Novruzluda görüşənədək...

 

Ağdam, Novruzlu adı çəkiləndə acılı-şirinli xatirələr gözlərimin qabağından gəlib keçir. Ayların, illərin "yel kimi" gəlib keçməsindən isə o ki var gileylənirsən.

Bəbir müəllimi hər görəndə sayılıb-seçilən, adlı-sanlı adamları, göz yaşı kimi dupduru, yayda sərin olan kəhrizləri, irili-xırdalı yaraşıqlı çoxmərtəbəli binaları, yayda dağ, qışda aran havalı kəndimiz, məhəllələrimiz, yollarımız, cığırlarımız, bol məhsullu bağlarımız, bağlardakı uca boylu palıd, qarağac, ərik, armud, qoz, çəkil aracları, yaşıl xiyabanlı barlarımız yada düşür. Nələr yada düşmür:

Novruzluda Ağdamın bütün kəndlərindən fərqli olan yaraşıqlı, 2-3 mərtəbəli, üstü dəmirli binalar olub;

Kənddə Kərbəlayi Abbasın, Hacı bəyin, Hüseyn bəyin, Yusifcanlı kəhrizlərinin göz yaşı kimi suyu onu içənlərin ürəyini sərinlədirdi;

Kənddə sənəti - musiqini bilən, onu qiymətləndirən adamlar olub. Hazırda bütün dünyada məşhur olan Xan Şuşinskiyə "Xan" adı ilk dəfə 1918-ci ildə Novruzluda verilib;

Kənddə adlı-sanlı kişilər olub: Kərbəlayi Abbas, Məşədi Əli, Məşədi Möhbalı, Məşədi Rüstəm, göydə quşu gözündən vuran Bəndah kişi, Bayram Yüzbaşı, Şahməmməd kişi, Əziz kişi, Qüdrət kişi, Hüseyn kişi, Köçəri kişi, Barat kişi, Məşədi İsmayıl, Məşədi Salah, Molla İmran, İsgəndər kişi, Qurban kişi, Ələsgər kişi, Xançal Yusif, Oktyabr inqilabından əvvəl Peterburqda təhsil alıb vətənə qayıdan Səlim və Mirzə çıraq, Qaçaq Əsədulla, Böyük bəy, Azad bəy, Hacı bəy və başqaları ilə kəndimiz həmişə öyünüb.

Keçən əsrin ortalarında Novruzlu adını şərəflə daşıyan - digər mahnıları ilə yanaşı, "Qarabağın maralı" mahnısının müəllifi İsgəndər Novruzlu, kənddə sovet dövründə ilk ali təhsilli mütəxəssislər - Bəhram Quliyev, Bəylər Əsgərov, Soltan Əzimov, Şahvələd Quliyev, Mədət Quluyev, anası Novruzlu olan dünya şöhrətli alim Xudu Məmmədov, SSRİ Ali Sovetinin deputatı, Sosialist Əməyi Qəhrəmanı, Rayon partiya komitəsinin I katibi işləmiş Feyruz Mustafayev, sonralar müxtəlif vəzifələrdə işləmiş Hüseyn Əliyev, aktyor, Respublikanın Əməkdar mədəniyyət işçisi Məmməd Əmirov, partiya-dövlət vəzifələrində işləmiş Zeynal Məmmədov, Səyyaf Əliyev, hazırda dünya şöhrətli alim Lütfi Zadənin silahdaşı və onun mənəvi varisi professor Rafiq Əliyev, müqəddəs and yerimiz Seyid Mirəli və başqaları bu kəndin yetirmələridir.

Bəbir müəllim əvəzsiz insanları olan belə bir kənddə sadə, lakin adlı-sanlı ailədə anadan olub. Onun uşaqlıq illəri gözümün qabağındadır. 

Allah dünyasını dəyişmiş əzizlərinə rəhmət eləsin.

