Bir daha himnimiz haqqında...

 

Himnimiz haqqında qısa da olsa, gedən mübahisələri, yazıları diqqətlə izlədim. çünki bu məsələ sıradan biri deyil. Bu arada bəzi etiraz səsləri , elə-belə hay-küyü salan da, himnimizi bəyənməyən , onun çox uzun, sözlərinin anlaşılmaz olduğunu iddia edənlər oldu.

Təəssüf ki, tutarlı cavaba rast gəlmədim. Yaxınlarda internetdə ...-ın (tanınmış jurnalist-yazar-deputatın adını çəkmirik - red.) himnimiz haqqında fikirlərini oxudum çox dilxor oldum. ... (filankəs - red.) ikinci dəfə uduzdu. Birinci dəfə parlament seçkiöncəsi çıxışlarda Vüqar Bayramlıya uduzmuşdu, ikinci dəfə vətənini sevənlərə uduzdu.

Ən azından qələm əhli olasan belə, qərəzli danışasan, Uzeyir bəyin, istiqlal şairi Əhməd Cavadın vətən sevgisini anlamayasan... Əlbəttə, bunun üçün fərqi görmək lazımdır. Deputat bəy elə bilməsin ki, hamı onun kimi düşünür, əsla. Bu gün hər şeyin dəyərini anlayan sərraf insanlar da çoxdur. Unutmamalıyıq ki, mövcud himnimiz vətənpərvər ziyalılarımızın illərlə mübarizə aparıb qurdugu, Şərqin ilk demokratik cumhuriyyətinin, ərazicə indiki Azərbaycandan iki dəfə böyük olan azadlığına qovuşmuş bir dövlətin himnidir. Bu himnin musiqisini yazan insan dahi üzeyir bəydir, hələ uşaq yaşlarından yerli məmurların harınlığına, çar üsul-idarəsinin haqsızlıqlarına, ona doğma türk dilində danışmağı yasaq edənlərə qarşı vuruşan bir insandır. Xalqının mədəniyyətini göz bəbəyi kimi qoruyan, gələcək nəsillər üçün dəyərli mirasa, var-dövlətə çevirən, həyatı boyu xalqına xidmət edən bir insandır. Onun qədər demirəm, azacıq da olsa mənəvi haqqı olan ikinci bir insan varmı ki, buna iddia etsin?

Əhməd Cavad sevgisini anlamayan hansı haqla cümlə quruluşundan danışa bilər? Bu himni təhlil etməyə, ona toxunmağa ...-ın ən azından mənəvi haqqı yoxdur, seçicilərini beş ildə bir dəfə yada salmayan, indi qonşu rayonda seçici-deputat oyunu oynayan bir adam vətən sevgisini anlamaz. ölkəmizdə baş alıb gedən haqsızlıqlara bir dəfə səsini çıxarmayan hansı şair himn yazmağa cürət edər?! Yaxud, hansı bəstəkar buna cəsarət edər? Əgər belə bir şey olarsa, bu, sadəcə, kimlərinsə göstərişi ilə, torpaqlarının yarıdan çoxu işğal altında olan, qız gəlinləri erməni əsirliyində təhqir olunan, sərvətləri talan olunan, bir milyondan çox insanı çöllərdə qalmış bir ölkənin, məmurları loxmasını boğazından, qəpiyini cibindən oğurladığı, alçaldılan xalqın himni olacaq... Belə bir himn bizə lazımdırmı, inanmıram, inanmaq da istəmirəm. Biz illərin sınağından çıxan üzeyir bəy, Əhməd Cavad sevgisinin yaratdığı himnimizin möhtəşəmliyinə, qüdrətinə inanırıq. Uğrunda yorulmadan mübarizə apardığımız azad, demokratik Azərbaycan sevgisinə inanırıq, çünki bizi yaşadan da bu sevgidir.

Hərdən yanılacağından ehtiyat edib ürəyinin yerini soruşan balaca qızımın əlini sinəsinə qoyub bacısı ilə bərabər himnimizi bir gündə dəfələrlə oxuması möcüzə deyilmi? Bu üzeyir bəy, Əhməd Cavad möcüzəsidir. Uşaqlar yaxşını pisdən, doğrunu yalandan daha yaxşı ayırır, onlara yalançılığı, yaltaqlığı öyrətməsən. Valideynlərinin vətən sevgisini anlayan uşaq üçün bundan dəyərli heç ola bilməz.

Bugünkü bəzi deputatların, məmurların, təqaüdlü şair-yazıçıların himnimizə xor baxması, onun gözəlliyini duymaması təbiidir. Ürəyində vətən sevgisi olmayanlar bu himni sevə bilməz. Əslində himnimizi anlamadığını, cümlələrin düzgün olmadığını deyənlər özlərini ifşa edirlər, yəni himnimizi sevməyiblər, onun sədalarını eşidəndə həyəcanlanmırlar, sevinmirlər, qürur duymurlar. Hüququndan keçən əsgər, sadəcə 18-19 yaşlı gənclər deyil, bu əsgərlər həm vətənini sevən alimdir, şairdir, müəllimdir, həkimdir, orta məktəb şagirdidir, vətəninin dar günündə əsgər olmağı bacaran hər kəsdir. Borclu olduğu tək canını vətəninin azadlığı üçün verənləri yalançılar, yaltaqlar anlamaz. Məgər torpaq, uğrunda ölən varsa vətəndir, deyilməyibmi?

 

Sən olasan gülüstan,

Sənə hər an can qurban!

Sənə min bir məhəbbət

Sinəmdə tutmuş məkan!

 

Bu sözləri duymayan, onu canından, qanından keçən həyəcanla oxumayan bir insan, "vətənimi sevirəm" deyə bilməz, desə , yalan demiş olar. Vətənsiz, namussuz insan nəyə yarayar?!

Bu gün ayağa qalxan, haqqını tələb edən gənclər namus, qeyrət üçün qalxmayıbmı? Namusunu düşünməyən gənclik necə xalq, millət ola bilər?

 

 

Mehparə Rəhimqızı

 

Təzadlar.- 2011.- 2-4 iyun.- S.10.