Yusif Kərimovun "pərişan eşqi..."

 

Yazıçı-publisist Yusif Kərimovun 70 illik yubileyi münasibətilə

 

Bədii ədəbiyyata həvəs göstərməyən, onunla az-çox maraqlanmayan (lap elə nağıllardan başlayaraq) kimisə təsəvvür etmək çətindir. İxtisasından, peşəsindən, həyatda tutduğu mövqedən asılı olmayaraq hər kəs kitab həvəskarı, mütaliəçi ola bilər. Bədii əsər haqqında söz demək, rəy vermək isə yazıçı və tənqidçilərə aid olan işdir.

İndi adi bir mühəndisin kitab və ya onun müəllifi haqqında danışması, mülahizələr söyləməsi bəlkə də oxucuları təəccübləndirə bilər. Amma çox götür-qoydan sonra oxucu istəyimə qarşı çıxa bilmədim.

Ağrılı-acılı günlərimizin bitib-tükənmədiyi əsrin soyuq bir qış günü İstiqlaliyyət küçəsi ilə üzü aşağı gedirəm. "Akademkitab"ın yanına çatanda adəti üzrə dükana girdim. Bu möhtəşəm kitab dünyasının bütün divarlarını tutmuş qalın, samballı kitablar o qədər sıx-sıx düzülmüşdü ki, onları bir-birindən ayırmaq, seçmək, üstünü oxumaq qeyri-mümkün idi. Digər tərəfdən də satıcı qız düz adamın gözlərinin içinə baxır, mehribanlıqla nə istədiyini soruşur, məcburən başqa bölməyə keçirsən. Orada da elə. Hər tərəf bədii, dini, ensiklopedik, texniki, tibbi, tarixi kitablarla, sorğu və hər cür lüğətlərlə doludur. İllərlə soraqlaşdığım, əldə etmək istədiyim kitablar, indi burada elə bil hamısı bir yerdə cəmləşmişlər, sanki məni gözləyirdilər.

Bədii ədəbiyyatlar cərgəsində müəllifin və kitabın adı iri, qızılı rəngli hərflərlə yazılmış yan-yana iki böyük kitab nəzərimi cəlb etdi. Yusif Kərimov "Pərişan eşqim..." və "İtkilər və ümidlər". Daha bir neçə tanımadığım müəlliflər və kitablar...

Mağazadan çıxıb, gördüklərimin təəssüratı altında asta-asta Nizami muzeyinə doğru irəliləyirdim. Yaxşı kitablar vardı, ala bilməyəcəyimə görə çox dayana bilmədim. Amma... "Pərişan eşqim", görəsən, bu, nə deməkdir? Hələ onun müəllifi? Özümə görə, bir qədər kitablar oxumuşam, elə az-çox kitablarım da var. Bunun haqqında isə heç təsəvvürüm də yoxdur. Hələ onun müəllifi. Axı bu Yusif Kərimov kimdir? Barmaq hesabı ilə yazıçılarımızı bir-bir fikrimdən keçirdim. Altmışıncılar adı ilə ədəbiyyata gəlmiş şair və yazıçıların demək olar əksəri ilə dəfələrlə məclislərdə, müxtəlif tədbirlərdə, dəniz kənarında bir yerdə olmuş, şirin zarafatlarının, gülüşlərinin, bəzən qızğın mübahisələrinin şahidi olmuşam. Yazı-pozu işini bacarmasam da, şairlik istedadım olmasa da, tay-tuşluq vardı axı. Əlibala-İsi-Fərman üçlüyü ilə dostluq-qohumluq əlaqəsi məni Tofiq Bayram, İsa İsmayılzadə, Vidadi, Sabir Azəri və indi cansağlıqlarını istədiyim neçələri ilə tanış etmişdi. Amma yenə də xatırlaya bilmədim. Gözümüzün qarşısında baş verən hadisələr, erməni təxribatları, partlayışlar, ölümlərin, itkilərin adiləşdiyi, şəhid məzarlarının, şəhid ailələrinin talelərinin hələ də tam həll olunmadığı bir dövrdə kitab haqqında uzun-uzadı düşünməyə vaxt vardımı?