Atası Qüdrət kişi (Hüseynov) Sovet hakimiyyəti illərində başqaları kimi bolşevik idi, kommunist idi, onda ictimai şüur çox güclü idi. Dövlətə, partiyaya sadiq, əməli, əqidəsi düz idi. Qüdrət kişi 30-40-cı illərdə rayonun Güllücə, Suma, Tağıbəyli, İsmayılbəyli kəndləri kənd sovetinin sədri işləyərkən, qaçaq-quldurlarla mübarizə apararkən də insafı-mürvəti əldən verməzdi, yeri gələndə gördüyünü görməməzliyə vurardı, elə buna görə də hökumət onu qaçaqları tutmağa məcbur edəndə, o, bilmədən onlarla üzbəüz olur, qaçaqlardan kimsə onu vurmaq istəyəndə öz yoldaşları ona mane olur.

Qüdrət kişi Böyük Vətən müharibəsi illərində uzun müddət öz kəndimizdə Qara İlyasov adına kolxozun sədri işləmişdi. Yadımdadır, 1948-ci ildə kolxoz baramaçılıqda qazandığı müvəffəqiyyətlərə görə Azərbaycan KP MK-nın və Nazirlər Sovetinin Keçici Qırmızı Bayrağına layiq görülmüş, bir neçə adamla birlikdə Qüdrət kişi orden-medallarla təltif edilmişdi. Bəbir müəllimin anası Sürəyya - xanım-xatın qadın idi. Mehriban, üzügülər, qohuma, qonşuya, camaata istiqanlı, həm də zarafatcıl idi.

Qabaqlarda kolxozda belə qayda var idi ki, hökumətə borcu olan adamların əmək gününə taxıl bölünəndə taxılı vermirdilər ki, borcunu ver, sonra taxılını al. Kolxozda işləyən Xatın adlı bir qadın anbardan taxılını almağa gedir. Anbardar vermir, deyir ki, sədr sənin adının qabağına işarə qoyub. O, deməsə, verə bilmərəm. Dul qadın sədrin yanına getməyə utanır, gedir, sədrin arvadı Sürəyya xanımın yanına, vəziyyəti ona deyir. Bu vaxt sədr, yanında da kənd sovetinin sədri, partkom nahara sədrin evinə gəlirlər. Sürəyya xanım kişi atdan düşən kimi hirsli-hirsli deyir:

- Əşi ey, o Xatının qabağına niyə quş qoymusan?

(Demək istəyir ki, niyə adının qabağını bağlamısan?)

Hamı gülüşür...

Bəbir müəllimin böyük qardaşı Qədir müharibəyə getdi, gəlmədi. Digər qardaşı Murad müəllim, uzun müddət çox hörmətlə kənddə müəllim işlədi, Qarabağ hadisələrindən əvvəl dünyasını dəyişdi, qəbri nurla dolsun. Zərifə adlı bacısı vaxtsız - gənc yaşlarında dünyasını dəyişdi. Allah rəhmət eləsin.

Digər qardaşı Hüseyn müəllim musiqiçidir, tar müəllimidir, hazırda Bakıda fəaliyyət göstərən Ağdam musiqi məkləbində müəllim işləyir.

Bəbir müəllim Novruzlu kənd məktəbində əla qiymətlərlə oxuyub, orta pedaqoji təhsil aldıqdan sonra Mərzili kəndində müəllim kimi əmək fəaliyyətinə başlayıb. Ordu sıralarında olub. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsini (qiyabi) bitirib.

1957-1966-cı illərdə Novruzlu orta məktəbində mənimlə birlikdə əvvəlcə sinif müəllimi, sonra ixtisası üzrə tarix müəllimi işlədi. Məktəbdə məhəlli partiya təşkilatı katibi işləyərkən təlim-tərbiyənin keyfiyyətinin yüksəlməsinə, pedaqoji kadrların elmi-metodik-siyasi səviyyəsinin yüksəldilməsinə yaxından köməklik etmişdir. Onu sadə, təvazükar, səmimi, mehriban, gülərüz, xeyirxah adam, müdrik ziyalı, işıqlı şəxsiyyət kimi tanıyıram.

