Babəkə Bakıda heykəl qoyulmalıdır

 

“Təzadlar"ın ötən saylarında Yaxın Şərq ölkələri üzrə araşdırmaçı, tarixçi Elnur Nəsirovun “Babəkə Bakıda heykəl ucaldılarsa..." başlıqlı müsahibəsi dərc olunmuşdu.

Ötən sayımızda qeyd etdiyimiz kimi, müsahibin Babəkin şəxsiyyəti və müstəqillik uğrunda apardığı mübarizə tarixi və s. haqqında söylədiyi bəzi subyektiv fikirləri dəyərli oxucularımız tərəfindən birmənalı qarşılanmamışdır. Elə yazıçı-publisist, fəlsəfə doktoru Akif Əlini də redaksiyamıza zəng etməyə sövq edən bu mövqe idi. Hörmətli Akif Əlinin Babək haqqında bəhs edən məlum yazıya bəzi iradları və tənqidləri oldu. Məzuniyyətdə olması səbəbindən onu redaksiyamıza dəvət etdik. Aşağıda onunla geniş müsahibəni təqdim edirik:

- Akif müəllim, tarixçi Elnur Nəsirovun “Babəkə Bakıda heykəl ucaldılarsa..." başlıqlı müsahibəsində razı olmadığınız məqamlar hansılardır?

- Adətən, öz səhifələrində vətənə sevgi motivlərinə üstünlük verən və müstəqil dövlətçilik amalına sadiqliyi təbliğ edən “Təzadlar” qəzetinin 07-09.08.2012-ci il tarixli sayında ömrü boyu müstəqillik uğrunda mübarizə aparan böyük vətənpərvər sərkərdə Babək haqqında E.Nəsirovun  söylədiyi təzadlı mülahizələrlə tanış olduqdan sonra bəzi məqamlara münasibət bildirməyi zəruri saydım... Qeyd edim ki, “Yaxın Şərq ölkələri üzrə tanınmış araşdırmaçı, tarixçi Dr. Elnur Nəsirov” kimi təqdim olunan intervyüerin tarixi kontekstdən kənar subyektiv fikirlərini təkrarlayıb tirajlamağa ehtiyac  görmədən yalnız onu deyim ki, zamanında qılıncının zərbəsi yüz minlərlə düşməni titrədən nəhəng sərkərdə Babəkin kölgəsini indiki azadlıq və asudəlik şəraitində virtual qılınclama həvəskarları təəssüf ki, öz içimizdə də ortaya çıxıb. Belə milli-mənəvi sapıqlıq “cəsarətinin” bir qismi əlbəttə ki, sifarişlidir, bir qismi savad problemindən doğur, başqa bir qismi biznes hərisliyinə bağlıdır və s. Təbii, yel qayadan heç nə aparmasa da, hər halda tarixi həqiqətlər fonunda özünü bu xalqa və bu vətənə həsr etmiş qəhrəmanın da mənafeyi unudulmamalıdır. Ki, oxucuları çaşdıra biləcək yanlış yazıların kəmiyyəti saxta keyfiyyət göstəricisinə çevrilib ədaləti üstələməsin. Genetik sapıqlar, sifarişlə qulluq göstərənlər, biliksizlər və qazanc aludəçiləri bilsin ki, əldə qılınc at belində Bəzz qalasından ana yurda soxulan düşmənin yürüşünü qəzəb və nifrətlə izləyən ulu sərkərdə Babəkin qəhrəman obrazı hər bir namuslu Azərbaycan vətənpərvəri üçün əbədilik qeyrət rəmzi olaraq qalacaqdır... Mövzuya dair internet saytlarda və e-şəbəkələrdə çoxsaylı oxucuların sapıqlara qarşı yazdıqları geniş şərhlər və tutarlı cavablar da məhz bu həqiqəti təsdiq edir.

- Məlumatsızlıq bəlkə ondan qaynaqlanır ki, türk insanı tarix yaradıb, amma tarixi yazmayıb...

- Tamamilə doğrudur, bəli, Babək haqqında fikir yürüdərkən bir məlum həqiqəti yaddan çıxartmaq olmaz ki, bütün türksoylu qövm kimi Azərbaycanın türk-oğuz igidləri də tarixi yaradıblar, amma onu yazmayıblar. Onu bizim üçün yazan ərəb, fars, rus, erməni salnaməçilərinin isə haqqımızda nəyi necə yaza biləcəyi bu gün məmə yeyəndən pəpə deyənə kimi hamıya bəllidir. Odur ki, “orta əsrlər mənbələrinə” istinad edərkən “faktları” şəstlə sağa-sola səpələyəndə, zaman, məkan,  şərait amillərini, qələmin kimin əlində olduğunu unutmamaq gərəkdir. Məhz buna görə E.Nəsirov müsahibəsinə “bismillah” eləməmiş dərhal Babəkin bioqrafiyası haqqında “mənbənin verdiyi məlumatlara” əsaslanaraq Amerika kəşf edibmiş kimi onun valideynləri haqqında həqarətli fikirləri təkrar etməkdənsə, bir qədər təxəyyülünə əziyyət verib dərin analiz və geniş səbr göstərsə yaxşı olardı. Çünki ağıllı oxucu bilir ki, ərəb yazarı ərəb xilafətinə 22 il qan uddurmuş bir igidi təbii ki mədh etməyəcəkdi, haqqında hikkə ilə dolu hərzə-hədyanlar uyduracaqdı.

