Xosrov bəy - Qarabağın general-qubernatoru

 

(Sultan bəyin anadan olmasının 140 illiyinə) 

 

(Əvvəli ötən saylarda)

 

...Çətinliklərin hökm sürdüyü günlərin birində Laçın özünümüdafiə batalyonundan Bakıya xəbər gəldi ki, filan-filan şeylərə çox böyük ehtiyac var, Bakıdan kömək gəlməsə, Laçında vəziyyət ağırlaşa bilər. Bakıdakı, Sumqayıtdakı əslən laçınlı ziyalılar və digər vətənpərvər insanlar imkanları daxilində kömək etməyə çalışırdılar. Lakin bu insanların maliyyə çətinliyi də kifayət qədər idi. Biz əlimizdən gələn hər cür köməkliyi edir, sən-mən, siz-biz söhbəti etmirdik. Kimin əlindən nə gəlirdisə onu da edirdi. Lakin özünümüdafiə batalyonunun bu dəfəki çağırışına fəallıqla girişib xeyli iş görsək də aldığımız sursatlara pulumuz çatmırdı. Kimin üstündə, evində, dostunda, tanışında nəyi vardısa, hamısını bir yerə yığsaq da, yenə lazım olanı ödəmirdi. Birdən yadıma düşdü ki, atam İsrafil bəyin bir neçə aylıq təqaüdünü qabaqcadan almaq olar. Üz tutdum kişinin yanına, ondan da əvvəl poçtdakı tanışımla onun təqaüdünün verilməsinin mümkünlüyünü razılaşdıq - bir şərtlə ki, təqaüdü kişi özü qol çəkib almalı idi.

Məsələnin məğzini qısaca da olsa, İsrafil bəyə çatdıra bildim. O, cavabında "ə, bala, nəvaxtdan mən sənin əlinin üstünə əl qoymuşam? Belə işlərə lazım gələrsə, kişi evini-malını da satıb ödəməlidir. Mənim o ayaqqabılarımı ver mənə, kömək elə gedək" dedi. Kişi nasaz idi, amma dinməz-söyləməz mənimlə getdi və pulu alıb verdi. Pulun məbləği bir şey olmasa da, çox karımıza gəldi və lazımi şeyləri alıb Laçına, Arif Paşayevə göndərə bildik.

İş yerimizdə olduğu kimi, evimizdə də bütün söhbətlər erməni-Azərbaycan, rus-Azərbaycan, yer-yurd, haqq-nahaq haqqında idi.

Evdə adamların az olduğu bir məqamda kişi dedi (mən onu belə çağırırdım):

- Hə, bu xəmir hələ çox su aparacaq, dünya müharibəsi yadıma düşdü, Allah sənə rəhmət eləsin, Xosrov!

 

- Kişi, Xosrov kimdir? - deyə soruşdum.

- Paşa bəyin oğlu Xosrov bəyi deyirəm.

- Kişi, o hardan sənin xəyalına gəldi?

 

- Qardaş (o, məni "qardaş", "balaca qardaş" çağırardı), cavanlığım yardıma düşdü, mən onunla Avropanın müxtəlif ölkələrində, şəhərlərində görüşmüşəm, müharibənin qızğın çağında, almanların fanat vaxtında.

- Kişi, bu söhbətləri heç mənə deməmisən.

- Necə deyəydim, ay bala, elə özümdən çox səndən qorxurdum, bir də kişinin ağzı nə qədər möhkəm olsa, bir o qədər yaxşıdır.

Beləcə, söhbət uzandı və kişidən bilmədiyim bəzi məsələləri öyrəndim.

