Bir ömrün faciəsi

 

Kəlbəcərin və ümumiyyətlə, tərəkəmə elinin əfsanəvi qəhrəmanına çevrilən Telli Həsən Murovdağın, Dəli dağın, Ceyran bulağının, saymaqla qurtarmayan təbiətin gözəlliyindən pərvazlanaraq təsərrüfatla məşğul olur, hələ kiçik yaşlarından ata-baba sənətini, halal zəhmətlə yaşamağı özünə bir amal, yol seçib.

Telli Həsənin şəxsi təşəbbüsü və iştirakı ilə (Məlillər, Orduxanlı, Hacılı, Səfərli, Albabalar, Keçəlli, İmamallar, Kosalar) tərəkəmə tirləri birləşdirilərək Kaqanoviç adına kolxoz yaradılır. Köçəri həyat tərzi keçirən bu tayfa əsasən maldarlıqla məşğul idi. Maraqlıdır ki, 1948-ci ildə ermənilər hiylə işlədərək tərəkəmələrin yaylaq yeri olan çalbayır, Xəlil bulağı, üçtəpə, Qara Kolun Gorus tərəfə olan torpaqları dövlət fondunun hesabına keçirirlər. Və orada qoyun-quzu otarılması qadağan edilir. Bizim o vaxtki uzaq görməyən rəhbərlər erməni hiylələrinə uyaraq bu dədə-baba torpaqların tərəkəmələrin əlindən alınmasına qarşı passiv mövqe tuturlar. Nəhayət, el ağsaqqalı olan Telli Həsən oturaq həyat keçirir, yaşadığı kəndin inkişafı üçün əlindən gələni edir, şoran çöllərdə insanların yaşaması üçün hər vasitəyə əl atır, torpaqlar yararlı hala salınır. Telli Həsənin sədrlik etdiyi Tatallar kolxozu keçmiş SSRİ məkanında ad-san qazanır. 400 baş qoyunla təşkil olunan kolxozun 1948-ci ildə 16 min baş qoyunu olub. 1950-ci ildə Həsən Yusifov Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb.

Həmin il kiçik bir kənddən 6 nəfərə bu yüksək adın verilməsi Telli Həsənin qabiliyyətindən, yüksək təşkilatçılıq bacarığından irəli gəlirdi. Həmişə yaxşılığı özünə deviz seçən Telli Həsənin dostları da çox olub: Qara Hüseyn, Talıb kişi və Telli Həsən. Bu dostluq əbədi olub.

"Xatirəyə dönmüş anları" kitabımda qeyd olunur: "Qoca Gözəlova hamı çörəkli kişi deyərdi. Atam peşəkar jurnalist, nasir İlyas Qəmgin özü də çox mərhəmətli olmaqla yanaşı, belə kişiləri həmişə xatırlayır, onlara hörmətlə yanaşır və dostluq edərdi. Jdanovda (indiki Beyləqan) Sosialist Əməyi Qəhrəmanı, kolxoz sədri olan Telli Həsən kolxozun 3 min baş qoyununu 35 min başa çatdırmışdı. Xain, gözü götürməyən namərd qonşularımız Mir Cəfər Bağırova yazdılar ki, rayonda qolçomaqlar əmələ gəlib. Telli Həsən, Qara Hüseyn, Talıb kişi - hər üç kişini nahaqdan tutaraq günahsız olaraq cəzalandırdılar. 1951-ci illərdə guya yüngül əsassız maddə ilə tutulan və 2 ay türmədə qalan Telli Həsənin bağrı çatladı".

Onu da qeyd edək ki, əvvəl Qara Hüseyn və Talıb kişini, sonra isə Telli Həsəni aradan götürürlər. M.C.Bağırovun iclasında "bir dənə də qoyun ölməməlidir" sözünə dözə bilməyən Telli Həsənin cəsarətlə etdiyi bir neçə kəlmə ağsaqqal sözü rəhbəri qıcıqlandırmış və Telli Həsənin ömrünə fərman vermişdi. Telli Həsənin oğlu Hidayət müəllim evin böyüyü olsa da, çox əziyyətlər, işgəncələr çəkmişdir. BDU-nun hüquq fakultəsində əla qiymətlərlə oxuduğu illərdə atasının nahaqdan tutulması axırıncı kursda olan Hidayət Mehdiyevi yolundan döndərmiş, prokuror olmaq, adam tutmaq, cəmiyyətdə olan iyrəncliklər və eybəcərliklər nəticədə onun institutdan çıxmasına səbəb olmuşdur. Atasının günahsız olub-olmamasını sübut etmək üçün üstündən 50 il keçsə də, Hidayət müəllim çox qapılar döyür, çox yerlərə məktub yazır.

