Söyüdlər ağlayanda...

 

Duman olur, çən olur,

Bilmirəm nədən olur,

Göz yaşım dən-dən olur,

Söyüdlər ağlayanda...

 

Ürək yaman kövrəlir,

Üz-gözə qəhər gəlir,

Yaş yanağa sərilir,

Söyüdlər ağlayanda...

 

Sahil çənə bürünür,

Dəniz məhzun görünür,

Sevincim qəmə dönür,

Söyüdlər ağlayanda...

 

Kölgəsi suda üzər,

Jalədən muncuq düzər,

Nakam aşiqə bənzər,

Söyüdlər ağlayanda...

 

Budaqlar yazıqlaşar,

Yarpaqlar qucaqlaşar,

Təbiət uşaqlaşar,

Söyüdlər ağlayanda...

 

Xatirələr oyanar,

Xəyallarla daranar,

Sevdalara boyanar,

Söyüdlər ağlayanda...

 

 

Bu gecənin bəyazlığı

 

Bu gecənin bəyazlığı

Apardı hara məni?!

Bu gecənin bəyazlığı

Sanki çəkdi dara məni.

 

Bu gecənin bəyazlığı

Qəlb dünyamı işıqlatdı.

Bu gecənin bəyazlığı

Ürəyimə yaman yatdı.

 

Bu gecənin bəyazlığı

Hər yanı nur eylədi.

Qaranlığı əridib,

İşığı gur eylədi.

 

Bu gecənin bəyazlığı

Qanad verir xəyala.

Səmalara uçurur,

Az qalır çata aya.

 

Bu gecənin bəyazlığı

Gecəni gündüz edir.

Yeri göylər kimi

Səhra tək dümdüz edir.

 

Bu gecənin bəyazlığı

yaman sehirlidir.

Bu gecənin bəyazlığı

Qəlbim təki sirlidir..

 

 

Çoban günahkar

 

Həqiqət qılıncı korlaşan zaman

Yəqin at oynadar meydanda yalan.

Belədir bu həyat, belədir dövran,

Bu ağrı-acını kiminlə bölüm?

Yaşamaq bir zülüm, ölmək bir zülüm.

 

Düzün qarşısını yalan kəsəndə,

Yaxşının yolunu yaman kəsəndə,

İnsanın boynunu insan kəsəndə

Bütün gördüyünü almayıb vecə,

Necə yaşayasan, axı de, necə?!

 

İnsana dərd-bəla, əzab verən kəs,

Min bir hiylə ilə tələ hörən kəs,

Hər cövrü-cəfanı rəva görən kəs,

Bu gün əlindəsə zamanın çarxı

Sabah sənə qarşı çevrilər axı.

 

Çönüb baxmayaraq bir an geriyə

Yamanlıq edirsən yana-yörəyə.

Canavar giribsə əgər sürüyə,

Kənarda axtarıb tapma səbəbkar-

Köpəyi günahkar, çoban günahkar!

 

Xalqın nicatına gedən yolda sən

Çalış qalmayasan heç vaxt dalda sən.

El-oba halda, hansı halda sən?

Ölkədə rüşvətə rəvac verən kəs

Milləti günə çıxara bilməz.

 

 

Daha sevə bilməyəcəm

 

Arzulara çatan zaman,

Dərdi-səri atan zaman

Yolumuzu kəsdi hicran...

Daha sevə bilməyəcəm.

 

Təkcə səndin qəlb həmdəmi,

Sən tənha qoydun məni,

Bundan sonra mən heç kimi

Daha sevə bilməyəcəm.

 

Bir səni görməyəcəm,

Saçlarını hörməyəcəm,

Eşqə könül verməyəcəm,

Daha sevə bilməyəcəm.

 

Unudulmaz ilk məhəbbət,

Unudulmaz o ülviyyət,

Unudulmaz o qudsiyyət...

Daha sevə bilməyəcəm.

 

O yerlərə gəlməyəcəm,

Əvvəlki tək gülməyəcəm,

Mən dərdindən ölməyəcəm,

Daha sevə bilməyəcəm.

 

Qəmli ötər tənha ürək,

Vaxtsız solar yazıq ürək,

Leylisizəm mən Məcnun tək...

Daha sevə bilməyəcəm,

Daha sevə bilməyəcəm

 

 

Eyləyə

 

Xeyli vardır vüsalına möhnətəm,

Görüşünə tale imkan eyləyə.

Bircə kəlmə "" sözünə həsrətəm,

Dinə gələ, nola iman eyləyə.

 

Ağlımı başımdan çıxarıb gedib,

Səbrimi özüylə aparıb gedib.

Məni öz-özümdən qoparıb gedib,

Bir gün məni nola mehman eyləyə.

 

Neçə bənd-bərəni mən aşıb gəlləm,

Çətin dolayları dolaşıb gəlləm,

Hüsnünə nəğmələr mən qoşub gəlləm,

Təki rəhmə gələ, aman eyləyə.

 

İstəsə ulduzu bir-bir dərərəm,

Qulac saçlarına çələng hörərəm,

İstəsə dünyanı ona verərəm,

Qəlbindən keçəni bəyan eyləyə.

 

Kimlər saldı incikliyi araya?

Bir kəsim yox gəlib çatsın haraya,

Yol tapardım o qaldığı saraya,

Qorxuram təzədən divan eyləyə.

 

 

Qəşəm İlqar RUHDAŞ

 

Təzadlar.- 2010.- 14 oktyabr.- S.15.