İkincisi, XXI əsrdə min beş yüz il öncənin qəhrəmanına qiymət verərkən onun əməlini, şücaətini, iradəsini, qətiyyətini, xarakterini, ideya və ideallarını, vətənpərvərlik əzmini bir kənara qoyub, “atası filankəs, anası bəhmənkəs idi” tipli mətləbsiz saçmalar sadalamaq sadəcə elmi araşdırma hünərinin yox, məhlə-məişət intellektinin göstəricisidir. Çünki hətta ərəblər həqiqəti yazmış olsa belə, əlində qılınc at belində minlərlə düşmən arasına girib zəhmlə vuruşan adamın fəaliyyəti ilə “bir gözü kor fahişə ananın” fəaliyyəti arasında nə əlaqənin olduğunu xüsusi araşdırmağa da ehtiyac yoxdur. Babəkin yaşadığı dövrdə “Azərbaycan əhalisinin böyük əksəriyyətinin İslam dininə sitayiş etdiyini”, xürrəmilərin isə Bəzz qalası və ətrafındakı “dağlıq ərazidə yaşayan azlıq” təşkil etdiyini söyləmək - “araşdırmaçı, tarixçi” üçün çox da sadə səhv deyil. İslamın Azərbaycana “Babək ortaya çıxmazdan iki yüz il əvvəl gəldiyini və iki əsr ərzində azərbaycanlıların böyük əksəriyyətinin artıq İslamı qəbul etdiyini” iddia etmək, daha sonra isə guya Babək və tərəfdarlarının silahlanaraq Azərbaycanın şəhər, qəsəbə və kəndlərindəki “dinc əhaliyə hücum edib kütləvi qətllər törədərkən ərəbləri deyil, müsəlman azərbaycanlıları öldürdüyünü” yazmaq isə nəinki heç bir real əsası olmayan uydurma saçmalardır, üstəlik Babəkin qurşağından aşağını hədəfə almaqdır ki, bu da türk-oğuz mentaliteti daşıyan kişilər üçün ayıblı niyyətdir.

- Akif müəllim, bəs bəs mənbələr nə deyir?

- Mənbələr “Yaxın Şərq ölkələri üzrə tanınmış araşdırmaçı, tarixçi Dr. Elnur Nəsirovun” dediklərini təkzib edir. Mənbələr göstərir ki, Ərəb Xilafəti gücləndikdən sonra ətraf ölkələri öz hakimiyyəti altına almaq üçün işğalçı yürüşlərə başladı. Xilafət ordusu ilk dəfə miladi tarixi ilə 633-cü ildə İraq tərəfdən üzü şimala hərəkətə başladı və qədim Sasani imperiyasının sərhədlərini keçdi. Miladi ilə 635-də 25 min nəfərlik ərəb ordusu İraqın Qədisiyyə adlı mövqeyində Rüstəmin komandanlıq etdiyi Sasani ordusunu məğlubiyyətə uğratdı. Bir neçə gün çəkən qanlı savaşlarda xilafət ordusu 6000-dən çox döyüşçü itirdi, Sasanilər isə 10000 şəhid verdi. Məşhur Arran sərkərdəsi Rüstəm də bu döyüşdə şəhid oldu. Albaniya hökmdarı Varaz Qriqor III Yəzdigərdin xahişi ilə ərəblərə qarşı vuruşmaq üçün ora qoşun göndərmişdi və oğlu Cavanşiri həmin qoşuna sərkərdə təyin etmişdi. Döyüşdə Cavanşir üç dəfə yaralansa da sağ qaldı. Alban ordusu imperiyanın süqutundan sonra öz ölkəsinə qayıtdı... Mədainə girən ərəblər  Sasani imperiyasının 3 trilyon dirhəmlik xəzinəsini talan etdib şəhəri xaraba qoydular. Bundan sonra Ərəb xilafətinin güclü ordusu Bidlisin dağ keçidlərini aşaraq Van gölünün şimalından Azərbaycan torpaqlarına yürüdü. (mənbə: Vaqidi, Fütuh-uş-Şam).

Numani yazır: “642-ci ilin yayında Həmədanla İsfahan arasında yerləşən Nəhavənd şəhəri yaxınlığında 3 gün davam edən misli görünməmiş döyüş başladı. Bu döyüşdə qan su yerinə axırdı. O dərəcədə ki, insanlar və atlar döyüş meydanındakı qan selindən ayaq üstə dayana bilmir, sürüşüb yıxılırdılar. Sayca xeyli üstün olan ərəb ordusunun qələbəsi ilə bitən döyüşdə 50 mindən artıq insan həlak oldu...”

Nəhavənddəki məğlubiyyətdən sonra Sasani ordusu bir daha özünə gələ bilmədi və nəhəng imperiya sürətlə dağılmağa üz qoydu. Arran əhalisi qalalara çəkilərək müqavimət göstərməyə başladılar.

“Ərdəbildən keçən Xilafət ordusu Xəzər boyunca şimala doğru hərəkət etdi. Həmədan şəhərində əhali ərəblərə etiraz edərək üsyana qalxdı”

Nəhavənd döyüşündən sonra xəlifə Ömərin əmri ilə qoşun bərəkətli Azərbaycan ölkəsinə hərbi yürüşü davam etdirdi. Ərdəbil yaxınlığındakı döyüşdə azərbaycanlılardan sayca və silah-sursatca üstün olan müsəlmanlar qalib gələ bildilər. Ərdəbildən keçən Xilafət ordusu Xəzər boyunca şimala doğru hərəkət etdi. Həmədan şəhərində əhali ərəblərə etiraz edərək üsyana qalxdı. Belədə Xəlifə Ömər başqa bir sərkərdəsi Nueym ibn Muqərrinə məktub yazaraq onu da öz ordusunu Həmədana sürməyi əmr etdi. 12 minlik qoşun Həmədana girdi. Bu zaman Azərbaycanın digər cənub əyalətlərində yerli əhali işğalçı ərəblərlə vuruşmaq üçün qüvvələrini birləşdirir, ciddi-cəhdlə savaşa hazırlaşırdı. Azərbaycan ordusuna İsfəndiyar Fərruxzad adlı igid komandanlıq edirdi. Həmin çətin günlərdə bizanslılar da Azərbaycana köməyə gəlmişdilər.

