"Qaraçöp - elin böyük dayağı"

 

"Borçalı" İctimai Cəmiyyəti növbəti toplantısını keçirdi

 

Hər ayın son bazar günü təşkil olunan ənənəvi mərasimlərin davamı, eyni zamanda yeni bir mərhələnin başlanğıcı kimi öz işini daha böyük mütəşəkkilliklə qurmağa çalışan təşkilatın budəfəki toplantısının mövzusu "Qaraçöp - elin böyük dayağı" idi.

Tədbir Azərbaycanın Dövlət Himninin səslənməsi ilə başlandı. Cəmiyyətin İdarə Heyətinin üzvü Elxan Məmmədli mərasimi giriş sözü ilə açaraq gündəlikdəki məsələnin mövzusu ilə iştirakçıları tanış etdi.

Sonra söz "Borçalı" İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədliyə verildi. Z.Məmmədli tədbirə qatılan alim ziyalıları, respublikanın müxtəlif bölgələrindən olan insanları salamladı. Cəmiyyətin fəaliyyəti həyata keçirdiyi layihələr barədə hesabat xarakterli məlumat verən Z.Məmmədli bildirdi ki, təşkilat öz hüdudlarını getdikcə genişləndirməkdə gördüyü işlər, atdığı addımlarla əlaqədar hər gün öz ətrafına daha çox vətənsevər insanı toplamaqdadır: "Nəzərə alsaq ki, Cəmiyyətin xəttilə bügunəcən Borçalıya 106 jurnalist gedib onlar heç bir qərəzli mövqe nümayiş etdirmədən təşkilatın gördüyü işləri, həyata keçirdiyi tədbirləri yetərincə işıqlandırıb. Bunu uğurumuz kimi qəbul edə bilərik. Əlbəttə, bəzən fəaliyyətimizə ikili mövqedən yanaşma halları da olub. Belə ki, "Dədə Camal Məclisi"nin adına ara-sıra müəyyən rəng verməyə çalışanlara demək istərdik ki, hər el, hər məmləkət öz ağsaqqalları, ziyalıları ilə hər zaman fəxr edib. Cəmiyyətimizin Dədə Camala üz tutaraq onun hər kəsə örnək ola biləcək şəxsi nümunəsinə hörmət əlaməti kimi bu ad altında hazırladığı bütün tədbirlər ətraf aləmdə böyük əks-səda doğurub ki, bu da bizim doğru yol tutduğumuzun sübutu kimi özünü göstərməkdədir. Biz "Dədə Camal Məclisi"lərinin ilk turunu uğurlu hesab ediryeni bir mərhələyə qədəm qoyuruq. Təfəkkürümüzdə vahid Türk Birliyi ideyası, eyni zamanda Borçalı türklərinin vahid bir müstəvidə birləşməsi istəyi ilə "Qaraçöp - elin böyük dayağı" mövzusu ətrafında müzakirəmizi davam etdirəcəyik. Qarabağ, Dərbənd, Naxçıvan, Güney Azərbaycan, Göyçə və digər Azərbaycan bölgələri, Türkiyə, Kərkük ilə bağlı və s. mövzular ətrafında apardığımız polemikalar, hazırlayıb həyata keçirdiyimiz layihələr, I və II Elat Mədəniyyəti günləri uğurlu addımlarımızın tərkib hissəsi kimi qiymətləndirilməlidir.

Hazırda təxminən 24 min nəfər əhalinin yaşadığı qədim Qaraçöp mahalı tarixdə özünəməxsus qəhrəmanlıqları, igidliyi ilə ad çıxarmış türklərin əzəli-əbədi məskənidir və bu yurd saz-söz adamları, öz sözünün ağası olmuş kişiləri, kişilərinə arxa durmuş qadınları ilə tarixə düşmüşdür..."

Mövzu ilə bağlı ətraflı məlumat verən Z.Məmmədli daha sonra "Borçalı" Cəmiyyətinin yaxın dövr üçün həyata keçirəcəyi tədbirlər planı ilə tədbir iştirakçılarını tanış etdi. Tanınmış gürcü ədib Akaki Seretelinin 170 illiyi ilə bağlı Azərbaycan Yazıçılar Birliyində oktyabrın 14-də yubiley tədbirinin keçirləcəyini bildirdi. Azərbaycanda təhsil alan Borçalı əsilli tələbələrin yüksək ixtisaslı kadr kimi yetişmələrini, sonradan Gürcüstana qayıdaraq orada yaşamalarını və işləmələrini təmin etmək istiqamətində görülən işlərdən danışdı, Tiflisdə yaradılacaq türkdilli universitetin pespektivlərini açıqladı. Bu sahədə Azərbaycan Təhsil Nazirliyi ilə birgə fəaliyyətə aydınlıq gətirdi.

Qaraçöplü ziyalı, şair Həvillək Bayramlı onsuz da adı hər zaman Borçalı ilə bir çəkilən Qaraçöp mahalının coğrafi mövqeyi, tarixi keçmişi, sosial-iqtisadi problemləri ilə bağlı məlumat verdi. Təkcə sazı-sözü ilə deyil, xalçaçılıq sənəti, məişət ənənələri ilə tarixdə iz qoymuş Qaraçöpün saz-söz adamları - Miskin Vəli, Molla Qasım, Aşıq Musa, Aşıq Teymur, Səməd Qaraçöp, Ağababa Mahmudov və digər tanınmış şəxsiyyətləri ilə qürur duyduğundan danışdı.

Fəlsəfə doktoru, professor Fərhad Xubanlı 60 illiyi ilə bağlı cəmiyyətin fəxri fərmanı və xatirə hədiyyəsi ilə mükafatlandırıldı. Söz alan F.Xubanlı təqdimat üçün minnətdarlıq etdi, "Dədələrin azaldığı bir vaxtda Camal Dədəyə üz tutmağın" təqdirəlayiq hal olduğunu vurğuladı. Qaraçöp məktəblərinin üzləşdiyi dərslik problemindən danışdı, dərs kitablarının səviyyəsinin aşağı olmasından gileyləndi.

"Borçalı" Cəmiyyəti Qaraçöp şöbəsinin sədri Salman Murğuzlu təşkilatın bugünkü müzakirəsinin məhz tarixi türk torpağı olan Qaraçöpə həsr olunmasını alqışladığını bildirdi, bu qədim mahalın özünəməxsusluğundan, insanlarının mərdliyindən, cəsarətindən söz açdı, bu yurdun məşhur şairlərindən olan Həsən Sadıqlının və özünün şeirlərini səsləndirdi.

Qaraçöpün əfsanəvi şairi Səməd Qaraçöpün öz dilindən səslənən "Dağ" şeirini alqışlarla qarşılayan tədbir iştirakçıları professor, millət vəkili Nəsib Nəsibli, Dünya Azərbaycanlıları Konqresinin sədri Əjdər Tağızadə, AMEA-nın müxbir üzvü, professor Ramiz Məmmədov, şairlərdən Dərviş Osman Əhmədoğlu, Səadət Buta, Aşıq Ədalət Dəlidağlı, Aşıq Cahangir Gədəbəyli, Aşıq Tərmeyxan, Aida Gülzar, gənc müğənni Ariz Hüseynov və başqalarının çıxışlarını da maraqla dinlədilər.

Mövzu ətrafında müzakirə başa çatdıqdan sonra Z.Məmmədli tədbiri yekunlaşdırdı.     

 

 

ELBAR

 

Təzadlar.- 2010.- 30 sentyabr.- S.15.