Bir gün Bakıda fəaliyyət göstərən "Bərdə" Xeyriyyə Cəmiyyətinin eloğlumuz Adil Abbasovun köməkliyilə "Azərnəşr"in böyük zalında geniş iclası keçirilirdi. Qızğın müzakirələr, mübahisələr gedirdi. çıxış edənlər arasında Yusif Kərimov da vardı. Uzun illər "Azərbaycan gəncləri" qəzetinin baş redaktoru olmuş bu insanı tanımamaq olmazdı. Qiyabi tanışlığım vardı. Onun çıxışı daha yadda qalan oldu.

Cəmiyyətin fəaliyyətinin gücləndirilməsi məqsədilə bir sıra təkliflər verdi. Bəzi imkanlı bərdəlilərin bir araya gəlməməsi, daha doğrusu, cəmiyyətin xeyriyyə tədbirlərindən kənar gəzmələrindən narahatlığını bildirdi. Burada onunla yaxından tanış oldum və mehriban ayrıldıq. Bir axşam Yusif müəllim zəng elədi, hal-əhval tutdu, yenə cəmiyyətə aid bir neçə təkliflər verdi. Sonra dedi ki, İstiqlal küçəsindəki "Akademkitab"da sənin üçün kitab var, orada Ramiz müəllimə müraciət etsən verəcəklər.

"Akademkitab"da məni mehribanlıqla qarşılayıb, səliqə ilə bükülmüş iki kitab verdilər. Bükülünü evə çatmamış yolda açdım və gözlərimə inanmadım - "Pərişan eşqim...", "İtkilər və ümidlər". Hər ikisində xoş sözlər və sonda... "eloğlu payı" müəllifdən. Bakı şəhəri, 11 dekabr 99, ev və iş telefonları...

Acgözlüklə kitabları vərəqlədim, axırdan-əvvələ, əvvəldən-axıra nəzərdən keçirib, hansı-hansının davamı olduğunu təyin etdikdən sonra "Pərişan eşqim"i götürüb ümumi tanış oldum. İlk səhifədə: "Yusif Kərimov", "Yollar", "Bir buta gül", "Tavridada şimşək çaxır", "üçbucaq", "Gün ötər, geri dönməz", "Qırmızı sahil", "Kəpənək ömrü" kitablarının müəllifi.

Doğrusu, təəccüb və xəcalət təri məni basdı. Bu qədər kitablar müəllifini, Azərbaycan yazıçısını, 5-6 yaş böyük olduğun öz eloglunu indiyədək tanımayasan, kitabını almayasan, oxumayasan, buna nə ad verəsən?

Sonrakı səhifə ilə tanış olanda keçirdiyim xəcalətin nisbətən yüngül olduğunu gördüm. Yazıçı öz sevimli oğlu Abbasın faciəli ölümündən yazırdı: "Abbasın qəfil ölümü yaman sarsıtdı məni".

"Ömrümün bu qürub çağında, oğul itkisinin ağır yükünü çiyinlərimdə darta-darta yenidən əlimə qələm aldım". İndi gəl duruş gətir! Hövsələ göstər buna.

Yusif yazırdı: "Vətəni - Ananı seçmirlər. İnsan doğulduğu yeri - Vətəni özü seçmir. İnsan bir də "ana seçmək hüququndan məhrumdur! Daha doğrusu, insan valideynlərini özü seçmir".

Doğrudanda. Onda elə hamı istər ki, ömürlük padşahın oğlu olsun, Vətəni də dünyanın ən gözəl güşəsi. Yusif deyir ki, "Vətən yurd yerindən başlayır..." Əlbəttə. Hər kəsin eli-obası onun vətənidir. Sənin elindən, obandan, kəndindən söhbət düşəndə gərək əvvəlcə onların adını, sonra mahalının (qəsdən "rayon" yazmıram, çünki bu söz mənə yabancıdır), şəhərinin və ən nəhayət, böyük vətəninin adını çəkəsən. Evin-eşiyin, həyət-bacan vətənindir. Ən əvvəl isə, ana bətnidir insanın vətəni, ilk oyanışdan doqquz ay ərzində nəfəs aldığın, qidalandığın, daimi yaşayış yerin. Məhz buna görə o Vətən Ana vətən olur. Yazıçı məsələni bu cür qoyur, belə olan halda, dilimizə qeyri-iradi daxil olmuş "haralısan" ifadəsi də öz qüvvəsini itirir.

