Çağdaş Şərq ədəbiyyatına yeni poetik zehniyyət gətirən zəka

 

 

Canı kim cananı üçün sevsə, cananın sevər,

Canı üçün kim ki, cananın sevər, canın sevər.

 

M.Füzuli

 

Beyti anlatmağa çalışaq. Sevilməyə layiq canandır. Yəni Can Alan! İnsan öz canını sevgilisi, cananı üçün sevməlidir. Canana gərəkli olan canı sevmək Cananı sevməkdir. Bu zaman sevgi xalisliyi ilə məcazilikdən qurtulur. Sevgi mən mərkəzindən O (Allah) mərkəzinə yüksəlir, ilahi səciyyə qazanır. Birinci misra ikinci misradan daha səmimidir. Baxmayaraq ki, ikincidə də sevgi var. Amma ilahi sevgidən fərqli mən sevgisi. Şair davam edərək deyir:

 

Canımı canan əgər istərsə, minnət canıma,

Can nədir ki, onu qurban etməyəm cananıma!

 

Göründüyü kimi, şərhə ehtiyac yeri qoymayıb ruhu şad olmuş dahi Füzuli.

Mövzumuza keçək. İnsan sevilməyə layiqdir, böyük şairlər isə böyük sevgilərə. Cənnət məkan ustad Şahmar Əkbərzadənin əsərlərini araşdırmadan sonra əminliyə gəldim ki, o, şeirlərini nə şeir, nə də şairlik xatirinə yazmayıb. Şeirlər ona Allaha, vətənə, insanlığa eşqini və sevgilərini ərz etmək vasitəsi olub. Əsərlərinə hardan baxdımsa, əllərini göylərə tutub dua edən bir varlıq gördüm. Bu görsəntilərdə isə şairin Gözəgörünməzə işarətini... Yəqin şairin paklığından, saflığındandır ki, kitablarından da oxuyub eşidənlərə əzan səsi duyulur. İlahi, bəşəri müjdələrlə dolu Şahmar şeiriyyəti düşüncəyə işıq saçır, vicdanlara ümid toxumları səpir. Sözün müqəddəsliyini ana südü kimi qoruyaraq, duyğuları, xəyalları vasitəsilə böyük fikirlərlə özünə qədər deyilməyən, bilinməyən dərinliklərə gedir. Doğma dilinin gücünə hakim olan bu möhtəşəm qələm sözə yeni nəfəs verir, misralara ölümsüzlük. Ziddlərin, təzadların ahəngini təsirli qüvvətlə misralandırıb, ruhi, ədəbi, məntiqi, hikmətli müqayisələri iç-içə keçirir. Duyğularını duyduğu kimi qələmə almaq olduqca çətin işdir. Bunu da məharətlə bacaran müəllif bəzən modern şeirin şifrəli tərzini işlədir. Çox söz yazmaq şeiriyyətə xələl gətirər. Böyük söz əhlinin arsenalında yüz minlərlə söz ehtiyatı olsa da, şair sözləri ələkdən keçirib yalnız misradakı mənalara uyğununu seçir. Mövzunu ritmə, ahəngə bağlayıb, ədəbi-bədii keyfiyyətləri birləşdirərək misilsiz üslub yaradır.

Şeir səsinin dalğalarını tutmaq, qafiyə hörgüsü, iç musiqi ilə çöl ahəngin tarazlığını saxlamaq, dildə axıcılıq, xəfif sitəmlər, estetik qayğılar, fikir bütünlüyü, tarixin dərinliyindən və göylərin ənginliyindən gələn fərqli əsintilər, misraları almaz kimi yontmaq, yorğun qəlblərə dinclik gətirmək, müdhiş xəyal gücü, ruh coşğunluğu, sonluğa qısa və kəsə yolla gediş, gələcəyə aid nikbin notlar, vüsala təşnə həsrət və sair məziyyətlər, ədəbi-mənəvi keyfiyyətlər sözügedən qələm sahibinin malik olduğu ölçüyəgəlməz fəzilətlər silsiləsindəndir.  

