Yolunu gözləyirlər, amma...

 

20 noyabr vertolyot qəzasından 19 il keçir

 

On il öncə işıq üzü görən "Yolunu gözləyirik..." bədii-publisistik, sənədli kitabım tanınmış ictimai-siyasi xadim, general-mayor Məhəmməd Əsədova həsr olunub. Topluda xüsusi vurğulamışam ki, onun ailəsi, övladları, dost-tanışları son dərəcə vətənpərvər insanın qayıdacağı günü həsrətlə, intizarla gözləyirlər. Aradan xeyli vaxt keçməsinə baxmayaraq, onlar hələ də həmin arzu ilə yaşayırlar...

Məhəmməd Nəbi oğlu Əsədov Zəngilan rayonunun Baharlı obasında dünyaya göz açmışdı. Ayağı yer tutandan inadı, əyilməz, bütöv xarakteri ilə tanınmış, məqsədinə çatmışdı. Lakin orta məktəbi əla qiymətlərlə başa vursa da, həmin ili arzuladığı instituta qəbul ola bilməyib. Sənədlərini Bakı Statistika Texnikumuna verib. Təhsilini başa vurduqdan sonra doğma rayonlarında bir il kolxozda işləyib. Partiya sıralarına daxil olub. 1961-ci ildə hərbi xidmətə çağırılıb. Ordudan tərxis olunduqdan sonra o vaxtkı Xalq Təsərrüfatı İnstitutunda oxuyub. Qiyabi təhsil aldığı dövrdə Sumqayıtda fəhlə işləyib. Az sonra şəhər partiya komitəsində təlimatçı, sənaye və təşkilat şöbələrinin müdiri vəzifələrində çalışıb. Nümunəvi təşkilatçılığına, idarəçiliyinə görə 1978-ci ildə onu Ağsu rayon İcraiyyə Komitəsinin sədri vəzifəsinə irəli çəkiblər. İki ildən sonra Moskvada DTK-nin ali məktəbində təhsil almağa göndərilib. Orda da təhsilini uğurla başa vurub Bakıya qayıdıb. Bir müddət hazırkı MTN-də məsul vəzifədə çalışıb. Az keçmiş ona daha böyük etimad göstərilib. Beyləqan, Ağdaş, Quba rayon partiya komitələrinin birinci katibi, MK-nin inzibati orqanlar şöbəsinin müdiri vəzifələrində çalışıb. Nəhayət, 1990-cı ilin aprelində respublikanaziri təyin olunub. Təxminən on səkkiz ay keçmiş...

Nə, hansı cəhətləriydi Məhəmməd Əsədovu daim irəli çəkən, tanıtdıran, sevdirən? Sualın cavabı birmənalıdır: yalnız və yalnız işgüzarlığı, doğma xalqına qarşı hər zaman ürəyində qədərsiz məhəbbət olması. Bu, onun qənaətidir: "Əgər gözlərimi bağlasalar, respublikamızın hansısa bir bölgəsində sarğını açsalar, diz büküb o torpağı öpərəm. Bütün Azərbaycanımız mənim yumruq boyda ürəyimin içindədir".

Bu sözlərdə çox böyük həqiqət var. O, doğma obası Baharlıda sıravi kolxozçu işləyəndə də, əsgər, tələbə, katib, nazir olanda da birinci torpağımızı, millətimizi düşünüb, sonra özünü. Hərbi hissədə xidmət edərkən əsgər yoldaşı Hüseynağa Mirağa oğlu Qafarov ordu nizamnaməsinə uyğun gəlməyən hərəkət edib. Hərbin öz qanunları var. O, tribunal qarşısında cavab verməli olub. Kommunist əsgər Məhəmməd Əsədov eloğlusunun - azərbaycanlısının müdafiəsinə qalxır: "Biz azərbaycanlılar sovet ordusunda can-başla xidmət etməyə gəlmişik. Biz millətlər arasında heç bir fərq görmürük. Hamımız bir ölkənin vətəndaşlarıyıq... Bu gün bir xalqın əsgər oğlunu "dizbat"a göndərmək, o xalqın milli mənliyinə toxunmağa bərabərdir".

Bu sözləri Məhəmməd Əsədov 1962-ci il dekabrın 4-də deyib və əslən Ağsu rayonundan olan Hüseynağanı "dizbat" əsarətindən qurtarıb.