Kitabın hər səhifəsində mənə məlum olmayan yeni-yeni sözlərə, ifadələrə, hadisələrə rast gəldikcə və nə vaxt əlimə qələm alıb kitabı cızma-qaraladığımı, kağız vərəqlərinə köçürdüyümü hiss etmirdim. Hadisələr muncuğa düzülərək sıralanır, göz önünə gəlirdi. Qarabağ, Bərdə, Qayalı kəndi, dəhşətli müharibə, oradan gələn acı xəbərlər, "qara kağızlar", kütləvi aclıq və s. Bu acı həqiqətlər getsin gəlməsin. Bütün bunları oxuyanda gözlərim tor görürdü. Allah! Allah! Bu nə bənzər həyatdır. Qayalının 25-30 km-də yerləşən, başı min bəlalar çəkmiş kəndim, atamın 600 manata haradansa alıb gətirdiyi 5 kilo qarğıdalını kirkirədə çəkən nənəm (anam) hasilə gətirdiyi undan bir sıxma da qonşu xalaya verdiyi, qəbirləri ayrı-ayrı yerlərə qismət olmuş anam-atam, vaxtlı-vaxtında xeyir-şərinə qoşulmadığım, düz-əməlli övladlıq edə bilmədiyim Lənbəranım... Bütün bunlar yaşlı bir adamı nə hala saldığını demək çətindir.

Yazıçı təkcə öz həyatını yazmır, bu, bizim hamımızın həyatıdır. Romanın baş qəhrəmanı yazıçı özüdür. Təkcə özümü? Bu forma, bu yol mənim üçün yenidir. Düzdür, bəzi müəlliflər əsərlərində başqa ad altında özlərini yazırlar, Yusif Kərimovda bu bambaşqadır. Kitabı əlimdən yerə qoymuram, qoşulmuşdum yazıçıya. Budur, müəllif Bərdədəki müəllimlərindən söhbət açır, o cümlədən Rəsul Rəhimlidən. İndoneziya prezidenti Əhməd Sukarno Moskvaya gələndə Berlin Universitetində birlikdə oxuduğu tələbə dostunu soruşur. Təşvişə düşən rus xəfiyyəsi Bərdəyə sürgün edilən istedadlı fizika alimini təcili olaraq uzaq Sibirə sürgün edir. Sukarnoya deyirlər ki, bəs "dostunuz çoxdan ölüb". Kəndimizdə fizika və riyaziyyat fənlərindən dövlət imtahanlarında iştirak edən bu tələbkar, zəhmli müəllimimizin "xalq düşməni" adıyla qəfil yoxa çıxdığını eşitmişdik, təfərrüatını isə Yusif müəllim anlatdı. Allah Rəsul müəllimə rəhmət eləsin!

Yusif müəllim Bakıdakı tələbəlik həyatını elə aydın, elə səmimiliklə təsvir edir ki, sanki sənin tələbəlik illərini yaşayıb: kirayədə qaldığımız üfunətli erməni, rus, yəhudi darısqal evləri və onların bir-birindən azacıq fərqlənən qoca sahiblərinin "bura ayrı adam gəlməsin" hədəsi, bəzən ev üçün darıxmaq, qüssələnmək, kövrəlmək çox təbii alınmışdı.

Beşillik tələbə həyatı bununla qurtarmır ki: "Tələbə ömrümüz coşqun çay kimi axıb gedirdi", "Qızlar əhatəsində qızsız", "Məni ürəkdən sevən, necə deyərlər, dərdimdən divanə olan bir qızın sorağındayam", "İrina-Raksa dostluğu", "...bəzən ya Ariflə, ya da Zöhrabla oğrun görüşlərə gedirdik", "İnqa macərası" və s.

