Bugünkü aşıqlar ozan babalarından necə dərs alırlar?

 

Tarixdən bəllidir ki, başda Dədə Qorqud olmaqla ondan sonra gələn ozan-aşıqlarımızın əsas məqsədi onları dinləyənləri yalnız feyziyab etmək, əyləndirmək olmayıb. İnsanları vətəni, torpağı, milləti, zəhməti, halallığı sevməyə səsləyib. Oxuduqları ustadnamələrdə övliyalıq, dədəlik, ağsaqqallıq missiyasını yerinə yetirirdilər. Məlum olduğu kimi, Dədə Qorqud igidlərə ad qoymaqla, qopuz çalmaqla, mətləb qandırmaqla hökmdarları haqqa-ədalətə səsləyib. Hətta iki qardaşın döyüşlərdə bir-birinin qanını tökməsinə etiraz edib. Dədə Qorqudun fikrincə, kiçiklərdə səhv ola bilər, amma böyüklərin səhvi olmamalıdır. Ona görə böyüklərin səhvi bağışlanılmaz sayılır. Qorqud atamızın öyüd-nəsihəti, haqlı iradları hər kəsə dədə nəsihəti sayılıb.

Daha sonra Koroğlu dastanında tez-tez adı hallanan Aşıq Cununun fəaliyyəti daha da qabarıq şəkildə özünü göstərir. Belə ki, Koroğlunun onun dəlilərinin dostu olmaqla Aşıq Cunun hər kəsin sevib hörmət etdiyi isimlərdən biri olub. O, təkcə igidlər oylağı çənlibeldə deyil, xotkarla, paşalarla, bəylərlə, sadə insanlarla bir yerdə oturub-durub. Məsələn: xotkar Koroğlunun üstünə qırx min qoşunla hücumun toplantısında o da iştirak edib. Bu xəbəri isə tezliklə Koroğluya çatdırıb. Koroğlu bu qədər qoşuna 7777 dəlinin necə cavab verəcəyini düşünüb, Aşıq Cununa müraciət edərək deyir:

- Dədə ozan, biz quş olsaq uçub gedə bilərik. Bu qədər qoşuna 7777 dəli necə cavab verə bilər?

Aşıq Cunun həmişə olduğu kimi, yenə dədəlik missiyasından istifadə edib belə deyir:

- Ay Koroğlu, bil agah ol, elm, musiqi, idman mütaliə məşqə bağlıdır. Əgər sənin dəlilərin məşq edərlərsə, nəinki qırx min, hətta 70 min qoşuna da cavab verər.

Koroğlu hər zaman Aşıq Cunundan bəhrələnib. Eyni zamanda Koroğlu Aşıq Cunundan aşıqlığı, müdrikliyi, səbrliliyi öyrənib. Əminliklə deyərdim ki, Aşıq Cununun fəaliyyəti bugünkü heç bir aşıqla müqayisə edilməz dərəcədə yüksək olub. O, çox yerləri gəzərək, zülmkarın zülmünü, hakimin ədalətsizliyini, ediləcək düşmən hücumlarını, tutulub dar ağacından asılacaq dəlilərin xəbərini, harada biq igidin gözəl-göyçək xanımın olduğunu Koroğluya xəbər verir.

Məlumdur ki, Aşıq Cunun Koroğlu haqqında dastanların yaradıcısı, cəng üstündə musiqilərin bəstələyicisidir. Eynilə Dədə Qorqudun davamçısı kimi yüksəkdə dayananlardan biri olub.

Qüdrətli ozanımız Qurbaninin dədəlik müdrikliyi hər kəsə məlumdur. Mürşüdümüz Şah İsmayıl Xətai nahaq yerə Aşıq Qurbanini öz sarayına aparmayıb. Qurbanidə olan ağıllı müdrik baxışlarla bərabər, onun içtimai-siyasi dünyagörüşü tək saray əhlinin deyil, çoxlarının fikirindən üstün sayılıb. Ş.İ.Xətai bütün döyüşləri, edəcəyi hücumarla bağlı hər zaman Dədə Qurbaninin fikirləri ilə razılaşıb. Qurbani döyüşcülərdə qələbəyə inam yaradaraq onlarda döyüş ruhunu yüksəldib. Məlumdur ki, döyüşçülərdə vətən, millət sevgisininin aşılanması, eyni zamanda Azərbaycanın bütövlüyü naminə Qurbaninin təkcə özü yox, onun rəhbərlik etdiyi 40-dan çox aşıq şair öz təbliğatını aparıb. Ş.İ.Xətai məhz buna görə aşıq şairləri öz ətrafında cəmləşdirirdi. Böyük el şairi Miskin Abdalın da bir müşavir kimi misilsiz xidmətləri danılmazdır. Onun da müdrik ağıllı fikirləri Ş.İ.Xətainin kamilləşməsində qələbəsində əvəzsizdir.

