Gəncə üsyanı...

 

(Gəncə üsyanının 90 illiyinə həsr olunur)

 

Gəncə Azərbaycanın, Azərbaycan xalqının qədim, zəngin tarixini özündə əks etdirən bir diyardır, gözəl şəhərdir. Biz hamımız - harada yaşamağımızdan asılı olmayaraq, hər bir azərbaycanlı Gəncə ilə, onun qədim və zəngin, şanlı tarixi ilə fəxr etməlidir. Gəncənin Azərbaycan xalqı qarşısında göstərdiyi xidmətlərə görə gəncəlilər əbədi minnətdarlığa layiqdirlər.

 

Heydər Əliyev

 

Tarix millətin ona olan sevgisi boyda olur. Ona dəyər verməyəndə xalq özü dəyərsizləşir.

Bizim tarixçilərin, tətqiqatçıların işi çox ağırdır. çünki nə zəngin arxivlər var, nə doğru-dürüst yazılı mənbələr qalıb, nə də bir çox dövrlərə aid ciddi araşdırmalar tapmaq mümkündür.

Tarixin olduğu kimi yazılmamasının ən başlıca səbəblərindən biri bəlkə də elə budur.

Gəncə üsyanı XX əsr Azərbaycan tarixinin yaralı səhifələrindən biridir. Zəfər və faciəmiz baş-başa verdiyi məqamlardandır. Orada bizim mübarizə əzmimiz, qürur və ləyaqətimiz, yadelli işğalçılara qarşı nifrətimiz qorunur.

Öz yerini, haqqını tanıyan, boyun əyməyə, tabe olmağa nifrət edən fərdlər və xalqlar tarixən üsyana qalxıb. 

Üsyan böyük gücün qarşısına kiçik güclə çıxmaqdır. üsyançıların amalı - ölüm-qalım savaşı təkcə yaşadığı vaxtda deyil, gələcəyə hesablanır.

 

(Əvvəli ötən sayda)

 

...1918-ci ilin dekabr ayından Azərbaycan Xalq Cumhuriyyətinin Parlamenti çox ağır şəraitdə işləməyə başlamışdı. Hökümətin yeritdiyi daxili və xarici siyasətin nəticələrindən asılı olmayaraq Azərbaycanın müstəqil dövlət halında yaşaması böyük təhlükə altında idi.

Bakı neftinə sahib olmağa çalışan Rusiya Denikini məğlub etdikdən sonra yerli bolşevik təşkilatlarını səfərbərliyə alaraq, Azərbaycan Xalq Cumhuriyyətini devirmək üçün geniş pozuculuq işlərinə başlamışdı. Buna görə də Azərbaycan Kommunist (bolşeviklər) Partiyası hakimiyyət çevrilişi həyata keçirmək üçün xüsusi qərargah təşkil etmişdi. Azərbaycan Xalq Cumhuriyyətinin parlamentinin tərkibindəki bir sıra fraksiyalar, xüsusilə "daşnaksutyun", "sosialistlər", "erməni fraksiyası", "slavyan rus cəmiyyəti" əslində Rusiyanın xeyrinə işlər görürdülər.

1920-ci il martın 17-də isə Qafqaz cəbhəsinin hərbi inqilab şurasına Bakının ələ keçirilməsi barədə xüsusi göstəriş verildi.

Azərbaycan Xalq Cumhuriyyətini devirmək üçün yaradılmış xüsusi qərargahın sədri Əliheydər Qarayev idi. O, Dağıstandakı sovet qoşunlarının komandanına tez-tez teleqramlar vurur, çevrilişə başlamaq üçün hər an hazır olduqlarını bildirirdi.

Nəhayət, 1920-ci il aprel ayının 28-də səhər tezdən dəmir yolu ilə gələn qoşun hissələri Bakı şəhərinə daxil olur. Qoşunlardan qabaqda isə Yefremovun komandanlığı altında zirehli qatarlar şəhərə gəlir.

Mayın 1-də isə "Mixail Ulyantsev" zirehli qatarı, arxasında Velikanovun komandası, 20-ci vəhşi diviziya sakit tərzdə Gəncə şəhərinə daxil olurlar.

