Tovuz - aşıqlar diyarı...

 

Tovuz aşıqlar diyarıdır. Burada hər yüz evin səksənində saz var. Son illərə qədər toyunda, şadlığında aşıq olmayana bir təhər baxırdılar. Bütün hər yerdə Tovuzu sazlı-sözlü bir diyar kimi qəbul edirlər. Hələ keçən əsrin əvvəllərində dahi bəstəkarımız üzeyir Haçıbəyli, xalq şairi Cəməd Vürğun, Osman Sarıvəlli, Hüseyn Arif və digər tanınmışlarımızın haqlı olaraq Tovuzu aşıqların konservatoriyası adlandırmaqları təsadüfi deyildir. Bu mahalın dağ vüqarlı ozanı H.Bozalqanlı, Nəcəf Əlimərdanlı, Aşıq Əsəd, Aşıq Mirzə, Aşıq Vəli, Aşıq Ələkbər Ələsgərov, Mikayıl Azaflı, İmran Həsənov, Əkbər Cəfərov, Mahmud Məmmədov, Yusif Yusifov, Yunis Həsənov, Əlixan Niftalıyev, Məhərrəm Hüseynli, Aydın çobanoğlu, Xanlar Məhərrəmov, Əli Quliyev, Xalıqverdi Namazov, Qədir İsmayılov, Ələsgər Tağıyev, İdris Alakollu, Aşıq Səməd Köhnəqalalı, Aşıq İbrahim, Aşıq Məhəmməd Rzayev, Aşıq Məhəmməd Əlimərdanlı, Aşıq Yolçu Məhərrəmov, Aşıq Abbas Həsənov, Aşıq Məhəmməd çovdaroğlu, Aşıq Həsən, Aşıq Nuru Məhəmmədoğlu, Aşıq Etibar, Aşıq Əli Bayramlı, Aşıq Hakim Azaflı, Aşıq Gülarə Azaflı, Aşıq Etibar Möhsümov, Aşıq Zülfiyyə, Aşıq Lətifə, Aşıq Məhəmməd Məmmədov və onlarla adını çəkmədiyimizlərin sənət dünyası deyilənlərin əyani sübutudur.

Bu barədə aşıq, şair, publisist Məhərrəm Hüseynlinin 2003-cü ildə "Şuşa" nəşriyyatı tərəfindən nəşr edilmiş "Tovuz aşıqları" kitabında elmi-publisist məqalələr oxuculara çatdırılmışdır. Lakin bu kitab Tovuza həsr olunduğuna görə aşıqların bir çoxları haqqında qısa məlumatları təqdim edirik:

Aşıq Hüseyn Bozalqanlı 1963-cü ildə Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub. 12 yaşından yaradıcılığa başlayıb. 1871-ci ildə mədrəsədə ərəb və fars dilini mükəmməl öyrənib. O, Quranı və klassiklərimizin əsərlərini dərindən bilərək çoxsaylı təcnis, müxəmməs, qıfılbənd, qoşma, gəraylı, ustadnamə, mərsiyə və dastanlar yazıb yaratmışdır. Az bir zamanda ustaddan dərs alan H.Bozalqanlı dövrünün ən basılmaz aşığı kimi tanınıb. Qarşılaşdığı aşıqlara daim öz üstünlüyünü sübut edib. Onun Aşıq Ələsgərlə, Şair Ağacanla, Aşıq Məhəmmədlə, Aşıq İbrahimlə, Aşıq Nəcəflə, Mirzə Səmədlə, Xayyat Mirzəylə qarşılaşması dediklərimizə sübutdur. Ustad aşıq kimi böyük aşıq nəslinin yetişməsində misilsiz rol oynamışdır. Onlardan Dəmirçi Aşıq Hüseyn, Əlimərdanlı Nəcən, Bozalqanlı Aşıq Vəli, Xatınlı Ələkbər Ələsgərov, Aşıq Qədir İsmayılov, Aşıq Mirzə Bayramov və digərlərinin adını çəkmək olar. Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Əməkdar incəsənət xadimi" H.Bozalqanlı "Şərəf nişanı" ordeninə layiq görülmüşdü.  

