"Naxçıvan bir türk torpağıdır"

 

Vəfa Rzayeva: "Naxçıvanda yaşayan əhali ilə Türkiyə arasında güclü əlaqələr var"

 

Türkiyə Dokuz Eylül Universitetinin dosenti, tarixçi, Dr. Vəfa Rzayevanın “Təzadlar”a müsahibəsi

 

- Vəfa xanım, bu günlərdə Azərbaycan və Türkiyə arasında böyük qaz sazişi imzalandı. Sazişin siyasi-strateji və iqtisadi əhəmiyyəti barədə nə deyə bilərsiniz?

- Ötən ilin 26 dekabr tarixində Türkiyə və Azərbaycan arasında Trans-Anadolu qaz kəmərinin çəkilməsi məsələsində Memorandum imzalanmışdı. Yəni kəmər Xəzər dənizinin Azərbaycan sektorunda yer alan “Şahdəniz” qaz yatağından əldə olunacaq rezervin Türkiyə vasitəsilə Avropaya ötürülməsi nəzərdə tutulmuşdu. Bu kəmərin inşası 25 oktyabr 2011-ci ildə Azərbaycanla Türkiyə arasında imzalanmış qaz müqaviləsində də nəzərdə tutulmuşdu. Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız və Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevin imzaladıqları sözügedən müqavilə kəmərin inşaatı üçün prosesə start verilməsi, eyni zamanda Azərbaycan və Türkiyə tərəfindən ortaq konsorsiumun təsis olunması üçün şirkətlərin seçilməsi nəzərdə tutulurdu.

Bu müqavilə ilə Azərbaycan qazı Türkiyə vasitəsilə Avropaya nəql olunacaq. Türkiyə də öz ehtiyacı qədər qaz layihəsindən pay alacaq. Azərbaycan və Türkiyə arasında imzalanmış Trans-Anadolu təbii qaz boru xətti layihəsinin yaxın 5 ildə tamamlanması planlaşdırılır.

Bununla bağlı Türkiyənin baş naziri cənab Ərdoğan “Burdakı başlıca hədəf təbii qazda 50 milyard kub metrdir. Bu gün 6 milyard kub metrdir, amma bu layihə həyata keçərsə, buradan 10 milyard kub metr təbii qaz ala biləcəyik. Daha sonrakı illərdə də nə qədər ehtiyacımız olacaqsa, Əliyev qardaşım o qədər verə bilərik dedi. Sıxıntı yoxdur” - demişdir.

Əlbəttə, belə bir layihənin gerçəkləşməsi Rusiya və İran kimi ölkələrin yaxından izlədiyi situasiyadır. Layihə Rusiyanın əlində tutduğu strateji və iqtisadi silahının təsir gücünün azalacağı mənasını daşıyacaq. Xatırlatmaq istəyirəm ki, bu kimi layihələr gündəmə gəldikdə Qafqaz regionunda həmişə müxtəlif təxribatlar həyata keçirilir. Məsələn, məlum Gürcüstan hadisələri, Azərbaycanın Qarabağ regionunda mütəmadi yaşanan hadisələr və s. Bu kimi təxribatlara hazır olmalıyıq.

Lavrov Məmmədyarovla keçirdiyi birgə mətbuat konfransında türkmən və azəri təbii qazının Avropaya nəqli məsələsinin Xəzər dənizi sahili ölkələrinin ortaq maraqlarına xidmət etmədiyini demişdir. Xəzərin hüquqi statusu ilə bağlı məsələnin həllinin sürətləndirilməsinin vacibliyini vurğulamışdır. Avropa İttifaqının Xəzər sahili ölkələrinin mövqelərinə hörmətlə yanaşmasını tələb etmişdir. Trans-Xəzər boru xəttinin Türkiyə vasitəsilə Avropaya nəqli nəzərdə tutulan Nabukko layihəsi ilə nəzərdə tutulur.

- Bəs Türkiyənin Naxçıvan üzərində tarixi-siyasi və hüquqi üstünlüyü nədən ibarətdir? Ermənilər bu bölgəyə iddilar irəli sürürlər və Naxçıvanı erməni torpağı olduğunu bəyan edirlər...