İdraküstü bir incəliklə zəkalara ürpərti verib, ruhları mənaların cazibəsinə çəkməyi bacaran ustad ilham aldığından daha çox ilham verir. Mənəvi incilər misalı şeirləri ilə həsrəti elə dilləndirir ki, təsirdən misraların bağrı dağlanır. Şairin qəlbi dərin mənaları, duyğuları sözlərə maqnit kimi çəkib yükləyir.

Ustadlardan rəhmətlik Bəxtiyar Vahabzadə, Məmməd Araz və adlarını çəkmədiyim bir sıra böyük qələm sahibləri kimi Şahmar Əkbərzadə də Azərbaycan poeziyasına çullanan palanı şeiriyyətin üstündən atanlardan biridir. Palan sözündə şeirdə işlədilən ağır, gərəksiz sözçülük nəzərdə tutulur. Az sözlə böyük mənaların ifadəsi gerçəyi də ustad şairimizin misralar üzərində olduqca böyük zəhmət çəkməsinin gerçəkliyidir. Şeirlərindən qırmızı xətlə keçən zaman və məkanüstü yüksəliş də bunu göstərir. Təbii ki, bütün mənaları hər kəs tərəfindən anlaşılan şeir ideal şeir sayıla bilməz. Əvvəla şeir hər kəs tərəfindən bilinən nemət deyil, ikincisi də, "şeirin mənası şairin içindədir" ifadəsi mövcuddur.

Maddi təcrübələr və səbəblər hadisələri anlatmağa yetməz. Mənəvi təcrübələr, qəlb mədəniyyəti olmalı, vicdanla qəlb ağılı təsdiq etməli, könül zehin modelinin dəyişikliyinə imkan yaratmalıdır. Böyük şairləri idrak etməyin başqa yolu yoxdur. Ortaq mədəniyyət, bilik və dəyərlərə yetərincə sahib olmayanlar bir-birini necə anlaya bilər ki, hələ onlardan böyük şairləri anlamaq da umula...

Hamı Allahı sevdiyini deyir. Amma Allah ağılla sevilmir axı. Məsələ iman işidir. Kimdə 1 faiz, kimdə 5 faiz, kimdə 55 faiz və s. varsa, həmin nisbətdə sevilir Allah. Böyük şairləri anlamaq da bu müqayisəyə xeyli oxşardır. Böyük şair özü Allahı sevməsə böyük ola bilməz. Böyük şairi anlamaq üçün də öncə bu anlayış mütləq Allah sevgisindən keçməlidir. Başqa keçid zahiridir, aldadıcıdır. Böyük şairləri anlamaq üçün şüur onların şeirlərindəki mənaları qavrayıb dərk etməyə hazır duruma gəlməlidir. Anlamaq şəxsiyyətə deyil, ondakı fenomenallığa yönəlir. Böyük şairlərin hamısı böyük şəxsiyyətdir. Amma fenomenallıq dərəcələri fərqli olur. Fenomenallığı təzahür etdirmə fenomenallığı da bir mürəkkəblikdir. Xəzan yarpaqlarında rənglərin tonları bir-birinin içinə necə qarışırsa, şairlərin şeirlərində də duyğular, mənalar, işarətlər qovuşuqlarını anlamaq, görmək, duymaq şərti var. Böyük ustadın kitablarındakı dərinliklərə varmaq, onun yaşantılarını eyni ilə olmasa da, qəlbən duymağın özü də asan məsələ deyil. Şahmar kimi nəhəng öz şeirlərini, yaradıcılığını başa çatdırmamış böyük ürəyi o böyük gərginliyə tab gətirmədi. Pak məzarını qələminin ucu ilə 1988-ci ildən infarktla könüllü olaraq qazmağa başladı ustad. Di gəl o böyüklükdə nəhəngin duyğularını, düşüncələrini, hikmətlərini xırdala və sağ qal görüm necə qalırsan?

Allahın izni olmasa Ş.Əkbərzadədən layiqli bir şey yazmaq olmaz. Ruhlar aləminə izinsiz girmək cəhdi qorxuludur. Bu qorxunun üstünə gedirəm. çünki Şahmar Əkbərzadə söz anlayan adamı qəhərləndirən ustad şairlərdəndir. Belə şairlərin ayağının tozundan da gözəl sənət əsəri yaratmaq olar. Və təbii ki, Allah istəsə. O da var ki, insanlardakı iradə, şüur və digər öldürülən mənəvi dəyərləri cəmiyyətdə bərpa etmək müşkül işdir. Məqsədim bu yolda iynə ucu yaxşılıqdır. Qarışqa deyir ki, Həccə çatmasam da, bilərəm ki, bu yolda öldüm.