Hazırda onun adına "Hüseyn Bozalqanlı aşıq muzeyi" vardır. 2008-ci ildə 1-ci cild şeirlər kitabı oxuculara təqdim edilib. Böyük ustad H.Bozalqanlı 1941-ci ildə vəfat edib. Qəbri Bozalqanlı kəndindədir.

Aşıq Nəcəf Əlimərdanlı 1900-cü ildə Tovuzun  Əlimərdanlı kəndində anadan olub. Aşıq sənətini Aşıq Hüseyn Bozalqanlidan öyrənib. Bir yaradıcı aşıq kimi qoşma, gəraylı, təcnis, ustadnamə, divani, müxəmməs yazıb. Bir şeirlər kitabı nəşr edilib. AYB-in üzvü olub. 1928-ci ildə aşıqların birinci qurultayına nümayəndə seçilib. 1941-1945-ci illərdə BVM-də qəhrəmanlıqla döyüşüb. O bu döyüşlərdə sağ gözünü itirib. 1946-cı ildə vəfat edib. Məzarı doğma kəndindədir.

Aşıq Əsəd Rzayev 1874-cü ildə Göyçə mahalının Böyük qaraqoyunlu kəndində anadan olub. Əslən Tovuzun köhnə Bozalqanlı kındindən olublar. Aşıq sənətini dahi ustad Dədə Ələsgədən öyrənib. Bənzərsiz zil səsin, ilahi yaddaşın, saysız dastanklassik aşıq sənətinin bilicisi olan ustad çoxsaylı şerlər, dastanlar müəllifidir. Bir neçə şeirlər kitabı nəşr edilib. AYB-nin üzvü, birinci aşıqlar qurultayına nümayəndə seçilib. 1938-ildə "Şərəf nişanı" ordeninə layiq görülüb. Bir ustad kimi yeni nəsil aşıqlar yetişdirmişdir. Bunlardan türk dünyasının böyük ozanı Aşıq Mikayıl Azalı, Aşıq Məhəmməd Rzayev, Aşıq Məhəmməd çovdaroğlu, Aşıq Cahad, Aşıq Əlhəm Ərəbov, Aşıq İslam Yusifov və digərlərinin adını çəkmək olar. O, 1956-cı ildə vəfat edib.

Aşıq Mirzə Əhməd oğlu Bayramov 1908-ci ildə Tovuzun Cilovdarlı kəndində doğulub. Uşaqlıqdan saza-sözə bağlı oduğundan H.Bozalqanlıdan dərs alıb. Misilsiz səsin, geniş ifa taktikasının, zəngin söz bazasının və çoxsaylı yaradıcılığın müəllifidir. İfaçılığın ən dahi nümayəndəsi kimi ustadı tərəfindən yüksək qiymətləndirilib. Məhz buna görə də dahi bəstəkarımız Ü.Hacıbəyli onun potensial imkanlarından istifadə edərək "Koroğlu" operasını və uvertürasını yazaraq böyük şöhrət qazanmışdır. "Mirzəcanı" və "Mirzə dubeyti" aşıq havalarını yaratmışdır. 1926-1928-ci illərdə aşıq yarışmalarında birinci yeri tutmuşdur. O, Moskvada keçirilən tədbirlərdə qızıl medallara layiq görülmüşdür.

Aşıq Yusif Yusifov Tovuz rayonunun Azaflı kəndində anadan olub. O, aşıqlığı qaraçı oğlu İbrahimdən mənimsiyib. Aşıq Əsəddən sonra Mikayıl Azaflıya da ustadlıq edib. Eyni zamanda tanınmış aşıqlardan aşıq Yunis Həsənovun, aşıq Qəhrəman Rüstəmovun, aşıq Mikayıl Quliyevin, aşıq Xanoğlanın ustadı olub. Aşıq Əkbər Cəfərovun kamil sənətkar kimi yetişməyində əməyi danılmazdır. Bütün mənalı ömrünü Azərbaycan aşıq sənətinin tərəqqisinə həsr etmişdir.