643-cü ildə Vaci Ruz adlı yerdə azər-türk və ərəb döyüşçüləri qarşı-qarşıya gəldilər. Şiddətli vuruşda sayca və silah-sursatca çox olan ərəb ordusu qalib gəldi.  (mənbə: İbn əl-Əsir, əl-Kamil fit-Tarix). 

O illərdə İsfahan, Təbəristan, Kirman, Sistan, Xorasan və b. əyalətlərin işğalı ilə qədim və zəngin Arran ölkəsi demək olar ki, tamamilə ərəblərin əlinə keçdi. Ümumiyyətlə, Ömər ibn Xəttabın xəlifəlik müddəti xilafət tarixinin ən çox istilalar dövrü idi. İraq, Suriya, İordaniya, Misir, Gürcüstan, Azərbaycan, həmçinin Şimali Afrikadakı məmləkətlər məhz onun dövründə işğal edilərək Ərəb imperiyasının tərkibinə qatıldı.

- Həm də xatırlayaq ki, VII əsrin ortalarında işğalçı ərəb orduları Azərbaycanda ciddi müqavimətə baxmayaraq ölkənin cənub vilayətlərini işğal etmişdi...

- Bəli, məhz bundan sonra ərəblərlə Azərbaycan türkləri arasında yüz ilədək davam edən savaşlar dövrü başlanır. Uzun sürən  qırğınlardan sonra, 705-ci ildə ərəblər Azərbaycanın şimalındakı Albaniya dövlətinin də  müstəqilliyinə son qoydu. Bundan sonra Azərbaycan əraziləri üstündə dəhşətli dağıntılar və fəakətlərlə müşayiət olunan ərəb-xəzər müharibələri ölkəni xarabazara çevirdi, əhalini səfalətə düçar etdi. Gözəl təbiətli, barlı-bərəkətli Azərbaycana soxulub da onun bütün bölgələrini vəhşicəsinə qılınc gücünə işğal edən, varidatına sahib olub varını-mülkünü talan edən, yüz minlərlə yerli əhalini qətlə yetirən cahil səhra adamları yerli xalqın milli-mənəvi dəyərlərinə və yaşam tərzinə də kobud müdaxilə edir, öz dinlərini, dillərini, milli adət-ənənələrini və ideologiyalarını qəbul etdirmək üçün zordan istifadə edirdilər. Xüsusən, ərəblərin qavrayışı üçün yad olan Azərbaycanlı türk-oğuz qövmünün qədim məbədləri, müqəddəs atəşgahlar amansızlıqla dağıdılır, yaxud xəyanətkar xidmətləri müqabilində qonşuluqda yerləşən satqın erməni tayfasına bəxşiş edilirdi. Cahil ərəb işğalçıları məbədlərin üzərindəki qədim rəmzləri və nişanələri - müxtəlif tipli xaç, günəş, od işarələrini, şumer-alban-türk yazısı ilə həkk olunmuş müqəddəs mətnləri, həmçinin qiymətli sənət nümunələrini vəhşicəsinə məhv edirdilər. Bütün dini-fəlsəfi, elmi kitablar yandırılır, dəyərli sənət əsərləri xilafətin paytaxtına daşınır, alimlər və ruhani adamlar öldürülür, ya sürgün edilirdi. Azərbaycana məxsus qədim milli sərvətlərlə yanaşı, yerli əyanlar, tacirlər qarət olunur, islamı qəbul etməyən əhali amansızcasına incidilirdi.

- Tarixi mənbələrdə deyilir ki, ərəblər yerli əhalini sürətlə müsəlmanlaşdırmaq üçün islamı, ərəb dilini və digər adət-ənənələrini qəbul etməyənlərin üzərinə çox ağır vergilər qoyurdular. Bu doğrudurmu?

- Doğrudur. Və bu vergidən canını qurtarmaq üçün əksər adamlar üzdə özlərini bu şərtləri qəbul edən kimi göstərir, hətta özlərinə ərəb adları götürməyə məcbur olurdular. (Ziya Bünyadov, “Azərbaycan VII-IX əsrlərdə”). Xilafətin Azərbaycana qarşı həyata keçirdiyi siyasət artıq milli genofonda və qədim ənənələrə təcavüz olduğundan yüksək mədəniyyətə, ulu dilə, mükəmməl elmi-fəlsəfi biliklərə malik Azərbaycan xalqı təhqirlərə dözməyərək ağır və qeyri-bərabər mübarizəyə qalxırdı. 

“Erməni qoşunları da ərəblərin tərəfində qafqazın digər xalqlarına qarşı fəaliyyət göstərirdi”

Cənublu-şimallı bütöv Azərbaycan məmləkətində dəhşətli qırğınlar, dağıntılar, fəlakətlər baş alıb gedirdi. Ərəblərin davamlı təcavüzləri ölkəni xarabazara çevirirdi.

Erməni qoşunları da ərəblərin tərəfində qafqazın digər xalqlarına qarşı fəaliyyət göstərirdi. Mənbələrdən aydın olur ki, Muğan bölgəsində bütün kişilər ərəblərlə müharibədə həlak olduğundan düşmənin qarşısına qadınlardan ibarət dəstələr çıxırdı. Yurdun qadınları həm işğalçılara qarşı vuruşur, həm də təsərrüfatı idarə edirdilər. Xilafət ordusu dağlıq ərazilərdə bu vətənsevər, cəsur Azərbaycan  “amazonkalarının” qarşısından çarəsiz qalıb geri çəkildikləri də olurdu... Bütün bu proseslər nəticəsində vəhşi işğala və cahil hökmranlığına qarşı tarix səhnəsinə  milli müqavimət hərəkatı kimi Hürrəmilik çıxdı.