- Bildirmək istəyirəm ki, Naxçıvan Azərbaycanın ayrılmaz hissəsidir. Tarixi arxivə nəzər saldıqda Naxçıvanın qədim Azərbaycan torpağı olduğu həqiqətini görürük. Ermənilərin bu torpaqlara gəlişi isə XIX əsrdə Osmanlı və İran torpaqlarından edilmiş köçlərlə gerçəkləşmişdir. Təbii ki, ermənilərin ən böyük dəstəkləyicisi əvvəllər Çar Rusiyası, daha sonra isə Sovet Rusiyası olmuşdur.

21 mart 1828-ci ildə Çar I Nikolayın fərmanı ilə İrəvan və Naxçıvan xanlıqları ərazisində “erməni rayonu” adlı administrativ idarə qurulmuşdur. Polkovnik Lazarev və erməni tərəfdaşı diplomat, yazıçı Qriboyedov bu rayonun, sadəcə, ermənilərdən təşkil olunması üçün “böyük işlər” görmüşdür. Çox qısa zaman ərzində yeni qurulan bu rayona İran və Osmanlı torpaqlarından 130 min erməni köçürüldü. Çar administrativ orqanları tərəfindən hərtərəfli yardım və dəstək alan ermənilər Azərbaycan topraqlarına yerləşdirildilər. 1828-1838-ci illər ərzində Naxçıvan xanlığı ərazisinə 2511 erməni ailəsi köçürüldükdən sonra onların ümumi sayı 12555 nəfərə yüksəldi. Naxçıvan şəhərinə 434 erməni ailəsi yerləşdirildi. Başda Nehrəm əhalisi olmaqla bir çox kəndlərin əhalisi bu köçlərə öz etirazlarını bildirdilər. Çar hökumət dairələri nehrəmlilərin Araz çayı ətrafındakı torpaqları güc tətbiq edərək əllərindən alınaraq “Təzəkənd” adında kənd quraraq yeni yerləşdirilmiş ermənilərə verdilər.

1829-cu ilin əvvəllərində Çar generalı Paskeviçin əmri ilə bölgə əhalisi qeydiyyata alındı. Belə ki, İrəvan vilayətində təxmini olaraq 17000 ev, Naxçıvan vilayətində isə 4600 ev və Ordubad bölgəsində 2130 ev var idi. Hər bir evdə isə orta rəqəmlə 5 nəfər olduğu, bu hesablamaya əsasən qeyd olunan vilayətlərdə 118650 nəfərin yaşadığı düşünülürdü. Bunun da 81749 müsəlman, 25131-nin isə erməni olduğu qeydiyyata alınmışdı.

1829-1932-ci illər arasında İrandan köçürülmüş erməni ailələrinin 366 evi (1715 nəfər) İrəvan vilayətinə, 265 evi (1110 nəfər) Naxçıvan vilayətinə və 36 evi (182 nəfər) isə Ordubad bölgəsinə yerləşdirilmişdir. Bu ermənilər İrəvan vilayətinin 119, Naxçıvan vilayətinin 61 və Ordubadın 11 kəndinə yerləşdirilmişdir. İrəvan şəhərinə və ətraf kəndlərinə 4599 ev (23568 nəfər), Naxçıvan bölgəsinə 2137 ev (10652 nəfər), Ordubad və ətraf bölgəsinə isə 250 ev (1340 nəfər) olmaqla ümumi 6949 ev (35560 nəfər) erməni yerləşdirilmişdir.