Aşıq Mikayıl Azaflı 1926-cı ildə anadan olub. Aşıqlığı aşıq Əsəd Rzayev və aşıq Yusif Yusifovdan öyrənmişdir. O, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin üzvü olub. Qüdrətli saz-söz ustadı M.Azaflı şeirin 28 formasında qələmini sınamışdır. Uzun illər Tovuz aşıqlar ansamblının aparıcı nümayəndəsi kimi öndə gedənlərdən olub. O, AAB-nin idarə heyətinin üzvü, 3-cü və 4-cü aşıqlar qurultayının nümayəndəsi seçilib. Azərbaycan Respublikasının "Əmakdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb. İlk - "Qoca qartal" şeirlər kitabı 1987-ci ildə, 2-ci kitabı 1989-cu ildə, 3-cü və sonuncu - "Qoca Azaflıyam" kitabı 2008-ci ildə çapdan çıxıb. Onun 60,70, 80 illik yubileyi və yaradıcılıq decələri keçrilib. 14 aşıq havasının yaradıcısı, 20-dən cox aşığın ustadı olub. Onun yetirməsi - bəndəniz ustadıma "Azaflı" poemasını yazmışam.

Aşıq Məhəmməd Əhməd oğlu Rzayev 1883-ildə anadan olub. Aşıqlığı qardaşı aşıq Əsəddən öyrənib. Misilsiz havaşünas kimi tanınib. O, qoşma, gəraylı, təcnis, müxəmməs və digər şeir janrlarında yazıb-yaradıb. Aşıq Məhəmməd bir çox aşıqların kamil sənətkar kimi yetişməsində əlindən gələni əsirgəməyib. 1968-ci ildə vəfad edib.

Aşıq Qədir Abbas oğlu İsmayılov 1905-ci ildə anadan olub, aşıqlığı doğma dayısı Hüseyn Bozalqanlıdan və onun şəyirdi aşıq Mirzə Bayramovdan öyrənib. Gözəl səsin, peşəkar ifaçılığın, zəngin dil mədəniyyətinin sahibi olub. Olduqca yüksək məzəli danışıqlı aşıq olduğu üçün el arasında ona "Qaravəlli Qədir" ləqəbi veriblər. Təkcə onu demək kifayətdir ki, aşıq Qədir umumdünya şöhrətli aşıq Əkbər Cəfərovun ustadıdır. Artıq 15 ildən çoxdur ki, Qədir aramızda olmasa da, sözü-söhbəti dillər əzbəridir.

Aşıq Vəli Qaraxanlı 1902-ci ildə Tovuzun Qaraxanlı kəndində anadan olub. Hüseyn Bozalqanlı və aşıq Nəcəf Əlimərdanlıdan aşıq sənətini öyrənib. Onun qədər xalq dastanlarını dəqiq bilib ifa edən az sənətkarlar ola bilərdi. Aşıq Vəli öz ifa yaradıcılığı ilə sayılıb-seçilən sənət korifeylərindən biri olub.

Aşıq Seyid İbrahim Musa oğlu Möhsümov Tovuz rayonunun Qaradaş Seyidləri kəndində anadan olub, aşıqlığı aşıq H.Bozalqanlı ilə aşıq Əsəd Rzayevdən öyrənib. Yaradıcı ustad aşıq kimi qoşma, gəraylı, təcnis və digər şeir növlərində yazıb-yaradıb. 1943-cü ildə vətəni müdafiə üçün BVM-ə yollanıb. Həmin ildə ağır yaralanıb və qəhrəmancasına həlak olub.

Aşıq Ələkbər Ələsgərov (Kor Ələkbər) 1901-ci ildə Tovuz rayonunun Xatınlı kəndində anadan olub. Aşıq sənətini H.Bozalqanlıdan öyrənib. Zil səsi, güclü yaddaşı sayəsində ən nadir sənətkarlardan biri kimi tanınıb. O, dövrünün qüdrətli aşıqları ilə məclislərdə birgə iştirak edib, ağır toyları yola verib. Klassik aşıq sənətini və bütün folklor incilərini dərindən bilib, ifa edib. Aşıq Ələkbər 1992-ci il fevralın 9-da vəfat edib.