Bu gün Sumqayıtda Məhəmməd Əsədovun adını yaşadan bir çox ünvanlar - küçələr, məktəblər, ictimai qurumlar var. İlk anda aşkar duyulur ki, şəhərin əhalisi ona qədərsiz ehtiram bəsləyir. çünki Sumqayıtın addım-addım inkişaf etməsində Məhəmməd müəllimin də xidmətləri tarixin səhifəsinə yazılıb. O, zavodda fəhlə işləyəndə də, yüksək vəzifə daşıyanda da tanış-bilişindən gen gəzməyib. Şahidik: görmüşük, eşitmişik ki, sumqayıtlılar onu necə istəklə xatırlayırlar. Bir müdrik deyib: "Sevmək azdır, gərək sevdirməyi də bacarasan". Məhəmməd Əsədov da bacarırdı. Bu cəhətinə görə indionun adı Sumqayıtda dillər əzbəridir.

Məhəmməd müəllim harda işləyibsə, ilk öncə özünə hörmət qazanıb. Onun qəbuluna gələnlərin birigileyli qalmayıb. İmzaladığı sənədin necə icra olunmasına şəxsən özü nəzarət edib. Deyərmiş: "Rəhbərin qolu (oxu: imzası) hardasa (hansı sənəddəysə), nüfuzu, qayğısı, hörməti də ordadır". Bu faktı mənə Sumqayıtda yaşayan Məmməd Şirinov danışıb. Beyləqan rayon sakini Nizami Məmmədov isə hər görüşümüzdə xatırladır: "Deyirlər ki, Beyləqanın tarixi şöhrəti olub. Biz o çağları görməmişik. Amma rayonumuzun ikinci dəfə abadlaşdığının, genişləndiyinin şahidiyik. Məhəmməd müəllim Beyləqana rəhbərlik edən gündən təkcə kənd təsərrüfatının sürətlə inkişafına yox, həm də əhalinin güzəranının daha da yaxşılaşmasına, küçə və meydançaların abad olmasına çalışmışdır". Belə şirin xatirələr çoxdur.

Məhəmməd Əsədov respublika daxili işlər naziri təyin olunanda Qarabağımızın üstünü qara bulud layları bürümüşdü. Həmin bulanlığın, qaranlığın, yağmurluğun altında gizlənən ermənilər ənənəvi əməllərinə sadiq qalaraq tez-tez ərazilərimizə basqılar edir, dinc əhalini vahiməyə salır, xarici "ağalarına" arxalanaraq vaxt-bivaxt təbliğat aparırdılar ki, guya Qarabağvaxtsa onlara mənsub olub. Mənfur qonşuların belə iştaha düşmələri də təsadüfi deyildi. Bir zamanlar Azərbaycanımızın Qərb bölgələrini gavırlara bağışlayıblar. Dağlıq Qarabağımızın da ən səfalı, axarlı-baxarlı yerlərini qan düşmənlərinə verib, özümüzünkülər arana enmişdilər. Onlar da bu humanistliyi istədikləri kimi yozaraq açıq-aşkar quduzlaşmışdılar. Bu səbəbdən də indi Dağlıq Qarabağona qonşu olan rayonlarımız, ərazilərimiz çox böyük təhlükə qarşısında qalmışdı. Bax, belə çətin, dözülməz, həm gileyli, həm də ümidlə yaşanan ərəfədə Məhəmməd Nəbi oğlu Əsədov Azərbaycanın Dİ naziri təyin olundu. O, dövr üçün taleyüklü vəzifədə təxminən on səkkiz ay işlədi. Bu müddət ərzində işıqlı, yaraşıqlı, zəhmli nazir kabinetində heç dörd ay da əyləşmədi. Axtaranlar, soraqlayanlar onu Laçının, Kəlbəcərin dağlarında, dərələrində, istili-soyuqlu səngərlərdə tapardılar. Hər bir əsgərə, komandirə həyan olar, problemlərini öyrənər, onların qayğılarına qalardı. Bir döyüşçü yaralansaydı, dərhal ona baş çəkərdi. Hər hansısa istəyə, təklifə biganə yanaşmazdı. Onun nazirlik fəaliyyəti dövründə 28 nəfər döyüşçümüzün toyu olub. Görənlər, şahidlər deyirlər ki, nazir həmin mərasimlərdə ya iştirak edib, yaxud da hədiyyəsini göndərib. Lakin nazir kimi onun fəaliyyətində iki fakt daha unudulmaz, tez-tez xatırlanır: məşhur çaykənd və Əskipara əməliyyatlarını nəzərdə tuturuq. Müşahidəçilər deyir ki, zaman-zaman qanımızı içməyə hazır olan, ikiüzlü, hiyləgər ermənilərin Gəncə ətrafından, Xanlar (indi Göygöldür), Samux, adımıza ləkə olan Şaumyan (k) rayonlarının ərazisindən köçürülməsinin tarixdə oxşarı olmayıb. Aparılan təbliğat, tədbirlər, danışıqlar sayəsində təpədən-dırnağacan silahlanmış "boeviklər", "saqqallılar" müqavimətsiz ata-baba yurd yerlərimizi tərk ediblər.