Erməni qoşunları da ərəblərin tərəfində qafqazın digər xalqlarına qarşı fəaliyyət göstərirdi.. İslamı qəbul  etmək istəməyənləri çox ağır işgəncələrə məruz qoyur, təhqir edir, varidatını əlindən alıb səfalət içində məhvə məhkum edirdilər. Maraqlıdır ki, “kitab əhli” saydıqları xristian və yəhudilərə qarşı bunu etməyən ərəblər, ən qədim Müqəddəs Kitabın - “Avesta”nın mənəvi sahibi olan Azərbaycan türklərinə qarşı insanlığa sığmayan hər vəhşi əmələ əl atırdılar. Halbuki, Zərdüştün müvəhhid və təkallahlı olmasını ilk dəfə Məhəmməd peyğəmbərin mənəvi varisi və islamın ilk imamlarından olan Əli ibn Əbu Talib, ondan sonra Hüzeyfə, Səid ibn-Müsəyib və başqaları qəbul etmişlər. Həzrət Əlidən “məcusilər” (zərdüştilər) haqqında soruşulduqda o belə cavab vermişdi: “Məcusilərə toxunmayın, onlara Kitab və Peyğəmbər göndərilib”.

 Tarixi mənbələrdəki ziddiyətlərə münasibətiniz necədir?

- Məlumdur ki, “Avesta” yunan və roma fəlsəfi məktəblərinə, mədəniyyətlərinə güclü təsir göstərən səmavi mənbədir. Zərdüştlüyün uca doktrinasının bütün Yaxın Şərqdə iudaizmə, xristianlığa və buddizmə təsiri də danılmazdır. Ərəb işğalından hələ neçə min il qabaq Azərbaycan Zərdüştlüyün mərkəzi idi. İlk müqəddəs Kitab - “Avesta” Tanrı tərəfindən bu torpağa göndərilmiş, on min ildən çox yaşı olan ən qədim tək Tanrıçılıq dininin əsas məbədləri burada tikilmiş, Zərdüştlüyün kahinləri - müqəddəs maqlar burada yaşamışdılar. Minillər boyu möhtəşəm mədəniyyət nümunələri yaradan, ilk əlifba və dilin, ədəbiyyatın, incəsənətin, memarlığın, sazın timsalında ilahi musiqinin, idman oyunlarının, meydan teatrının və kütləvi el şənliklərinin təşəkkül tapdığı Odlar Yurdunun köklü sakinləri, bəşər sivilizasiyasının mərkəzi məkanlarından olan Azərbaycanda tarix boyu unudulmaz qəhrəmanlıq nümunələri yaranıb. Belə nümunələrdən ən möhtəşəmi VIII əsrin ortalarından IX əsrin ortalarınadək dövrü əhatə edən milli-mənəvi azadlıq mübarizəsi- hürrəmilər hərəkatı idi. Zərdüşt Peyğəmbərin dinində Tanrıya dərin bağlılıq və ruhi biliklərlə kamilləşmə nəticəsində insanların təbiət qüvvələri ilə təmasda ola bildikləri haqda məlumatlar var. Bu kimi faktlar Azərbaycan ərazilərində yaşayan əcdadların heç də qədim ərəb-fars mənbələrində qələmə verildiyi kimi dinsiz, inancsız, biliksiz toplum deyil, əksinə, Tanrıya yaxın, hətta ilahi qüvvələr tərəfindən himayə edilən  soydan olduqlarını göstərir.

Akademik Ziya Bünyadov ərəb mənbələrinə əsaslanaraq yazırdı: “Babək... Tanrının insan surətində təcəssüm etməsi, ruhun bir bədəndən başqa bədənə köçməsi inancını elan edib,   inandırırdı ki, qeyb olan müqəddəs ruh çox sonralar qayıdacaqdır.”  Onlar  “Uca Şirvinin Ruhu, Səni Gözləyirik!” dedikdə məhz bu inama ( müasir anlayışda - “reinkarnasiya” - A.) əsaslanırdılar.  

“Onlar ruhların bədəndən-bədənə köçməyinə inanırdılar” (Əbu Məhəmməd Abdullah ibn Əsəd Yafeyi). Məhz ruhun əbədiliyi, ölməzliyi haqda ilahi bilik Babəki və onun ətrafındakıları mənfur düşmən qarşısında əyilməz etmişdi. Onlar ölümün ancaq cismə, bədənə aid olduğuna, ruhun isə əbədi yaşayacağına əmin idilər. Babəki ən dəhşətli, qeyri-insani işğəncələr qarşısında əyilməz və qorxmaz edən də, məhz bu inam idi...

 - Həqiqətən də Azərbaycan türklərinin qədimdən sülhsevər və humanist olduğunu hətta, ərəb tarixçiləri də etiraf ediblər. Amma...

- Tamamilə doğrudur. Məsələn, İbn ən-Nədim yazırdı: “Hürrəmilərin dini etiqadında qətl, əzab və savaş yox idi, onlar bütün bunların nə olduğunu bilmirdilər”. Hürrəmilər hərəkatı Azərbaycan xalqının milli-mənəvi, tarixi-mədəni kökləri üzərində formalaşan  möhtəşəm milli qəhrəmanlıq tarixidir.

