İncə dərəsinə salavat düşür

 

Məmməd Dəmirçioğlunun yenicə işıq üzü görən "Səhra gülləri" kitabının yaratdığı təsüratlar

 

Ötən ilin söhbətidi, saz-söz xiridarı olan, əhli-ürfan kişilərin xudmani bir məclisində var-gəl eləyən aşıq həqiqətdən oxuyurdu:

 

Mənə gələn nə səsdi?

Of "yahu", "yahu" derlər.

Ovçu nişangahında

Mələyi ahu derlər.

 

Yön verə mövlam bizə,

Bulunaq közdən-közə,

Bizdə durulan sözə

Sözlərin ahı derlər.

 

Girək eşqin şalına,

Dönək Yunis halına,

Bu yolların quluna

Şahların şahı derlər.

 

Məclisi heyrət bürüdü, aşıq növbəti şeirə körpü salıb oxumağa başladı:

 

Sən haqsansa geri dön,

Meh ol, naləmdə gəl, gəz.

Durul göz yaşım kimi,

Şeh ol laləmdə gəl, gəz.

 

Mən hardayam, sən harda?

Yoxu axtarma varda,

Mən yoxam oralarda,

Ol bu aləmdə gəl, gəz.

 

Nədi, adam deyilən?

Adam döyən-döyülən.

Mən adam ha döyüləm,

Ruham, haləmdə gəl gəz.

 

Söz tamama yetəndə məclis iştirakçılarının lap dastanlarımızdakı "eyvallah", "səd afərin", "eşq olsun", "var ol", "yaşa", "ağzına sağlıq" kimi sədaları məclisi bürüdü. Bu şeirlərin müəllifinin kimliyini müəyyən etmək üçün söz çaxnaşması başladı, nə başladı. Məclis iştirakçıları bu şeirin müəllifinin gah Qaracaoğlan, gah Dədə Yunus, gah Dadaloğlu ola biləcəyini bir-birinə pıçıldaşırdı. Hətta bu şeirin yalnız Borçalı Qul Allahquluya məxsus ola biləcəyini söyləyən də tapıldı. Ancaq yox, bu şeirlər ilkdir ki, Məmməd Dəmirçioğlu deyib. Dəmirçioğlunun poeziya dili belə möcüzədir, belə qənirsiz, belə gözəldir (Guya Dəmirçoğlunun gözəl olmayan nəyi var Ki?). Anadil şeirimizin ən arı seçkinlərindəndir. Şeirdə ifadə mükəmməlliyi çox şirindir.

Əvvəla, deyim ki, Məmməd Dəmirçioğlunun poeziyasından danışarkən onu yetişdirən mühiti, ədəbi-ruhani iqlimi dəqiq təyin etməlisən. Ən azından bilməlisən ki, bu haradan gəlir. Axı hər dağa belə qar yağmır, hər gülüstan belə gül bitirə bilmir, hər bağban belə bağ becərə bilmir. Bu gün çağdaş türk təsəvvüf poeziyasından danışarkən Akif Səmədin, Hacı Məhəmməd Astanbəylinin, Məmməd Dəmirçioğlunun adlarını çəkməsək, keçinmək olmur. Həmin şairlərin üçü də incəlidir. Deməli, Dəmirçoğlu poeziyasına vaqif olmaq üçün İncə dərəsini də dərindən öyrənmək gərəkirir. Gərəkdir ki, İncənin havasına, suyuna, daşına, quşuna ürək verəsən, Veys oğlu Hacı Mahmud Əfəndidən xəbərdar olasan. O, hacı Mahmud Əfəndidən ki (1835-ci ildə Astanbəylidə anadan olub. Soy-kökü peyğəmbərimizin dostu, Yamən türkü Veys Əl-Qərani həzrətlərinə gedib çıxır. Bu o Qəranidir ki, peyğəmbərimiz öz əbasını namaz qılmaq üçün ona verib. Hacı Mahmud Əfəndi, Seyid Mir Həmzə Nigarinin seçkin xəlifələrindən olub. Sufi təriqətətinin, Nəqşibəndi silsiləsində, altun silsilədə 33-cü şeyxdir. Hacı Mahmud Əfəndinin Borçalı, Qarabağ və Qazax bölgələrinin müxtəlif yerlərindən minlərlə müridi olub. Hacı Mahmud Əfəndi insanlar tərəfindən çox sevilirdi. O, insanların maddi və mənəvi müşküllərinin həll olunmasında vasitəçi olurdu. Ruslara qarşı mübarizədə Dağıstandakı mürüdizim hərəkatına köməklik etdiyinə görə çar Rusiyası tərəfindən iki dəfə həbs edilib.

