"Ağdam çörək muzeyi:dünəni, bu günü və sabahı"

 

Vüqar Tofiqlinin yeni kitabını oxuyarkən

Zəngin tariximizi, yurd yerlərimizi, maddi-mənəvi irsimizi qoruyub yaşatmaq işinə hər birimiz öz töhfəmizi verməliyik. Abidələr tarixin yadigarıdır. Ulu babalarımızın bizə qoyub getdiyi müqəddəs əmanətdir. Hər bir abidə bir tarixdir. Doğma yurdumuz tarixi abidələrlə olduqca zəngindir.

Novruzlu Qarabağın ən qədim, ucaboylu bağları, adlı-sanlı adamları, bərəkətli torpaqları, kəhrizləri, çoxmərtəbəli binaları, ilk təhsil ocaqları ilə tanınan böyük kəndlərindən biridir.

Novruzlu kəndi Qarqar çayının sağ sahilində yerləşir. Böyük kənd idi, suvarılan məhsuldar torpaqları vardı. Novruzlu kəndini məşhurlaşdıran sahələrdən biri ucaboylu ağaclarında yetişdirilən davasız-dərmansız üzüm idi. Bağlarda çoxlu üzüm növləri var idi: Hazarı, Quşürəyi, Keçiməməsi, Qızıl üzüm, İrşibaba, Kişmiş üzümü, Mərəndi, Şaq-şaq, Gəlin barmağı, Xan üzümü, Yaylıq üzüm, Tülküquyruğus.

XX əsrin əvvəllərində - 1913-cü ildə Rusiyada çap olunan coğrafi atlasda-Ağdamda ilk iki sənaye müəssisəsi göstərilirdi. Onlardan biri Novruzlu çaxır Zavodu idi. Ucaboylu ağaclarda (palıd, qoz, ərik, alça, qaraağac, cəkil və s.) yetişdirilən üzümün şirinliyi ən yüksək həddə çatırdı. 1973-cü ildə İtaliyada şərabçılıq üzrə keçirilən müsabiqədə "Novruzlu" şirin şərabı Qızıl medala layiq görülmüşdü.

Kəndin çoxlu məhlələri vardı: Daşlı təpə, Kərbəlayi Məhərrəmli, Təzə məhlə, Orta məhlə, Boccalı, Aşağı məhlə, Məktəb məhləsi, Hümbətlər, çölməhlə, Paşalars.

Daşlı təpə adlanan məhlə kəndin yuxarısı hesab olunurdu. Kənddə ən yaxşı üzüm növləri əsasən bu ərazidə yerləşirdi. Kəndin ən məşhur yeri Pirmurad adlanırdı. Sahəsi 4-5 hektar idi. Sahənin ortasmda təxminən yer səviyyəsindən 20-30 m hündürlükdə təpə vardı. Təpənin ətrafında boş sahədə əsasən taxıl (buğda) əkilib becəlirdi. Böyük Vətən müharibəsi illərində təpənin ətəklərində qazıntı zamanı yerin altından xeyli insan sümükləri, saxsı qablar çıxmışdı. Tapıntılardan aydın olur ki, Pirmurad deyilən həmin təpənin altında xalqımızın - kəndimizin çox böyük tarixi yatır. çox təəssüf ki, indi Novruzlu kəndi ermənilərin işğalı altındadır.

Kəndin maraq göstərilən yerlərindən biri "öküzçü" düzü deyilən kurqandır. öküzçü Qarqar çayının sağ sahilində yerləşirdi. çayın səviyyəsindən 50-60 m hündürlükdə idi. Rəvayətə görə, aşağı rayonlardan - Arandan dağa köç edərkən çobanlar alaçıqları Qarqar çayının su axmayan ortasında qururlar. Qəflətən güclü yağış yağır. Gələn sel alaçıqları, yüklü öküzləri, mal-qaranı aparır. Həmin hadisədən sonra o sahənin adı qalır öküzçü. 1920-30-cu illərdə o sahəni xırman yeri eləmişdilər. Taxılı vəllə döyürdülər, sonra buğdanı təmizləmək üçün taxılı sovururdular, külək hündür yerdə güclü olduğu üçün taxılı tez küləşdən-samandan ayırıb çuvallara yığırdılar.