“Babəklə bağlı mənbələrin də  əksəriyyəti ərəb-fars tarixçilərinin yazdıqlarından ibarətdir. Bu mənbələrdə qərəz, saxtalaşdırma əlamətləri açıq-aydın hiss olunur”

Bu qəhrəmanlıq tarixinin 22 ili - Babəkin adı ilə bağlıdır. Burada qeyd edək ki, hürrəmilər hərəkatı dövrü tarix elmi üçün bəzən qaranlıq məqamlarla dolu sirr pərdəsi altındadır. Səbəbi isə dediyimiz kimi, çox sadədir: Türklər tarixi yaradıblar, ancaq tarixi onlar yazmayıblar! Tariximizi əksər hallarda dörd bir ətrafımızda dolaşan düşmənlərimiz yazıblar. Bu tarixi onlar təbii ki, təhrif edərək, saxtalaşdıraraq qələmə alıblar ki, xalqı öz keçmişindən, köklü mədəniyyətindən ayrı salıb simasızlaşdırsınlar. Babəklə bağlı mənbələrin də  əksəriyyəti ərəb-fars tarixçilərinin yazdıqlarından ibarətdir.  Bu mənbələrdə qərəz, saxtalaşdırma əlamətləri açıq-aydın hiss olunur. Böyük ideallarla yaşayan xürrəmilər - azadlıq uğrunda mübarizə aparırdılar. İslam pərdəsi altında onların yurdunu işğal edən qəsbkarlara qarşı amansız və barışmaz mövqedə idilər. Hürrəmilərin inanclarına görə ulu Cavidanın ruhu gənc Babəkdə zühur etmişdir. Onlar Tanrını ali və əbədi mövcud qüvvə kimi qəbul edir, Tanrıya sitayiş edir, onun yerdəki əlamətlərinə inanırdılar. Bununla belə başqa dinləri rədd etmir, təhqirinə yol vermirdilər. Şirvinlik inancına uyğun olaraq hürrəmilər arasında ayrı-seçkilik yox idi, qadın-kişi bərabərliyi mövcud idi, ailənin mirası qızla oğlan övladı arasında tən paylaşırdı. Bütün bunlar isə ərəblərin gətirdiyi yeni dinin şərtlərinə uyğun gəlmirdi.

- Ümumiyyətlə, tarixdə ərəblərə və İslama qarşı mübarizəni Babəkin adı ilə bağlama cəhdi var. Bu nə dərəcədə real həqiqətdir?

- Ərəblərə və İslama qarşı mübarizəni təkcə Babəkin adı ilə bağlamaq düzgün deyildir və hələ Babəkdən 70 il öncə - 748-ci ildə Azərbaycan əhalisi Ərəb işğalına və zorla islamlaşdırma siyasətinə qarşı mübarizəyə qalxmışdı. Babəkin vəhşicəsinə edam olunmasından və bütöv Azərbaycan ölkəsinin işğal edilməsindən keçən on illər müddətində də ölkənin şimal-cənub bölgələrində, xüsusən, Albaniyada, Aranda və digər yerlərdə yadelli işğala qarşı etirazlar səngimək bilmirdi. Babəkdən öncə, 808-ci ildə daha da vüsət alan milli azadlıq hərəkatına igid sərkərdə Cavidan başçılıq edirdi. IX əsrin əvvəllərində Azərbaycan əraziləri bu mübarizənin mərkəzinə, Bəzz qalası isə hürrəmilərin paytaxtına çevrilmişdi.

“Hürrəmi hərəkatı Azərbaycanı işğaldan qorumaq uğrunda 100 ilə yaxın mübarizə apardı”

Belə bir mürəkkəb tarixi şəraitdə  Azərbaycanın Azadlıq məkanında böyük sərkərdə, qüdrətli dövlət başçısı, xalqı arxasınca qələbədən-qələbəyə aparan yenilməz bir rəhbərin - Babək Hürrəminin parlaq vücudu yalçın qayalar üzərindən vüqarla ucalırdı. Hürrəmi hərəkatı Azərbaycanı işğaldan qorumaq uğrunda 100 ilə yaxın mübarizə apardı. Bu müddətdə Xilafətin Azərbaycanda 6 böyük ordusu darmadağın edildi, ərəb işğalçıları bir milyonadək döyüşçü itirdilər. Elə bu qədər də şəhid verən Azərbaycanın türk-oğuz igidləri vətən uğrunda qəhrəmanlıqla döyüşdülər. Babəkin dövründə isə Hürrəmi hərəkatı Azərbaycanın bütün tarixi ərazilərini əhatə etmişdi. 500  mindən çox işğalçını məhv etmiş, xilafətin ən məşhur sərkərdələrinə qalib gəlmiş, qəddar xəlifələrin yuxusunu qaçırmış məğlubedilməz Azərbaycan Oğlu heç də düşmənlərin və düşmənə yarınanların qələmə verdiyi kimi, miskin bir qiyamçı gədə deyildi. O, qüdrətli sərkərdə idi, güclü hökmdar idi, xalqı müstəqillik naminə arxasınca irəli aparan müdrik öndər idi. Onun yaratdığı dövlət qurumunun özünə məxsus ideoloji istiqamətləri, od, alov, günəş, işıq rəmzi olan qıpqırmızı bayrağı vardı. Babəkin böyük bir ərazidə qurduğu bu dövlətin güclü nizami ordusu, bacarıqlı sərkərdələri var idi. Döyüş taktikası hərbi şuranın toplantılarında hamılıqla hazırlanır və ciddi şəkildə həyata keçirilirdi.

- Ümumiyyətlə, Babəkin Avropa dövlətləri ilə bağlılığı necə olub?

- Babəkin sarayı ilə Qərb dövlətləri arasında da sıx əlaqələr var idi. Babək Bizans imperatoru Feofilə göndərdiyi məktubunda bütün Ərəb ordusunun, hətta Xəlifənin dərzisinin və aşbazının da onunla döyüşə göndərildiyini bildirirdi. Bu isə o demək idi ki, Babəkin işğalçılara qarşı mübarizəsi o dərəcədə qüdrətlənib genişlənmişdi ki, nəhəng Xilafət bütün digər istiqamətlərdə  hərbi münaqişəni saxlayıb təkcə Babəkin üstünə yerimək məcburiyyətində qalmışdı. Təsadüfi deyil ki, hirs-hikkəsindən Babəki tarixdə misli görünməmiş vəhşiliklə edam edib parça-parça doğratdıran əzazil Xəlifə Mötəsim Babəkin şaqqalandığını görüb dərindən nəfəs almış: “ Şükr, - demişdi, -Xilafət xilas oldu! İslam qurtuldu! Bağdad əhlinə bayramlıq paylayın! İndi Azərbaycan da bizimdir... Bütün dünya da!”