Tahirə Həbiyevanın "Məni Dəlidağda basdırın" kitabında göstərilir: "1970-ci ildə atasının günahsız tutulması haqqında SSRİ Ali Sovetinə, Azərbaycanın rəhbər orqanlarına məktubla müraciət edərək Hidayət müəllim xahiş edir ki, onların üzərinə atılan bu haqsız damğanı götürsünlər. 1971-ci il sentyabr ayının 30-u 218 saylı məktubda göstərilib ki, Yusifov Həsən Mehdi oğlu Sosialist Əməyi Qəhrəmanı adından məhrum olunmayıb.

Bu məktubla nisbətən sakitləşən ailə yenidən 1987-ci ildə SSRİ Ali Sovetinin 221/ON saylı məktubunu alır və yenə də məlum olur ki, Telli Həsən günahsız tutulmuş və onun günahsızlığı sübuta yetirilmişdir.

Bəli, Telli Həsən günahsızcasına öldürülüb. İndi gəlin gedək onun məzarından günahsızcasına öldürüldüyü üçün üzr istəyək. Hara gedək, hansı qəbiristanlığa? Ancaq Telli Həsən bu üzrdən də məhrumdur. Çünki onun məzarı yoxdur, bir ovuc torpaqda yatmaq onun qismətinə yazılmayıb".

Bu kövrək xatirələrdən Hidayət müəllim dərin bir ah çəkdi, ürəyində olan gizilti şeir parçasına çevrildi və oğul dilindən atasının ruhuna hədiyyə edildi:

 

Çatmadı kimsəyə hayın, harayın,

Bu dərdin önündə enib diz çöküm.

Bir ovuc torpaq da olmadı payın,

Gözümün suyunu qəbrinə töküm.

 

Qəbrin dəryalarda görünməz ada,

Ömrün zindanlarda verildi bada,

İnan ki, ay ata, sənsiz dünyada

Çiynimdə dərd oldu, qəm oldu yüküm...

 

Qəribədir ki, bir insanın üç ay Bayıl türməsində yatmasına baxmayaraq, heç bir istintaq işi aparılmayıb. Axı cəza sübut olunmayanda heç kəs zindanda qala bilməz. Tutularkən var-dövləti talanan ailəsinə haqsız yerə zülümlər, əzablar verilən bu ailənin qarşısında vaxt gələcək günahkarlar Tanrıya hesabat verəcəklər.

Hidayət Mehdiyev yazır: "14 fevral 1989-cu ildə aldığım 13-10026 nömrəli məktubda göstərilir ki, Yusifov Həsən Mehdi oğlu 3 iyul 1951-cı ildə həbs edilib, 16 sentyabr 1951-ci ildə Azərbaycan SSRİ Daxili İşlər Nazirliyinin 1 nömrəli həbsxanasında xərçəng xəstəliyindən vəfat edib. Lakin onun haqqında qaldırılmış cinayət işini tapa bilmədik".

Qəribədir ki, atam həbs edilən zaman çox sağlam və gümrah idi. Onda heç bir xəstəlik əlaməti hiss olunmurdu. Bəs necə ola bilər ki, sağlam bir adam cəmi 2 ay 13 gün müddətində xərçəng xəstəliyinə tutulub vəfat etsin? Amma faktlar və atamla bir yerdə türmədə yatan şahid Hacı kişinin söylədikləri başqa şeylər deyir. Atam öldürüldükdən sonra ağzındakı qızıl dişləri çıxarılmış və deyilənə görə, "dövlətə" təhvil verilmişdir.

Maraq doğuran fakt: "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 16-13-M-10 nömrəli 5 noyabr 1987-ci il tarixli cavab məktubunda bildirilir ki, Yusifov Həsən Mehdi oğlunun həbs olunması barədə Nazirliyin Mərkəzi Məlumat Bürosunda heç bir qeydiyyat yoxdur".