Aşıq Seyid Rza 1920-ci ildə Xatınlı kəndində anadan olub, aşıq sənətin sirlərini ustad aşıq Ələkbər Ələsgərovdan (Kor Ələkbərdən) öyrənib. Tanınmış peşəkar aşıq kimi el arasında böyük hörmət və nüfuza malik olub. Şirin ifaya, məzəli danışığa, gözəl saz çalmağa malik sənətkar olub. Saysız toy-düyünlər keçirib, Tovuz aşıqlar ansamblının tərkibində dövlət tədbirlərində, rayon və Bakı zəhmətkeşləri qarşısında çıxışlar edib. 1983-cü ildə vəfat edib.

Aşıq Məhəmməd çovdar oğlu 1922-ci ildə Tovuz rayonunun Covdarlı kəndində anadan olub. Aşıq sənətini aşıq Əsəd Rzayevdən öyrənib. Onun zəngin söz bazası, dini bilgisi, səriştəli saz ifaçılığı, şahanə çıxışları bir daha korifeyliyini təsdiq edib. Uzun illər Aşıq Əsəd, Aşıq Mirzə, Mikayıl Azaflı, Aşıq İmran, Aşıq Əkbər və digər həmkarlarıyla Tovuzda, Qazaxda, Bakıda və digər yerlərdə dövlət tədbirlərində, bayram konsertlərində, el şənliklərində yüksək peşəkarlıq nümayiş etdirib və çıxışları hərarətlə qarşılanıb. Ensiklopedik bilgili ustadın sinəsində yazıya-pozuya alınacaq çox şey var. ömrün 90-a yaxınlaşdığı ərəfəsindədir. Bir ustad və yaradıcı sənətkar kimi böyük nüfuza malikdir. Ona sağlıq diləyirik.

Aşıq Məhəmməd Əlimərdanlı (Aşıq Nəcəf Əlimərdanlının qardaşıdır) 1913-cü ildə anadan olub. Sazı-sözü qardaşı Aşıq Nəcəf Əlimərdanlıdan öyrənib. Gözəl səsi və peşəkar saz ifaçılığı ilə seçilib. Məharətli məclis aşığı olub. Klassik aşıq sənətini dərindən bilibifa edənlərdən biri olub. Aşıqların 4-cü qurultayına nümayəndə seçilib. Tovuz aşıqlar ansamblının üzvü kimi tədbirlərdə mütəmadi olaraq iştirak edib. O, 1988-ci ildə vəfat edib.

Aşıq Nağı Rzayev 1903-cü ildə Tovuzun Düzqırıqlı kəndində anadan olub. Aşıq sənətini Aşıq Mirzə Bayramovdan öyrənib. İfaçılıqda ustadından fərqlənməyən Aşıq Nağı məclis aşığı kimi ad çıxarıb. 72-dən çox saz havasının, 40-dan çox dastanın, minlərlə şeirlərin məharətli ifaçısı olub. Tovuz aşıqlar ansamblının aparıcı aşıqlarından olub. İlahi və qaibanə səsindəki şirinlik onu dinləyənləri heyran edib. 1991-ci ildə vəfat edib.

Aşıq Hüseyn Rzayev (Hüseyn Dəmirçi) Bozalqanlı Hüseynin yetirməsidir. Zil səsi, güclü dastan ifa etməsiylə seçilib. Aşıq çopur Ələsgərin və digər tanınmışlarımızın ustadı olub. Şair, publisist Şəmşad Rzanın atasıdır. Ustad sənətkar kimi təsdiqlənmişlərdəndir. Onun dilindən oğlu Şəmşad Rza və digər tədqiqatçılar onlarla dastan və rəvayətləri, qoşquları qələmə alıblar. Ustadı Hüseyn Bozalqanlı haqqında yazıya alınanların 60 faizi onun danışdıqlarıdır.