Söhbətin qısa məzmunu belə idi ki, İsrafil bəy çox erkən komsomola qəbul olunmuş, komsomol fəalı olduğundan da könlü olaraq vaxtından əvvəl əsgərliyə getmiş, Leninqradda xidmət etmiş, yaxşı xidmətə görə elə oradaca xüsusi təyinatlı məktəbə getmiş, kursantlıqdan Rus-Fin müharibəsinə göndərilmiş, orada yaralandıqdan sonra oxuduğu məktəbə qaytarılmış, vaxtından əvvəl zabit rütbəsi almış və yoldaşlarından xeyli qabağa çıxa bilmişdir. Xüsusi məktəbdə alman dilini də öyrədirmişlər.

...Boy-buxunum, bayavoyluğum, yaralanmağım və alman dilini yaxşı öyrənməyim bir növ başıma bəla oldu. Məni xüsusi məktəbin xüsusi institutuna göndərdilər. Yorulmaq bilmirdim, fiziki normaları, silahlardan istifadə və "Avropa qaydası"nı çox dəqiq yerinə yetirə bilirdim. Arada elə oxuya-oxuya Ukraynaya hərbi təlim təcrübəsinə göndərildim və çox yaxşı zəmanətlə geri qayıtdım. Elə bu da mənim Avropaya göndərilməmin axırıncı etapı imiş. Xeyli adam idik, əksəriyyəti bir-birini tanımırdı. Elə bir nəqliyyat növü olmadı ki, bizi ona mindirməsinlər, hər bir adamla ayrıca məşğul olur, təlim keçirdilər. Bizimlə olan söhbətləri heç kimə açmamaq məqsədi ilə "xüsusi formaya" qol çəkmişdim. 25 il müddətində mənimlə olan söhbətləri hər kimə açsaydım, məhkəməyə ehtiyac yox idi, əlli-ayaqlı getməli idim, amma mən 50 ildir susmuşam və təbii ki, bundan sonra da demərəm. Bir məqamı isə deyəcəm, sən də bilsən yaxşıdır, lazım olar.

O dövrdə Avropada demək olar ki, hamı alman dilində danışırdı, hətta incə dilli fransızlar da.

Kişinin "dili" açılmışdı. Məəttəl qalmışdım. Fikirləşirdim ki, ayə, bu kişi nələrə qadir imiş, deməli, "solaxay" İsrafilin solaxaylıq sirri bu imiş. O, çəngəli sol əli ilə tuturdu, məclislərdə isə çalışırdı sağ əlində tutsun, yaxud əli ilə yesin.

...Mənə ayrılmış marşrutların hamısına baş çəkmişdim, işlərim səhmanda idi, fədakarcasına işləyirdim. Xəbər gəldi ki, alman düşərgələrindən, orada olan vəziyyətdən, "satqınlardan" məlumat toplayım. Bu minvalla doğma işimə bir iş də əlavə olundu. Bu gün alman düşərgələri haqqında məlumat dünyada bəllidi. Lakin elə məqamlar var ki, gərək özün şahidi olasan. Almanlara çox böyük hörmətim olsa da, faşistlər elə doğrudan da faşist idilər, bircə ermənilərdən geri qalırdılar. Düşərgələrdə hər cür əzablar verilsə də, alman səliqə-sahmanı hər yerdə hökm sürüdü, onu pozmaq heç bir almanın ağlına gəlmirdi. Düşərgələrdə ruslardan çox, digər millətlərin oğulları idi - Orta Asiya, Qafqaz, Ukrayna. Nədənsə, almanlar ukraynalılara nisbətən diqqətli idilər. Amma əvvəlcə onu sübut etmək gərəkdi. Elə bil bütün türkdilli xalqları Rusiyadan seçib bu düşərgələrə doldurmuşdular. Bu əhalinin əksəriyyəti dil bilmirdi və savadsız idilər, siyasətdən başları çıxmırdı.

Yəhudilər özlərini gizlətməyə çalışsalar da mümkün olmurdu, onları "satırdılar". Satqınlıq əsasən ruslara, ermənilərə aid idi, bəziləri də bilməməzlikdən "satqınlıq" edirdilər.

