Gənc ailələrə stolüstü kitab

 

Şair İskəndər Etibarın "Gənc ailə üçün yaddaş" ("MBM", 2009) adlı kitabçası sevib-sevilənlərə dəyərli töhfədir. Belə ki, kitabda şairin mənzumələri ilə yanaşı, özünün müdriklik yaşınacan həyatda görüb-götürdüyü zəngin həyat təcrübəsi əsasında gənclərə öyüd-nəsihət, ailə dərsi verir. "Həyatda ailə qurmaq iki nəfərin bütün arzu istəklərinin qoşalaşması, iki ömrün paralelləşməsidir. Bu paralel ömürlər ailə adlı qatarı işıqlı gələcəyə həvəslə, məhəbbətlə daşımalıdır. Bu qatarın sərnişinləri - övladlar həm qayğı, həm məsuliyyət hissi ilə yaşamalı gələcək adlı ünvana əsl kişi (ata), əsl qadın (ana) kimi çatmalıdırlar"

Yuxarıdakı üç cümlədə şairin ailə haqqında düşündükləri bir həyat devizi olaraq gənclərimizə tövsiyə olunur. Axı, doğrudan da, gənclik ilham, enerji mənbəyi, sevib-sevilmək çağıdır. Müqəddəs sevgi isə axırda müqəddəs ailə həyatı adlanan cütlük üçün bünövrədir, müqəddəs sevgi cütlüyü ilə dünyaya saf, məsum körpələr bəxş olunur, o körpələr isə bizim gələcəkdəki irsi-mənəvi varislərimiz olurlar.

Onu da qeyd edək ki, İ.Etibar təkcə öz bilib-gördükləri ilə yox, həkimlə söhbətlərindən alınan həyati əhəmiyyətli məsələləri kitabına gətirir, yazır ki, "intim hisslərə toxunan həkim bildirdi ki, bu (yəni intim münasibət - Ş.A.) daxili həvəsdir, burada zor mümkün deyil. Beyin yarımkürəsinin qabıq maddəsində seksual mərkəzlər var onların verdiyi impulslar intim əlaqəni təmin edir. Bu impulsları müxtəlif amillər, o cümlədən ailə problemi, bu ya digər səbəbdən baş verən sarsıntılar həmin mərkəzdən gələn impulsları tormozlayır. Bu hal ötəri olsa da, bəzən uzunmüddətli daimi ola bilər. Odur ki, bəy gəlin ailədə dığ-dığa, bir-birləri üçün əsəbi şərait yaradılmasına yol verməməlidirlər. Bilmək lazımdır ki, əsəb orqanizmin zəlzələsidir. Zəlzələdən sonra hansı xoş əhval-ruhiyyədən danışmaq olar?!

Göründüyü kimi, şair İskəndər Etibar özünün düşüncələrinə həkim məsləhətlərini əlavə edir ki, bu da kitabın, sadəcə, mütaliə üçün yox, həm tibbi cəhətdən əhəmiyyət daşıdığını göstərir.

"Həyatın mənası sevgidir. Bu maya yoxdursa, yaşamaq əbəsdir" sözlərini "Sevgi" adlandırdığı şerinə epiqraf seçən İskəndər müəllim sevgiyə belə qiymət veirir:

 

Sevgi,

Yermi, göymü darda idi,

Sən gəldin.

Harda idin, hardan gəldin?!

Külək kimi, Tanrı kimi

Görünmürsən, varsan.

Oğru deyilsən, doğrusan,

Gəlişin, gedişin gizlidi

 

Şerinə bu misralarla start verir şair İ.Etibar. Elə bilirəm ki, kamil oxucu heç şeirin gerisini oxumasa da, bu misralar ətrafında cərəyan edən zəngin poetik fikirlərlə uzun müddət fikrini-xəyalını məşğul edəcək, sevgi məfhumu üzərində əməlli-başlı düşüncələrə qərq olacaqdır. Əlbəttə ki, bu, bir şair kimi İ.Etibarın misralarının daşıdığı ağır poetik yükə dəlalət edir. Elə şerin gücü ondadır ki, onun texniki ifadə vasitəsi olan misralarında həm zəngin fikir yükü daşınsın. Əlbəttə ki, özlüyündə bədii söz qüdrəti daşımayan misralar heç vaxt əsl şeir, poeziya nümunəsi yarada bilməz. Bu mənada, hər hansı poeziya örnəyinin, hər şeydən öncə, misra beytlərində fundamental fikir yükü - poetik çəki daşınmalıdır. Şairin həmin şeirdə sevgiyə müraciətlə yazdığı aşağıdakı misralarda yatan poetik fikir ehtiyatlarının zənginliyinə qibtə edirik:

 

Bəlkə şeytan dərisisən,

ürəyimizə geyinib

dəli oluruq,

Gülməli oluruq!

Bəlkə mələksən:

Balığı su dəlisi,

Quşları göy dəlisi,

Şairi söz dəlisi,

Məni öz dəlin etdin?!.