Hacı Mahmud Əfəndidən müəllimi Mir Həmzə Nigari və Şeyx Şamil hər ikisi İsmayıl Şirvani həzrətlərindən dərs alıb. Hacı Mahmud babanın öz dövründə və dünyasını dəyişəndən sonra minlərlə sevənləri və ziyarətçiləri olub. Hacı Mahmud Əfəndi Azərbaycandakı müridlərdən toplanan yardımlarla Amasiya şəhərində Seyid Mir Həmzə Nigari həzrətlərinin qəbirinin üstündə türbə, yanında isə məscid (Şirvanlı məscidi) tikdirib. Hacı Mahmud Əfəndi 1896-cı ildə Aslanbəyli kəndində dünyasını dəyişib. Vəsiyyətinə uyğun olaraq yaxın dostu Seyid Yasin Xocanın yanında dəfn edilib). Ən azından o da vacibdir ki, Nəqşibəndilikdən məlumatlı olasan, Astanbəylidə meyxanaya, Qaymaqlıda qım-qımıya həsrətcəsinə qulaq verəsən. Hələ Kəmərlini demirəm... Dəmirçoğlunun özünə mürşid bildiyi Ağamalı Sadiq Əfəndinin həyat və yaradıcılığına bələdçiliyin ola, azca da olsa, sirli gəlib-sirli gedən Akif Səmədi biləsən. Bax onda biləcəksiniz ki, şeirdən-şeirə Dəmirçoğlunun içini böyüdən, dərinləşdirən o sirri-xuda nədir. Şeirlərini oxuduqca anlayırsan ki, bu şeirlərlə hər yoldan ötən yoldaşlıq eləyə bilməz. Bu şeirlər haqqa varan yolun yolçuları üçündür. Xəstə Qasımın sözüdür: "Yol odur ki, haqqa vara".

 

Könül, qanlar çiçəklədin,

Çatlayan nar oldunmu heç?

Eşq ilə sevdaya vardın,

Bir kəsə yar oldunmu heç?

 

Verən bu dünya mülkünü,

Gələr bir gün alan günü,

Nəfsinə qul olan günü

Utanıb xar oldunmu heç?

 

Çiçək açır - solum deyə,

Sular axır - dolum deyə,

Bağlarda bar olum deyə

Dağlarda qar oldunmu heç?

 

Solan güllər solmaq deyil,

Dolan göllər dolmaq deyil,

Yaşamaq var olmaq deyil,

Dünyada var oldunmu heç?

 

Nə özəldir, bu özəl misralara heyran qalmaya bilmirsən. Fikirləşirsən ki,

 

Hara gedir Dəmirçioğlu görəsən,

Bu yolların yoxuşuna bənd olub?

 

Təriqətdən, həqiqətdən söz qandıran şeirlərdi Dəmirçioğlunun şerləri. Dəmirçioğlu yol şairidir, qul şairidir, yol quludur.

         

Dəmirçioğlu qul əhlidir,

Qul ol, tamahından qorun.

Söz qurandan irəlidi,

Sözün günahından qorun.

 

Yaxud,

 

Yolçusansa, yol - yarın,

Haqqa sarı yol varın.

Yol quldu, qul yolların,

Qullarına eşq olsun.

 

Dəmirçioğlunun şeirlərini oxuduqca fikirləşirsən ki, bu şeirləri doğrudanmı müasir azərbaycanlı yazıb? Axı bu gün müasir azərbaycanlının içi bayağı zövqlərlə doludur. Onların vücudunda belə ürfani ruha yermi var? Bax elə bu məqamda Dəmirçioğlu kimi heyrət doğuran duru və diri kişiləri yetirən gözəlim İncə Dərəsinə salavat düşür.