Hətta ermənilər erməni olduqlarını sübuta yetirmək üçün Amerikada, Fransada olan məşhur ermənilərin adlarını çəkər, bu, kara gəlməyəndə şalvarlarını açıb sünnətsiz olduqlarını göstərməyə çalışırdılar.

Mənə məlum oldu ki, sünnətlə bağlı azərbaycanlıları və müsəlman əsgərləri yəhudi kimi düşərgələrdən seçib aparıb məhv edirlər. Hətta əsir düşmüş sovet əsgərlərindən birinin başqasından xoşu gəlməyəndə, xüsusən qarabuğdayı insanları yəhudi kimi alman zabitlərinə çatdırırdılar. Çoxlu miqdarda əsgərlər yəhudi millətinin nümayəndəsi kimi məhv edilirdi. Məlumatı aidiyyəti məntəqələrə ötürsək də, nəticəsi olmamışdı, cavan insanlar məhv olurdu.

Adətən, Türkiyə ilə bağlı məsələlərdə mən iştirak etmirdim. Səbəbini bilrdim, sadəcə, üstümə götürmürdüm, götürməkdə olmazdı. Buna baxmayaraq, eşitmişdim ki, almanlar qalib gələrlərsə, Azərbaycana Rəsulzadə adlı bir nəfər rəhbər göndərilməlidir. Onun kimliyini aydınlaşdıranda bütün məsələlər gün kimi mənə aydın oldu. Mən onu axtarırdım, görüşməyə də ürək etmirdim.

Növbəti tapşırıqda bizə rəhbərlik edən və təlimat verən bizlərə oxşayan bir şəxs idi və o, məni onunla qalmağı təklif etdi. Biz bir-birimizlə yaxınlaşdıq. O, ukraynalı idi, səmimi adam olsa da, tərsliyi vardı. Əvvəlcədən heç bir məlumat vermədən məni bir qrup adamla görüşə aparmışdı. Söhbətdən məlum oldu ki, bu adamlar Sovetlərə qulluq edirlər və almanlardan, türklərdən məlumatlar toplayırlar.

Görüşlərin birində bunlardan bir-birilə azərbaycanca danışığın şahidi oldum və ukraynalı söhbəti yazdığından, mən bir də diqqətlə sözlərə fikir verdim. Beləliklə, mən birbaşa bunlarla əlaqə saxladım.

Bir çox məlumatları onlar əvvəlcə mənə verir, saf-çürük etdikdən sonra meydana çıxarırdıq. Bir-birimizə inam yaranmışdı. Mən onlara azərbaycanlıların, müsəlmanların yəhudi adı ilə məhvi məsələsini söylədim. Onlar da çox təlaş keçirdilər. Elə o gündən də bu yolda fəaliyyətə birgə başladıq. Çox canfəşanlıqdan, çətinlikdən sonra onlara Məmməd Əmin Rəsulzadəni istiqamət verdim. Bu insanların fikirləri mənimki kimi tamam çevrilmişdi. İndi biz nə olursa-olsun insanlarımızı xilas etməli idik. Dostlar bütün Avropanı, Türkiyəni bir-birinə vurduqdan sonra Məmməd Əmin Rəsulzadəni tapıb mənim qoyduğum məsələni ona çatdırmışdılar. Məmməd Əmin Rəsulzadə ilə məni görüşdürmək fikrinə də gəlmiş və ondan razılıq almışdılar. Mən isə razılıq vermədim, zamana ehtiyacım var, dedim. Bu səbəbdən də Məmməd Əmin Rəsulzadə mənim Azərbaycanın hansı bölgəsindən olmağımı aramış və mənə bəraət qazandırmışdı. Bir müddət keçdikdən sonra həmin əlaqələndiricilər mənə "general qohumunu tapmışıq" dedilər və bizi görüşdürdülər. Əlbəttə, görüşdük, amma generalı tanımadım. Həmsöhbətim yer-yurd adlarını, özünün və mənim adlı-sanlı qohumlarımın adını çəkdikdən sonra və gözünün birindəki şəkki gördükdən sonra onu tanıdım. İkimiz də ayağa durub qucaqlaşdıq və Xosrov bəy, sizi xoş gördük, - dedim. Yaşlı görünsə də, sifətdən çox təravətli idi. Azərbaycanca təmiz danışa bilmirdi, türk, alman və fransız dillərində yaxşı danışırdı, xalq aforizmlərindən istifadə edirdi. Alman dilini nə gözəl bilirsən, qardaşoğlu, o dağlar hara, alman hara, - deyə mənə mürciət etdi. Kənd-kəsəklə, Hacısamlı, Şuşa, Azərbaycan, Sovet quruluşu barədə, xüsusən Stalin, M.Bağırov və ermənilər barəsində olan suallarının ardı-arası kəsilmirdi. Hər görüşdə bu qəbildən olan suallar təkrar olurdu. Adımı çəkmirdi, "qardaşoğlu" çağırırdı məni.

