Dağlar küsüb məndən, Allah

 

l hissə

 

Getsəm, dağlar sağlar məni,

Gəlsəm, dağlar saxlar məni,

Bu dünyada bir qəribəm,

Ölsəm, dağlar ağlar məni.

 

Göyçəmin gözündən süzülən qanam,

Köksü çalın-çarpaz Azərbaycanam.

 

Görüşünə gedəmmirəm,

Dağlar küsüb məndən, Allah...

Harayına yetəmmirəm,

Dağlar küsüb məndən, Allah...

 

Bulaqlardan sözüm qaynar,

Qayalardan səsim yaynar,

Sümşad çaxar, gürşad oynar,

Dağlar küsüb məndən, Allah.

 

Qara zurna səsi gəlmir,

İgidlərin bəhsi gəlmir,

Gözəllər dəstəsi gəlmir,

Dağlar küsüb məndən, Allah...

 

Göyçəm sassız, sözsüz qalıb,

Türkün yurdun hayes alıb,

Rəngim, ruhum lap saralıb,

Dağlar küsüb məndən, Allah...

 

Göyçəm, mərdlər yurdu Göyçəm,

Ordu istər, ordu Göyçəm,

Di, səslə boz qurdu, Göyçəm,

Dağlar küsüb məndən, Allah...

 

El köç edir, silah tutmur,

Göz yaşlarını qurutmur,

Qişası Allah unutmur,

Dağlar küsüb məndən, Allah...

 

Ağlar qoyan, ağlar olur,

Zəlzələ, vəlvələ salır,

Hayesin köpünü alır,

Dağlar küsüb məndən, Allah...

 

Qorbi gəlir İrəvana,

Hayes əziz-xələf ona,

Osa yağ tökür yanğına,

Dağlar küsüb məndən, Allah...

 

Başı yastı, qəlbi çamur,

Hayklar ondan imdad umur,

Dənizdən-dənizə cumur,

Dağlar küsüb məndən, Allah...

 

Qaçqın, köçkün könlü viran,

Qan-qan deyir hayes hər an,

Böyümədə "Ermənistan",

Dağlar küsüb məndən, Allah...

 

Ara vurur ala qarğa,

Dünya durur hayka arxa,

Hayk öyünür lovğa-lovğa,

Dağlar küsüb məndən, Allah...

 

Təbriz, İstanbul heç dinmir,

"Türkəm" deyən bir görünmür,

Qovğa alvolanır, sönmür,

Dağlar küsüb məndən, Allah...

 

Göyçə əl-ayaqlı gedir,

Qalan bölgələr seyr edir,

Yurd yerində bayquş ötür,

Dağlar küsüb məndən, Allah...

 

Hanı mənim türklüyüm bəs?

Mən əliləm, yoxsa şikəst?

İrəli durmayır bir kəs,

Dağlar küsüb məndən, Allah...

 

Boş qalıb bəndi-bərəmiz,

Baş girləyirik hərəmiz,

Hanı Koroğlu nərəmiz?

Dağlar küsüb məndən, Allah...

 

Əl-qolumu bağlayan kim?

Köksüm başın dağlayan kim?

Bu cadu, bu tilsim?

Dağlar küsüb məndən, Allah...

 

Hər bir şeyin var öz adı,

Şərin xeyirdir təzadı,

Köləlik verir fəsadı,

Dağlar küsüb məndən, Allah...

 

Qorx ki, fəsad lap cərləşə,

Oğraşlaşa, ləçərləşə,

Daha da eybəcərləşə,

Dağlar küsüb məndən, Allah...

 

Kommunistlər maskalana,

Bəylik verilə ona,

Dönələr yurd qaytarana,

Dağlar küsüb məndən, Allah...

 

Ey türk, sərsəm fikrə cumma,

Şərəfsizdən şərəf umma,

Qorxuludur cüzam, cuma,

Dağlar küsüb məndən, Allah...

 

Barmağa dolana millət,

İş görə alvernən, rüşvət,

Dəhşətə edilə heyrət,

Dağlar küsüb məndən, Allah...

 

Onlar yığma neçə sortdan,

Milləti qorxudan xortdan,

Göyçə adı çıxa yaddan,

Dağlar küsüb məndən, Allah...

 

Sonrasa dörd doqquz ola,

Bəyliyə qırsaqqız ola,

Gedən gedə, qalan qala,

Dağlar küsüb məndən, Allah...

 

Necə ki, it tikə qapır,

Kor yapalaq halva tapır,

Calağan da çalır, çapır,

Dağlar küsüb məndən, Allah...

 

Onlar elə nazlanarlar,

Neftlənər, qazlanarlar,

Kef-damağı sazlanarlar,

Dağlar küsüb məndən, Allah...

 

Məlul baxma, o Şahdağı,

Alı, Ələsgər oylağı,

Gözüm oldu qan çanağı,

Dağlar küsüb məndən, Allah...

 

Böylə getsə işlər, böylə,

Çox müşküldür halım söylə,

Qurd qoyunu buraxmaz neylə,

Dağlar küsüb məndən, Allah...

 

Şəhriyarı bir xatırla,

"Millət yenə qoyun ola,

Qurd ilə qol-boyun ola"

Dağlar küsüb məndən, Allah...

 

Ot kök üstündə bitməyə,

"Bay" saqqız başdan itməyə,

Səməd ağalar yetməyə,

Dağlar küsüb məndən, Allah...

 

Dinirəm, heç dinmir dağlar,

Dərdlərimi yenmir dağlar,

Üzü bəri dönmür dağlar,

Dağlar küsüb məndən, Allah...

 

Dağlar sevmir ləliməyi,

Küsüb dağlar Şahı, bəyi,

Dəyişməyin kimnən, nəyi,

Dağlar küsüb məndən, Allah...

 

Mərd türklərin izi durur,

Qopuz çalır, əmud vurur,

Dağlar məndən istər qürur,

Dağlar küsüb məndən, Allah...

 

 

Fəzail İsmayıl Böyükkişi

 

Təzadlar.- 2010.- 14 oktyabr.- S.15.