"Bölgədə silahlı münaqişə yenidən başlaya bilər"

 

Toğrul İsmayıl: "Suriya erməniləri gələcəkdə özlərini Dağlıq Qarabağda baş verə biləcək təhlükəyə atmayacaqlar"

 

Türkiyədən Ankara İqtisadiyyat və Texnologiyalar Universitetinin professoru, politoloq Toğrul İsmayılın “Təzadlar”a müsahibəsi

 

- Toğrul bəy, Suriyada Əsəd hakimiyyətinin getməsindən sonra ölkənin siyasi coğrafiyasında parçalanma gözlənilirmi? Çünki bəzi analitiklər Suriyada Kürdüstan dövlətinin yaranacağını proqnozlaşdırırlar. Ümumiyyətlə, bu fikri nə qədər real hesab etmək olar?

- Bu, əslində hər kəsi maraqlandıran bir sualdır. Təbii ki, Əsəd rejimindən sonra Suriyanın parçalanma ehtimalı olduqca yüksəkdir. Buna səbəblərdən biri də Suriyanın həm etnik, həm də dini nöqteyi-nəzərdən quruluşa sahib olmasıdır.

Lakin unutmamaq lazımdır ki, vəziyyət elə bir hal almışdır ki, artıq məsələ, sadəcə, orada yaşayan xalqın deyil, bütün dünyanın probleminə çevrilmişdir. Buna görə də Əsəddən sonra Suriyanın taleyinin necə olacağı daha ziyadə, böyük güclərin və bölgəsəl aktyorların ortaq qərarından sonra müəyyən bir şəkil alacaq. Hələlik, orada vəziyyət olduqca dramatikdir.

Yaranmış vəziyyətdən ölkə daxilindəki bəzi etnik qruplar, xüsusilə, kürdlər yararlanmağa çalışır. Hazırkı vəziyyətdə onların bəlli bölgələrə hakim olduğu bəyan edilir. Bu, müvəqqəti haldır. Burada Türkiyənin mövqeyi çox vacibdir. Türkiyənin istər baş naziri, istərsə də xarici işlər naziri Suriyada bir kürd dövlətinin, daha doğrusu, pkk-pyd işbirliyinin reallaşmasına qarşı olduğunu ifadə etmişlər. Şimali İraq regional kürd idarəçiliyinin Suriyadakı kürdlərə hərbi hazırlıq yardımı etməsi isə rəsmi Ankaranı daha ciddi addım atmağa məcbur etməkdədir. Davudoğlunun Şimali İraqa ziyarətindən sonra Türkiyənin Suriyadakı kürdlərlə bağlı mövqeyi daha da qətiləşəcək.

Burada Türkiyənin hər an öz sərhədlərinə yaxın Suriya ərazilərinə müdaxiləsi ehtimalı da artmaqdadır. Bəzi ekspertlər Türkiyənin ətrafında baş verən hadisələri keçən əsrin 20-ci illərində baş verən hadisələrə çox bənzədirlər. Hətta Türkiyənin parçalanma ehtimalının olduqca yüksək olduğunu söyləyirlər. Əlbəttə, bütün ehtimallar hər zaman göz önündə tutulmalıdır. Lakin indiki şəraitdə Türkiyənin parçalanması imkansızdır. Çünki belə bir hadisə bölgəni daha ciddi xaosa sürükləyə bilər. ABŞ və Qərbin hazırda bölgədəki əsas müttəfiqini itirmək istəyəcəyini zənn etmirəm.

- Bəs Suriyada baş verən proseslər Türkiyə üçün nələr vəd edir?

- Suriyadakı proseslər Türkiyənin yaxından maraqlandırır. Suriya Türkiyənin ən uzun sərhədə malik olan qonşusudur. Son dönəmlərdə ikili münasibətlərin yaxşılaşması ilə iki ölkə arasında ticarətin həcmi də artmışdı. Həm də Türkiyə bölgə ölkələrlə ticarətini bu ölkə üzərindən tranzit olaraq gerçəkləşdirməkdədir.

Lakin Suriyadakı olaylar iki ölkə arasındakı ticarətə böyük zərbə vurmuş, təxminən 80% geriləmə baş verib, bu ölkədə Türkiyə maşınları yandırıldıqdan və iki ölkə bir çox gömrük qapılarını bağladıqdan sonra geriləmə daha da sürətlə baş verməyə başladı.

Eyni zamanda bunu da qeyd etmək lazımdır ki, bu ölkədə müəyyən bölgələrdə Türkiyə ilə bağlarını itirməyən türkmanlar yaşamaqdadır. Onların taleyinə də Türkiyə biganə qala bilməz.

Yuxarıda da qeyd etdiyimiz kimi, Türkiyənin sərhədinə yaxın bölgələrdə baş verə biləcək hər hansı yeni bir dəyişiklik, xüsusilə, bir kürd dövlətinin təşkili Türkiyənin strateji baxımından həssasiyyətini önə çıxarmaqdadır. Bütün bunları göz önündə tuturaq qeyd etmək olar ki, Türkiyə də baş verən hadisələrə biganə qala bilməz və qalması mümkün deyil. Bütün bu söylədiklərimizə türk təyyarəsinin Suriya tərəfindən vurulmasını unutmamaq lazımdır. Türkiyə rəhbərliyi dəfələrlə Əsədin bu hadisələr qarşısında hakimiyyətdən imtina etməsini bəyan etmişdir. Zaman ətrafında baş verə biləcək hər hansı müharibəyə və silahlı münaqişəyə qarşı olduğunu həm sözlə, həm də əməli olaraq göstərməyə çalışmışdır. Lakın Suriyadakı vəziyyət artıq nəzarətdən çıxmış və bununla da tərəflər arasında yaxınlaşma imkansız hala gəlib.