Hacı bəyin təpəsi - kəndin yuxarı hissəsində idi. Təpədən baxanda qonşu Saybalı, Bağbanlar, Pirzadlı, İsmayılbəyli kəndləri görünürdü. 1920-30-cu illərdə təpənin ətrafı qaçaq-quldurların sığınacaq yerləri olub.

Xatın arxının tarixi - XVIII əsrin sonlarına gedib çıxır. Tarixdən məlumdur ki, Ağa Məhəmməd Şah Qacar qoşunu ilə bir neçə dəfə Qarabağa hücum etmişdir. Birinci dəfə Qarabağa hücum edərkən Qacarın qoşunu üçün Şelli dağının yuxan hissəsində Əsgəranın aşağısında çadırlar qurulur. Əsgəran qalasında İbrahim xanın qoşunu Qacarın qoşununa güclü müqavimət göstərir. At kişnəməsi, adamların səs-küyü aləmə yayılır. Bu zaman Qacarın generallarının biri ağır yaralanır. O, Şelli kəndində Xatın adlı bir qarının evində qalır, müalicə olunur. Kimsəsiz qarının xidməti generalın xoşuna gəlir. Sağalandan sonra Xatın arvaddan xahiş edir ki, onun nə istəyi olsa, general yerinə yetirə bilər. O zaman ərazidə su mənbəyi olmadığı üçün Xatın arvad Qarqar çayından Şellinin üst tərəfindən kəndə arx çəkilməsini xahiş edir. Generalun qoşunu az müddətdə Qarqar çayından dağın dibi ilə kəndə arx çəkir. O vaxtdan o tarixi abidənin adı - Xatın arxı kimi tanınır. Xatın arxının aşağı hissəsindən isə Novruzlu, Saybalı, Bağbanlar, Pirzadlı, İsmayılbəyli, Mərzili ağsaqqallarının, bəylərinin gücü ilə Musabəy arxı çəkilir. Musa bəy arxının elə yeri var idi ki, 30-40 metr dərinlikdə idi. Qarqara sel gələndə Xatın arxının suyu bağ-bağatı, əkin yerlərini bol-bol suvarırdı. Hazırda həmin sahələr də ermənilərin işğalı altındadır.

"Rus yolu" 1920-25-ci illərdə hərbi məqsədlə çəkilmişdi. Yol Ağdamdan gəlirdi. Qarqardan, Novruzlunun üst, Saybalının alt tərəfındən keçirdi. Pirzadlı ilə İsmayılbəylinin arasından, Mərzilinin üst tərəfindən Xonaşına, ordan da Malaqana (Qaryaginə-indiki Füzuli rayonu) keçirdi. Məqsəd - gizli, qısa marşrut idi. Son zamanlara qədər yol işlək vəziyyətdə idi.

Bəndalı - Mərzili dərəsi məşhur gizlənc yeri idi. Rəvayətə görə, Abdal-Gülablının aşağı, Mərzili kəndinin üst tərəfində çaylıq deyilən yerdə 2-3 əsr bundan əvvəl güclü çay yatağında qayıqlar üzürmüş. Xüsusilə yaz aylarında Abdal-Gülablı-Qarakənd adlanan dağlardan gələn sel aşağı kəndlərə çox ziyanlıq verirmiş. O cümlədən Mərzili-Bəndalı dərəsi deyilən yerdə də yaz aylarında güclü sel axarmış. Dərə o zaman əmələ gəlib.

Məlumdur ki, məscid müsəlmanların ibadət yeridir. Qarabağın bəzi yerlərində, o cümlədən Novruzlu kəndində də məscid binası vardı. Lap qədimdən camaatın ibadət yeri olan məscid müqəddəs yer kimi qorunub, abadlaşdırılırdı. Lakin 1920-30-cu illərdən sonra Sovet hökuməti məscidi anbar, bir müddət sonra isə pambıq qurutmaq yeri (sşulka) etmişdi. Nəhayət, ölkəmiz müstəqillik qazandıqdan sonra məscid əsaslı təmir edilərək camaatın istifadəsinə verilmişdi. Ermənilər həmin tarixi abidəni də yandırıb.

Kənddə çox boyük tarixi abidə nümunələri kimi, yeraltı kəhrizlər də vardı: Kərbəlayi Abbasın, Hacı bəyin, Hüseyn bəyin, Şükür bəyin kəhrizləri torpaqların suvarılmasını təmin edirdi. Kənddə iki dəyirman vardı. Biri su dəyirmam idi ki, camaatın öz gücü ilə qurulmuşdu. 2-cisi od dəyirmanı adlanırdı, 1950-ci ildə tikilmişdi. Sonralar dəyirmanın fəaliyyəti dayandırıldı. Həmin bina sonralar polietilen istehsal edən sexə çevrilmişdi. Lakin 1992-ci ildə ermənilərin atdığı qrad nəticəsində sex darmadağın oldu.

