Çalış sənə həyat olsun bal, bala 

 

M.Ə.Sabirə rəhmət diləklərilə müasir ata nəsihəti

 

Alqışımı hər an yada sal, bala.

Çalış sənə həyat olsun bal, bala.

 

Xalqın olsun ehtiyacı, kəsiri,

Lap bir loxma çörəyimin əsiri,

Ürəyində məndən saxla bu sirri-

Hər bir işdə öz hayına qal, bala,

Çalış sənə həyat olsun bal, bala.

 

Süfrəndəsə səhər kürü, yağ, beçə,

Sənə var, kim dolanır lap necə,

Deyən olsa, bir yazığı al vecə,

Onda qalar səndə hünər, hal, bala?

Çalış sənə həyat olsun bal, bala. 

 

Sərf etməsə addımlama düz yolu,

Hər işində "əqidənin" ol qulu,

Sıx xalqını, rüşvət deyib al pulu,

Lap desinlər "yediyinə yal", bala,

Çalış sənə həyat olsun bal, bala. 

 

Özü üçün çalır-çapır bil hərə,

İnanırıq "şeş" düşəndə bəxt zərə,

Bu dünyaya sən gəlmisən bir kərə,

Bu həyatdan öz kamını al, bala,

Çalış sənə həyat olsun bal, bala.  

 

Tor, tələ qur yan-yörəndə qanana,

Yusif kimi "düz, düz" - deyib yanana,

Yeri gəlsə, sən "haqqını" danana

Lap qoyun de, lap keçi de, mal, bala,

Çalış sənə həyat olsun bal, bala.   

 

 

Yusif MİLLƏTOĞLU

 

Təzadlar.- 2010.- 19 oktyabr.-S.15.