İkincisi isə Qazax rayonunun ərazisində - respublikamız üçün çox önəmli əhəmiyyəti olan məşhur Əskipara əməliyyatıdır. Bu barədə Xüsusi Təyinatlı Milis Dəstəsinin ilk komandiri, polkovnik Əbil Rzayevdən eşitmişdim: "Dəstənin yaradılması, formalaşması üçün general Məhəmməd Əsədov çox əziyyətlərə qatlaşıb istəyinə nail olmuşdu. "OMON"-çular çaykənd əməliyyatında qəhrəmanlıq göstərmişdi. Qısa müddət ərzində sayımızı 50 nəfərdən 500 nəfərə çatdırdı. Bir gün eşitdik ki, ermənilər Əskipara istiqamətindən Qazax rayonuna ciddi basqıya hazırlaşırlar. Məhz nazirimizlə birgə planlaşdırdığımız - Göyəzən dağı səmtdə əlverişli mövqe tutduq. Düşmən ən müasir tanklarla, piyada qoşun dəstələri ilə amansızcasına üstümüzə gəlirdi. Biz isə hələlik susur, gözləmə mövqeyi tuturduq. Nəhayət, hücum komandası aldıq. İndio günü xatırlayanda sanki dəhşətli döyüş səhnəsini əks etdirən kino-film gözlərim önündə canlanır. Adi avtomatlarla, qumbaraatanlarla, əl qumbaraları ilə əvvəl düşmənin 16 tankını susdurduq. Sonra hücuma keçib 600 nəfərdən artıq "saqqallıları" gəbərtdik. Beləcə Əskipara əməliyyatı tərəfimizdən qələbə ilə başa çatdı. Düşmənlər bu uğurumuzu haqlı olaraq nazirimizdə gördülər. Onun başına milyon manatlarla pul qoydular ki, qətlə yetirsinlər. O, isə buna əhəmiyyət də vermirdi. Daim döyüş bölgələrində idi. çox təəssüf ki, sonralar xalqımızın dar günü üçün formalaşan dəstəmizin istiqaməti müəyyən qüvvələr tərəfindən dəyişib, özümüz səmtə yönəldi".

Məhəmməd Əsədov daxili işlər naziri olan müddətdə torpaqlarımızın bir qarışı da, el-obalarımızın bir kəndi də düşmən işğalına məruz qalmamışdı. Ərazi bütövlüyümüzün qorunması üçün onun təklifləri, planları əhəmiyyətli və geniş idi. İlk öncə bir ziyalı, nazir, sərkərdə kimi döyüşçülərimizin gündəlik qayğısına qalmağı, vahid komanda altında ordu yaratmağı, sakinlərdə vətənpərvərlik hissini yüksəltməyi üstün tutardı. Nazir kimi bütün fəaliyyəti dövründə çalışmışdı ki, Qərbi Azərbaycandan - qədim İrəvan torpaqlarımızdan vəhşicəsinə qovulmuş yüz minlərlə soydaşlarımız Mil-Muğanda, Kür boyu istiqamətində, Bakıda deyil, məhz nə zamansa ermənilərə bağışladığımız dağlı-aranlı, axarlı-baxarlı Qarabağımızda məskunlaşsınlar. özünün dəfələrlə qeyd etdiyi kimi, bu yerləşdirmənin böyük xeyiri, strateji əhəmiyyəti olardı. Amma... Güc naziri kimi çoxları ona tabe idi. O da respublikanın birinci vəzifə daşıyıcısına.