Hər birimizin həyatında az-çox baş verən belə gənclik təzahürlərini kimə isə açıb demək böyük bir risk olduğu halda, onu açıq-saçıq bu cür etiraf etmək, sətir-sətir yazmaq hər kəsin cürəti deyil. Bu, Yusif məharətidir ki, nə həyəcan təbili çaldırır, nə qorxu, nə utancaqlıq yaradır, nə də qınanır. Əsərin baş qəhrəmanıdır də. Məsələ burasındadır ki, sevgi, məhəbbət romanlarında əsərin hər hansı bir qəhrəmanına oxucu tərəfindən qənbərqulu qoyula biləcəyi halda, bizim qəhrəmanımızın haqqında belə bir şey ağla gəlmir. Bu "möcüzələrin" çoxu artıq həqiqi sevginin başlandığı "qırmızı gödəkçəli" qız -Aliyənin peyda olduğu zamanlara təsadüf edir. Hərçənd, bəzən "onu unutmağa çalışır", "çünki "rəis qızı" mənə bab deyil" deyir. Məncə, bu da yazıçı bacarığı, "işin içindən çıxmaq" fəndidir ki, hər şey get-gedə öz axarına düşür. Tələbəlik həyatımın oxşarlığı olsa da, xeyli xüsusi cəhətləri də yaranır ki, bu da adamın gələcək həyat və fəaliyyətində müsbət rol oynayır. Yaxşı insanlar, etibarlı tələbəlik dostları onun qazancıdır, deyərdim. Yusif Kərimovun əmək fəaliyyətinin növbəti dövrü əsrarəngiz Mil-Muğan elimizdə başlayır. Əsərin iştirakçısına çevrilən oxucu öz qəhrəmanının ardınca getməyə hazırlaşır.

Tabeliyində olduğumuz SSRİ adlı qondarma dövlətin başçılarının sərsəm qərarları ilə həm yaradılan, sonra birləşdirilən, həm də yenidən ləğv olunan "rayon" adlı mənasız ərazi bölgüsünün növbəti iriləşdirmə zamanıdır. Bunun nəticəsində dünənki qarabağlı bugünkü şirvanlıya, muğanlıya, şirvanlı isə başqa elli olub. Kəbirli, təhlə, tatarlar, avşarlar da eyni yollarda. Çox təəssüf ki, biz hələ də bu "rayon" bölgüsü bəlasından xilas ola bilməmişik. Digər xalqların artıq xilas olduğu bu mənfur bölgüdən biz nə vaxt xilas olacağıq? Şəxsən mən bu ömrüm ərzində öz kəndimdə qaldığım halda, bərdəli, ağdamlı, ağcabədili olmuşam. Nə isə... İmişli, Jdanov (indi Beyləqan şəhəri), Füzuli şəhəri birləşdirilib, mərkəz də olub Jdanov qəsəbəsi.

Yusif də burada yaradılan rayonlararası "Yüksəliş" qəzetinə işləməyə göndərilib. "Yüksəliş" özü də yüksəlib olub MK orqanı. Sonradan görəcəyik ki, "Yüksəliş" yazıçı-publisistin yüksəlişinə də böyük təkan verib.

Yazıçı Mili-Muğanı elə təbii, elə gözəl tərənnüm edir ki, elə bil onunla bərabər bir gəmi göyərtəsində, lap elə bil avtomobilin yuxarısında Qarabağdan keçib İran sərhədinə, bir qədər sağa dönərək Saatlı, Sabirabaddan Kürqovuşuna qədər Azərbaycanımızın qədim diyarlarının seyrinə çıxırsan, həm də eşitmədiyin, bilmədiyin rəvayətlərin, tarixi hadisələrin sahibi olursan.

Buradakı zaman ərzində yazıçı yeni-yeni əmək adamlarının, dostların, tanışların adlarını çəkir, bəzilərinin xarakterini açır, oxucunu həmin insanlardakı etibara, sədaqətə inandırır.

Mil düzünün pambıq tarlalarından, xüsusən 4 nömrəli təcrübə-pambıqçılıq sovxozunun timsalında "pambığı son qozasınadək" yığmaq problemindən bəhs edirdi...

Ürəyim əsdi. Bir zamanlar Lerik, Tərtər, Ağcabədi, Bərdə rayonlarının partiya komitələrinin katibi işləmiş, sonralar bu sovxozun adlı-sanlı direktoru, kənd təsərrüfatı ağsaqqalı İsmayıl əmim, onun işlədiyi dövrdə oraya getmiş, artıq o elə qarışmış, ev-eşik qurmuş, qabaqcıl pambıq ustaları olan qohum-əqrəbam, Hacıyevlərdən bacarıqlı təsərrüfat və rayon rəhbəri Səməd dayı, ürəyi parça-parça olmuş yazıçı dostum Fərman Kərimzadə bir daha xəyalımdan keçdi.