Aşıq Məhərrəm Hüseyn oğlu Hüseynli 1959-cu il iyul ayının 26-da Tovuzun Qaradaş kəndində doğulub. BDU-nun məzunudur. Yaradıcılığa orta məktəb illərindən başlayıb. Ali məktəbdə oxuduğu illərdə dəfələrlə xalq yaradıcılığının qalibi olub. 11 kitabı nəşr edilərək ictimaiyyətə təqdim edilib. Dastançıların birinci beynəlxalq festivalında 1-ci dərəcəli diploma layiq görülüb. AAB-nin sədr müavini kimi çoxsaylı yubiley, ədəbi-bədii gecələr, konsertlər təşkil edərək onların aparıcısı olub. ölkə, İİR, Türkiyə, Rusiya mətbuatında çoxsaylı məqalələri dərc edilib. 150 dəfədən cox televiziyada, 300 dəfədən çox radio dalğalarında fərdi çıxışları olub. 5 video, 12 audio albomu çıxıb. Arxivə 170-dən çox lent yazıları daxil olub. Hazırda AAB idarə heyətinin üzvü, "Qızıl qələm" mükafatı laureatıdır. 7OO səhifəlik şeirlər kitabı çapa hazırdır. ömrünün 50-ci baharını böyük yadda qalan uğurimzayla başa vuran ustad Azərbaycan və Tovuz üçün tanrıdan ən dəyərli töhfədir. Tarixdə sazıyla, səsiylə, yeni-yeni şeirləri və dastanlarıyla birgə mərdliyi, sədaqəti, səmimiyyəti, xeyirxah əməlləri ilə qalacaq saz-söz fədaisinə uğurlar diləyirik.

Aşıq Mahmud Qasım oğlu Məmmədov 6-cı ümumdünya festivalının laureatı, Atatürk adına qızıl medalin təltifçisi, Prezident təqaüdçüsüdür. Aşıq sənətinin ən nadir ifaçılarındandır.

Aşıq Əlixan Niftalıyev "Əməkdar mədəniyyət işçisi", beynəlxalq festivallar laureatı, məşhur peşəkar və nadir zil səsiylə fərqlənəndir.

Əziz oxucular, sazda-sözdə ucalaraq qocalanların, böyük nailiyyətlər qazananların xidmətləri, zəhmətləri unudulmazdır. Hamısı haqqında bu yazıda məlumat verə bilmirik. Növbəti yazılarımızda aşıq və şairlərimizin nəinki haqqında qısa məlumat verəcəyik, eyni zamanda onların əsərlərini də sizlərə çatdıracağıq. Bünün üçün əlimizdə lazımi qədər mənbəmiz var. İnanırıq ki, Tovuz torpaqlarının düşmənə verilməməsinin sehrisazsöz müqəddəsliyi qədərdir. Haqqa tapınmaq, yurdunu, sazını-sözünü sevməyin özü də sevilməyə layiqdir. Eşq olsun bu sevgiyə ki, sevənlərin sırasındayıq. Telli saz da bu sevgini müşayiət edir.

El şairlərindən Məmməd İsmayıl, Məstan Gülər, Rasim Kərimli, Şəmşad Rza, İsa Cavadoğlu, Həsən Mülkülü, Rəsul, İdris Alakollu, Səfər Misfər, Fətəli, Telman Tovuzlu, Nəsir Əhmədli, Tapdıq Xatınlı, Əziz Məftun, İslam Bozalqanlı, Məzahir Əlimərdanlı, Dilarə Azaflı, Vaqif İsaqoğlu, Murad Köhnəqala, Bağman Babaonlarla adını çəkmədiyimiz cox nadir, istedadlı söz ustadları var ki, əksəriyyəti yüksək qiymətləndirilirlər.

 

 

Məhərrəm Hüseynli,

aşıq, şair-publisist

 

Təzadlar.- 2010.- 14 oktyabr.- S.14.