"Könlümdən keçənlər"

 

Xalq şairi Fikrət Qocanın şairliyi də, insanlığı da hamıya məlumdur. 2006-cı ildə "Fikrət Qoca" (yaradıcılığı əsasında) adlı kitabımda onun haqqında düşündüklərimi yazmışam. Mənə elə gəlirdi ki, bir onun yaradıcılığına qayıtmayacağam. Amma onun kiçik şeirlərindən ibarət "Könlümdən keçənlər" adlı kitabçasını oxuyanda gördüm ki, yenidən ona qayıtmaq keçir könlümdən.

Kitab şairin oxuculara ünvanlanmış "Əzizlərim" müraciəti ilə açılır burada kitabın yaranma səbəbi açıqlanır. Elə ilk "Xoşum gəlir" adlı şeirdən xoşum gəlir:

 

Göy güləndə xoşum gəlir,

Həya ilə üfüqdə dan

Söküləndə xoşum gəlir.

Mən göz yaşı sevməyirəm,

Yarpaqlardan şeh damlası

Töküləndə xoşum gəlir.

 

Bir-bir vərəqləri çevirirəm bir-birindən maraqlı, yaddaşa süzülüb orda qalmaq istəyən misralar tutur məni: "Hər evin qapısını Roman cildi tək ", "Gülün gözəlliyi öz qatilidir, Bülbülün qəfəsi şirin dilidir", "Ayağım altında kölgəm ağlayır", "Sözümdən kövrəlib "bəlkə"m ağlayır", "İnsan ən uca zirvə, -İnsan kimi yaşasa", "Mən hara baxdımsa, dönük üz gördüm, Səni görmək üçün yumdum gözümü", "Bütün bülbüllərin səsi gözəldir, Atası, anası sərçə deyilsə" s. misralarda həm arzu var, həm təəssüf, həm ümüd, həm hökm var. Kitabda diqqəti çəkən şüjetlərdən biri bəlkə elə hamımızın əzbər bildiyimiz

"Babalarım" şeiridir:

 

Biri qaçaq olub, mərd olub,

Biri qoçaq olub, mərd olub.

Biri kasıb olub, mərd olub.

Bəs bu namərdlər hardandır,

Bax, bu mənə dərd olub...

 

Kitabda diqqəti çəkən tərəflərdən biri budur ki, burada hər mövzuda şeir var: vətən vətənpərvərlik, müxtəlif insanlar insanlıq, keçmiş keçmişdəkilər, bu gün bu günü görənlər, sabah sabaha çıxmaq istəyənlər. Burada həyat haqqında da söz tapırıq, ölüm haqqında da. Burada "Allah ağlımızı elə düz bölüb, Heç kəs öz ağlından gileylənməyir" hikməti var, "Kişilərin xəlvət axan göz yaşlarından yaranıb dəniz" etirafı da var, "Hər saqqalı ağaran el ağsaqqalı olmur" hökmü var, "özümün özümlə o qədər söhbətim var, Əgər vaxt tapıb danışsam" gileyi var, "Sənin əlin qabar-qabar, Mənim ürəyim, Onun beyni. Hamımız eyni cür fəhləyik, Qardaş, eyniyik, eyni!" fəlsəfəsi .

Kitabda "Allah sənə rəhmət etsin, Rəsul Rza" adlı şeir diqqəti çəkir. Burada şairin "Rənglər"ini xatırlayan müəllifin dünyadan gileyini, olanlara təəssüfünü görürük:

 

Yenə sən çatırsan dadıma.

Bu rəngsiz dünyada,

Rənglərin düşdü yadıma.

Dünyada ikicə rəng qalıb-

Biri qan rəngi,

Biri yalan rəngi.

 

Kitabı vərəqləməkdə davam edirəm. Yenə aforizmləşmiş misralar, şairin fəlsəfi görüşləri, dünyaya, həyata baxışı bizi tamam başqa bir aləmə aparır: "Kasıb arzularını göz yaşıyla göyərdir", "Uzun şeydir ömür, Adamlar ölmür, yaddaşı qurtarır. Əslində aldığın qaytarır", "Yaşamaq uğrunda ölürük biz ", "Qorxmuram ölməkdən, Qorxuram ki, mən ölmək lazım gəlsə, ölə bilməyəm", "Gəl verək şəhəri bu maşınlara, İnsanlar yaşayan yerlərə qaçaq", "Düşünən beyni var bu kainatın", "Mənim məzarım da yer kürəsinə Düşəcək bir nida işarəsi tək", "Məsləkim uğrunda bina tikilsə, Qoy məni hörsünlər bünövrəsinə", "Ayaqqabı olmasa, yolları ayağıma geyərəm", "Mənim keçmişimi kim söndürübdür, Hələ tüstüsü başımdan çıxır", "Bir mərd qovulanda namərd olursa, Sən bunu özünə bir dərd eləmə", "Yığışıb köçürəm daha öz çölümdən öz içimə", "Mənim şeir yazmağım da Yarın bir günahı oıdu".

Bu kitabdakı şeirlərdən ayrı-ayrılıqda danışsaq, gərək bir kitablıq söz deyək. Biz sadəcə, bizi çəkən misraları alqışladıq yazımızı ən maraqlı şeirlərdən biri "Dolanırıq" ilə bitiririk:

 

Otlar torpağı yeyir,

      qoyunlar otları.

Biz qoyunları yeyirik,

             torpaq bizi.

Dolanırıq, yaşayırıq

Bir-birimizi yeyə-yeyə,

Allah, çox şükür deyə-deyə.

 

 

Sona Xəyal

 

Təzadlar.- 2010.- 8 may.- S.14.