Yusif Kərimovun işi bunlarla bitmir. O yerlərin tarixi, etnoqrafiyası, adət-vərdişləri ilə əlaqədar öyrənməli çox şey öyrənir və öyrədir. Min dəfələrlə sinəsindən atla, avtomobillə keçib getdiyim, bərəkətli ruzisindən daddığım "Mil" sözünün mənasını, Haramı, Ergi düzündə tanımadığım "dombalan" bitki qurşağının qorunub-saxlamasını təhlil və tövsiyə edir.

O, deyir: "Dombalan kartof fəsiləsindən olub, yer almasına bənzər, lakin dünyanın heç bir yerində bitməyən ləzzətli bitki növüdür. Zəfəran yalnız Abşeronda, xarı-bülbül Şuşanın Cıdır düzündə yetişdiyi kimi, "dombalanın" da vətəni Haramı, Ergi düzüdür. Adını haradasa eşitdiyim bu bitkinin göbələk kimi bir şey olduğunu zənn edərdim.

Hələ Mil düzünün "göbəyində", "Örənqala" batıb-getdiyinə görə bizlərdə bəzən "Ölənqala" adlanan tarixi şəhərimiz haqqında müfəssəl məlumat verərək, yerli camaatımızın da arzu-istəyi ilə Jdanov qəsəbəsinin Beyləqan adlandırılmasını təkid etmişdir. Bərdə, Ağdam, Ağcabədinin də daxil olduğu o zona əhalisinin inanc yeri sayılan Mil düzünün möcüzələrindən biri "Peyğəmbəri" haqqında, yəni Cərçis peyğəmbər haqqında ətraflı məlumat verir.

1993-1994-cü illərin qışında Beyləqan ətrafında erməni hücumlarının ardı-arası kəsilmirdi. Hökumətin yaratdığı mülki qərargahın tapşırığı ilə təmsil etdiyim qurum cəbhə zonasında dörd cərgədən ibarət istehkam, qoruyucu, dərin arxlar və s. tikirdi. 4-cü, axırıncı qurğu "Peyğəmbəri"yə qədər uzanırdı. Gecələr erməni güllələri elə bil Beyləqanda qaranlıqda, soyuqda qaldığımız mehmanxananın üstünə şığıyırdı. Yerli əhali ümidlə deyirdilər ki, erməni alçaqlar "Peyğəmbəri"yə gəlib çata bilməzlər. Elə də oldu. Ermənilər nəinki ora yetişdilər, çox böyük itki verərək geri çəkildilər. Məhz bu döyüşlərdən sonra ermənilər "atəşkəsdən" söz açmağa başladılar.

Yaddaşımda dumanlı şəkildə qalmış "Urus arxı", "Gavur arxı" kimi ifadələrinin də düzgün cavabını, mənasını Yusifin yazılarından öyrəndim. Digər şeylərlə, o cümlədən xalqların qız seçmə adətlərindən xəbərdar oldum, onları sadalamaqdan çəkinirəm, düşər-düşməzi olur, evdə dava düşə bilər. O Yusif cəsarəti idi ki, yazdı. Bu ərəfədə qəhrəmanın (Yusifin) sevgi-məhəbbət dastanı başlayırdı: "Qırmızı  gödəkçəli qız"-"rəis qızı", həm də iki qaçılmaz həlledici sual qoyulmuşdu: "Məni mənim kimi sevə bilərsənmi? Səni mənə verərlərmi?". Əlbəttə, bu suallar birdən-birə göydəndüşmə deyildi. Xeyli zaman keçmiş, məktublaşma, sözləşmə, qısa görüşlər, hətta atışmalar da olmuşdu. "Qırmızı göcəkçəli qız" əvvəldən başlayaraq oxucu üçün bu və ya digər formada müsbət qəhrəman, müsbət surət kimi izlənilir. O, romanda və həqiqi həyatda Jdanov rayon Milis Şöbəsinin rəisi Məcid Əhmədovun qızıdır, üç bacı, bir qardaşdırlar, bacıların kiçiyidir. Bəzi vəzifəlilərin qızlarına bənzəmir, sadədir, amma cürətlidir, sərbəst mülahizələri, təmkinliyi var. Bir qədər qabağa gedərək demək istəyirəm ki, üç övlad böyüdən, nəvələr sahibi bu xanım artıq 43 ildən çoxdur öz həyat yoldaşı Yusif Kərimovla qoşa yaşayırlar. Məcid Əhmədov hər şeydən əvvəl qayğıkeş, mehriban atadır. Müəllif yazır: "Sevdiyim qızın atası Məcid Əhmədovun təbiətinə xas olan bir istiqanlığı vardı mənə qarşı. Doğrudur, qəlbimdəki hisslər ondan qaçmağa vadar edirdi. Amma heç nədən xəbəri olmayan rəislə dostunun dostu kimi yaxın münasibətdə idim. Necə deyərlər, dostun dostu əzəl-axır dosta çevrilir. Məcid müəllim mənim aləmimdə çox şirin və dərin insan idi. Doğulduğu və boya-başa çatdığı diyarın (Qazaxın Kəsmənli kəndi), vəzifə təyinatı ilə əlaqədar məskunlaşdığı rayonların ən yaxşı keyfiyyətlərindən "şirə" toplayan bu insan onunla təmasda olanlara həyatsevərlik şən əhval, ağıllı fikirlər təlqin edirdi. O, insanların arasında bağlayıcı, birləşdirici rol oynayırdı, ürəkaçan məclislərin təşkilatçısı kimi seçilirdi".

