Qurbanini qiblə bilən şair

 

Folklor və aşıq sənətinə zərrə qədər bələd olan hər kəsə məlumdur ki, Dədə Qorquddan sonra ən qüdrətli ozanlarımızdan biriDirili Dədə Qurbanidir. Onun qədər aşıq sənətində xidməti olan çox az sənətkar ola bilər. Belə ki, onun aşıq havalarının təkmilləşməsi sahəsində misilsiz bəstəkarlığı, kamil aşıqlığı, yaradıcılığı və basılmazlığı lazımi qədər bizlərə məlumdur. Xalq dastanlarında və klassik aşıqlarımızın ifasında onun dastanı və sözləri oxunmaqdadır. Məhz buna görə də onun respublika səviyyəsində yubiley və yaradıcılıq tədbirləri keçirilmişdir. Bütün bunlarla birgə tanınmış ziyalı, gözəl qələm və söz sahibi Yusif Dirilinin təşəbbüsü və rəhbərliyi ilə uzun illərdən bəri "Qurbani məclisi" "Xudafərin" şadlıq sarayında təmənnasız olaraq fəaliyyət göstərir. Burada yüzlərlə qocaman, gənc şair və aşıqların üzə çıxmasında bu məclisin xidməti böyükdür. Neçə-neçə istedadlının meydan sayılan bu dədə ocağı mənim də çox bəyənib qəbul etdiyim ocaqdır. Burada İİR-dan, Borçalıdan və digər yerlərdən də şair və aşıqlar gəlib iştirak edir. Hörmətli jurnalistteleviziya işçilərinin əsl mövzusu burada iştirak edənlərin bəyənilmiş əsərləridir. Onlarla şairin və aşığın şeirləri toplanaraq almanaxlarda nəşr edilib. Dədə ocağında bəyənilən şairlərin şeirlər kitabları da nəşr edilib. Hər ayda bir dəfə keçirilən bu məclisdə ənənəvi olaraq klassik aşıq və şairlərin birinin ona həsr edilmiş sazlı-sözlü günü keçirilir.

Rafiq Mirzəylə ilk dəfə bu məclisdə tanış olmuşam. O, bu məclisin ağsaqqal və ən fəallarından biridir. Olduqca istedadlı, savadlı, xalq incilərinə yüksək həssaslıqla yanaşan söz adamıdır. Söz düşəndə deyir ki, mənim şeirlərim haqq üstündə köklənməsə əlimə qələm almaram. Doğrudan da qələminə, sözünə, özünə böyük məsuliyyətlə yanaşan şair dostumuz üç kitab müəllifidir. Bunlar 2006-cı ildə "Müəllim" nəşriyyatında nəşr edilən "Ömür-günü sanamadım nədənsə", 2007-ci ildə "Ömrümdən axan araz" şeirlər kitabı oxuculara təqdim edilib. 2007-ci ildə onun 60 illik yubileyi münasibətilə Yusif Dirilinin tərtibatıyla nəşr edilən "Ömrün altmışı" kitabı onun söz dünyasına ən dəyərli töhfələrdən biridir. Bütün bunlara görə o, "Qızıl qələm" mükafatına layiq görülüb.