Müsəlman salnaməçiləri Hürrəmilər haqqında onlara qarşı qəzəb oyadan hər cür böhtan və iftira yazıblar. Bu saxtakar tarixçilər yazıblar ki, guya hürrəmilər bütün vaxtlarını şən musiqi altında yeyib-içməklə, gülüb-oynamaqla keçirirmişlər. Əbu Müzəffər İsfəraini yazır: “...hər iki cinsdən olan babəkilər ildə bir gecə o dağda musiqi və mey məclisinə toplaşıb, pozğun işlər görərdilər.” Əslində isə, bu ərəb “tarixçi”sinin dediyi gecə, haqqında yəqin ki heç bir məlumatı olmadığı Novruz gecəsidir ki, xalqımız hər il ellikcə Tanrıya həsr olunan müqəddəs bayramını bugünə kimi keçirir. Bu iftira ilə bağlı görkəmli tarixçi, akademik Ziya Bünyadov çox tutarlı məntiqlə cavab verir: “İyirmi ildən artıq xilafətə qarşı kəskin və cəsur azadlıq mübarizəsi aparmış bir xalqı şən və qayğısız ömür sürən başıpozuq kütlə kimi qələmə vermək mümkün deyil.” Onu da deyim ki, ta qədimdən möhtəşəm mədəniyyətə, geniş elmi-fəlsəfi dünyagörüşə, möhkəm dini-əxlaqi prinsiplərə malik olan, bəşəriyyətin ilk təktanrıçılıq dinini yaşadan bir xalqı və onun qəhrəmanını bu cür aşağılayıcı tərzdə təqdim etmək ancaq qərəzli “tarixçilərin” xəstə təxəyyülünün məhsulu ola bilər. Ümumiyyətlə, dövrün hadisələri haqda bizə gəlib çatan məlumatların böyük əksəriyyəti ərəb tarixçilərinə məxsusdur. Bu tarixçilər isə, təkrar edirəm,  Xəlifənin  sarayında oturub düşmən haqqında həqiqəti yaza bilməzdilər.

- Tarixdə niyə ərəblər Azərbaycanı daim işğal etmək fikrində olub?

- Həqiqət o idi ki, Azərbaycanın artıq möhtəşəm bir müqavimət qüvvəsinə çevrildiyini görən Xəlifə ibn Məmun əvvəllər əhəmiyyət vermədikləri Azərbaycana nizami ordu göndərdi. Sonralar bütün hərbi strategiyasını Azərbaycanı işğal etmək hikkəsi üzərində quran xəlifə Məmun dəfələrlə özünün ən say-seçmə döyüşçülərini hücuma göndərdi və hər dəfə onun sərkərdələri məğlub oldular.

“...Çünki azərbaycanlılar çox böyük mərdliklə, qorxmadan və sonadək döyüşürdülər”

Babək yenilməz bir qüdrət kimi Ərəb işğalının qarşısını kəsmişdi. Təbəri yazır: “...Babəkin ordusu ilə vuruşda Ərəb ordusu pərən-pərən düşüb qaçdığı zaman əsgərlərdən biri arxasına baxmadan qaçan İsaqdan soruşur:

-Ey Əbu Musa, hara belə?

 O isə cavab verir:

-Biz onlarla vuruşa bilmərik, biz ancaq müsəlmanları qorxutmağa qadirik...” ...Çünki Azərbaycanlılar çox böyük mərdliklə, qorxmadan və sonadək döyüşürdülər. Bu bir faktdır ki, Azərbaycan xalqının böyüklüyünü yaxşı anlamayan, Babəkin gücünü düzgün qiymətləndirməyən ərəb sərkərdələri dalbadal rüsvayçı məğlubiyyətlərə uğrayırdı. Hürrəmi hərəkatı Fars, Xorasan, İsfahan və Kuhistan vilayətlərini bürümüşdü. Hündür qalalarda odun-alovun, günəşin rəmzi olan al bayraqlar dalğalanırdı. Ərəblərə qədərki qayda-qanunlar və milli adət-ənənələr bərpa edilirdi. Cahil müsəlman ərəblərini ən çox heyrətləndirən hallar baş verirdi: Azərbaycanda kişilərlə bərabər hüquq sahibi kimi üzləri açıq gəzən, hərəmxanalarda gizlənməyən Azərbaycanlı qız-gəlinlər nəinki öz istəklərinə görə ərə gedə bilir, hətta ölkənin ictimai həyatında da fəal iştirak edirdilər. Babəkin göstərişi ilə təxminən 1 mln kv. km.-lik əraziyə malik Azərbaycan diyarının şəhər və kəndlərində əmin-amanlıq bərqərar olunurdu. Azərbaycanda bir çox millətlər və etnoslar sərbəst yaşayır, müxtəlif dinlərə inananlar arasında heç bir ayrı-seçkilik qoyulmurdu. Hürrəmilər elliklə yığışıb şənlik edir, mahnı oxuyur, atəşgahlarda Tanrıya ibadət mərasimləri keçirirdilər...

- Bəs Babək niyə məğlubiyyətə uğradı? Buna səbəb nə idi?