Türkiyənin tələbi də bir an öncə Əsədin hakimiyyəti buraxması, yeni seçkilər keçirilərək xalq hakimiyyətinin qurulması və ölkənin bir an öncə sabitliyə nail olmasıdır. Suriyanın parçalanması və ya orada hər hansı bir siyasi, inzibati dəyişiklik hazırda Türkiyənin maraqlarına cavab verməməkdədir.

- Digər məlumat isə, Suriyada yaşayan ermənilərin Dağlıq Qarabağ köçürülməsi ilə bağlı yayılan xəbərlərdir. Əgər bu proses başlanarsa, bölgədə vəziyyət gərginləşə bilərmi?

- Əslində belə bir xəbərin yayılması təsadüfi deyil. Hələ Sovetlər dönəmində 1948-ci ildə SSRİ Nazirlər Kabinetinin qərarı ilə Ermənistan ərazisində dədə-baba torpaqlarında yaşayan Azərbaycan türkləri sürgün edilərkən onların yerinə Suriyada və digər bölgələrdə yaşayan ermənilərin köçməsi nəzərdə tutulurdu. Lakin o zaman istənilən sayda erməni gəlmədi. Doğrudur, Suriyadakı hazırkı vəziyyət orada yaşayan ermənilərin başqa ölkələrə köç etməyə məcbur edir. Hesab edirəm ki, rahat Avropa ölkələri və Amerika olduğu halda, onların kütləvi şəkildə Dağlıq Qarabağ ərazisinə yerləşəcəklərini düşünmürəm. Çünki ağlı başında olan hərkəs Azərbaycanın Dağlıq Qarabağdan vaz keçməyəcəyini bilir və hazırkı vəziyyətin müvəqqəti olduğunu başa düşür.

Erməni tərəfi Dağlıq Qarabağın da bir müstəqil dövlət olduğunuonun demokratik quruluşa sahib olduğunu bəyan etsə də, hazırda dünya bu əraziləri Azərbaycan torpaqları olaraq görməkdədir. Bu da bilinən bir faktdır ki, hazırda danışıqlar prosesi nəticəsiz olsa da, yenə davam edir. Lakin bu proses əvvəl-axır bir nəticəyə bağlanmalıdır. Əks halda, bölgədə silahlı münaqişə yenidən başlaya bilər. Bunu ermənilər də çox yaxşı başa düşürlər. Rəsmi Yerevan Qarabağda erməni əhalisinin sayını artırmağa çalışsa da, Ermənistandan kənarda yaşayan suriyalı ermənilərin özlərini yeni bir təhlükəyə atacaqları ehtimalı olduqca az görünür.

- Əgər bu fakt öz gerçəkliyini taparsaya ümumiyyətlə, Ermənistan bu yolla Dağlıq Qarabağın demoqrafik vəziyyətini  öz xeyrinə dəyişməsi mümkündürmü?

- Onsuz da Dağlıq Qarabağda demoqrafik vəziyyət ermənilərin xeyrinədir. Bunu təəssüflə qeyd etməliyik. Ermənilər sistemli şəkildə Azərbaycan türklərinə qarşı etnik təmizləmə və soyqırım siyasəti aparmışlar. Zəngəzur və Göycə mahalının sövet dönəmində Azərbaycandan qoparılaraq Ermənistana peşkəş edilməsi, sistemli olaraq Ermənistan ərazisindən Azərbaycan türklərinin sürgün edilməsi, ən sonda - 1988-ci ildə 300 mindən artıq soydaşımızın tarixi vətənlərindən qovulması, sadəcə, Dağlıq Qarabağın deyil, Azərbaycanın daha 6 rayonunun da işğal edilməsi ordakı vəziyyəti ermənilərin xeyrinə ciddi şəkildə dəyişdirmişdir. Ona görə də təsadüfi deyil ki, Azərbaycan tərəfi danışıqlarda məcburi köçkünlərin yurdlarına geri dönməsi məsələsini gündəmə gətirməkdədir. Ermənistan Dağlıq Qarabağdan ermənilərin köçməsinin qarşısını çətinliklə alır. Xatırladaq ki, Ermənistanın özündən ermənilərin başqa ölkələrə köçü çox ciddi hal almışdır. O zaman Ermənistandan daha ağır iqtisadi vəziyyətdə olan Dağlıq Qarabağda ermənilərin hansı şərtlərlə orada tutulduğunu anlamamız mümkündür. Erməni tərəfinin tək çıxış yolu Azərbaycanla barışın əldə olunmasından keçir. Əgər ermənilər bu ərazilərdə yaşamaq istəyirlərsə, bir an öncə qonşuları ilə dil tapmalı və onlarla birgə yaşamanın yollarını özləri üçün həll etməlidirlər. Əks halda, Azərbaycan türklərinin ifadə etdiyi kimi, “sirkə nə qədər tünd olarsa, öz qabını sındırar” məsəli gündəmə gələcək. Yəni erməni siyasətçiləri də öz xalqının yeni faciələrdən qurtarmaq üçün dinc yanaşı yaşamaq prinsipini öyrənib həyata keçirməlidirlər. Erməni tərəfinin aqressiv işğalçı siyasəti bölgəmizin gələcəyi üçün ən böyük təhlükə olmuşdurbu hələ də davam etməkdədir. Bu da heç kimsəyə sirr deyil.

 

 

Elnur Eltürk

 

Təzadlar.- 2012.- 8 avqust.- S.12.