Bəbir müəllim gənc kommunist kimi irəli çəkilərək əvvəlcə şəhər 8 nömrəli orta məktəbində müəllim, sonra Rayon Partiya Komitəsində təlimatçı, təbliğat-təşviqat şöbəsinin müdiri, uzun müddət isə rayonda çıxan "Lenin yolu" (sonralar "Ağdam") qəzetinin redaktoru işlədi. Bu müddətdə onunla ardıcıl əlaqələrim, ünsiyyətim olub. Mən də Rayon Partiya Komitəsi bürosunun qərarı ilə "Metodiki şura"nın sədri olduğum üçün ictimai işlərdə birlikdə iştirak edirdik. Uzun müddət Ağdam Rayon Partiya Komitəsinin I katibi işləmiş müdrik ziyalı Sadıq Murtuzayev həmişə çıxışlarında Ağdama yüksək qiymət verərək deyirdi ki, Ağdamda raykomda təlimatçı işləmək - qonşu rayonlarda RİK sədri, idarə müdiri işləməkdən urvatlıdır.

Bəbir müəllim belə bir rayonda uzun müddət qəzet redaktoru, partiya komitəsinin plenum üzvü, rayon sovetinin deputatı oldu, xətir-hörmətlə işlədi. Bəbir müəllim geniş dünyagörüşünə malik ziyalıdır, o, öz üzərində həmişə işləyir, yaxşı mütaliəçidir, dünyanın bir neçə ölkələrində, xüsusilə MDB-nin hər bir yerində keçirilən seminar, müşavirə, qurultaylarda iştirak edirdi. O, Azərbaycan Juranalistlər İttifaqının və SSRİ Jurnalistlər İttifaqının üzvüdür. Əməyi də yüksək qiymətləndirilib: Azərbaycan Respublikasının Əməkdar jurnalisti və "Qızıl qələm" mükafatı laureatıdır.

Bir dəfə Peygəmbərdən soruşurlar: "Kimin imanı yüksəkdir?"

O, deyir: "O kəsin ki, xoş xasiyyəti var".

Mənə belə gəlir ki, bu xasiyyətə uyğun olaraq onun Şükufə həkim kimi etibarlı, sədaqətli həyat yoldaşı var. Onlar yalnız bir-birinə həyat yoldaşı deyil, həm də bir-birinə sədaqətli dostdurlar. Onların özlərinə oxşayan gözəl-göyçək oğlu, qızı, nəvələri var. Hamısı da savadlı, geniş dünyagörüşlü ziyalıdırlar. Allah salamat eləsin. Belə bir deyim var: "Ləyaqət insanın örpəyi, alicənablıq onun paltarıdır". Bunun hər ikisi Şükufə həkimdə vardır. Həm də, deyirlər ki, "Yaxşı ad, təmiz ad - gözəllərin boynunu bəzəyən boyunbağıdır".

Hörmətli Bəbir müəllim, Siz də belələrindənsiniz.

Məlum Dağlıq Qarabağ hadisələri başlayan ilk günlərdən mən Bəbir müəllimi bir rayon ziyalısı kimi hər gün cəbhə bölgələrində görürdüm. O, döyüşçülərlə gürüşürdü, cəbhələrdə baş verən hadisələri qəzet səhifələrində işıqlandırırdı. Müxtəlif döyüş sursatları ilə döyüşçılərin təmin edilməsində də yaxından iştirak edirdi. O, müsəlləh əsgər - əsl vətəndaşlıq qeyrəti nümayiş etdirirdi. Vətənimizə, çörəyimizə, suyumuza şərik çıxmaq istəyən ermənilərə qarşı həmişə hiddətlə mübarizə aparırdı.

Bəbir müəllim müdrik ziyalı, işıqlı şəxsiyyət, yaxşı dost, qohum, tay-tuş, səmimi insan kimi həmişə seviləcək.

Hörmətli Bəbir müəllim, Sizə möhkəm cansağlığı, gümrahlıq arzulayıram.

Novruzluda görüşənədək...

 

 

Səlim ƏZİMOV

 

Təzadlar.- 2010.- 13 noyabr.- S.14.