Mən Almaniyada, onun hüdudlarından kənarda olan azərbaycanlı və Sovet əsirləri haqqında Xosrov bəyə onun təsəvvür edə bilməyəcəyi məlumatlar verdim. Amma bütövlükdə birinci məsələ əsirlikdə olan Azərbaycan və müsəlman əsgərlərinin taleyi, onların yəhudi adı ilə məhv olunmalarından xilas olmaları idi. Xosrov bəy Avropanı yaxşı tanısa da, çoxlu dostu, tanışları olsa da, ilk vaxtlar heç nə edə bilmirdi, çox əsəbiləşirdi. Mən onun fikrini Məmməd Əmin Rəsulzadəyə yönəltdim, almanlarla türklərin yaxşı münasibətdə olmalarını xatırlatdım. O, yuxudan ayılmış kimi oldu. Dedi, çox düz yoldasan, belə olan halda mən getməliyəm, bu çox yerinə düşdü, bilirsən, qardaşoğlu, Azərbaycanda sənə nazir vəzifəsi məndən. Mən təəccüblənəndə, dedi, qardaşoğlu, Məmməd Əmin mənə iki nazir vəzifəsini təklif edib, deyib, seç, ya səhiyyə və sosial təminat naziri, ya da xarici işlər naziri vəzifəsini, qəm yemə, gün o gün olsun ki, üzbəüz evlərimizdə üzbəüz oturaq, qalanları düzələr.

M.Rəsulzadənin müdaxiləsi ilə Türkiyə Xarici İşlər Nazirliyi alman dövləti qarşısında müsəlmanların yəhudi kimi məhv edildiyi məsələsini qaldırdı. Türk və alman nümayəndələrinin iştirakı ilə xüsusi qrup yaradıldı və M.Rəsulzadə Xosrov bəy Sultanovu gələcək Azərbaycan dövlətinin səhiyyə naziri və bir həkim-mütəxəssis kimi bu qrupda iştirakına nail oldu.

İki dövlətin - dövlət nümayəndələri ilə yanaşı, Xosrov bəy müsəlman və yəhudi sünnətinin fərqini sübuta yetirdi. Almaniya dövləti Türkiyə dövlətinə bu yardım üçün təşəkkürlərini bildirib və Türkiyəyə icazə verdilər ki, öz bayraqlarını asmaqla əsirlərə türkcə müraciət etsinlər, öz millətlərini ölümün pəncəsindən xilas etsinlər. Bu belə də oldu. SSRİ dövləti də bu məsələni dünya səviyyəsində siyasi bir məqam kimi istifadə etməkdə idi. Almanlar da həqiqəti anlamışdılar.

Alman əsirliyində olan minlərlə soydaşlarımız faşist peçlərində yandırılmaqdan azad olsalar da, SSRİ-yə qayıdan kimi güllələndilər, yaxud Sibirə sürülərək məhv oldular.