1918-1920-ci illər ərzində Naxçıvan, Şərur-Dərələyəz, Ordubad və ətraf ərazilərində ermənilərin həyata keçirdiyi qətliamlar beynəlxalq problemə çevrilmişdir. Bu qətliamlar əsasında bir çox qəsəbənin boşaldığını görürük. Naxçıvan, Ordubad, Şərur qəzalarında, sadəcə, kənd əhalisinin sayında 52 min nəfərin azaldığını görürük, 287 kənd ya tamamilə, ya da qismən yox edilmişdir. 1918-ci ildə “Naxçıvan məsələsi” bir neçə dəfə Zaqafqaziya seymində, 1918-1920-ci illər ərzində dəfələrlə Azərbaycan Demokratik Cümhuriyyətinin parlamenti olan Milli Şurada, erməni Milli Şurasında, Osmanlı Türkiyəsinin parlamentində, Təbriz Bələdiyyə idarəsində, Maku Xanlığında, 1919-cu ildə açılmış Versal Beynəlxalq Sülh Konfransında, 1919-1920-ci illər ərzində Ermənistan və Naxçıvanda fəaliyyət göstərən ABŞ təmsilçiliyində, 1920-1921-ci illər ərzində Azərbaycan SSR və Ermənistan SSR İnqilab Komitələrində, 1921-ci ildə RSFSR Xalq Komissarları Sovetinin, eyni zamanda Moskva və Qarsda keçirilmiş beynəlxalq sülh konfranslarında müzakirə obyektinə çevrilmişdir.

Kazım Karabəkirin sözü ilə desək, “Naxçıvan Şərqin qapısı”, Mustafa Kamal Paşanın dili ilə desək, “Naxçıvan Türkün qapısı” olmuşdur. Naxçıvan həmişə Türkiyə ilə Azərbaycanı və Mərkəzi Asiyanı, yəni Türk Dünyasını birləşdirən qapı funksiyasını yerinə yetirmişdir. Bütün bu səbəblərə görə Naxçıvan Türkiyə və digər türklər üçün böyük əhəmiyyət kəsb edən bölgə olmuşdur. Naxçıvan bir türk torpağıdır və burada yaşayan əhali ilə Türkiyə arasında güclü əlaqələr var. Türkiyədəki proseslər Naxçıvana, Naxçıvandakı proseslər də Türkiyəyə təsir edir. Tarixi Moskva və Qars müqavilələri Naxçıvanla Türkiyəni bir-birindən ayrılmaz bağlarla bağlamışdır. Naxçıvanın Azərbaycanın suverenliyi altında olan muxtariyyəti RSFSR ilə Türkiyə arasında imzalanmış Moskva müqaviləsində nəzərdə tutulmuşdur. Naxçıvanın gələcək taleyinin ilk beynəlxalq müqavilədə öz həllini tapması həm o dövrdə, həm də Azərbaycanın hazırkı dövründə böyük siyasi əhəmiyyət daşıyan bir həqiqət olaraq ortaya çıxmışdır. Bu hüquqi bağ Türkiyə tərəfinə Naxçıvan məsələsində haqq və məsuliyyət vermişdir. 13 oktyabr 1921-ci il tarixində imzalanan Qars Andlaşması türk dilində, fransız dilində, rus dilində, erməni dilində, gürcü dillində hazırlanmışdır. Müqaviləyə sonradan üç əsas prinsip - sərhəd, Türk - Sovet münasibətləri və Naxçıvan torpağının vəziyyəti əlavə olunmuşdur.

Tarixi saxtalaşdıran ermənilərin vaxt məhdudiyyəti qoyulmadan imzalanmış və tək tərəfli ləğv olunması mümkün olmayan Moskva, Qars müqavilələrinin ləğv edilməsi ilə bağlı ortaya atdıqları iddialar gülüncdür. Erməni siyasətçiləri bilməlidirlər ki, bu müqavilə ləğv olunsa belə, Aleksandrapol (Gümrü) müqaviləsi qüvvəyə minəcək. Bu müqavilə də indiki Ermənistan torpaqlarının böyük qisminin Azərbaycana, Türkiyəyə və Gürcüstana aid olduğunu deyir. Eyni zamanda Gümrü Müqaviləsi Türkiyəni Sovet İttifaqına bağlayan Ərzurum-Bakı dəmir yolunun yenidən fəaliyyət göstərməsini və iki dövlət arasında köklü əlaqələrin qurulmasını nəzərdə tutmuşdur. Hər iki müqavilənin Qafqazda millətlər arasındakı müharibələrə son qoymasını, sülh və dostluğun hakim olacağı bir dönəmin açıldığını, Qars müqaviləsində iştirak etmiş tərəflər öhdəlik götürmüşdür.

