Şəkidə anadan olub Azərbaycana doğulan ustad...

 

Bu gün ustad Bəxtiyar Vahabzadənin doğum günüdür - amma təəssüflər olsun ki, 3 ildir türk dünyası onun ad gününü özü olmadan qeyd edir...

 

Bu gün -avqustun 16-da türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadənin döğum günüdür. Buna ad günü də deyə bilərik. Amma demirik. Çünki Bəxtiyar müəllim, xüsusən də ömrünün son iyirmi ilində ad günü adlı təmtəraq və ovqatdan uzaq gəzirdi. Hətta yubileylərini dövlət səviyyəsində qeyd edilməsinə "Qarabağı işğalda, 1 milyondan çox xalqı qaçqın və köçkün olan xalq şairi və xalqın şairi özünə necə yubiley keçirə bilər?" etirazı ilə etiraz bildirmiş, bu təmtəraqlardan imtina etmişdi... Və düz 3 il 6 ay 3 gündür ki, Bəxtiyar Vahabzadə bizsiz, biz onsuz, Azərbaycan isə Bəxtiyarsızdır... Xalqının dərdlərini ömrünün sonuna kimi çiynində daşıyan ustad elə 2009-cu ilin fevralın 13-də də son mənzilə xalqının çiynində getmişdi...

 

Xoşbəxt həyat, xoşbəxt ölüm...

 

Şeirlərinin birində dediyi kimi, Bəxtiyar müəllim,  xalqımızın qüdrətli şair Bəxtiyarı olduğu kimi, həm də bu xalqın bəxtiyar şairi idi. O, xalqın müqəddəs arzuları- istiqlalı və azadlığı yolunda çarpışdı-vuruşdu, xalqın dərdini çiyinlərində ömrünün sonuna, son nəfəsinə kimi daşıdı... Elə son mənzilə də xalqının çiynində getdi... Nə qədər xoşbəxt bir ölüm! Nə qədər böyük bir bəxtiyarlıq! Şair dərdini içinə çəkdiyi xalqının dərdini həm də çəkib irəli özü ilə irəli apardı... Bəxtiyar Vahabzadə ömrü boyu istədiyi, Tanrıdan və xalqın qüdrətindən dilədiyi müqəddəs arzusuna çatdı- Azərbaycan 1991-ci ildə müstəqillik aktını qəbul etdi, dövlətimiz müstəqillik qazandı. Bəxtiyar müəllim 70 il Sovet imperiyasının əsarətindən zülmlər görmüş xalqın ikiyə bölünmüş taleyini əks etdirən "Gülüstan" poemasının üstündə nələr çəkmədi... "KQB"nin təzyiqləri və dindirilmələri ilə üz-üzə qaldı. Amma sınmadı, əyilmədi, əksinə, Bəxtiyar qələmi bu əzilmələrdən və təzyiqlərdən daha da itiləndi, daha da kəsərli oldu... Hələ 90-cı illərdə böyük ustada qarşı Azərbaycanın içində-şairin ətrafından edilən təzyiqlər və qarayaxmalar da unudulmayıb. Həmin qarayaxmalara "Təzadlar"ın öz sərt cavabı olmuşdu və bunlar arxivimizdə, həm də bəxtiyarsevərlərin yaddaşında durur... Düz 3 il 6 ay 3 gün əvvələ kimi hamı ustad şairi mənzilinə zəng edərək, ocağına baş çəkərək salamlayar, hal-əhval tutar və xeyir-duasını alardılar. Amma neyləyək ki, indi hamı şairi Fəxri Xiyabanda, bir də doğulduğu Şəkidə ziyarət etməyə məhkumdur. Elə bu gün olduğu kimi. Türkiyədən, Azərbaycandan olan qonaqlar, ailə üzvləri şairin ad gününü də elə Fəxri Xiyabandakı heykəlini ziyarət edərək qeyd edəcəklər bu gün. Bəxtiyar ruhu həmişə var, həmişə bizimlədir.

 

3 il əvvəl Türkiyədən böyük Bəxtiyar sevgisi...