Əlbəttə, onlarla aşığın daimi örnək olduğu bu ənənə XX əsrin əvvəlindən sonuna qədər Sovet ideologiyası dövründə ikili rol oynayıb. Onlardan bəziləri Sovet quruculuğunu, kommunizmi, rəhbərləri tərifləmiş, bir qrupu isə Hüseyn Cavan Mikayıl Azaflı kimi irticaçını, qəsbkarları, şovinistləri, xalqımızın qarı düşmənləri ilə barışmaz mövqedə duraraq, onların üzünü açıb göstərib. Məhz ona görə onlar daim nəzarət altında qalıblar. Haqqı görüb deyən Mikayıl Azaflını həbsxanada, Hüseyn Cavanı isə qürbətdə çürütdülər. Bu iki möhtəşəm ozanımızı madiyyat deyil, millətin, torpağın azadlığı müstəqilliyi düşündürüb. Mikayıl Azaflı yazır:

 

Düzə əyri, haqqa yalan,

çəkin dara, deyəmmərəm.

 

Yaxud:

 

Dövran məni doğrasa da,

Ağa qara deyəmmərəm.

 

Bütün haqsızlıqları duyub, bilib, görüb susana saz-söz adamı da demək düz deyil. Bu gün ölkəsində dünyanın dünya boyda dərdlərini qələmə almayanlara qələm əhli demək günahdır. Qüdrətli şairlərimizdən söz düşəndə M.Ə.Sabir, C.Məmmədquluzadə, S.Vurğun, Məmməd Araz, Məmməd İsmayıl, Xəlil Rza, Baba Pünhan digər söz xiridarlarımızı xatırlayıram. Bu şairlərin tutduğu yol əlinə qələm alan hər kəsə örnək olmalıdır. Əlbəttə, bu şairlərin şeirlərini məclis böyük konsert salonlarından söyləməklə aşıqlar böyük təbliğatın icraçıları olmalıdır. Aşıq vaxta qədər primitiv, cılız, çeynənmiş mövzulardan, güldən, dağdan, dərədən, tərifdən oxuya bilər? Əttökən sözlərlə kimlərəsə xoş gəlmək üçün kiminsə təqlidçisi kimi necə gəldi oxuyursa, buna inqilab da deyilməz. Muğamda oxunan ərəb, fars sözləri, sevgi qəzəlləri hələlik siyasi deyim duyum sayılmır. Bu gün əldən getmiş Qarabağ torpağının övladları "Haydı irəli!" deyərək vətəni yağılardan təmizləməyə çağırmaq əvəzinə, hıçqırtı, nalə dolu muğam oxuyurlar. Nədənsə, üsyankar, çağırış dolu qəzəllər oxuyan yoxdur. Məgər qəzəlxanların üsyankar çağırış ruhlu şeirləri yoxdur? Xeyir ola, belə-belə çənə yorub, səs nümayiş etdirməkdə layihə müəlliflərinin məqsədi nədir? Muğam festivalının apardığı efir vaxtını, ona xərclənən maliyyəni niyə vətənpərvərlik mövzusuna sərf etmirlər? Bu işlər baş qatmaq, vaxt öldürmək deyilmi?

Əsl müxalifətdə dayananların öncülü yaradıcı insanlardır. AYB-nin yüzlərlə üzvünün qələmi vaxt demokratiya söz azadlığına start verəcək? Görəsən, başqa ölkələrin deyil, öz ölkəmizin daxilində olan reallıqları görüb yazıya-pozuya alanlar varmı? Bizim məqsədimiz xalqımızın dövlətimizin haqqlı olaraq tərəfini saxlamaqdır. Hansısa bir gizlin cinayəti aşkarlayırıqsa, bunun xalqa xeyrini nəzərdə tutmalıyıq.

Bu gün təhsili, savadı, dünya görüşü dar olan, ağız yamsılayan gənc aşıqlar, öz sənətinin yüksək çəkililiyini bu günlərdə pozulmuş hüquqlarını müdafiə edərsə, siyasətə qarışa bilər. Bir məclisdə bir bənd ustadnamə söyləyən zaman dinləyicisi qayıdır ki, "ey... ay aşıq, sən savadsız ola-ola mənim kimi universitet təhsilli, altında "Mercedes", "Jeep" olan bir adama ağılmı öyrədəcəksən? Əgər belədirsə, bir özünlə məni müqayisə elə..."

Bəli, mən razıyam ki, aşıq savadlı, vətənpərvər, yaradıcı, natiq olsun. Xalq ondan içtimai fikrin daşıyıcısı kimi bədii təfəkkürün yayıcılığını gözləyir. Məhz buna görə aşıqlarımız öz yaradıcılıqlarında həqiqəti deməyi bacarmalıdır.

Aşıq şair, natiq, savadlı sənətkar olmaqla yanaşı, həm vətənpərvər olmalıdır. Riyakarlığı, ələbaxımlılığı, boş tərifi özünə yaxın buraxmamalıdır. Bir bütöv şəxsiyyət kimi özünü təsdiqləyən aşıqların layiqli davamçısı olmalıdır.

 

 

Məhərrəm Hüseynli,

aşıq, şair-publisist

 

Təzadlar.- 2011.- 2-4 iyun.- S.15.