Xosrov bəylə İsrafil bəyin doğma xalqı qarşısındakı missiyaları öz humanistliyi ilə qiymətli olsa da, tale onların bu missiyanı axıra kimi yerinə yetirməyə imkan vermədi. Xosrov bəy vətən həsrətilə qardaş Türkiyə Respublikasının Bursa şəhərində torpağa gömüldü. İsrafil bəy isə ali təhsildən, general çini almaq ərəfəsində polkovnik çinindən, sovetlərin qəhrəmanı adından məhrum edilərək, hərbi tərcüməçi "tacı" ilə kifayətlənməli olub, əlli il elə susmalı oldu ki, ailəsinin də bu işlərdən xəbəri olmadı.

İkinci Dünya müharibəsi qurtardıqdan sonra da Xosrov bəy siyasi fəaliyyətindən əl çəkməmişdi. Azərbaycan uğrunda mübarizə aparan Xosrov bəyin fəaliyyəti bir çox vətənsizlər kimi, çox geniş və ruhlu olmuşdur. Tarixi məlumatlarda onun ailə və uşaq sahibi olması haqqında heç bir yazılı mənbəyə təsadüf etməmişəm. Amma şifahi olaraq insanlardan eşitmişəm ki, o, Azərbaycanda olarakən bir nəfər qarabağlı xanımla evlənmiş və uşaqları olmadığından həmin xanım onu tərk etmişdir. Atam İsrafil bəyin dediyinə görə, Xosrov bəy bir müddət Polşada yaşamış və orada bir polşalı qadınla evlənsə də, uşaqları yox idi. Polşanı tərk edən Xosrov bəy Türkiyəyə tək qayıtmış və bir daha Polşaya dönməmişdir.

Elbrus Şahmarın və digərlərinin yazdıqlarına görə, Azərbaycanın Laçın bölgəsini təmsil edən və əslən türk oğlu-türk olan bu qardaşlar Türkiyədə dünyalarını dəyişmişlər. Sultan bəy 1955-ci ildə Türkiyənin Göygöl kəndində, bəzi mənbələrdə isə, Ərzurum bölgəsində vəfat etdiyi bildirilir. Azərbaycan türklərinin böyük oğlu Xosrov bəy isə 1956-ci ildə Bursa şəhərində torpağa gömülmüşdür.

Xosrov bəy türk xalqını təmsil edən bir şəxs kimi özünün şirin canını vətənə həsr edən alicənab fəaliyyəti bugünkü gəncliyə bir örnəkdir. Dərk edilməlidir ki, dağlı-aranlı Qarabağ torpaqlarının 1993-cü ilə kimi Azərbaycan dövlətinin əlində qalması bilavasitə laçınlı Xosrov bəy və Sultan bəy qardaşlarının fəallığı sayəsində mümkün olmuşdur. Sultan bəyin oğlu-qızı və hazırda onların törəmələri, davamçıları var. Onlardan tələb olunan isə ata və babalarının, əmiləri Xosrov bəyin yolunu davam etdirmək, nəsil səcərəsinə yeni-yeni qəhrəmanlıqlar imzası atmaqdır.

Xosrov bəyin isə övladı qalmamışdır, vətən qarşısında xidmətləri isə yetərincədir. Vacib olan odur ki, Azərbaycan dövləti, Azərbaycan xalqı onun adını əbədiləşdirsin, layiq olduğu bir məkanda heykəli ucaldılsın, adına küçələr, prospektlər olsun, hansısa bir təşkilata onun adı verilsin, vətənpərvərliyi lazımi səviyyədə dövlətimiz naminə təbliğ edilsin.

 

 

Ziyadxan Nəbibəyli,

tarix elmləri doktoru,

professor,

Azərbaycan Yazıçılar 

Jurnalistlər birliklərinin üzvü

 

Təzadlar.- 2011.- 23-26 aprel.- S.10.