Mənaya dönə bilsən 

 

Dərin çaylar sakit axar həmişə,

Dayazları daim hay-küy qoparar.

Cahillər xor baxar ulu keçmişə,

Aqillər tarixi çəkib aparar.

 

Üzdən görünəni görməyə nə var,

Gərək dərinliyə enə biləsən.

Axınla bir ömür sürməyə nə var,

Şərt odu mənaya dönə biləsən.

 

Elə qarış, eldən yapış, - deyiblər,

Amma gərək yolunu da tapasan.

Yolsuzları hər tərəfə əyiblər,

Yollu olsan- kökdən çətin qopasan.

 

Amalsız yaşamaq yaşamaqdımı?

Məqsədsiz, məramsız yol nəyə gərək?!

Məqsədlə ya\nmırsa bir ömrün şamı,

Onu sovurasan küləyə gərək!

 

Vətən eşqi iynə ilə vurulmur,

Əqidədə öz yerini tapmalı.

İnam istək ilməsiylə hörülmür,

Ruha, qana layla ilə hopmalı!

 

Ağatlıya bənzəməz hər at minən,

olsun ki, atı ağdı, ya qara!

Könül evi deyildir hər görünən,

Məkan hara, Ocaq hara, o hara?!

 

 

1 avqust 2010 

 

 

Özündən öyrən

 

Yaxşını yamandan seçmək istəsən,

Danışdır, kəlmə kəs - özündən öyrən.

Keçilməz yolları keçmək istəsən,

Səndən öndəkinin izindən öyrən.

 

Belə gəlib, belə gedir bu dünya,

Gör-götür dünyası deyirlər ona.

Eyni gözlə o baxmayır hamıya,

Oğul gərək sınaqlara qatlana.

 

Onun qarşısında acizlik etsən,

Səni yıxıb, üzərindən keçəcək.

Yox, əgər yol seçib, yolunla getsən,

O zaman o səni hədəf seçəcək.

 

Bəs onda neyləyək? Var olmaq üçün

Nəyi inkar edib, nəyi seçməli?!

Zamanla döyüşə atılmaq üçün

Nəyi qurban verib, nədən keçməli?!

 

Öz yolu - qibləsi olmayanları

Dövrün küləkləri tez əyir yaman.

İdraka, İnama dolmayanları

Həyatda qov təki oynadır zaman.

 

Ulu keçmişinə, kökünə söykən,

Kökdən güc almayan palıd da çökər.

Ruhunda ləyaqət toxumu əkən

Özünə fərəhdən abidə tikər.

 

Sentyabr 2010

 

 

Ay mənim buludum

 

Hərdən bəyaz olursan,

Ömrümə yaz olursan,

Heyif ki, az olursan,

Ay mənim buludum.

 

Yurdsuzam, yuvasızam,

Yurd yoxdu - havasızam,

Dünyada dünyasızam,

Ay mənim buludum.

 

Ürəyimdə odum var,

Xəyaldan qanadım var,

Bir quruca adım var,

Ay mənim buludum.

 

Ürəyim tək dol ki sən,

Mənə həyan ol ki sən,

Boğulmayım qəhərdən,

Ay mənim buludum.

 

Mənim  ümidgahımsan,

Güvəncim, hənahımsan,

Bir bəyaz sabahımsan,

Ay mənim buludum.

 

 

04.09.2010

 

 

Bir "Segah" çal, ay Vaqif

 

Uzun illər Səxavətlə birgə çalışan, bənzərsiz "Segah"ıyla qəlbləri riqqətləndirən qarmonçalan Vaqifə

 

 

"Segah"ınla sanki qanad açırıq,

Xəyalların ağuşunda uçuruq

Bax budur məharət, budur bacarıq!

Həsrətlərə gəl məlhəm ol, ay Vaqif,

Bir "Segah" çal, bir "Segah" çal, ay Vaqif.

 

Dərdə məlhəm qarmonunun dilləri,

Vəcdə gəlir könüllərin telləri,

Könül oxşar "Segah"ının gülləri,

Qanadlanıb uçur xəyal, ay Vaqif,

Bir "Segah" çal, bir "Segah" çal, ay Vaqif.

 

Uzun illər Səxavətlə çalışdın,

O yandısa, sən şam tək alışdın,

Yanıb-yanıb sən "Segah"a qarışdın...

Yaddaşlarda "Segah"ınla qal, Vaqif,

Bir "Segah" çal, bir "Segah" çal, ay Vaqif.

 

Dədə Qorqud hikməti var "Segah"da,

Xətainin qeyrəti var "Segah"da,

Füzulinin heyrəti var "Segah"da

Bir "Segah" çal, bizi bizdən al, Vaqif,

Bir "Segah" çal, bir "Segah" çal, ay Vaqif.

 

Gülablıda qoy dillənsin "Segah"ın,

Küləklərlə qoy tellənsin "Segah"ın,

Duyğularla qoy güllənsin "Segah"ın,

Bir anlığa bulud təki dol, Vaqif,

Bir "Segah" çal, bir "Segah" çal, ay Vaqif.

 

Bizə hər bir zövqü-səfa verən - ruh,

Ömrümüzü ömür kimi hörən - ruh,

Eşidən - ruh, danışan - ruh, görən - ruh...

Ruhumuza bir işıq sal, ay Vaqif.

Bir "Segah" çal, bir "Segah" çal, ay Vaqif.

 

 

Avqust 2010

 

 

Güllü muğam oxuyur

 

Kaman yaxşı, tar yaxşı,

Yağır rənglər yağışı.

Güllü Muğam oxuyur,-

Oyadır qan yaddaşı...

 

Güllünün əfsun səsi

Sehirləyir hər kəsi.

buluda bələnir

Bu səsdən göy qübbəsi

 

Güllü Muğam oxuyur,

Səsdən çələng toxuyur.

Hər kəlməsi, hər sözü

Müşki-ənbər qoxuyur

 

Eldən gəlir bu ahəng,

Hər çeşnidə neçə rəng.

Güllünün şaqraq səsi

Çağlayır şəlalə tək

 

Muğam oxuyur Güllü,

Sözləri dürlü-dürlü.

Gözü-könlü oxşayır

Güllünün bulaq dili

 

Əsrlərdən gəlir bu səs,

Sehirlidir bu nəfəs.

Düşür sirli aləmə

Bu səsi eşidən kəs

 

Güllü oxuyur Muğam,

Səsə bələnir axşam.

Bu Muğam gecəsində

Görünməmiş ehtişam...

 

 

Qəşəm İlqar RUHDAŞ

 

Təzadlar.- 2010.- 12 oktyabr.- S.15.