Əlibala Hacızadə əsl xalq yazarı idi 

 

Əlibala Hacızadə ilə 30 il əvvəl tanış olmuşdum. Onun əsərlərini xüsusi sevgi acgözlüklə oxuyurdum. "Əfsanəsiz illər" kitabını azından beş dəfə oxumuşdum. Mən BDU-da imtahan verən illəri - 1984-cü ildə onun oğlu Qüdrət həmin universitetə qəbul olmuşdu. Bu səbəbdən Əlibala müəllimlə tez-tez görüşlərimiz olduğu üçün onda olan ilahi təbəssüm, baldan da şirin olan sözlərindən doymaq olmurdu. Bir gün dedim ki, Əlibala müəllim, əsərlərinizdə çoxsaylı şerlər verilib, niyə bu şerlərin kimin olduğunu yazmırsınız? Qayıtdı ki, "o şerlərin müəllifi özüməm. Sadəcə olaraq sinəmdə olan söz məbədgahını publisistikayla çatdırıram. Respublikamızda yüzlərlə şair varsa, roman, povest, hekayə yazanların sayı barmaqla sayılası qədərdir".

Bizim söhbətlərimiz bəzən çox uzanırdı. Əslində elə hesab edirdim ki, Əlibala müəllim mənə dərs keçir. Onda olan sadəliyə, danışığına, həmsöhbətini anlamaq həssaslığına heyran qalmışdım. Yüz minlərlə oxucusu olan bu yazıçının söz xəzinəsi günbəgün aşıb-daşırdı. Bir gün mənə zəng edib dedi ki, səni bir neçə alim akademiklə tanış etmək istəyirəm. Bu görüşə telli sazımla gəlməyimi istədi. Məmnuniyyətlə onun təyin etdiyi görüş yerinə getdim. İki "Volqa"da əyləşmiş alimlərlə tanış oldum. Mərhum şərqşunas alim Rüstəm Əliyev mənimlə doğma ata-bala kimi qucaqlaşıb görüşdü. Sonra qayıtdı ki, "ay Əlibala, mən bu aşıq Məhərrəmin səs yazılarını Təbrizdə, Tehranda dinləmişəm. Sən yaxşı görüb onu məclisimizə çağırmısan".

Burada ilk dəfə Xudu Məmmədovla, Mürsəl Həkimovla digərləri ilə görüşüb Mərdəkanda bir bağ evinə getdik. Döğrudan da o gün yaddaşlardan silinməz bir günə çevrildi. Rüstəm müəllim məndən xahiş etdi ki, M.H.Şəhriyardan bilirəmsə oxuyum. "Əlbəttə, bilirəm", deyib onun bir neçə şeirini oxudum. Ovqatı xoş olan Rüstəm müəllim dedi ki, "Şəhriyar babamızın şərəfinə "Şəhriyar" adlı bir qəzet təsis etmək fikrindəyəm. Bu, həm Arazın o tayı ilə, həm bu tayı ilə körpü rolunu oynamalıdır".

Elə oradaca Əlibala müəllimdən xahiş etdi ki, "bu qəzetin əsl idarəedicisi məsul nümayəndəsi sənsən".

Bu söhbətdən bir qədər vaxt keçmişdi ki, nəşriyyatda Rüstəm müəllimlə Əlibala müəllimlə üzbəüz gəldik. Məni öz otaqlarına aparıb tapşırıq verdilər ki, "folklor aşıqlar haqqında materialları hazırlayıb qəzetdə mütəmadi olaraq çıxış eləməlisən".

Mən tanınmış aşıqlar haqqında böyük yazılar hazırlayıb qəzetdə çıxış etməyə başladım. Bir həqiqəti bildirim ki, nəşr etdirdiyim "Tovuz aşıqları" kitabımdakı yazıların əksətiyyəti "Şəhriyar" qəzetində nəşr olunanlardır. Qəzetin baş redaktoru, professor Rüstəm Əliyev dünyasını dəyişəndən sonra Əlibala müəllim mənə dedi ki, "Rüstəm müəllimin parlaq xatirəsinə ehtiram olaraq onun haqqında xüsusi buraxılış hazırlayırıq. Sən bir şey yaz gətir".

Doğrusu, Rüstəm müəllimin vaxtsız vəfatına görə hamı kimi mən kədər  içindəydim. Odur ki, qəlbimin ağrılarını bu şeirdə bildirdim.

 

 

Getdi

 

Göynətdi qəlbimi bu qara xəbər,

Dedilər, ağıllı, kamallı getdi.

Əvəzsiz bir alim, ləl, cəvahir, zər,

Dili şəkər təki bir ballı getdi.

 

Çatılıb qaşlarım, açılmır eynim,

Dağılır xiffətdən dumanlı beynim,

ümidim, varlığım, məssəbim, dinim,

Şəhriyar babamın hilalı getdi.

 

Fələk, necə qıydın bir belə cana?