- Nəhayət, 22 il böyük bir imperiya ilə aramsız vuruşan Babək, adətən olduğu kimi, satılmışlar, xəyanətkarlar və casuslar sayəsində məğlubiyyətə uğradıldı. “Azərbaycandan Ərmənə gedən” dərədə ov edərkən Sünik knyazı erməni Səhl Sumbatın 1 milyon dirhəm müqabilində onu hiyləgər Afşinə satdığını biləndə Babək Səhl Sumbata üzünü tutub demişdi: “Xain, öz ağanı çox ucuz satdın, pul istəyirdinsə, mən sənə bundan on dəfə artığını verərdim...” Babək əsir düşəndən sonar Xəlifədən gələn aman kağızını Babəkə təqdim edəndə, ərəblərə qulluq göstərən türk Afşinə Azərbaycan oğlu Babəkin cavabı bu olmuşdu: “Sənin xəlifən məni heç bir şey müqabilində satın ala bilməz, çünki şərəfli ölüm xalqına və vətəninə xəyanət bahasına əldə edilən miskin həyatdan min dəfə yaxşıdır.”

 Edam üçün Xilafətin paytaxtı Samirə şəhərinə aparılmazdan öncə isə Babəkin sərkərdə Afşindən yalnız iki xahişi olmuşdu. Birincisi, Bəzz şəhərinin xarabalıqlarının vidalaşmaq üçün son dəfə ona göstərilməsini, ikincisi, xidmət üçün ona təhkim edilmiş adamın üstündən ət iyi gəldiyinə görə dəyişdirilməsini istəmişdi...

- Babəkin edamı necə olub? Tarixdə bilgi necədir?

- 838-ci il martın 14-ü günü Babəkə şahlara layiq libas geyindirib nəhəng boz filin belində  edam yerinə apardılar. Ərəb Xilafətinin paytaxtında, Xəlifənin hüzurunda, ali ruhani şəxslərin və mömin müsəlmanların gözü qarşısında günahı yalnız öz vətənini azad görmək olan Azərbaycan qəhrəmanı Babəki dinə, imana, nə də insanlığa yaraşmayan vəhşi bir üsulla qətlə yetirdilər. Şaqqalamaq əmri alan cəlladlar əvvəlcə onun sağ əlini kəsəndə Babək qolunun qanı ilə üzünü  qana boyadı. Bunu görən Xəlifə Mötəsim: “Ondan soruşun nə səbəbə belə etdi?”- deyir.  Babəkdən soruşurlar, o belə cavab verir: “...Nə qədər ki, başım kəsilməmişdir, bu qan axacaqdır. Mən qorxuram bütün qanım axıb qurtarsın və üzümün rəngi qaçıb solğunlaşsın, adamlar elə düşünsün ki, guya mən ölümdən qorxuram. Mən üzümü qana boyadım ki, üzümün rəngi qaçmış kimi görünməsin”.  Cəlladlar Babəkin sol qolunu, sonra hər iki qıçını  kəsdilər. Babəkin bədəni bütün qan içində olsa da, o səsini çıxartmırdı. Edama toplaşanlar insane iradəsinin bu dərəcədə yenilməzliyinə heyrət edirdilər. Axırda Babəkin başını vurdular... Və yalnız bundan sonra Mötəsimin məşhur ifadəsi səsləndi: “Şükr, Xilafət xilas oldu!”  Salnaməçilər isə belə yazdılar:  “Babək öz zəmanəsinin qəhrəmanı və Xilafəti dəhşətə gətirən bir igid idi”. “Babəkin üzərində çalınan qələbə İslam dövlətində ən böyük qələbə idi, onun əsir alındığı gün isə müsəlmanların bayram günü idi”'.

- Həqiqətən də görünür ki, Babəkin rəhbərliyi ilə hürrəmilərin mübarizəsi Azərbaycan tarixində ən parlaq səhifələrdən biridir...

- Bəli, bu mübarizədə düşmən qalib gəlsə də, xalqın şüurunda dərin iz buraxdı. Babəkin ardıcılları sonrakı yüz il ərzində Xilafətdə baş verən bütün yeni etirazların özəyi oldular.             Adı xalqımızın qəhrəmanlıq Kitabına qızıl hərflərlə yazılan Babəkin xatirəsi əbədi olaraq  bu xalqın qəlbində yaşayacaqdır. Ancaq bu gün “araşdırmaçı-tarixçi” E.Nəsirovun müdrikanə pozda guya xalqın öz milli qəhrəmanlarının şücaət və rəşadətini mütləq dastanlaşdırdığı barədə düstur irəli sürüb “Dədə Qorqud” dastanındakı qəhrəmanları, “Koroğlu” dastanını yada salması, Babək haqqında isə belə daşdankeçən dastan faktının olmadığını fəxrlə söyləməsi heç bir tənqidə dözməyən gülünc postulatlardır. Ona görə yox ki, alimin bu fikri səhvdir, ona görə ki, xalq alimdən daha ağıllıdır: o,  “Dədə Qorqud”, “Koroğlu” kimi dastanların bədii personajlarından fərqli olaraq Babəkin - mifik obraz deyil, tarixi şəxsiyyət olduğunu bilir. Və konkret bioqrafiyası, real həyat yolu, aləmdə məşhur mübarizəsi olan qəhrəman oğlunun sənədlərdə əksini tapan real ömür yolunu nağıla, dastana çevirməyin yersizliyini dərk edir. 

Daha bir ilginc məqam. “Yaxın Şərq ölkələri üzrə tanınmış araşdırmaçı, tarixçi”  müsahibəsində cidd-cəhdlə “İslamı Babəkdən qorumaq” kimi bihudə missiyanı üzərinə götürüb Don-Kixot sayağı fərziyyələr söyləməsi - ha səy etsə də səsi ucalaşmayacaq yağlı bir xoruzun quyruğunu göstərən məqamlardandır. Məşhur ayı və dovşan anekdotuna bənzər olaraq “...dostuma əl vuranı cıraram ha!...” - deyə sinəsini qabağa verməsi isə bu  “xoruzun” məhz Yaxın Şərqin hansı ideoloji və coğrafi səmtində yağlandığını aydın göstərir. Xüsusən “xristian Bizansın İslam dünyası içində məhz xürrəmilərin simasında özünə müttəfiq tapması” barədə dediyi müasir provokasion fikir bu ideoloji-coğrafi cəhəti tam bəlli edir.