Bakıdan fərqli olaraq, Gəncə vağzalında XI ordunu qarşılamağa heç kim çıxmamışdı. Sənədlərdə qeyd olunur ki, hətta XI ordu hissələri gəncəyə daxil olanadək Bakıdakı çevrilişdən Gəncə sakinlərinin heç bir xəbəri yox imiş.

Bütün bunlardan sonra Azərbaycan Xalq Cumhuriyyəti hakimiyyətin bolşeviklərə təhvil verilməsi barədə akt imzalayır.

Ancaq dağıdıcı, pozucu missiya ilə Azərbaycana daxil olan bolşevik qüvvələri parlament aktının müddəalarına heç bir gün də əməl etmədilər.

Hər tərəfdə qarətlər, talanlar geniş vüsət aldı. Ayrı-ayrı tanınmış dövlət rəhbərlərini həbs etməyə başladılar.

Həmin dövrdə Gəncəyə fövqəladə komissar təyin olunmuş Həmid Sultanov barədə də arxiv sənədlərində toplanmış məlumatlar az deyil.

Gəncə quberniyasının general-qubernatoru Xudadat bəy Rəfibəylinin öz doğma şəhərində həbs olunması həmin vaxta təsadüf edir.

Arxiv sənədlərində "Gəncə üsyanının" yatırılmasında qəhrəmanlığa görə Həmid Sultanov 1920-ci ildə "Qırmızı bayraq" ordeni ilə təltif olunması barədə rəsmi sənədlər də vardır.

Hətta üsyan ərəfəsində şəhərin II hissəsi deyilən ərazidə əsir götürülmüş Qırmızı ordu hissələrini bir neçə gündən sonra şəhərin mərkəzindəki həbsxanadan Həmid Sultanov tərəfindən azadlığa buraxdırılması yenidən düşmənlərin gücünü xeyli artırmış və əsirlikdən azad olunan qırmızı qvardiyaçılar silahlandıqdan sonra vəhşicəsinə şəhərə doğru hücuma keçmiş, günahsız insanlara divan tutmuş, uşaqlara, qocalara belə rəhm etməmişlər.

Bu barədə Tofik Bağırov "Gəncə üsyanmı, qiyammı?" məqaləsində yazır:

- "Bakıdan xüsusi missiya ilə Gəncəyə gələn Azərbaycan Kommunist (bolşevik) Partiyasının fövqalədə komissarı Həmid Sultanov və M.Əfəndiyev Gəncə qalasında saxlanan 2000 nəfərədək soldat və zabiti özləri ilə gələn bolşeviklərin köməyi ilə azad etmişdir, təzədən silahlandıqdan sonra şəhərin mərkəzində müdafiəçilərə arxadan zərbə vurmaqla hadisələri bolşeviklərin xeyrinə dəyişmişlər".

Tofik Bağırov qeyd edir ki, bolşeviklər tərəfindən hərbi əməliyyatlar Vəlikanovun komandanlığı altında həyata keçirilirdi.

Vəlikanov şəhər həbsxanasında saxlanılan bolşevik qüvvələri azadlığa çıxanadək demək olar ki, üsyançılar qarşısında aciz qalmışdı. Onların azadlığa buraxılması, yeni diviziyaların və zirehli qatarların Gəncəyə gətirilməsi döyüşləri bolşeviklərin xeyrinə dəyişir. Beləliklə, üsyan ərəfəsində şəhərdən çıxa bilməyən üç mindən artıq uşaq, əlil və yaşlı insanlar bu vəhşiliklərin qurbanı olur".

Azərbaycan Milli Ordusunun III piyada alayının komandiri, üsyanın əsas təşkilatçısı Cahangir bəy Kazımbəylinin xatirələri də son dərəcə əhəmiyyətlidir. Ancaq çox əfsuslar olsun ki, Cahangir bəy öz xatirələrində üsyan ərəfəsində Gəncədə baş verən hadisələri tam təfərrüatı ilə qələmə almayıb.

Xüsusilə şəhərin general-qubernatoru Xudadat bəy Rəfibəylinin tutulub Bakıya aparılması, vəhşicəsinə qətlə yetirilməsi barədə lazımi qeydlər yoxdur. "Yalnız onu qeyd edim ki, üsyan ərəfəsində gecələr qəbiristanlıqda toplanan Gəncə ziyalıları və ağsaqalları bizdən sərt tədbirlər görməyi tələb edirdilər".

