Allah, əhd eyləmişəm, məni o yerlərə qaytar!

 

(Əvvəli ötən sayımızda)

 

...Elə bilirəm mindiyim maşın yolla getmir, havada uçur. Çünki içimdə təbadüləd baş qaldırıb: sağın-solun, yolun-irzin fərqinə qala bilmirəm. İnsan qəribə məxluqdur. çox halda onun sevincinin, kədərinin həddi-hüdudu olmur. Qəzəbləndimi, nə ayaqlarının altını görər, nə də düşüncələrini tarazlaya, nizamlaya bilər...

Hava istidir. Maşının açıq pəncərələrindən içəri dolan yaz nəfəsi sərnişinlərin üz-gözünü yalayır. Qəfil yuxudan oyanıbmış kimi Zeynal kişi əyləşdiyi oturacaqdan qalxaraq deyir:

- Ə, bir maşını saxla görüm.

Maşın dayanır. Sərnişinlər heyrətlənir. Biri digərlərinin üzünə təəccüblə baxır. Handan-hana Zeynal kişi yaşına uyğun olmayan emosiya ilə danışmağa başlayır:

- Mən qaçqınlarımıza humanitar yardım göstərilməsinin qətiyyən əleyhinəyəm. Camaatımız ələbaxımlığa öyrəşir. Yaşlıları demirəm, on-on beş yaşında qızlarımız da hansısa bir ölkədən yardım gətirən maşının, əcnəbilərin qarşısına qaçırlar. Vallah, billah, belə olmaz.

Maşının arxa oturcağında əyləşən yaşlı bir qadın dilləndi:

- Camaat bəs necə dolansın? Hər şey od qiymətindədir... Deyəsən, ay aşıq, sənin ağzın isti yerdədir?! Məcburi didərgin düşən bir milyondan artıq əhalinin uzaq başı üç yüz-dörd yüz min nəfəri işləyir, bəs qalanları neyləsin?

Aşıq Zeynal yamanca coşdu. Elə nərə çəkdi, bəlkə də göydə ucan quşlar da bir anlığa qanad saxladılar. Var güçünü toplayıb danışmağa başladı:

- A bajı, deyəsən, biz həmyaşıdıq. İkinçi dünya mühabirəsi illərini xatırlayırsanmı? Altı yüz min başıpapaqlımız, əli silah tutanlarımız çəbhəyə getmişdilər. Bəs onda biz nəyinən dolanırdıq? Soruşuram, o vaxtlar da bizlərə yardım, nə bilim, humanitar pay gətirirdilər?.. Pencər yeyərdik, amma gözümüz tox, başımız uca idi. Başaq yığardıq, yerkökü əkərdik, çıraq əvəzinə şam yandırardıq. Çünki müharibənin qələbəmizlə başa çatacağına inanırdıq. İndi bir ərəb, bir zənci bir torba şəkər tozu, un gətirir, uşaqdan-böyüyə hamı qaçır onun qabağına...

Həmin o arxa oturacaqda əyləşən qadın daha özünü saxlaya bilməyib, soruşdu:

- O dəhşətli günlərdə sən harada yaşayırdın? Ata-baba yurd yerinizdə?.. Qardaşım, doğma el-obanın havası da elə qidanın bir növüdür. Sənin qınadığın adamlar isə didərgindirlər. Onlar acından ölməsin, övladlarının yanında başları aşağı, gözləri kölgəli olmasınlar deyə yardım gətirən maşınların qarşısına qaçırlar.

Aşıq Zeynal, deyəsən, qadınla danışdığını unudub bir az da ucadan danışmağa başladı:

- Bəs vicdan?! Bəs əxlaq?! Bəs qeyrət?! Çox keçməyəcək, bu gün yardım gətirən maşınların qabağına yüyürən qızlar sabah-birisi gün ev xanımları, ana olacaqlar. Bəs onda bir kilo undan ötrü canfəşanlıq etdikləri üçün utanmayacaqlar?! Belə yaramaz! Gəlin unutmayaq, biz azərbaycanlıyıq. Mentalitetimizə uyğun davranmalıyıq. Deyəsən, sürücünün də hövsələsi tükənmişdi, gileylənməyə başladı:

- Əşi, sən Allah, bəsdir. Elə qeyrətlisənsə, qoyma yardım gətirən maşınlar qaçqın şəhərciyinə girsin. Gəl əyləş, gedək...

Zeynal kişi susdu. Kirimişcə gəlib yerində əyləşdi. Sürücü maşını yerindən elə sürətlə tərpətdi ki, sərnişinlərin canına əməlli-başlı qorxu düşdü. Eşitdiklərimi, gördüklərimi unutmaq üçün yenidən əlimdəki qəzeti oxuyuram:

 

Daş dibindən baş qaldıran göy otdum,

İşıq gördüm - bir balaca boy atdım.