Elə bu xırda epizod kifayət edər ki, ömrünü Gəncə, Xaçmaz, Sabirabad, Ağcabədi, Jdanov-İmişli-Jdanov kimi müxtəlif yerlərdə milis şöbəsi rəisi kimi vicdanla başa vurmuş şəxs bütün milis ordusu üçün nümunələrdən biri ola bilər.

Məcid dayı Ağcabədidə Hacı əmimlə yaxın dost idilər. Ailəvi gediş-gəlişləri varda. Oğlu Telman bizim dostumuz idi. Ağcabədidə olanda İsi ilə Fəxrəddinin də qoşulduğu anlar dördlüyün fərəhli günlərindən sayılırdı.

1961-ci ilin oktyabr günlərindən biri idi. Hacı əmim bərk xəstə yatırdı. Şənbə günü işdən sonra Bakıdan çıxıb getmişdim görüşməyə. Əmimin vəziyyəti getdikcə ağırlaşırdı. Məcid dayı onun yanından uzaqlaşmırdı. Atam, Məcid dayı məsləhət gördülər ki, mən gedib icazə alıb qayıdım gəlim. Əmim özü də dedi, get. Axşam tək-tənha yola düşdüm. Gecə əmim vəfat edir. Məcid dayı Ağsunun milis rəisinə zəng edib xahiş edir ki, yolda məni saxladıb geri qaytarmağa kömək etsin. Sonra fikirlər haçalanır: birdən qorxar, hüşənər, dayanmaz, bir hadisə törənə bilər. Ağsuya yenidən zəng vururlar. Evə çatandan az sonra teleqram aldım. Bu da Məcid dayının işi idi.

Əsas iş və yaradıcılıq fəaliyyəti Beyləqan-İmişlidə keçən yazıçı hərdən bir yolunu Ağcabədidən salır, Xuruşşovun birləşdirdiyi Ağdamla-Ağcabədinin düşdüyü oxşar vəziyyəti görür, insanların necə əziyyət çəkdiklərindən dəfələrlə rayon və mərkəzi qəzetlərlə samballı məqalələr yazır. Yazıçı Ağcabədinin Xəlfərəddin qəbiristanlığında yazıçı-dramaturq İsi Məlikzadənin məzarının ziyarətindən, üstündə ucaldılmış abidədən bəhs edir. 

Kitabda ağcabədili maliyyə müfəttişi Engelslə, beyləqanlı maliyyə müfəttişi Marks arasındakı telefon danışığının əvvəlcə qarşılıqlı söyüşlərə və əlbəyaxa döyüşlərə çevrilməsi haqqında gülməli, həm də ağlamalı bir epizod vardır.