Kənddə 200-300 ildən artıq tarixi olan əzizlərimizə layiq qəbiristanlıq vardı, qara, mərmərdən düzəldilmiş baş, sinədaşları vəhşi ermənilər tərəfindən məhv edildi.

Kənddə müəllim işlədiyim 1951-1953-cü illər arasında Novruzlu məktəbində tarix-diyarşünaslıq kabineti düzəltmişdik, orada müxtəlif tapıntılar: qədim əmək alətləri, saxsı qablar, küplər, qab-qacaq, bəzək əşyaları, dəmir pul nümunələri vardı. Məlum olur ki, babalarımız min illər bundan əvvəl yüksək mədəniyyətə malik imişlər.

Qarabağın adlı-sanlı kəndlərindən olan Novruzlu kəndi XX əsrin əvvəllərindən inkişaf etmişdi. Kənddə adamlar ən çox təhsilə fikir veriblər. Belə ki, kənddə - sovetlikdə 4 (dörd) yeraltı kəhriz (Kərbəlayi Abbasın, Hacı bəyin, Hüseyn bəyin, Yusifcanlı), 2 məscid, 3 kitabxana, 4 ərzaq-sənaye malları mağazası, 75 çarpayılıq xəstəxana, 2 tibb mərkəzi, 3 bərbərxana, 2 rabitə şöbəsi, 3 uşaq bağçası, 2 gündüz orta, 3 axşam kəndli-gənclər məktəbi, 2 klub, polietilen sexi, ildə 10 min ton üzüm qəbul edən çaxır zavodu, 2 maşın-traktor parkı, 2 yerdə BVM və 20 yanvar şəhidlərinə qoyulmuş abidə kompleksi, yeni layihə ilə tikilmiş 684 yerlik orta məktəb binası - içərisində idman zalı, iclas zalı, 100-150 nəfərlik yeməkxana, içərisində 2 kompleks kompüter otağı, 8 linqafon kabinetis. var idi. çox təəssüf ki, bunların hamısı erməni işğalı altında qaldı və məhv edildi.

Novruzluda savadlı adamlar çox idi. Keçən əsrin əvvəllərində Peterburqda ilk ali təhsil alan Mirzə çıraq Səlim Həsənov olmuşdu (Səlim atamın böyük qardaşı olub, sonralar onun adını mənə qoyublar). Kənddə ilk məktəb XX əsrin əvvəllərində ərəb-fars, rus dillərini mükəmməl bilən Molla Hətəmovun olub. O, 1920-1925-ci illərdə kəndin yuxarı məhləsində Əzim kişinin evində dərs deyirmiş. Məktəb sonradan Hacı bəyin evində (1960-1964-cü illərdə Ağdam rayon Partiya Komitəsinin 1-ci katibi işləyən Xosrov Ağayevin böyük qardaşı Bala bəy Ağayev olub), sonra Aslan kişinin, daha sonra isə Bəndalı yüzbaşının evində olub.

1929-30-cu illərdə dövlət əhalini savadlandırmaq üçün kəndin aşağı hissəsində qonşu kəndlər üçün mərkəz hesab edilən yerdə məktəb binası tikib.

 

1930-1936-cı illərdə direktor - Əliş Abdullayev

1937-1940-cı illərdə direktor - Şəmil müəllim

1941-1944-cü illərdə direktor - Zərif Quluyeva

1945-1946-a illərdə direktor - Xudu Xudiyev

1947-ci ildə direktor - Şirin Əhmədov

1948-ci ildə direktor - Ənvər Qənbərov

1949-1950-ci illərda direktor - Asif Eyvazov

1951-1952-ci illərdə direktor - Əhməd Qasımov

1953-cü ildə direktor - Hümbət Nəbiyev

1954-cü ildə direktor - Nasir Quliyev4

1955-ci ildə direktor - Valeh Hüseynov

1956-cı ildə direktor - Qara Hüseynov

1957-1965-ci illərdə direktor - Zülfüqar Ələkbərov

1966-1993-cü illərdə direktor - Səlim Əzimov

 