Aradan illər keçməsinə baxmayaraq, bəziləri hələ də bu qənaətdədir ki, guya mərhum Məhəmməd Əsədov bir zamanlar Azərbaycan KP MK-nın birinci katibi (sonralar prezident - T.M.) işləmiş Ayaz Mütəllibovun kadrı olub. Yalandır! Məhəmməd Əsədov istər xarakter etibarı ilə, istərsə də torpaqsevərlikdə, xalqının gələcək taleyini düşünməkdə Ayaz Mütəllibovdan üstün şəxsiyyyət idi. Axtarışlarımızdan, onlarla dəyərli insanları eşitdikdən sonra gəldiyimiz qənaət qətidir: Məhəmməd Əsədovun daxili işlər naziri təyin olunması dövrün tələbindən irəli gəlmişdi. çünki o, gözünü açandan ermənilərin qudurmalarını, yaratdıqları süni konlifktləri çox görmüşdü. Və onun dünyaya göz açdığı Baharlı kəndi düşmənlərlə həmsərhəddir... Məhəmməd müəllim əmək fəaliyyətinə başladığı ilk gündən Azərbaycan torpağının qədrini bilib, onunla dil tapıb, sevdirib, adını uca edib. Bu baxımdan ən ağrılı günlərimizdə onun güc naziri təyin olunması təbii, birmənalı qarşılanmalı və günün tələbi idi. Sadəcə olaraq sərəncama A.Mütəllibov qol çəkmişdi.

O, özünü həmişə, hər vaxt böyük şəxsiyyət, qüdrətli idarəçilik məharəti olan cənab Heydər Əliyevin yetirməsi, kadrı sayardı. 1991-ci il 7 avqust "Literaturnaya qazeta" və 1990-cı il 12 avqustda "Kommunist" qəzetlərinə verdiyi müsahibələrində müxbirin sualına münasibətini bildirərək demişdir: "Mənim inkişaf yolum 1970-ci ildən başlayıb. O illərdə respublikamıza rəhbərlik edən insanın diqqəti sayəsində vəzifə nərdivanını pilrə-pillə üzü yuxarı qalxmışam". Həqiqətən də belə olmuşdur. Zavodda çalışan gənc Məhəmməd qabiliyyətinə əvəz olaraq gördüyü qayğıdan ucalmışdı. Bunu Ayaz Mütəllibov da bilirdi. Amma çarəsizlikdən Məhəmməd Əsədovu Quba rayon partiya komitəsinin birinci katibi vəzifəsindən gətirib, Respublikanaziri təyin etmişdi. çünki bu sahədə kadr qıtlığı vardı. Gün-gündən pis gəlirdi. Ermənilərin hər saat qudurmaları aşkar hiss olunurdu. Belə çətin ərəfədə yalnız Əsədov xalqın imdadına çata bilərdi. çatdı da. Lakin qısa müddət ərzində Məhəmməd müəllimin qazandığı halal nüfuz Ayaz Mütəllibovu narahat etməyə başladı. Qədirbilən xalqımız naziri istədikcə, çətin məqamlarında onu öz yanlarında görmələrini arzuladıqca sanki Mütəllibovun başına qor səpilirdi. Nəhayət, qısqanclıq son həddə çatdı: noyabrın ortalarında fərman imzalayıb onu vəzifədən kənarlaşdırdı. Yerinə də kimi təyin etsə yaxşıdır? Xankəndinin, Hadrutun, Banazurun demirik, heç Yevlağın yolunu bilməyən, ömrü boyu "pojarnik" təxəllüsü ilə tanınan Tofiq Kərimovu...

Ayaz Mütəllibovun sözügedən sərəncamı ermənilər tərəfindən sevinclə qarşılandı. Dağlıq Qarabağ və ətraf rayonlarımızda yaşayan soydaşlarımız isə etiraz səslərini ucaltdılar. Amma bir çox problemlər kimi bu niyyət və nifrət də Ayaz Mütəllibova çatmadı. Prezident kimi onun fərmanından isə düşmənlərimiz iki gün, iki gecə şadlıq etdilər. çünki Dağlıq Qarabağ - xüsusən Laçın, Kəlbəcər sahibsiz qalmışdı...

İstəsə də, istəməsə də Məhəmməd Əsədov nazir vəzifəsindən azad edilib, prezidentin müşaviri təyin olunması ilə razılaşmışdı. Buna əsas da vardı. Aylardan bəri çəkdiyi cəfalardan usanmışdı. Heç olmasa beş-on gün dincəlmək istəyirdi. Yenə amma... Vaxtilə Prezident Aparatında dövlət katibi işləyən, vertolyot qəzasında amansızcasına qətlə yetirilənlərdən biri, mərhum Tofiq İsmayılov ona 1991-ci il noyabrın 18-də, axşam saat 23 radələrində telefon açır: "Məhəmməd, sabah Qarabağa səfər edirik. Sənin də bizimlə getməyin məsləhətdir. Axı, sən oraları yaxşı tanıyırsan..." Cavab birmənalı olur: "Baş üstə".