Belə ki, "müfəttiş Marks bir gün işlə əlaqədar Ağcabədiyə zəng edir", deyir, danışan Marksdı, kimdir mənnən danışan? O başdan cavab alır:  Engelsdi danışan. Marksa elə gəlir ki, onu dolayırlar, doğru-düzgün adını de, deyə Marks qışqırır, "Ay yoldaş Marks, danışan Engelsdir, sözünü de. Nəticədə Engels bir maşın adamıyla 2-3 saatdan sonra Marksın qapısını kəsir və dəyənək davası başlayır.

Həqiqətən olmuş bu hadisə uzun müddət dillər əzbəri olmuşdu. Yazıçı bu hadisəni qələmə almaqla iki sadəlövh azərbaycanlının qondarma adqoyma nəticəsində düşdüyü qəziyyəni diqqətə çatdırır.

Kitabda daha sonra əvvəllər az-çox qulağımıza çatan, amma səhihliyini bilmədiyimiz bir çox məlumatlar da vardır. Onlardan biri İ.V.Stalinin sovet qoşunlarının Cənubi Azərbaycandan çıxarılması haqqında Mir Cəfər Bağırova göstərişindən, Bağırovun etirazından, bir zamanlar Salyan rayon partiya komitəsinin birinci katibi, son dərəcə savadlı, ciddi və ötkən xasiyyətli şəxs olan Cəfər Cavadovun sonralar Cənubi Azərbaycan Demokratik Respublikasınnı lideri kimi tanınan Seyid Cəfər Pişəvərinin həyatının görünməyən tərəfi və faciəli ölümü Stepanakert canişini Gevorkovla mübahisəsi, habelə "Garis" qəsri, Ağa Xan, Sarı xan dövrü və s. Bunlarla bərabər, ötüb-keçməsi, yazıya alınmaması mümkün olmayan tövsiyələr, deyimlər, hikmətli hekayətlər var: "Bu da keçər" ana təsəllisi, kasıb bir kişinin Padşahla "bu da keçər" dialoqu,

Aqillərin dediyi:

 

Yediklərin dadındı,

Etdiklərin adındı,

Yığdıqalrın yadındı...

 

Unudulmamalı nəsihətlərdir.

Kitab, "Analar quş olub uçarmış" möcüzəsi sonluğu ilə bitir. Burada, yazıçı anası Lalənin həyatının son dəqiqələrini qələmə almışdı: "Əllərimi əllərinin içinə alıb sinəsinə sıxdı. Sinəsi körük kimi enib-qalxırdı. Xırıltıya bənzər səsini eşitdim: - Deyəsən, axırdır... dedi. Anam yenə lap pıçıltı ilə dilləndi: özünüzü üzməyin... Nə edəcəyimi bilmirdim. Yalnız onu dərk edirdim ki, anam əlimdən gedir, məsum uşaq kimi köksümə sığınmış anam son anlarını yaşayırdı".

Gözlərimə elə bil tor gəldi, hərfləri seçə bilmədim, kitabı sinəmin üstünə buraxıb gözlərimi yumdum.

- Eh, ay Yusif! Anam, hələ heç vaxt bu qədər gözümün qarşısına gəlməmişdi. Necə də burnumun ucu göynədi.

Bəli, analar ölmür, quş olub uçurlar. 70-80 yaşlı qocalar adi zökəmə, timoya, başağrısına dözməyəndə, "Ay ana, gəl!" - deyə zarıyırlar. Doğrudan da analar ölmür!

Bəxş edilmiş "Pərişan eşqim..."  və "İtkilər və ümüdlər" trilogiyasını oxuyub bitirəndən sonra yazıçının "pərişan eşqi" bütün sevinci, acılığı, ağırlığı və itkiləri ilə mənə ayan oldu. Kitabları çox cızıqlamışdım. Əlimə keçən para, bütöv kağız vərəqlərində xeyli qeydlər etmişdim. Məqalə şəklinə salmağa cürət etmirdim, heç qəzetlərə də yolum yox idi. Qərara almışdım ki, hər nədir makinada yazdırıb aparıb verəcəm yazıçının özünə.