Dəmirçioğlu haqdan, həqiqətdən, eşqdən, ilahi cazibədən könlünə enənləri yazır. Hansı ki, bunlardan qaçmaq istidən, soyuqdan, gecədən, gündüzdən qaçmaq kimidir. Haqqa qovuşmaq yolunda bu mövzuların şairə nə dərəcədə doğmalığı mürşüdlərimizin baş tacı olan Həllac Mansurun şəhərə çıxaraq haray çəkdiyi bir cümləni yadıma salır: "Məni Allahın əlindən alın".

 

Kimə suyam, kimə odam,

Kimə doğma, kimə yadam.

Ay halal söz, halal adam,

Sən hardasan, oram Qiblə.

 

Yaxud,

 

Mənə haram düşmədi,

"Bal" haramdan asıldım.

Halala yol varınca,

Gül yaramdan asıldım.

 

Dəmirçioğlu halal adamdı. Halal yaşamaq insanın nurunu və kamalını artırır. Onun halallığındandır ki, şeirlərindən hikmət doğulur, eşq hasil olur.

 

Bir ulu karvan köçünə

Düzülüb gələn eşqəm, eşq.

Mövlanələr nəfəsindən

Süzülüb gələn eşqəm, eşq.

 

Sufilərə görə, onların ruhunu ifadə etməkdə insan dili zəifdir. Odur ki, onlar ruhun ifadə dilini şeirdə, musiqidə (əsasən sazda və neydə) və sənətdə tapırlar. Bu mənada, Dəmirçioğlunun bir arada həm şeir yazmağının, həm saz çalmağının, həm rəssamlığının, həm də heykəltaraşlığının ona hansı ehtiyacdan, haradan gəldiyi də hamımıza aydın olur.

Dəmirçioğluna görə, Tanrıya gedən yolda ən qısa, ən əsas məqam məhəbbət və onun son mərhələsi olan eşqdir. Dəmirçioğluna görə, eşq mərhələsinə yüksələn insan hər şeyi unudub yalnız Tanrını, haqqı arayır.

 

Göydən o yana uçdu,

Uçurduğum son nəfəs.

Göyün bu üzü bəlli,

O üzündə nə var bəs?

 

Bu, Dəmirçioğlunun şeiridir, dili ilə öyündüklərimizin hansından zəif yazıb? Dəmirçioğlunun şeir dili məzmun aydınlığı ilə duyğuları dolğunlaşdıran dildir. Dəmirçioğlu bir də görürsən ki, arxaik sözlərimizdən də naxış vurur.

 

        

Keyvir (soyuq)

 

Bulaqlarda sır-sıra bağlar,

Şehli çiçəklərə toxunsan ağlar.

Elə vurulmuşam sizə, a dağlar,

Şair ilhamında söz vaxtındayam.

 

Bəzən də elə bilirsən ki, sanki Dəmirçoğlu şair qələminin yerinə rəssam fırçasını götürüb:

 

Evinizin pəncərəsi bağçaya,

Pəncərə tək açılıbdı bağ çaya.

Məni sorsan, çıx bağçaya, bax çaya

Çayda batan çilik-çilik ay mənəm.

 

Yuyub getdi o dağların daşını,

Görəmmədim gözlərimin yaşını.

Bağçanızın ayağını, başını

Yarpız-yarpız öpüb gedən çay mənəm.

 

Qərib gecə ayrılığa yoldu, bax,

Qara-qara saçlarını yoldu bax,

Pəncərədən durna səsi doldu, bax,

Köçüb gedən qatarını say - mənəm.

 

Dəmirçioğlu bəzən, hətta mən deyərdim ki, çox vaxt bildiyini yox, duyduğunu yazır. Birdən elə şeirlərinə rast gəlirsən ki, hansı ki, həmin fikrə Qaracaoğlanda da, Yunis İmrədə də, Dadaloğlunda da, bəzi hallarda Ş.İ.Xətaidə də rast gəlmək mümkündür. Bu, həm də o deməkdir ki, Dəmirçioğlu köhnə bilinəni təzə gözlə görür və göstərmək istəyir. Elə bu mənada, salam olsun   Dəmirçioğluna, nə mutlu onu görənlərə və tanıya bilənlərə. 

 

P.S. Bu aralıq iş-güc, həm də seçkilər başımı o qədər qatdı ki, ardı mütləq olacaq.

 

 

Həmid ORMANLI

 

Təzadlar.- 2010.- 25 noyabr.- S.15.