Elə billəm - gəldim, gəzdim, qayıtdım -

Mənim o yerlərə dönməyim gəlir...

 

Bizim Cəbrayıl işğala məruz qalan bir neçə rayonlarımızdan biridir. Doğma elim üçün necə yanıramsa, eləcə də hazırda düşmən tapdağı altında inildəyən bütün yurd yerlərimizin həsrətini çəkirəm. Bu faktdır: ancaq doğma obamdan ayrılıq dərdi belimi büküb, taqətimi kəsib, başımı aşağı salıb. Cəbrayıllılar torpağlarını, ərazilərini düşmənə hədiyyə etməyiblər. Ermənilərin hələlik sonuncu dəfə şüurlu olaraq yaratdıqları qarşıdurmada beş nəfər həmyerlim Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb. 30 nəfərdən artıq döyüşçü müxtəlif orden-medallarla təltif olunublar. Torpaqlarımızın bütövlüyü, qorunması uğrunda 200 nəfər bilavasitə səngərdə, ön cəbhədə şəhid olub (qorxudan, səksəkədən ürəkləri partlayanların sayı isə iki qat artıqdır). Onlardan biri də doğmaca bacım oğlu Cabbar Cabbarovdur. Quduz düşmən bir çoxları kimi onun da 24 yaşında, Füzuli rayonu uğrunda gedən döyüşlərdə arzularını ürəyində qoydu. Bu barədə çox yazdığımdan daha söz tapa bilmirəm. Ançaq ürəyimdən keçir ki, kaş o yaşayaydı, əvəzində mən özüm öləydim... ölümü arzulamaqla deyil, bu dəhşətli façiə yaradanımızın alın yazısıdır.

Nəhayət, yumağından açılmış sap kimi yolu çözələyən maşın son mənzilə çatır. Elə səmimi etirafım da burada başlayır. Dəfələrlə gəldiyim ünvanla buranın arasında yerlə-göy qədər fərq var. Məcburi didərginlərimizin 1992-93-cü illərdə acınacaqlı gün-güzəranları, Allahım, necə dözülməz, necə sarsıntılıydı?! Yağan yağış, qar o zavallı insanların başına tökülərdi. Doğma mühitdən, iqlimdən zor qarşısında ayrılan insanlar Milin-Muğanın düzlərində sərt iqlimlə üz-üzə gəlmişdilər. Əslində onlar üçün ölüm daha yaxşı idi. Niyə? Ona görə ki, sevincləri çöhrələrində, təbəssümləri dodaqlarında donmuşdu. Amma dünyada bir yaşamaq eşqi, ömür sürmək həvəsi də varmış... Şair demiş, yaşamaq yanmaqdır, yanasan gərək. Dağlı-bağlı, kəhrizli-bulaqlı cəbrayıllılar Milin-Muğanın sonsuzluğa qədər uzanan düzlərində əzab-əziyyətlərini yaşamaq eşqindən çox zəif gördülər. Əslində heç başqa çarələri də yox idi. Axı neyləməliydilər? Prezident Aparatı önündə dayanıb dərdlərini səsgücləndirici vasitəsilə danışaydılar? Kim onları eşidəcəkdi, dinləyib qayğılarına qalacaqdı? Axı həmin vaxt respublika rəhbərlərinin əksəriyyətinin başı vəzifə, kreslo uğrunda amansız, aramsız qalmaqallara qarışmışdı... Bəs nə etməli, necə etməli? Axı insanların taleyi bir tükdən asılı qalmışdı...

Həmin ərəfədə respublikamızda baş verən qanlı-qadalı olayların hamısını yenidən xatırlamaq istəməzdim. Mövzumuzla əlaqədar bunu önəmə çəkirik ki, cənab Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra, obrazlı desəm, qaçqın və köçkünlərin acınacaqlı talelərində, qaranlıq güzəranlarda gur işıq yandırdı. Onların hüquqlarının qorunması üçun sərəncamlar imzaladı, fərmanlar verdi. Bakı və Sumqayıt şəhərlərində məskunlaşan məcburi köçkünlərin hər birinə atalıq qayğısı göstərdi. Onların sığınacaq tapdıqları ünvanlarda təmənnasız, ödənişsiz yaşamaları üçün aidiyyəti olan orqanlara tapşırıqlar verdi.