Artıq 2000-ci il başlamışdı. Bir gün qəzetlərin birində "Təlatümlü qəlbin hekayətləri" adlı yazıya rast gəldim. Mərhum yazıçımız Cəmil Əlibəyovun "Publisist-yazıçı Yusif Kərimovun avtoqrafik trilogiyası haqqında bir neçə söz" yazısı idi. Sonra yazıçı Nurəddin Babayevin, publisist-sair Ayaz Vəfalının, Nəriman Həsənzadənin, qələm dostlarının, digər görkəmli şəxslərin bu kitablara verdikləri yüksək qiymətdən sonra qeydlərimi toplayıb atdım kağız qovluğuna. Lakin elə o vaxtdan yazıçının yaradıcılığını daim izləyirəm. Daha doğrusu, hər yeni kitabı ərsəyə gəldikcə "eloğluma dost payı"nı məmnuniyyətlə alıb, həvəslə oxuyuram. Bu minvalla yazıçının "Qarabağ şikəstəsi" dəftərindən "çalarlar", "Qarabağ şikəstəsi", "Sarı sim", "Ruhu sərgərdan dolaşan şəhid Xocalının xatirəsi"nə, "Zülmətin bəyaz rəngləri" kimi tariximizin Qarabağ "Xəmsə"sini əzbərləmişəm və yenə nəsə gözləyirəm. Hərdən düşünürəm ki, Qarabağ haqqında yazılanlar bir qatarın yüküdür, deyilənlərin, çəkilənlərin, göstərilənlərin sayı-hesabı yoxdur. Onlarla qəzetlərimiz buraxılışlarının yuxarısında "Qarabağı xilas etməyən xalqı Allah da xilas etməyəcək!", "Qarabağ uğrunda" və digər çağırışlarla nəşr olunur. Bəs onda nə üçün "Qarabağı unuduruq" deyə gileylənirik, bir-birimizi ittiham edir, danlayırıq? Ancaq Qarabağ sevgisi, Qarabağ həsrəti xalqımızda o qədər güclüdü ki, ona qarşı törədilən insafsızlığı, dünya ədalətsizliyini zərərsizləşdirmək neçə-neçə Qarabağ "Xəmsə"sinə sığası deyil.

Yusif Kərimov 16 kitab müəllifidir. Bununla belə, o, publisistik peşəsindən də əl çəkmir. "ömrüm qürub çağı", "ahıl çağımda" kimi ürəkdən gələn ifadələrini işlətsə də, müxtəlif qəzetlərdə "Bakı külafirəngisi", "Gözəlləşən və ağırlaşan şəhər", "Jurnalistikanın çalarları", "Nəhənglər və ayamalar", "Abşeron çökə bilər" və s. onlarca köşə yazıları ilə çıxış edir. Onun "Vətən yurd yerindən başlayır, yaxud Bərdə və Bərdəlilər haqqında düşüncələr", "Bərdə "bəridədi..." kimi samballı, hikmətli və ibrətamiz qəzet məqalələri biz bərdəlilərin, "Bərdə" Xeyriyyə Cəmiyyəti üzvlərinin daim müzakirə mövzusudur.

Bu il Yusif müəllimin 70 yaşı tamam olur, ədəbi ictimaiyyət, qələm dostları, həmkarları bu münasibətlə görüşlər keçirir, verilişlər verir, yazılar dərc edirlər. AzTV bu yaxınlarda "Bu ilin adamı" adlı geniş veriliş də təşkil etmişdi. Biz sevimli yazıçımızı, mehriban eloğlumuzu XX-XXI əsrin adamı hesab edirik. Bütün arzulara və təbriklərə  qoşuluruq, ona ailə sevinci, can sağlığı, yeni yaradıcılıq uğurları arzulayırıq. Ona müraciət edərək, bərdəlilərin daha bir arzusunu çatdırırıq. Tarixi qadın hökmdar Nüşabə haqqında roman yazsın. Onun və böyük sərkərdə İsgəndər Zülqərneynin görüşlərindən bəhs edən Nizami Gəncəvi həqiqətlərini bütün dolğunluğu ilə üzə çıxartsın, böyük şairimizi 900 ildir davam edən hücumlardan xilas etsin, "bəlkələrə", "guyalara" son qoysun, Bərdənin həqiqi tarixinin bərpasına çalışsın. Onda bu sadalananlara aid danılmaz, sübutlu sənədlər var. Bu yolda da ona Allahdan uzun ömür diləyirik. Amin...

 

 

Nizami Hacı Aslanoğlu

 

Təzadlar.- 2010.- 21 oktyabr.- S.11.