 

Bu səpkidə olan güclü poeziya qarşısında baş əyməmək olarmı? Elə bu məqamda fikrimə bir maraqlı müqayisə obyekti gəlir. Şair İ.Etibar ixtisasca zootexnikdir, yəni baytar həkim. Dünya şöhrətli qırğız yazıçısı çingiz Aytmatov da ixtisasca elə baytar həkim olub. çingiz Torequloviç Aytmatovun nəsri oxucu ruhunda coşğun bir təlatüm yaradır, oxucunun daxili-mənəvi aləmini yatmış olduğu qəflət uyqusundan silkələdib-oyadır, bir sıra sirli-gizli mətləbləri andırır. Elə İskəndər Etibar da bir sıra şerlərində - konkret olaraq, yuxarıdakı "sevgi" şerində ruhumuzu silkələməyə. az sözdə böyük fikirlər ifadə etməyə nail olub. Bu baxımdan, ixtisasları etibarilə eyni kökdən rişələnən sənətkarların yaradıcılığında da - mövzuları həm ifadə tərzləri bambaşqa olsalar da - ruhları silkələyən mənəvi tellər bir-birinə çox doğmadır. ç.Aytımatov nəsri ilə İ.Etibar poeziyası - iki böyük türk yazarı arasında ruhi-mənəvi doğmalıqlar görürəm. Bu doğmalıq nisbətində şair İskəndər Etibarı Azərbaycan poeziyasının çingiz Aytmatovu adlandırıram.

Elə haqqında bəhs açdığımız bu kitabda - "Sevgi" şeirindən sonra gələn "Ailə nədir?" başlıqlı yazısında maraqlı məsələlərə toxunan İ.Etibar bəlkə peşə mənsubiyyəti ilə bağlı olaraq, daha doğrusu, heyvanat aləminin sirlərini az-çox dərəcədə öyrənmiş olduğundan, yazır:

"Qəribə budur ki, ailə psixologiyası təbiətin bəzi heyvan quşlarında instinkt olaraq olub var. Bilmək olmur ki, bu necə yaranıb. Məsələn, qu quşlarının ailə prinsipi daha ibrətamizdir. Bu ailə başçılarından  biri öldümü, digəri özünü öldürür. Heç uzağa getməyək. Hər gün gözümüzün qabağında civildəşən sərçələr ailə prinsipi ilə yaşamırmı? Ata ana sərçənin balaları üçün necə cani-dillə çalışdıqlarını azmı görmüşük? Quşların əksəriyyətində, demək olar ki, bu hal var. İnsanlardan fərqi nədir? İstər heyvan istərsə quş ailəsində bala özünü idarə edənəcən baladır. İnsanlarda olduğu kimi balanın (övladın) boya-başa çatması, təhsili, evlənməsi, nəvə, nəticə, kötücə s. prinsiplər quş heyvanlarda yoxdur. Canavar şirlər ailəcanlıdır. Məsələn, canavar ailəsində ailə başçısından biri öldümü, digəri bütün canavarlardan ayrılıb tənha yaşayır. O, təkrarən ailə qurmur. Belə canavarlara yalquzaq deyirlər" (s.6).

Beləliklə, şair İ.Etibar "Gənc ailə üçün yaddaş" kitabçasında gənclərimizə - oğlan qızlarımıza vermək istədiyi həyat dərsində təkcə sosial amillərlə bağlı məsələlrdən söhbət açmayıb, həm təbii-bioloji amillər üstündə dayanıb, heyvanat quşlar aləmindəki ailəçilik prinsiplərindən sözarası bəhs etməklə insanların özü üçün bir ibrətamiz nəticə götürmələrini arzulayır. Müəllifin canavarla bağlı yazdığı da maraq doğurur: demək, canavar ikinci dəfə ailə qurmur. Türklərin totem, əcdad kultu kimi, yol göstərən, himayədar kimi yanaşdıqları qurd - bozqurd obrazı bir anlığa xatırlanır. Bəlkə qurdun - canavarın bu ailə sədaqəti - ömürlərində bircə yol ailə qurmaq məsələsi ilə türklərin ta qədimdən - kökdən, əcdaddan gəlmə təkarvadlılıq ailə prinsipi arasında bir zahiri olsa, bağlılıq - görüb-götürmə, təqlid etmə prinsipi var. Bəlkə, yırtıcı heyvanın bu əməlini türklər özləri üçün deviz götürmüşlər - ömründə bir dəfə "evlənən" qurd-canavar öz cütlüyündən ayrılandan sonra tənha-yalquzaq yaşayırsa, bu özü heyvanın qəmgin həyat tərzi yaşamasına işarədir. Elə biz türklərdə belədir: həyat yoldaşından ayrılan, ömür-gün yoldaşını itirən insan da ömrünün sonunadək qəmli - yarsız, havadarsız həyat keçirməli olur.

Beləcə, şair İskəndər Etibar sədaqətli ailə tipinə heyvanat aləmindən misallar gətirməklə gənc ailənin yaddaş kitabçasında bir-birlərinə vəfalı, sədaqətli olmalı tövsiyəsini verir. "Gənc ailə üçün yaddaş"ı oxuyun, gənclər!

 

 

Şakir Albalıyev,

filologiya elmləri namizədi

 

Təzadlar.- 2010.- 16 mart.- S.15.