- Müəllifin Babəkin haqqında olan bilgilərin sadəcə, təbliğat xarakterli olub bizə ötürülməsi məsələsinə münasibətiniz də birmənalı deyil...

- Həqiqətən də “araşdırmaçı-tarixçinin” dediyi Babəkin guya bizə rus-Sovet imperiyası tərəfdən “əvəzsiz propaqanda materialı” kimi sırınması barədə mülahizələrə, burada adam bir qədər ağını çıxarıb. Ruslar demişkən, “slışal zvon, no ne znaet qde on!” Yəni bu motivdə sayaq nələrsə oxuyub, eşidib, amma mahiyyətinə vara bilməyib. Şəxsən mənim də bir neçə məqaləmdə imperiya kanselyariləri tərəfindən zaman-zaman xalqımızın itaətdə saxlanması məqsədilə xüsusi “reseptlərin” hazırladığı barədə mülahizələr olub... Ancaq indi bu həna o hənadan deyil. Babək rus imperiyasının  yox, başqa bir imperiyanın diqqət və marağı çərçivəsində olan arzuedilməz şəxsdir. Və məhz Azəri türklərini əbədi əsarətdə saxlamasına çox mane olan rəmzi obyekt kimi onun aradan qaldırılmasına çalışır. Düşünürəm, əksinə, Rus imperiyası (bu nə qədər təzadlı görünsə də!) vaxtilə apardığı amansız bölgüdə bizləri həmin anti-Babək amallı şovinistlərin cəngindən qurtarıb, mədəni dünya ilə təmasa, sivilizasiya ilə qaynayıb-qarışmağa imkan verib... Təbii, bu bir ayrı mövzudur.

- Doğrudanmı Babəkə Bakıda heykəl qoyulsa “dünya dağılar”?

- Hansısa mübhəm niyyətlərə görə Babəki bu qədər aşağılayıb öz səviyyəsində araşdıran müsahibin maraqlı açıqlamalarından biri də odur ki, sən demə, “Azərbaycan tarixində Babəkdən qat-qat mühüm rol oynamış, həqiqətən dahi adlandıra biləcəyimiz insanlar varmış ki, adlarını heç olmasa bir küçəyə belə qoymayıblar!” Açığı, şəxsən mən  çox maraqla izlədim görüm, Babəki eyni bir səviyyəyə qoyub müqayisə etmək belə  mümkün olmayan o böyük qəhrəmanımız kimdir ki, bəlkə gələcəkdə hansısa boş küçə tapıb adını ora qoymaq üçün təklif irəli sürüm? Öyrəndim ki, sən demə Azərbaycan xalqının indiyədək tanımadığı bu adam - “Ərməniyyə fatehi Yusif ibn Əbu's-Sac imiş”! Bəli, Yusif ibn Əbu's-Sac! Etiraf edim ki, Tarixi-Nadiri yarıyacan oxusam da, “Azərbaycan üçün tarixdə Babəkdən qat-qat mühüm rol oynamış həqiqi dahi Yusif ibn Əbu's-Sac” adına nəinki hansısa küçədə, heç SSRİ tarixi dəsliyində də rast gəlməmişəm.  Odur ki, bu “Yusif ibn Əbu's-Sac” məsələsi heç!

“Milyonlarla qeyrətli Azərbaycan vətəndaşı Prezident İlham Əliyevin Bakıda böyük sərkərdə Babəkin abidəsinin ucaldılması barədə Sərəncamını birmənalı olaraq razılıqla qarşılayıb”

Nəhayət,  “məşhur araşdırmaçı-tarixçinin” ultimativ tonda bəyanladığı başqa cəfəng bir fikrə rəğmən, milyonlarla qeyrətli Azərbaycan vətəndaşı Prezident İlham Əliyevin Bakıda böyük vətənpər sərkərdə Babəkin abidəsinin ucaldılması barədə Sərəncamını birmənalı olaraq razılıqla qarşılayıb. Və yadelli işğala qarşı mübarizə simvolu olacaq bu abidənin paytaxtımızın ən uca nöqtələrindən birində ucaldılacağı günü xalq səbrsizliklə gözləyir!  Çünki kimin nə deməsindən asılı olmayaraq, xalqın gen yaddaşından Babək fenomeninin izlərini silmək mümkün deyil. Bu gün Naxçıvan Muxtar Respublikasının rayonlarından biri Babəkin adını daşıyır. Babəkin şərəfinə Naxçıvan şəhərində, Babək rayonunda və Xaçmaz şəhərində abidələr ucaldılıb.

Onun adına Bakı və Gəncə şəhərlərində prospektlər var. Babək haqqında elmi əsərlər, monoqrafiyalar, pomanlar, poemalar yazılıb, film çəkilib. Xalqının, Vətəninin, Dövlətinin inkişafını istəyən bütün dünya Azərbaycanlıları bu ulu qəhrəmanın varlığı ilə fəxr edir. Və nəhayət, hər il Babəkin doğum günü kimi qeyd edilən 26 iyun tarixində Cənubda  yaşayan milyonlarla soydaşlarımız - Azərbaycan türkləri bütün təzyiqlərə və təqiblərə baxmayaraq Babəkin əziz xatirəsini ehtiram və sevgi ilə yad edərək Bəzz Qalasına yürüş keçirirlər... Azərbaycan Prezidentinin Sərəncamı ilə Bakıda ucaldılacaq Babəkin abidəsi də məhz 50 milyonluq dünya Azərbaycanlıları üçün çox qiymətli birlik, bütövlük timsalı olaraq ucaldılacaqdır!

- Müsahibəyə və Babək haqqında geniş gerçək bilgiyə görə minnətdarıq.

 

 

A.Məmmədli

 

Təzadlar.- 2012.- 14 avqust.- S.12-13.