Cahangir bəy qeyd edir ki, məhz buna görə də biz hərbçilər mayın 23-dən 24-ə keçən gecə Bala bağban məscidində partizan dəstələrinin rəhbərləri Sarı Ələsgər və Qaçaq Qəmbərlə danışdıqdan sonra mübarizəyə qalxdıq.

Cahangir bəy Kazımbəylinin yazdığı xatirələrdən başqa, bolşeviklərə məxsus sənədlərdə Gəncə üsyanının başlanması 1920-ci il mayın 25-də, üsyanın yatırılması isə mayın 31-i kimi göstərilir.

Gəhangir bəyin isə üsyanın 24-də başlanmasını və iyunun 3-dən 4-ə keçən gecə tam məğlub olmasını öz xətti ilə yazıb və imzasını atmışdır.

Əfsuslar olsun ki, Gəncə üsyanında xalqımızın azadlıq və istiqlal mübarizəsində 1804-cü ildə olduğu kimi onları müdafiə edən bölgələrimiz tapılmadı.

Onu da xüsusilə qeyd etmək lazımdır ki, XX əsrin əvvəllərində Rusiyanın Qafqazdakı işğalçılıq siyasətinə qarşı XIX əsrin əvvəllərində olduğu kimi, azərbaycanlılar qədər heç bir xalq mütəşəkkil mübarizə aparmağa nail olmayıblar.

Xalq yazıçısı Anar Şeyx Şamilin yubileyindəki çıxışında deyir:

"1804-cü ildə Rusiya imperiyasının işğalçılıq siyasəti ilə barışmayan Gəncə xanı Cavad xan oğlu Hüseynqulu xanla Gəncəni müdafiə edərkən Gəncə qalası üstündə şəhid olanda Şeyx Şamilin cəmisi 7 yaşı vardı.

Bu sözlərin də ki, şərhə ehtiyacı yoxdur.

Ancaq sovet tarixçiləri siyahısında ad-san qazanan tarixçi alimlər bu günədək bu şanlı mübarizə tariximiz barədə bir cümlə də olsun isti sözlər deməyiblər.

Hələ ki, Gəncə üsyanı araşdırılmamış, əsaslı şəkildə tədqiq olunmamış bir mövzu olaraq qalır.

Bəs Gəncə üsyanının başlanmasının səbəbi nə idi?

Bu suala cavab tapmaq asan olmasa da, Xanlar Bayramov öz şəxsi mülahizələrini belə qeyd edir:

1-ci -  Gəncədə Milli azadlıq hissələrinin dərin kök salması, Bəndər üsyanının, Cavad xan hərəkatının təsiri.

2-ci -  May ayının 10-dan Gəncədə həbslərin başlanması, ən görkəmli şəxsiyyətlər Xudadat bəy Rəfibəylinin, İsmayılxan Ziyadxanlının, Məmmədbağır Şeyxzamanlının həbs olunması, Nəsif bəy Yusifbəylinin müəmmalı şəkildə yoxa çıxması, digər əslən Gəncədən olan ictimai-siyasi xadimlərin - Həsən bəy Ağayevin, Xəlil Xasməmmədovun, Fətəli xan Xoyskinin, Nağı Şeyxzamanlının və başqalarının vətəndən iraq düşməsi.

3-cü-  Bakıda, Gəncədə və digər ərazilərdə bolşeviklər tərəfindən bəy, xan, mülkədar, müsavat adı ilə imkanlı ailələrin var-yoxunun, mülklərinin talan edilməsi və kütləvi həbslər və s.

Xalq arasında "Xudu bəy" kimi adlanan böyük hörmətə sahib olan Xudadat bəyin 1920-ci il mayın 10-da tutulması və acınacaqlı halda vağzala və oradan da Bakıya aparılması gəncəlilərin səbr kasasını tamam doldurmuşdu. Gəncə camaatı onu vağzaldan yola salanadək müşayiət edib, silaha sarılıb onu azad etmək istəsələr də, Xudadat bəy buna razılıq verməyib. Xalqa müraciətində isə bunları bildirib:

"Mən bütün həyatımı vicdanla yaşamışam, məni heç vaxt həbs edə bilməzlər. çünki hərəkətlərimdə heç bir cinayət tərkibi yoxdur. Xahiş edirəm ki, artıq hərəkətlərə yol verməyin, sakitcə evinizə gedin".

