Əziyyət

 

Susmur ürəyimdə ağlayan səsim,

Güldürməkçün yox yanımda bir kəsim,

Ürək-dirək ver kəsilir nəfəsim,

Sözündə var min bir cürə əziyyət.

 

Həsrətinlə keçənləri anıram,

Səni öz yarımmış kimi sanıram,

Dolan gözlərinə baxıb yanıram,

Gözündə var min bir cürə əziyyət.

 

Dərmanın tapmayır açılan yara,

Gündüzlər kölgəli, gecələr qara,

Küskünlüyü burax gəl ara-sıra,

Küsməyində min bir cürə əziyyət.

 

Hələ yıxılmayıb sevda çinarı,

Sızlayır ürəkdə ümid qubarı,

Vəd edək tez gələr yazın nübarı,

Yazında var min bir cürə əziyyət.

 

Səxavət segahı çəkibdi zilə,

Könül mizrabını vurubdu telə,

"Azad bir quşdum"u gətirib dilə,

Sazında var min bir cürə əziyyət.

 

 

Qəhər

 

Günəş başım üstə doğur hər səhər,

Necə udur mürəkkəbimi dəftər,

Mənim boğazıma qəhər dolanır,

Dəniz ilanının belinə kəmər.

 

Həyatım yenə zəhər dadında,

Acı söz kəskindir qılınc yanında,

Yetirməz üzrünü quş qanadında

Qırılmış olarsa dil yarasından.

 

Sakit, lal olduq biz, dənizdə sular,

Ayrılıq hissini duyan dalğalar

Narahat olaraq hay qoparırlar,

Məhvərə sığmayıb çalxalanırlar.

 

Dəniz bu anda ruha gəlir dar,

Ürəkdə sıxıntı qatarba-qatar,

Ağlayırlar bizə dəli dalğalar,

Qəlbimizə axır tökülən yaşlar.

 

 

Adilə

 

Təzadlar.- 2011.- 9-11 iyun.- S.15.