Ümummilli liderimizin Mil-Muğan, Aran bölgələrində məskunlaşan adamlarımıza da qayğısı, diqqəti unudulmazdı. 2000-ci ildə bu zonalara səfər edən cənab Heydər Əliyev iki qaçqın övladının toy şənliklərinə şərik çıxdı. Dedi, güldü, hətta qol götürüb xoş musiqi sədaları altında oynadı da. Ancaq onun eyni açılmırdı. çox düşüncəli, fikirliydi. Ona görə ki, ərazidə müvəqqəti məskunlaşan insanların yaşayış şəraiti qətiyyən cənab prezidentin ürəyincə deyildi. Bakıya qayıdan günün səhəri humanist, alicənab fərman imzaladı ki, dövlət büdcəsindən vəsait ayrılsın və yeni tipli qəsəbə salınsın. Böyük şəxsiyyətin qətiyyətli tapşırığı çox qısa müddətdə yerinə yetirildi. İndi bizi aparan maşın həmin qəsəbəyə daxil oldu

Zeynal kişi mürgüləyir. Arxada əyləşən qadının səsini eşidirəm: "Rəhmətlik Heydər Əliyev vaxtında imdadımıza çatmasaydı, vallah, batıb-qırılmışdıq. Allahımız o illəri, günləri ömrümüzə yazmasın. Başımızı gizlətməyə kölgəlik tapmırdıq. Yağış-qar hamısı üstümüzə yağırdı. İlahi, ya rəbbim, sənə yalvarıram, hər bir məçburi köçkünü, azərbaycanlını öz varlığı qədər istəyən unudulmaz rəhbərimizin ruhunu şad elə!"

Yaz günəşinin qürub çağında Biləsuvar rayonu ərazisindəki "qaçqın şəhərciyi"nə çatırıq. Bu sətirləri yazarkən ağlıma gəlir ki, Zeynal kişiyə və bütün söhbətlərimizin şahidi olmuş, salon güzküsündən bizlərə heyrət və nifrətlə baxan (onu ancaq gündəlik gəlir, qazanc maraqlandırır) sürücüyə "sağ ol" demədim. Bacımın yenicə köçdüyü mənzilə doğru tələsirəm. Daha doğrusu, qaça-qaça gedirəm. Qapını onun özü üzümə açır. Rəbbim, ta uşaqlığımdan bu çağıma kimi mənə bacıdan əlavə həm də ana, qardaş, ata qayğısı göstərən Zöhrə bacım son günlər necə yaşlanıb, üzünü qırışlar necə bürüyüb?!

- Salam, a bacı, necəsən?

- Ay qardaş, sağ-salamatam. Ayağım hələlik yer tutur. Doğma torpağlarımıza qayıtmayıncaya qədər canım çıxmayacaq. A qağa, el-obamız üçün bərk darıxıram. Gecə-gündüz tanrıya dua edirəm ki, qəbrim ata-anamın, qardaşımın yanında qazılsın...

- Dolanışığın necədir?

- Qürbətdə yaşamaq yaşayış deyil, qardaş! Sürünürsən, inildəyirsən, yanırsan-yaxılırsan. Dünyadır də, neyləməli?

- Maşallah, indi vəziyyətiniz ötən vaxtlara nisbətən daha yaxşıdır. İşıqlı, yaraşıqlı mənzillərə köçmüsünüz. Evinizin önündə torpaq sahəsi də var...

- Yox, qağa, bütun bunlardan yaramıza məlhəm olmaz... Dərdimizin dərmanı ancaq doğma torpaqlarımızdır.

- A bacı, axşam səni yuxumda görmüşdüm. Gördüm ki, əlində ağ dəsmal tutub, məni yanına çağırırsan..

- Qağa, su görmək aydınlıqdır, ağ rəng isə arzularının çin olmasıdır.

- Demək, tezliklə el-obamıza qayıdacağıq?

- Qardaş, mən buna inanıram. Televiziya ekranlarında dəfələrlə prezidentimizin danışığını eşitmişəm ki, torpaqlarımızın bir qarışını da işğal altında qoymayacağıq. Qağa, dünyanın çox naz-nemətindən pay olar, bircə vətən torpağından başqa...

Bacım ardımca su atıb, məni yola saldı. Maşın gəldiyim ünvana doğru irəlilədikcə, düşüncələrimin, intizarımın qədəri də artırdı. Bu misralar isə varlığıma hakim kəsilmişdi:

 

Daha səbr etməyə halım qalmayıb,

Daha yol getməyə yolum qalmayıb.

Bəsdir, çox demişəm: qalım-qalmayım?

Mənim o yerlərə dönməyim gəlir...

 

Doğma torpaqlarımız bizləri çağırır, mütləq qayıtmalıyıq!

 

 

Telman MEHDİXANLI

 

Təzadlar.- 2010.- 30 sentyabr.- S.14.