Bunu eşidən Gəncə camaatı əlacsız qalaraq könülsüz halda evlərinə gedirlər.

Bakıya aparılan Xudadat bəy Rəfibəyli isə erməni müstəntiqlərinin və bir neçə erməni şahidlərinin donoslarına əsasən mayın 12-də Nargin adasına aparılır, yəqin ki, orada da vəhşicəsinə güllələnib.

Xudadat bəy o dövrün olduqca savadlı və bacarıqlı cərrahı idi.

Gəncənin general-qubernatoru vəzifəsinə də bütün yerli əhalinin xahişi ilə gəlmişdi.     

Onun barəsində Milli Təhlükəsizlik Nazirliyində saxlanılan qovluqda kimin sərəncamı əsasında həbs olunması və nə vaxt, harada güllələnməsi barədə məlumat yoxdur. 

Xudadat bəy həbs olunduqdan sonra hər gün gecələr Gəncənin yerli camaatı qəbiristanlığa toplaşarıq, Milli Ordunun zabitlərindən tədbir görməyi tələb edirdilər və buna da nail oldular.

Gəncə üsyanı 1920-ci il mayın 24-də şəhərin ermənilər yaşayan II hissəsində başladı. Şəhərdə yerləşən bolşevik qərargahı ələ keçirildi. üsyanı Şeyxli Cahangir bəy, Hacı Əsgər oğlu Məhəmmədəli, Qaçaq Qəmbər, Sarı Ələkbər, Tatoğlu Həsən idarə edirdilər. Onların dəstələri nə qədər mərdliklə mübarizə aparsalar da Gəncə üsyanı məğlubiyyətə düçar oldu. Ancaq şərəfsizliyi qəbul etməyən üsyançılar müqaviməti davam etdirmək üçün dağlara çəkilib qaçaq dəstələri düzəldərək bu qanı yerdə qoymamağa and içdilər və mübarizəni davam etdirdilər.

Şəhərin qocaman sakinləri Gəncə üsyanı barədə danışarkən indi də xatırlayırlar ki:

"Rus qoşunları əsasən dəmiryol vağzalı tərəfdən gəlsələr də, güllələr başımıza ermənilər yaşayan ikinci hissədən yağdırılırdı. Bu sağalmaz yaraların izləri binalarda indi də qalmaqdadır.

Mərhum arxitektor, şəhərin keçmiş baş memarı Fərman İmamquliyev 1994-cü ildə "Gəncə üsyanı" barədə göstərilən televiziya verilişində o zaman atılan bir mərmini nümayiş etdirmişdi. Bu mərmi 1920-ci ildə topdan atılıbmış və Şah Abbas məscidinin minarəsinə dəysə də partlamamışdı. Minarə nisbətən əyilmiş və bu indi də hiss edilməkdədir.

1991-ci ildə görkəmli rejissor Adil İsgəndərovun birinci həyat yoldaşı Ədilə xanım Xanlar Bayramova üsyan barədə xatirələrini söyləyərkən deyib ki: "Əvəzsiz müğənni Bülbül Məmmədov da üsyan zamanı tutulubmuş. Onu gəncəlilər çox çətinliklə azad edib, şəhərdən çıxarıblar".

Onun söylədiyinə görə, xüsusilə, Sarı Ələkbərin və Qaçaq Qəmbərin dəstəsindən əsir düşən üsyançılara elə işgəncələr vermişlər ki, onların çığırtılarından qulaq tutulurmuş.

Gəncə üsyanı zamanı köhnə Azərbaycan ordusunun bütün zabitləri həbs olunmuşdu. Hətta XI ordunun siyasi şöbə müdiri Pankratovun göstərişinə əsasən üsyandan 2 gün sonra Azərbaycan Xalq Cumhuriyyətinin müdafiə naziri S.Mehmandarov və onun müavini Əliağa Şıxlınski də Bakıda saxlanılıb sorğu-suala tutulublar.

 

 

(Ardı var) 

 

Eldar Əzizli 

 

Təzadlar.- 2010.- 25 may.- S.14.