 

2009-cu ilin 9 apreli! Türkiyədə ustad Bəxtiyar Vahabzadə dərin hörmətlə anılmışdı. Bu barədə "Təzadlar"a həmin gün Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyindən türk dünyasının ustad şairi Bəxtiyar Vahabzadənin xatirəsinin qardaş ölkədə dərin sayğı ilə yad edilməsinə həsr olunmuş mərasimlə əlaqədar məlumat da göndərilmişdi. Aşağıda həmin rəsmi açıqlamanı olduğu kimi təqdim edirik və hesab edirik ki, ustad şairin doğum günündə həm də onun xatirəsinin türk dünyası üçün nə qədər əziz olduğu bir daha aydın görünəcək:

 

AZERİ ŞAİR VAHAPZADE'Yİ ANMA TOPLANTISI DÜZENLENDİ

 

Kültür ve Turizm Bakanı Ertuğrul Günay: "Bahtiyar Vahapzade, Türk Dili, Azeri Türkçesi ve Türk dünyasının sönmeyen yıldızlardan birisidir"

Ankara Devlet Resim Heykel Müzesi'nde, 9 Nisan 2009 Perşembe günü Azeri şair ve yazar Bahtiyar Vahapzade'yi Anma Toplantısı düzenlendi. Kültür ve Turizm Bakanı Ertuğrul Günay, Azeri şair Bahtiyar Vahapzade ''Azeri Türkçesinin, Türk dünyasının ve insanlığın büyük evlatlarından birisi olarak  hürmetle ve rahmetle selamladığını'' belirterek, ''Değil mi ki toplumun ve bireyin özgürlüğünü savunuyorlar, değil mi ki insanların doğuştan gelen haklarını, inançlarını, inanmak özgürlüklerini savunuyorlar, onlar sadece bir milletin mensubu değildir, insanlığın büyük evlatlarıdır'' dedi. Kültür ve Turizm Bakanı Günay, toplantıdaki konuşmasında, burada insani ve vicdani borcu, görevi yerine getirdiklerin söyledi. Vahapzade'nin Türk dili, Azeri Türkçesi ve Türk dünyasının sönmeyen yıldızlarından biri olduğunu belirten Günay, şairin sözleri ve dizelerinden alıntı yaptı. Günay, şairin aynı zamanda bir devlet, siyaset ve fikir adamı olarak milletinin diline, düşüncesine hizmet etmeye çalıştığını, Namık Kemal, Tevfik Fikret gibi ''yaşadığı toplumun derdini, ızdıraplarını ve arayışlarını dile getirmeye çalıştığını'' bildirdi. Vahapzade'nin ''Dinimiz bir, dilimiz bir/Ayımız bir, ilimiz bir/Eşkimiz bir, yolumuz bir/Azerbaycan-Türkiye'' dizelerini hatırlatan Günay, ''Azerbaycan ve Türkiye'nin büyük devlet adamlarının ifade ettiği gibi aslında şu anda dünyanın siyasi konjonktürü gereği belki iki ayrı devletiz ama gerçekte bir milletiz'' dedi. Günay, Vahapzade'nin ''şairleri haykırmayan bir millet sevenleri toprak olmuş öksüz çocuktur'' diyen Mehmet Emin Yurdakul'la ''aynı isyanı, itirazı paylaştığını'' anlatarak, onun yaşamını özgürlük ülküsü doğrultusunda tamamladığını kaydetti. Bakan Günay, ''Türk dünyasına, insanlığa, özgürlük, bağımsızlık tutkusuna hizmet etmiş olanlar insanlığın geleceğini aydınlatıyorlar. Onlar bir milletin evladı olmanın ötesinde nitelik taşıyorlar" diye konuştu... Konuşmaların ardından Mustafa Şerif Onaran ile Rüştü Asyalı şiir dinletisi sundu. Ankara Devlet Türk Dünyası Müzik Topluluğu da mini bir konser verdi.