Ötən əsrin sonlarında Azərbaycan müstəqilliyini qazandığı zaman xalqımızın bu tarixi zəfərinə ən çox sevinən qardaş Türkiyə Cümhuriyyəti oldu. Azərbaycanda diplomatik nümayəndəlik açan ilk ölkə Türkiyə oldu. 25 may 1991-ci il tarixində Baş Konsulluq səviyyəsində Azərbaycan Respublikasına nümayəndə göndərən Türkiyə 14 yanvar 1992-ci ildə Səfirliyini açmışdır. Azərbaycan Respublikası da öz növbəsində, avqust 1992-ci ildə Türkiyədə öz səfirliyini təsis etdi. Hətta həmin il Azərbaycanın İstanbulda Baş Konsulluğu da fəaliyyətə başladı. 5 fevral 1993-cü ildə Naxçıvan şəhərində Türkiyənin, 2004-cü ildə isə Azərbaycanın Qars şəhərində konsulluqları açıldı.

1990-cı illərdə Türkiyənin dünyadan təcrid olunmuş Naxçıvan Muxtar Respublikasına etdiyi qarşılıqsız yardımları zehinlərimizdə silinməz izlər buraxmışdır. Erməni terrorçu dəstələrinin blokada vəziyyətində yaşayan Naxçıvana intensiv hücumlar etməkdə məqsədləri Dağlıq Qarabağ kimi Naxçıvanı da işgal etmək idi.

- Bildiyiniz kimi, bu gün ermənilər gürcülərlə də problem yaşayır. Bu məsələnin mahiyyətində nə durur?

- Ermənilərin torpaqlarına göz qoyduğu xalqlardan bir də gürcülərdir. Şərqşünas Veliçko deyir ki: “Tarixi arxeologiyada ermənilər gürcüləri vicdansızca qətl və qarət etmişlər. Abidələr üzərindəki gürcü yazıtlarını silmişlər, qədim Ortodoks məbəd və kilisələrini ələ keçirmişlər, qısaca hər daşın Gürcü Çarlığının tarixini yansıtdığı yerləri qədim erməni torpaqları olaraq göstərməyə çalışmışlar”.

XIX əsrin əvvəllərindən etibarən Osmanlı və Qacar dövlətlərinin ərazilərindən ermənilərin Qafqaz regionuna, eyni zamanda indiki Gürcüstan ərazisinə köç etdirildikdən sonra torpaq mülkiyyəti üçün gəlmə ermənilərin yerli gürcülərlə bu günə kimi davam edən münaqişələrinin təməli atılmış oldu.

XX əsrin əvvəllərində ermənilər tərəfindən gürcü torpaqlarının kütləvi ələ keçirilməsi, mülkiyyətləşdirilməsi prosesi başlamış, bu da gürcülərin ali rəhbərliyində ciddi etirazlara səbəb olmuşdur. Gürcü tarixçisi N.Eristov-Şarvaşidze bu narazılğlı belə təsvir edir: “Gürcüstanın ən gözəl bölgələri, yuxarı Kartalini, Axalkali qəzası gürcü xalqı üçün itirildi. Burada Yaxın Şərqdən gəlmiş ermənilər məskünlaşdırılmışdır. Yüzlərlə məbədimiz və monastrımız, gürcü xalqının sərvəti, minlərlə kənd onların əlinə keçmişdir. Minnət hissi duymadan onlar gürcü xalqının tarixi mirasına yiyələndilər”.

Osmanlı və Qafqaz regionuna yerləşmiş ermənilərin arasında yaşamış və onları yaxından tədqiq etmiş tarixçi Şopen belə yazırdı: “Tamahkarlık onları intensiv olaraq yalana sürükləyir, bunun üçün də onların əksəriyyəti fikirlərini sözlərlə ifadə etmək əvəzinə, onları gizləməyi seçirlər; onlar yaltaqdırlar, lakin sadiq deyillər və işləri keçən hər kəsi asanlıqla unuda bilirlər”.

