müəllimin əməyinin və məsləhətlərinin konkret nəticələrinə bir misaldır. Digər bir misal çəkmək istəyirəm. Ağdam rayonunun Əhmədağalı kənd məktəbində vəziyyət heç də xoşa gələn deyildi. O vaxt məktəbin direktoru Məmməd Kərimov idi. Bəbir müəllim təbliğat və təşviqat şöbəsinin müdiri kimi məktəbdəki vəziyyətlə tanış olub, məktəb rəhbərliyinə konkret tapşırıq verib, maarif şöbəsinə tapşırıb ki, həmin məktəbə inspektor və metodist göndərməklə nöqsanların aradan qaldırılmasına nail olsunlar. Təsadüfən raykomun birinci katibi 10-12 gündən sonra həmin məktəbdə olub. Ayrı-ayrı sinifləri gəzib, fənn kabinetləri ilə tanış olub. Leylüfər müəllimlə söhbəti də onu razı salıb. Katib sonralar bilib ki, bu, Bəbir müəllimin fəaliyyətinin müsbət nəticəsi imiş.

Yaxşı deyiblər, söz var od qalayar, söz var od söndürər...

Mən Bəbir Hüseynovla dost olduğum üçün onun xarakterinə yaxşı bələdəm. O, ağır oturub batman gələn, gözü tox, sözü kəsərli, hərənin öz yerini bilən alicənab bir insandır. Hamının dərdinə şərik olub, mərhəmətini əsirgəməyəndir.

Mən şəhər 8 №-li orta məktəbə direktor təyin edilən zaman Bəbir Hüseynov artıq "Lenin yolu" qəzetinin redaktoru idi. Onun bu vəzifəyə təsdiq edildiyi büroda mən də işdirak edirdim. Raykomun birinci katibi Telman Orucov Bəbir Hüseynovun fəaliyyətinə qiymət verərək demişdir ki, o, çox savadlı və kristal kimi təmiz şəxsiyyətdir.

Dəfələrlə Bəbir Hüseynovun partiya fəallarının yığıncağında, müəllimlərin konfransında, gənclərin toplantısında maraqlı və məzmunlu çıxışlarının şahidi olmuşam. Hətta bir dəfə Azərbaycan KP MK-nın katibi Ə.Daşdəmirov ziyalılarla görüşündə Bəbir Hüseynovun çıxışını xüsusilə dəyərləndirmiş və demişdir ki, Ağdamın ziyalılarından hər birini başqa rayona birinci katib vəzifəsinə göndərsən ləyaqətlə işləyər.

Böyük Mirzə Cəlil demişdir: "Qələmin vəzifəsi həqiqəti yazmaqdır".

B.Hüseynov da redaktor olduqdan sonra qəzetin məzmunu, oxunaqlığı, təsirliyi, həqiqəti doğru-dürüst yazmağı ağdamlılar yaxşı xatırlayırlar.

Dəqiq yadımdadır, 1989-cu ilin 27 apreli idi. Bəbir Hüseynov şair Famil Mehdi, tarix elmləri doktoru Rəşid Göyüşov və "Bilik" Cəmiyyətinin rayon şöbəsinin müdiri Ofelia xanım Zeynalova (sonra o, "çörək muzeyi"nin direktoru, rayon təhsil şöbə müdirinin müavini oldu) ilə məktəbimizə gəlmişdi. Onlar sinifləri gəzib, fənn kabinetlərinə, təşkil etdiyimiz bir neçə muzeyə, o cümlədən "çörək muzeyi"nə baxdılar, müəllim və şagirdlərlə söhbət etdilər. Müəyyən məsləhətlər verib, işimizdər razı getdilər. Onların məktəbimizə gəlişi tarixi xatirəyə çevrilmişdi.

Bundan sonra vaxtilə Bəbir Hüseynovla birgə işləyən müəllimlər söylədilər ki, bir dəfə onlar Tbilisi şəhərinə ekskursiyaya getdikləri zaman Bəbir müəllim çətinlinklə olsa, mehmanxanada onları yerləşdirib, hər birinə diqqət və qayğı göstərib.

Bəbir Hüseynov tələbkarlığı və təşkilatçılığı ilə də həmişə fərqlənib.

Redaksiyada bəziləri anonim məktublar yazmaqla Bəbir müəllimin işinə kölgə salmaq istəsələr də, o, heç vaxt sarsılmamışdır. O vaxt raykomun birinci katibi, haqq-ədalət carçısı olan Sadıq Murtuzayev Bəbir müəllimi dəstəkləmiş və həmin adamlara qarşı çox ciddi və sərt mövqe tutmuşdur.

Belə yerdə deyiblər: adam var ki, ona vəzifə şərəf gətirir, adam da var ki, vəzifəyə şərəf gətirir. Bəbir Hüseynov həqiqətən vəzifəyə şərəf gətirənlərdəndir.

Bəbir Hüseynov haqqında saatlarla, günlərlə, həftələrlə danışmaq olar. O, diqqətli və qayğıkeşdir. Yaxşı yadımdadır, məktəb pambıq yığımına cəlb edilmişdi. 1982-ci il sentyabrın 23-də çəmənlidə pambıq yığımı zamanı Bəbir müəllim kənd təsərrüfatı işçiləri həmkarlar ittifaqı rayon komitəsinin sədri Zeynal Məmmədovla sahəyə gələrək, məni yaşımın 50 illiyi münasibətilə təbrik etmişdirlər. özləri ilə dörd qazan aş, xeyli yumurta və mer-meyvə, on beş yeşik üzüm gətirmişdirlər. Respublikanın əməkdar artisti tarzən Firudin Ələkbərov tarı sinəsinə basaraq bizi xeyli əyləndirmişdi.