 

Türk dünyasının Bəxtiyarı

 

İçində qəlbinin genişliyi boyda Vətən yaşadan ustad Bəxtiyar Vahabzadənin adına ötən ay Türkiyənin Elazığ şəhərində böyük bir prospekt açıldı

...Noyabrın 6-da Azərbaycan sevgili və Bəxtiyar Vahahabzadə ünvanlı insanlar üçün əsil toy-bayram idi. Buna səbəb də vardı, sözün böyük mənasında böyük səbəbkar da. Türkiyədə xalqımızın ustad şairi Bəxtiyar Vahabzadənin adına  böyük bir prospektin tanıtma mərasimi keçirildi... Ölkə mətbuatında xəbər verildiyi kimi,  həmin tarixi  gündə Türkiyədə Bəxtiyar Vahabzadənin adı sağlığında əbədiləşdirilmişdi. Bu, tarixi hadisə və həm də tarixin hadisəsi idi. O hadisəsi ki, onun yaradıcılarından biri də ustadımız Bəxtiyar Vahabzadə idi...O Bəxtiyar Vahabzadə ki, təkcə xalqı üçün yaşamayıb, həm də xalqının dərdini yaşayıb, xalqının  ürəyində yaşayıb. Şair xalqının tarixi arzularının reallaşması üçün bu müqəddəs yolda həyatını qurban deyib, həm də bu arzuların qurbanı olub. Sözün hər iki və həm də böyük mənasında...

...Bəli, üç il əvvəl həm də Türkiyədə əsil poeziya bayramı idi. Bu bayram təkcə türk dünyasının deyil, elə mahiyyətinə görə həm  də Azərbaycanın bayramı idi. Qardaş ölkədə türk dünyasının görkəmli şairi Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş Beynəlxalq XVI Xəzər Şeir Axşamı keçirilirdi. Düz 3 gün! Və həmin üç günün bayram ovqatına bir əlamətdar və tarixi hadisə də əlavə olundu: Türkiyənin Elazığ şəhərində ustad Bəxtiyar Vahabzadənin adını əbədiləşdirməyə qərar verilmişdi. Türkiyə hökumətinin razılığı və Türkiyənin Elazığ bələdiyyəsinin qərarı ilə bu şəhərdə ən böyük prospektlərdən birinə ustad Bəxtiyar Vahabzadənin adı verilmişdi. Bu, Azərbaycan xalqının dəyərli oğluna və Azərbaycan xalqına olan böyük ehtiramın, hörmətin və etimadın, həm də əbədi istəyin canlı nümunəsi, real təsdiqi idi. Onu da deyim ki, bu tarixi hadisənin sevincini bölüşməyə Azərbaycanın tanınmış ziyalıları-xalq şairi Zəlimxan Yaqub, yazıçı Çingiz Əlioğlu, həmçinin Elxan Qaraxanlı iştirak edirdilər. Bildiyimə görə tədbirə, həmçinin tanınmış muğam ifaçısı, gözəl sənətkarımız Səkinə İsmayılovanın rəhbərliyi ilə muğam üçlüyü də qatılmışdı. Azərbaycanın xalq mahnı və təsnifləri ilə bayram tədbiri daha da rəngarəng və təmtəraqlı, yaddaqalan edilmişdi. Həmin gün qardaş ölkədə keçirilən XVI Beynəlxalq Xəzər Şeir Axşamı Azərbaycanın görkəmli şairi, mütəfəkkir Bəxtiyar Vahabzadənin türk dünyasına olan dünya boyda sevgilərinin təntənəsi idi... Qeyd edim ki, belə bayram tədbiri Türkiyədə hər il keçirilir. Ötən il Beynəlxalq Xəzər Şeir Axşamı görkəmli qırğız yazıçısı Çingiz Aytmatova həsr edilmişdi... 2009-cu ildə isə hamı Bəxtiyar Vahabzadənin poeziya axşamına- şeir gecəsinə gəlmişdi.  Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günayın isə tədbirdə iştirakı həm gözlənilməz olmuşdu, həm də əlamətdar bir hadisə. Çünki türkiyəli nazir ilk dəfə idi ki, bu məzmunlu tədbirdə iştirak edirdi. Bu istiqanlı iştirak ustad şair Bəxtiyar Vahabzadə şəxsiyyətinə dərin hörmətin və Azərbaycana istəklərin  böyük ifadəsi idi...