Gürcü knyazlarından biri ermənilərlə bağlı belə deyirdi: “Şübhəsiz gürcülər qısa zaman ərzində hissedəcəklər və başa düşəcəklər ki, üzlərinə qapı açdıqları ermənilərin gürcüləri vicdansızca istismar etməyi qarşılarına məqsəd qoymuş insanlardan biz nə gözləyə bilərik ki?”

Gürcüləri ən narahat edən hadisə ermənilərin dövlətə və özəl mülkiyyətə aid torpaqları qanunsuz yollarla mənimsəməsi idi. Ermənilərin bu qeyri-leqal yollarla torpaqları mənimsəməsi XIX əsrin 50-60-cı illər ərzində intensivləşmişdir.

Erməni təhlükəsi, sadəcə, erməni mühacirlərin Gürcüstana yerləşdirilməsi ilə qalmamış, Eçmiədzin kilsəsindən gələn təlimatlarla erməni rahibləri bütün gürcü katoliklərinə Qriqoryan məzhəbini qəbul etdirməyə çalışmışlar.

Məşhur gürcü şairi İlya Çavçavadze ermənilərin gürcülərə qarşı tarixi-arxeoloji təcavüzlərini belə ifşa etmişdir: “Onlar bizim adımızı rüsvay etməklə bizi milli ləyaqətimizdən məhrum etmək istəyirdilər. Bizi yox etmək üçün qanla boyanmış tariximizi, salnamələrimizi, tarixi abidələrimizi inkar etməyə başladılar, müxtəlif fırıldaqlarla öz adlarına çıxmağa başladılar”.

Rusiyada Çar dövləti süquta uğradıqdan sonra Qafqaz regionunda yaranmış vəziyyətdən istifadə etmək istəyən erməni daşnakları Qərbi Azərbaycan torpaqları sayəsində dövlət qurdular. Daşnak hökuməti yarandığı gündən etibarən qonşularına qarşı ərazi iddialarına, təxribatlara başladı. Bu vəziyyətdə Ermənistan 14 dekabr 1918-ci ildə Gürcüstan torpaqlarına təcavüz etdi. Britaniyanın köməyi ilə Gürcüstan Axalkali torpaqlarını geri aldı.

Amerikalı tarixçisi Samuel Gürcüstana uduzan Ermənistan üçün yazırdı ki: “Ermənistan öz yaralarını yalamağa və bir başqasının torpaqlarını ələ keçirmək üçün növbəti qurban kimi Azərbaycanı seçmişdi”.

Sovet dövründə də ermənilər tərəfindən Gürcüstana qarşı təcavüzkar siyasət daha da mürəkkəbləşir. Erməni “aydınlarının” iddialarına görə, gürcü kilisələrinin ilk qurucuları və memarları ermənilər olmuşlar. Onlar eyni zamanda tarixi gürcü yazılarının erməni mədəniyyətinin məhsulu olduğunu vurğulayırdılar. Hətta Tiflis ermənisi Mamulova görə, bütün gürcülər əslində erməni idilər.

XX əsrin 30-cu illərindən etibarən Gürcüstan vətəndaşı olmuş ermənilər kütləvi şəkildə pasportlaşdırılaraq gürcü ad və soyadları almağa başladılar. Görünür ki, erməni rəhbərliyinin gələcək planlarında Gürcüstanı mədəni şəkildə erməniləşdirmənin, gürcülərdən “təmizlənmənin” yollarından biri kimi seçmişdilər. Sovet İttifaqı dövründə və sonrakı illərdə Ermənistanda elə bir qəzet olmamışdı ki, səhifələrində Gürcüstan əleyhinə yazılar olmasın.

XX əsrin sonlarına doğru Ermənistan Respublikası qonşu Gürcüstanın Cavaxetiya bölgəsi ilə bağlı ərazi iddiası qaldırmışdı. Sovet İttifaqının dağılması ərəfəsində ermənilər həm Dağlıq Qarabağa həm də Cavaxetiya bölgəsinə qarşı hücum planları hazırlamışdılar. Erməni millətçiləri Moskvanın və beynəlxalq güclərin dəstəyilə Azərbaycanın Qarabağ bölgəsini işğala başladılar.

 

 

ELNUR

 

Təzadlar.- 2012.- 11 avqust.- S.12.