Hidayət müəllim atasının S.Vurğunla, Ələkbər Abdullayevlə, Qoca Gözəlovla, İlyas Allahverdiyevlə xoş münasibətlərini dəfələrlə Ağdamda yaşadığımız evimizdə olarkən xatırlayardı. Telli Həsən mərdlik, yaxşılıq simvolu olub.

Telli Həsənin yaxın qohumu Sevdimalı kişi XIX əsrin əvvəllərində Tərtər çayının üstündən körpü saldırmışdı. Elə indinin özündə də ona "Sevdimalı körpüsü" deyirlər. İllər keçdikcə körpü zədələnib uçmuşdu.

Telli Həsənin sədr olduğu kolxozun camaatı yaylağa qalxarkən böyük çətinliklə üzləşirdilər. Telli Həsən Göyçə mahalından usta çağırtdırıb həmin körpünü 55 il bundan qabaq əsaslı təmir etdirmişdi. Körpünün üstündəki daşa isə bu sözlər yazılmışdı: "Dünyada bir igidlik varsa, o da yaxşılıqdır".

İmişli rayonunda yaşayan Əyyub Vəliyev söyləyirdi ki, bir dəfə Telli Həsənlə Beyləqan şəhərində bir dostumuzun evində gecələməli olduq. Təqribən gecə saat 2 radələrində Telli Həsən məni yuxudan oyadıb dedi ki, yaylağa köçən camaatımız indi Ağdam şəhərinin yaxınlığındakı yurd yerində olmalıdır. Mənə elə gəlir ki, orada nəsə bir hadisə baş verib. Dur gedək ora bir baş çəkək.

Sözündən çıxmadım. Səhərə yaxın köçün düşdüyü obaya çatdıq. Bir neçə nəfərin 10 baş qoyunu apardığını gördük. Əli adlı cavan oğlan cəld tərpənib həmin adamlardan birini saxladı, qalanları isə qaçıb gözdən itdilər. Onu obaya apardıq. Həsən kişi oğurluğun kişiyə yaraşmayan cəhət olduğunu həmin adama başa salıb xeyli danladı, nəsihət verdi. Oğru ehtiyac içində olduğunu bildirdi. Telli Həsən qoyunlardan birini ona bağışlayıb deyir:

Ehtiyaca görə heç vaxt alçalma, səni ona görə buraxıram ki, ibrət götürəsən.

Bilmirəm, bu məqaləmdə onun S.Vurğunla dostluğundanmı yazım? Səməd Vurğun kimi şairin, Telli Həsən kimi igidin, mərdin nə zaman yetişdirəcəyini nə biz bilə bilərik, nə də tarix. Onu ancaq böyük Yaradanımız bilə bilər.

 

Telli Həsənin oğlu həqiqətən də əsl şəxsiyyət idi. Çox təmiz, səliqəli geyinər, danışığı dəqiq, söhbəti maraqlı, məntiqli, hündürboy, yaraşıqlı, diqqəti cəlb edən kişilərdən idi. Atam Şuşada türmə rəisi işləyərkən Hidayətlə birlikdə çəkdirdiyi şəkillər bizə yadigar qalıb. Uzun müddət "Sumqayıt-Neftkimyaavtomat" Elmi-Tədqiqat və Layihə İnstitutunda (direktor Ələkbər Abdullayevin oğlu Əsgər Abdullayev idi), sonralar isə, Əsgər müəllimin faciəli ölümündən sonra Hidayət əmi M.Əzizbəyov adına Neft və Kimya İnstitutunun Sumqayıt filialında şöbə müdiri vəzifəsində işləmişdir.

Əsl el fədaisi, el ağsaqqalı olan Telli Həsənin qara taleyi Hidayət müəllimin qara şəvə saçlarını vaxtsız ağartmış, ürəyini xəstə salmış, ömrünün çiçəklənən dövründə təqaüdə çıxmış, ata nisgilini qəlbində yara etmiş və 2004-cü ildə dünyasını dəyişərək ata-bala ruhu asimanda yəqin ki, bir-birinə həsrətlə qovuşmuşdur.

 

 

Rauf İLYASOĞLU

 

Təzadlar.- 2010.- 1 may.- S.14.