Öz təbii və real şeirlərilə ürəklərə yol tapan şairin dili sadə və anlaqlıdır. Onun poeziyasında vətənpərvərlik mövzusu əsas sayılır. Rafiq Mirzənin şeirləri bizim hər birimizi vətənimizin erməni gavurları tərəfindən qəsb olunmuş yurdlarımızı geri qaytarmaq üçün mübarizəyə səsləyir. O, ağlamağı, acizliyi, fərsizliyi dərdimizin əlacı saymır. Mərd oğullarımızı basılmazlığa səsləyir. Dəfələrlə şahidi olmuşam ki, o, şeir söyləyən zaman məclisdəki şairlərin hamısı onu diqqətlə dinləyir. Ona görə ki, o, mövzularını real həqiqət üzərində qurur. Hər kəs Rafiq Mirzə səmimiyyətinə, poetik dünyasına, yaşına xüsusi münasibət göstərir. Mütəmadi olaraq respublikamızın mətbu orqanlarında şeirlərilə çıxış edir. Təbriz, Qarabağ dərdini öz dərdi bilir. Sözünü yerində deyir. Bir müsəlləh əsgər kimi hər kəsin vətənə layiqli xidmətini poeziyasında əsas sayır. Azərbaycandakı telekanallar onun barəsində dəfələrlə verilişlər hazırlayaraq geniş xalq kütləsinə çatdırıb. Ömrünün müdrik çağlarını şeirsiz, sazsız keçirməyən Rafiq Mirzə yaradıcılığı hazırda sevilə-sevilə oxunur. Bütün bunları nəzərə alaraq oxuculara bu qızıl ürək, qızıl bilək və "Qızıl qələm"sahibinin bir sıra şeirlərini ərmağan edirik.

 

 

Mənim Azəri yurdum

 

Qəlbim, ocağım, odum,

Mənim Azəri yurdum.

Sənin qurbanın olum,

Səni qəlbimdən sordum,

Mənim Azəri yurdum.

 

Sən qədər doğmasan,

Ürəyimsən, qanımsan.

Dərdimin loğmanısan,

Mən səndə yuva qurdum,

Mənim Azəri yurdum.

 

Mən qoynunda böyüdüm,

Nəbzinlə bir döyündüm,

Zəfərinlə öyündüm,

Özümdə qürur duydum,

Mənim Azəri yurdum.

 

Araz, Kür damarımdır,

Qara neft qanımdır,

Xəzər xanimanımdır,

Mən sənə heyran oldum,

Mənin Azəri yurdum.

 

Qayaların kəklikli,

Meşələrin bəzəkli,

Torpağın bərəkətli,

Mənzərənə vuruldum,

Mənim Azəri yurdum.

 

Zəmzəm suyu bulağın,

Tükənməzdir qonağın,

Sayalıdır ayağın,

Varına qurban olum,

Mənim Azəri yurdum.

 

Rafiqəm vətənimsən,

Sözümsən, söhbətimsən,

Şanımsan, şöhrətimsən,

İsti ocağım, odum,

Mənim Azəri yurdum.

 

 

Cəbrayıl

 

Əlçatmaz qəriblikdə

Cəbrayılım var mənim.

Düşmənlə şəriklikdə

Cəbrayılım var mənim.

 

Vüqarlı Diri dağım,

Adam deyir hey baxım.

Tarixdən yadigarım,

Cəbrayılım var mənim.

 

Qocaları söhbətli,

Adamları hörmətli,

Aşıq Pəri həsrətli

Cəbrayılım var mənim.

 

Çinarı dağ vüqarlı,

Səfalı buz bulaqlı,

Araz boyu oylaqlı

Cəbrayılım var mənim.

 

Həsrəti uzun sürən,

Tez-tez yuxuma girən,

Üzüb məni öldürən

Cəbrayılım var mənim.

 

Daim sözüm-söhbətim,

Qarabağım, vətənim,

Alikeyxalı kəndim,

Cəbrayılım var mənim.

 

 

Əsgər

 

Əsgərəm, vətənin keşiyində mən,

İstərəm dayanım məğrur ər kimi.

Daim səsim gəlsin soyuq səngərdən,

Qoruyum yenilməz bir əsgər kimi.

 

Siz hərbi xidməti sanmayın asan,

Hərbiyə gərəkdir zəkalı insan.

Bilinki vətənin keşiyin çəkən

Namusu, vicdanı düşünür hökmən.

 

Əsgər adı böyük, şərəfli addır,

Bu adla yaşayan çox bəxtiyardır.

Vətəni qorumaq onun yoludur,

Hər vətən oğlunun övlad borcudur.

 

 

Məhərrəm Hüseynli,

aşıq, şair-publisist

 

Təzadlar.- 2010.- 12 oktyabr.- S.15.