Məktəbdə bir qrup müəllim yazı-pozu ilə başımı qatırdı. Artıq direktorluqdan uzaqlaşmaq istəyirdim. Bəbir Hüseynov həmin müəllimləri yaxşı tanıdığına görə onunla məsləhətləşmək qərarına gəldim. O, bir dost kimi mənə yaxşı məsləhətlər verdi. Qərara gəldik ki, bu barədə raykomun birinci katibi Sadıq Murtuzayevə məlumat verək. Vəziyyəti bildirmək üçün birinci katibin qəbuluna getdim. Sən demə, Bəbir müəllim məndən əvvəl vəziyyət barədə ona məlumat veribmiş. O, təbliğat və təşviqat şöbəsinin müdiri çimnaz Əliyevaya tarşırdı ki, redaktor da daxil olmaqla təcili komissiya yaratsın və məktəbdə yoxlama aparılsın.

Nəticədə, məktəbdə yeni ab-hava yaradıldı. Sonralar elə vəziyyət yarandı ki, məktəbin iş təcrübəsi rayonda geniş yayıldı. Təhsil naziri Elmira Qafarova məktəbimizə gəldi və təcrübəmizin respublika səviyyəsində yayılmasına tapşırıq verdi.

1977-ci il senyabrın 22-23-də Bakı şəhərində ideoloji işçilərin qurultayı olmalıydı. Həmin qurultayda mənim də çıxışım nəzərdə tutulmuşdu. Bəbir müəllim o vaxt təbliğat və təşviqat şöbəsinin müdiri idi. O, çıxışımı oxudu, bəzi məsləhətlər verdi və əlavələr etdi. Sonra da aparıb raykomun birinci katibi T.Orucova göstərdi. O, da çıxışımı nəzərdən keçirərək bəyəndi.

Mən Bakıdakı Şəhriyar adına klubda keçirilən qurultayda 8-10 dəqiqəlik çıxış etdim. Bəbir Hüseynov da həmin qurultayda iştirak edirdi. Məni "Kommunist" qəzetinin redaktoru Ağababa Rzayev təbrik etdi və şöbə müdiri Telman Heydərova tapşırdı ki, Xanış müəllimdən yaxşı bir yazı hazırlasınlar. 5-10 gündən sonra qəzetdə Valeh Musayevin imzası ilə "Sözün qüdrəti" adlı oçerk dərc edildi. Mən Polşa, çexoslovakiya və Almaniya Demokratik Respublikasına 20 günlük turist putyovkası ilə mükafatlandırıldım. Bax, bu da Bəbir Hüseynovla etdiyim yoldaşlığın, dostluğun real nəticəsi! Daha nə deyim, onun barəsində xatirələrimi qələmə ala bilsəm, onda gərək bir dastan yarana.

Yazıçı Mirzə İbrahimovun bir sözü yadıma düşdü: "Söz də inşaat materialı kimidir, mahir ustalar seçmə aparır, daşı daş üstə qoyur, kərpici kərpic üstə, çox keçmir ki, göylərə baş çəkən uca bir minarə tikilir. Ancaq naşı ustalar bu qədər inşaat materiallarından yastı-yapalaq, yöndəmsiz və miskin bir daxma tikir". Bəbir Hüseynovun da işdə, öz fəaliyyətində onun inşaaat materialı söz olub, bu sözlə, bu materiala ağdamlıları ayağa qaldıra bilib. Ergi düzündə yeni qəsəbə salınmasına, Abdal-Gülablı, Şelli və çobandağda zəncirvari sanatoriyaların tikilməsinə, dünyada ikinci, SSRİ-də birinci olan "çörək muzeyi"nin, Ağdamın rəmzinə çevrilən "çay evi"nin tikilməsinə qəzet vasiltəsilə dəstək olub. Bəbir Hüseynovun əməyi dövlət tərəfindən6 yüksək qiymətləndirilib. O, əməkdar jurnalist, "Qızıl qələm" mükafatı laureatıdır. çoxlu fəxri fərmanlar, qiymətli hədiyyələr gecəli-gündüzlü çəkdiyi zəhmətin bəhrəsidir.

Biz coğrafi məkan etibarı ilə Şərqdə yaşayırıq, elə buna görə də sözümü şərq müdirikliyi ilə bitirirəm - əgər elin-obanın sayılıb-seçilən ağsaqqalı olmaq istəyirsənsə, gərək aşağıdakı dörd şərtə əməl edəsən:

- Nə qədər mürəkkəb işlər ortaya çıxsa da, işin gedişi adamın özünə və ya qohumlarına zərər yetirsə də, gərək haqqı, ədaləti qoruyasan, el içində danışanda dilini qoruyasan, məclislərdə boğazını, başqasının evində isə gözlərini qorumağı bacarasan!

Bəbir Hüseynov da belə kişilərdəndir.

Sənə uzun ömür arzulayıram, əziz dost!

 

 

Xanış MƏMMƏDOV

 

Təzadlar.- 2010.- 16 mart.- S.14.