Öz zirvəsinə çıxmaq üçün hər böyük şairin öz xəritəsi olur. Şahmar Əkbərzadənin xəritəsi əsərləridir. O əsərlər ki, çağdaş Şərq poeziyasına yeni zehniyyət dəyişikliyi gətirib. Şeirlərindəki idrakda, yeni düşüncə tərzində, dərin mənalarda, metafizik görüntülərdə və sairələrdə mövcuddur onlar.

Bəzən gerçəyi hayqırmaq gərəkdir. Amma gurultulu yox, sakit və səmimi! Keçmişdən gərəkli ibrətlər almayınca, gələcək əleyhimizə gərəksiz təkrarlanacaq. ŞEİRİN ŞEİRLİYİNİ ALİ TUTAN ŞAİRİ ADİ TUTMAQ POEZİYAYA ZüLüMDüR.

Təsəlli o ki, vaxtilə yaşadıqları zamanda qədri bilinməyənlər əsərlərindəki üstünlükləri ilə nəhayət, şərəfli mövqelərini axirətdən bu dünyaya təsdiq etdirirlər. Fiziki mənada bu dünyada olmayandan yazmaq, bu dünyada olandan yazmaqdan üstündür. İzaha nə ehtiyac?

Tarixdə çox nadir şairlər var ki, onlar özləri haqqında öygülü sözlər yazmaqdan qurtula bilməyib. Ustadlar bu gerçəyi ehtiyatla dilə gətirib ki, nəfslərinə ağır getməsin. Sözügedən böyük şairimizdə özünütərif yoxdur. Haqqı istəmək isə başqa mətləbdir. Böyük şair öz haqqı barəsində incə eyham, zərif və haqlı iradla hələ 1977-ci ildə, Allah dərgahına qovuşmazdan 33 il əvvəl yazdığı "Göyərər" adlı şeirinin sonunda deyir:

 

 

"Şahmarlardan seçən olsa Şahmarı,

Bu dünyanın qara daşı göyərər..."

 

Yeri gəlmişkən, aşağıdakı şeir həmin şeirə nəzirədir.

 

Şeir Görünməzə varma cəhdidir,

Bu şair ömrünün uca əhdidir.

Yazmaq söz əhlinin ibadətidir,

Arayıb bulan çox şah duyğuları,

Şahmarlardan seçən yoxdu Şahmarı.

 

Haqqını almadı o, sağlığında,

Yasaq inad etdi yasaqlığında,

Axirətlə dünya uzaqlığında,

An qədər yaxınkən ölümə sarı,

Şahmarlardan seçən yoxdu Şahmarı. 

 

Odur şeiriyyətin qeyri-adisi,

Mənalar ustadı, söz fədaisi,

Ecazlar ərz edir ədəbi irsi,

Olsa da zamanı, çox imkanları,

Şahmarlardan seçən yoxdu Şahmarı. 

 

Ondadır qüvvətli təsvirlə obraz.

Sudan suyun rəngin ayırmaq olmaz!

O, elə zirvədir, ora çıxılmaz,

Çoxdan buz bağlayıb sıldırımları,

Şahmarlardan seçən yoxdu Şahmarı. 

 

"Adamı" olmadı, Allahı oldu,

İnfarkt qələmiylə o, dahi oldu.

Bilmirəm kimin nə günahı oldu,

Qiptəmi yaratdı böyük qubarı?

Şahmarlardan seçən yoxdu Şahmarı.

 

Bu da bir taledi, bir qismət-qədər,

Ən dərin sevinclər doğurur kədər,

Bu qədirbilməzlik Dərgaha yetər,

Dönər şeirimizə hey qınaqları,

Şahmarlardan seçən yoxdu Şahmarı.

 

 

Sayğılarla:

 

Nizami Heydər 

 

Təzadlar.- 2010.- 5 oktyabr.- S.10.