Dərd qoydun sinəmə sən yana-yana,

Böyük fəlakətdi Azərbaycana,

Min arzu həsrətli, amallı getdi.

 

Elə vurulmuşdu söz sənətinə,

Ürək nəvasına, saz sənətinə,

Məni vurğun etdi öz sənətinə,

Alimdə alimlik camalı getdi.

 

Hər zaman dahiyə dahi tək baxdı,

Günəş tək bərq vurdu, şimşək tək çaxdı,

Ürəkdən-ürəyə Araz tək axdı,

İnsanın paklığı, halalı getdi.

 

Neçə dil bilsə , sevdi dilini,

Qorudu Məhəmməd-İslam dinini.

Dünyaya göstərdi xoş əməlini,

Elmdə çox varlı, calallı getdi.

 

Üzün qara olsun, a qara torpaq,

Aşıq Məhərrəmə çəkdirirsən ah,

Varını verirdi o Hatəm sayaq,

Cənnəti-əlalıq olalı getdi.

 

Qəzetdə bu şeir dərc edilməmişdən əvvəl ən dəyərli şeirlərin biri kimi yüksək pul mükafatına layiq görülüb. Əlibala müəllim həmin pulu mənə verən zaman götürməyib qəzetin xərclərinə ödənilməsini xahiş etdim. Əlibala müəllim hər vaxt mənim gözütoxluğumdan, təmənnasızlığımdan da qələm yoldaşlarına danışardı. Əlbəttə, mən onlarla yubiley, kitab təqdimatı, konsert görüşlərdə birgə iştirak edirdim. Bir dəfə mənə dedi ki, "bir şerim var, ona cavab yaz". Mən həmin şeiri ondan alıb elə oradaca cavab yazdım. Sonra özünə oxudum. Yaman xoşuna gəlmişdi. 

 

 

Əlibala Hacızadə

 

Kimə deyim bu torpağın dərdini?

Satqını var, xaini var, mərdi var!

Qul ediblər çox insanın mərdini,

Bu işlərin tezliyi var, gərdi var.

 

 

Aşıq Məhərrəm Hüseynli

 

Bu torpağın, bu millətin, bu xalqın

Koroğlusu ər oğuldu, ərdi var.

Türk öz mərdliyilə yaranıb çılğın,

Babəki, Nəbisi, bəlli mərdi var.

 

 

Əlibala Hacızadə

 

Çağırıram, tanrım, səni imdada!

Uzaq olsun bu millətdən qan-qada!

Mənim gücüm bircə çatır fəryada,

Niyə kardı, Allah, bu dər-bu divar?!

 

 

Aşıq Məhərrəm Hüseynli

 

Tanrı döymü bizi salıb fəryada,

Boğdurur göz yaşı olan dəryada,

Vətənimdə vətənsizəm, hər yada,

Ürəyimin dünya boyda dərdi var.

 

 

Əlibala Hacızadə

 

Yalan iftiralar baş alıb gedir,

Vətəndaş vətəndən boşalıb gedir,

Əlibala, gözünü yaş alıb, gedir,

Hicran ayaq açıb, kefin gərdi var.

 

 

Aşıq Məhərrəm Hüseynli

 

Çoxunun əlində olmuşuq alət,

Qəddara, yaltağa aldanar millət.

Məhərrəm, çəksən zalımdan zillət,

Vətənin sevgisi səndə fərdi var.

 

...Bir tədbirdə qayıtdı ki, "mən bu aşıqla deyişmişəm, hayıf ki, şeirlər yadımda deyil, yoxsa onunla deyişərdim". Mən həmin bu deyişməni çalıb oxudum. Sonra o, mənə təşəkkürünü bildirib dedi: "Aşıq, oğul ona deyirəm ki, təkcə kitablarda deyil, aşıqların dilində məşhuri-cahan ola. Əsl çap buna deyərlər, sazla sözün vəhdəti özünü təsdiqləyir".

Son dəfə onunla 48 il ömür sürmüş sevimli xanımını itirəndən sonra görüşdüm. Bir qədər ona təsginlik verdimsə , başını bulayıb dedi: "Məhərrəm, elə bilirdim ki, 75-i, 80-ni başa vuracam. Evimizin xanımını itirən andan yaşamaq ümidini itirdim. Bircə şeyə gümanım gəlir ki, oxucularım, sizin kimi dostlarım məni unutmayacaq".

Bir neçə gündən sonra onun cismani yoxluğu məni sarsıtdı. Əziz dostumun qədir-qiyməti xalq tərəfindən uca tutulur. Cəsarətlə deyərdim ki, əsl xalq yazıçısı Əlibala Hacızadədir. Onun ən böyük adı xalqın mənəbbətidir. Eşq olsun ürəklərdə yaşayan, ruhu bizimlə olan belə xalq yazıçısına.

 

 

Məhərrəm HüSEYNLİ

 

Təzadlar.- 2010.- 30 noyabr.- S.15.