Xanış Məmmədovun söz dünyası...

 

Tanınmış pedaqoq növbəti kitabını təqdim etdi

 

Bakıdakı Ağdam rayonu 71 saylı orta məktəbdə Qarabağın tanınmış ziyalılarından olan Xanış Məmmədovun "Özüm və sözüm" kitabının təqdimat mərasimi keçirildi.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru, Respublikanın əməkdar müəllimi Səlim Əzimov Xanış Məmmədovun mənalı həyat yolu, zəngin pedaqoji və bədii-publisistik yaradıcılıq fəaliyyəti haqqında məlumat verdi.

Diqqətə çatdırıldı ki, Xanış Məmmədov 1932-ci ildə Qubadlıda anadan olub. 1954-cü ildə V.İ.Lenin adına Pedaqoji İnstitutun coğrafiya fakültəsini bitirib, təyinatla Ağdama göndərilmişdir. Ordu sıralarında xidmətdən sonra - 1956-cı ildə Qubadlının Başarat yeddilllik məktəbində direktor, 1959-cu ildən 1965-ci ilədək Ağdam şəhərindəki 1 nömrəli fəhlə gənclər orta məktəbində direktor müavini, sonralar Ağdamdakı 2 nömrəli fəhlə gənclər, Qullar kənd səkkizillik məktəbində və Ağdam şəhərindəki 8 nömrəli məktəbdə direktor vəzifəsində çalışmışdır. Məlum Qarabağ hadisələri ilə əlaqədar Sumqayıtda fəaliyyət göstərən 31 saylı Ağdam orta məktəbində 2008-ci ilin sentyabr ayınadək direktor vəzifəsində işləmişdir. Pedaqoji işindən əlavə X.Məmmədov tez-tez respublika mətbuatında müasirləri barədə oçerk və sanballı yazıları ilə çıxış etmişdir. O, qələmini ictimai-siyasi mövzularda da sınamışdır.

Qarabağın - Ağdamın görkəmli ziyalılarından olan Xanış Məmmədov artıq bir çox əsərlər müəllifi kimi də oxuculara yaxşı tanışdır. Onun "Qarabağ bahadırları" povesti, xalq yaradıcılığına dair "Bulaq çağlayır" folklor toplusu, iri həcmli "Cəlladla üzbəüz" romanı, habelə "Həkəri harayı" və "Halallığın tükənməyən sərvəti" romanları işıq üzü görmüşdür.

"özüm və sözüm" bədii-publisistik kitabının isə əsasən müəllifin qısa avtobioqrafik həyatından bəhs edildiyini bildirən Szimov X.Məmmədova uzun ömür, can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzuladı.

Mütəmadi olaraq yazılarında Qarabağ - Ağdam mövzusuna müraciət etdiyini, "özüm və sözüm" kitabında isə müxtəlif mövzuları əhatə edən oçerk və hekayələrin cəm edilyini bildirən Respublikanın əməkdar jurnalisti, "Qızıl qələm" mükafatı laureatı Bəbir Hüseynov bildirdi ki, yazılan hər bir kitabda və yazı materialında müəllifin vicdanından süzülüb gələn və cəmiyyətdə olan reallıqlar təqdim edilir, o cümlədən bu gün təqdimatına toplaşdığımız kitabda. B.Hüseynov təqdimat iştirakçılarına bir xoş xəbəri də çatdırdı. Onun sözlərinə görə, "özüm və sözüm" kitabı nəşr olunandan sonra Azərbaycan KİVİHİ Rəyasət Heyətinin "Qızıl qələm" Media Mükafatına layiq görülüb. Sonra o, Azərbaycan KİV İşçilərinin Həmkarlar İttifaqının sədri Oqtay Salamzadənin adından "Qızıl qələm" mükafatının diplomunu, vəsiqəsini və qələmini sahibinə təqdim etdi.

Tədbirdə Bakı şəhər 34 saylı Texniki Yaradıcılıq Mərkəzinin direktoru Həsən Qaralov, 71 saylı orta məktəbin tədris işləri üzrə direktor müavini Sürəyya Xələfi, məktəbin tərbiyə işləri üzrə direktor müavini Fazilə Vəliyeva, müəllimlərdən Qüvvət Məhərrəmov, Hənifə Abdullayeva, Arzu Hümbətəliyeva, Zəri Abbasova kitabını yüksək dəyərləndirərək müəllifi təbrik etdilər və ona yeni yaradıcılıq uğurları arzuladılar.

 

***

 

Keçirilən tədbiri yüksək qiymətləndirən X.Məmmədovun qardaşı Abbas Məmmədov və qohumu İxtiyar Nəcəfov 71 saylı orta məktəbin direktoru Səlim Əzimova, pedaqoji kollektivinə, təqdimata yığışanlara, habelə bu kitabın ərsəyə gəlməsində ruhunu, düşüncəsini, fikrini, qələmini müəllifdən əsirgəməyən insanlara təşəkkür etdilər. Qeyd edək ki, "özüm və sözüm" kitabının nəfis şəkildə çapı Sumqayıt şəhərindəki "Dərələyəz-M" mətbəəsi tərəfindən həyata keçirilib. Kitabın redaktoru Abbas Məmmədov, məsləhətçisi Fəxriyyə Məmmədovadır.

Sonda qocaman pedaqoq Xanış Məmmədov təqdimat mərasimində iştirak edən bütün qonaqlara tədbirdə iştirak etdiklərinə və kitab haqqında deyilən xoş sözlərə görə təşəkkürünü bildirdi.

Biz də Xanış müəllimi yeni kitabının işıq üzü görməsi və layiq görüldüyü mükafat münasibətilə təbrik edir, ona uzun ömür, cansağlığı, yaradıcılıq uğurları arzulayırıq.

 

 

ELBAR

 

Təzadlar.- 2010.- 7-9 sentyabr.- S.15.