Novruzlu məktəbi əvvəl ibtidai, sonralar yeddillik, səkkizillik, 1953-cü ildən sonra isə orta məktəb olmuşdur. Direktor işlədiyim illərdə yüzlərlə gəncə həyat vəsiqəsi vermişəm. 1950-1960-cı illərdə qonşu - Yusifcanlı, Mərzili, Pirzadlı, İsmayılbəyli, Bağbanlar, Saybalı kəndlərindən orta təhsil almaq üçün Novruzluya gəlirdilər. Mən fəxr edirəm ki, orta təhsil haqqında attestat verdiyim gənclər arasında indi onlarla həkim, müəllim, mühəndis, şair, yazıçı s. ixtisas sahibləri, elm adamları var.

Mən fəxr edirəm ki, bugün dünya şöhrətli alim Xudu Məmmədov, dünya şöhrətli alim Rafiq Əliyev, uzun müddət raykomun 1-ci katibi olmuş, SSRİ Ali Sovetinin deputatı, Sosialist Əməyi Qəhrəmanı Feyruz Mustafayev, FED Cahangir Məmmədov, RED Misir Rəhimov digərləri vaxtilə bu məktəbdə təhsil alıblar.

Novruzlu abad kənd idi. 1917-ci il oktyabr inqilabına qədər Ağdamın heç bir yerində olmayan 3 mərtəbəli bina - Hacı bəyin evi bizim kənddə olub. Bundan əlavə üstü dəmirli 2 mərtəbəli yaraşıqlı binalar çox idi. Kərbəlayi Abbasın, Hacı bəyin, Azad bəyin, Böyük bəyin, Məşədi Rüstəm uşağının, Məşədi Möhbalının, Abdin uşağının, Kərbəlayi Məhərrəmin, Məşədi İbrahiminbaşqa yaraşıqlı binaları var idi.

Bunları sadalamaqda məqsədim odur ki, yurdumuzun hər qarışı abidələrlə dolu, zəngin idi. öyrənilməmiş hər bir abidə tariximizin açılmamış səhifəsidir. Onları tanımalı, sevməli və qorumalıyıq. Abidələri qorumaq tariximizi yaşatmaq deməkdir. Bu kiçik məqaləni mənə yazdıran Qarabağın qeyrətli övladlarından olan tədqiqatçı-yazar Vüqar Tofiqlinin "Ağdam çörək muzeyi: dünəni, bu günü və sabahı" kitabı oldu.

Müəllif yazır ki, "çörək muzeyi tək Ağdamın, Qarabağın yox, bütün Azərbaycanın sərvəti və qürur yeri idi. Kitabın ərsəyə gəlməsində çox böyük əməyi və zəhməti olan, muzeyin ideya müəllifi və qurucusu olan o zamanlar Ağdam rayon partiya komitəsinin 1-ci katibi işləmiş Sadiq Murtuzayevə böyük minnətdarlıq bildirirəm".

Kitabda müəllif haqlı olaraq bildirir ki, Ağdam Qarabağın həm giriş qapısı, həm də gözü idi. çörək muzeyi isə Şərqdə yeganə muzey idi. Kitabın müəllifl V.Tofiqli və xatirə yazanlar çox düzgün olaraq qeyd edirlər ki, ulu toıpaqlarımızın xeyli hissəsini nankor ermənilər müxtəlif vaxtlarda ələ keçiriblər. Xalqımızın yağı düşmənləri həmin torpaqlarımıza yiyələnmək, burada ulu babalarımızın izini itirmək üçün bütün abidələrimizi məhv etmişlər. Ulu babalarımızın əmanətinə layiqli varis olmaq üçün həmin abidələr haqqında məlumatları dərindən öyrənilməli, tarixi həqiqəti gələcəyimiz olan gənc nəsil bilməlidir. Yəqin ki, zaman keçəcək, itirilmiş torpaqlarımızın biz yenidən sahibi olacağıq.

"Ağdam çörək muzeyi: dünəni, bu günü və sabahı" kitabının müəllifi Vüqar Tofiqliyə, hörmətli Sadiq Murtuzayev demişkən, yeni "Ağdamnamə" yazmağı arzu edirəm.

Sizə iti qələm, sanballı yaradıcılıq arzulayıram, Vüqar Tofiqli!

 

Səlim Əzimov,

əməkdar müəllim 

Təzadlar.- 2011.- 13 dekabr.- S.7.