Az.TV-nin o zamankı bölgə müxbiri Allahverdi Əsədov həmin günü belə xatırlayır: "Noyabrın 19-da Bakıdan gələn qonaqları ağdamlılar, rayona yığışmış məcburi qaçqınlar böyük ümidlə qarşıladılar. Camaatın çoxu yaxından tanıdıqları və ümid bəslədikləri üçün Məhəmməd müəllimin ətrafına toplaşdılar. O, adəti üzrə bütün suallara nikbin cavab verirdi... Noyabrın 20-də saat 11 radələrində Ağdam Mədəniyyət Mərkəzinin zalında toplanış oldu. çıxış edənlər Qaradağlı kəndinin ermənilər tərəfindən yandırılmasından ürək ağrısı ilə danışdılar. Dövlət nümayəndələri qərara gəldilər ki, təxirəsalmadan ora getsinlər... Vertolyotu Xankəndindən çağırdılar... Gedənləri Novruzlu kəndindəki üçüş meydanından yola salırdıq. Mən də getmək istədim. Məhəmməd müəllim: "Allahverdi, gözlə 4-ə kimi qayıdacağıq" - dedi. Saat 17-yə kimi aeroportda gözlədik. Axır ki, hava "maşını" göründü. Yerə enməyə az qalmış, birdən-birə sürətini artırıb, Qarakənd kəndi istiqamətinə doğru uçmağa başladı. Beş-on dəqiqədən sonra (saat 17.25 dəqiqədə - T.M.) atəş səsi eşitdik. Neyləyə bilərdik?.. O ətraf düşmən yuvası idi. Sovet hərbi kontingentindən icazə alınmalıydı. Çarəsizlikdən sabaha qədər (21-i, saat 11-ə kimi) dözdük. Hadisə yerinə gələndə ən əvvəl Məhəmməd müəllimin (kövrəlir), heç olmasa cəsədini axtardım. Bir əlamətinə də rast gəlmədim. Operatorumuz Tahir Qarayevin çəkdyi lentə yüz dəfədən artıq baxmışam. Yox, heç elə bil Məhəmməd müəllim o vertolyotda olmayıb... Ən gərgin, şübhəli vaxtlarımda yadıma düşdü ki, ermənilər onun başına - məhvinə milyon manatlarla pul qoyduğunu bəyan etmişdi..."

Hadisə baş vermişdi. Qəzada həlak olanları və belə demək mümkünsə, yoxa çıxanları prezident Ayaz Mütəllibovun özü, komandası unutdurmağa çalışmış, xüsusən Dİ naziri Tofiq Kərimovun məsləhəti ilə Az.TV xalqı aldatmışdı: "Əlverişsiz hava şəraitində uçan vertolyot dağa dəyərək qəzaya uğramışdı". Əslində bu saxta informasiya düşmənlərin və öz aramızda olan cinayətkarların əməllərini ört-basdır etmək üçün yayımlanmışdı.

...O dəhşətli, faciəli hadisədən 19 il keçir. Həmin gün həlak olanların hamısının əziz xatirəsi önündə ehtiram əlaməti olaraq baş əyirəm. Onlar torpaqlarımızın bütövlüyü, xalqımızın əmin-amanlığı uğrunda canlarını qurban veriblər. Şəhidlər isə heç vaxt, heç vədə unudulmur, dönə-dönə yad olunurlar. Soruşa bilərlər: bəs nə üçün general-mayor Məhəmməd Əsədovun ictimai-siyasi fəaliyyətini, Vətən qarşısında xidmətlərini belə qabarıq təsvir etmisən? Cavabım qısadır: xidmətlərinə görə. Ailəsi, övladları, qohum-əqrəbası, dost-tanışları onun əbədi yoxluğuna hələ də inanmırlar. Vaxt-bivaxt yolunu gözləyirlər. Bəlkə yolu uzaqdı, kim bilə?..

 

 

Telman MEHDİXANLI

 

Xalq Cəbhəsi.- 2010.- 20 noyabr.- S.14.