 

Türkiyədə Bəxtiyar dünyası

 

 ...Türkiyədə Bəxtiyar Vahabzadə sonsuz məhəbbətlə sevilir. Bu sevgi həm də ustad Bəxtiyar Vahabzadənin də elə  Türkiyəyə olan qarşılıqlı sevgilərindən və istəklərindən doğur. Bəxtiyar Vahabzadə təkcə Türkiyədə sevilməyib. Həm də Türkiyə və Türkiyə sevgiləri ilə sevilib. Şair həyatını "bir sevgili iki ürək, bir ürəkdə iki sevgi" məntiqi ilə ortaya qoyduğu, Türkiyəyə həsr etdiyi şeiriyyətində də ifadə edib. Bu həyat hər birimizə və hər bir türk övladına örnək ola biləcək qədər əzizdir, nümunəvidir. Çünki  şair təkcə nurlu şəxsiyyət yox, həm də şəxsiyyətdə nurlu simadır. Onun amalı və bu amalın ifadəsi olan zəngin yaradıcılığı Vətən, torpaq mayalıdır. Bu torpaq Bəxtiyar Vahabzadə ünvanlıdır. O ünvan ki, Azərbaycan deyiləndə Bəxtiyar Vahabzadə yada düşür...

...Bəli, faktdır ki, Bəxtiyar Vahabzadə yaradıcılığı elə bir dəryadır, ona baş vuran təkcə bu böyük ustadı qazanmır, həm də ustaddan qazanır...Bəxtiyar Vahabzadə o şair və şəxsiyyətlərdəndir ki, həmişə sözü görünüb, amma özü görünməz olub...İndi bir-iki şeir kitabı çap olunanların özunə "şairəm" deməsini görəndə Bəxtiyar şeiri və yaradıcılıgı qarşısında diz çöküb min dəfə səcdə etməyim gəlir... Düşünürəm ki, Bəxtiyar Vahabzadə olmaq üçün şair olmaq yox, şair olmaq üçün Bəxtiyar Vahabzadə olmaq lazımdır...Çünki bəlkə də Bəxtiyar Vahabzadə kimi şeir də yazmaq olar, şair olmaq da. Amma Bəxtiyar Vahabzadə kimi böyük ürəyə malik olmaq çox çətindir. Bəlkə də mümkünsüzdür... Ustadımız isə Azərbaycan şeiriyyətində mümkünsüzü mümkünlü edib, nəinki mümkünlünü mümkünlü... Bəxtiyar Vahabzadə heç vaxt xalqın adından danışmayıb, amma həmişə xalqın adına danışıb- qəlbi xalqın dərdi ilə döyünüb, ürəyi xalqın dərdində döyünüb. Şair təkcə şairlikdə nəhəng deyil, həm də nəhənglikdə elə böyük də şairdir. Onun "Mən  şair Bəxtiyaram, amma dərdi başından aşan Azərbaycanın bəxtiyar şairi deyiləm!" - fəlsəfəsində necə də böyük məna yatır.

...Şairin təxminən 14 il əvvəl yazdığı "Mən türkəmi şeiri nəinki illər dəyişdikcə məzmununu dəyişib, əksinə, illər keçdikcə daha da məzmunlaşıb. Bu şeirin hər sətrindən Azərbaycan və Türkiyə görünür.

 

 

MƏN TÜRKƏM

 

Sən bizi aldatdın illərdən bəri,

Mən çərxi-fələkdən dərs götürmüşəm.

Özgə anasından süd əmənləri,

Özgə qulluğunda duran görmüşəm. 

 

Bəsdir dözdüyümüz ölümdən betər,

Köhnə bazardakı köhnə nırxa.

Milləti yüz yerə caladın, yetər,

Yüz arxın suyunu qatma bir arxa. 

 

Əslimi, nəslimi tanıyıram mən,

Qarışıq deyiləm, özümdən hürkəm.

Sən kimsən, sən nəsən, özün bilərsən,

Mən ilk qaynağımdan türk oğlu türkəm! 

 

Sübutdur, dəlildir, ağlın qibləsi,

Dəyişə bilərsən ağlımı ancaq.

Canım çıxanadək qəlbimin səsi,

"Türkəm"-gerçəyini pıçıldayacaq.

 

Noyabr, 1995

 

 

...Ustad şairin yaradıcılığı ilə onun İnternet saytı vasitəsilə bir daha yaxından tanış olmaq imkanımız var. Şairin internet saytında Azərbaycan Yazıçılar Birliyinin təqdimatı yer alıb. Həmin təqdimat- tanıtmada deyilir:"Azərbaycan ədəbiyyatının, bütövlükdə XX əsr poetik fikrinin görkəmli nümayəndəsi, xalq şairi Bəxtiyar Vahabzadənin adı təkçə respublikamızda deyil, onun sərhədlərindən çox-çox uzaqlarda mütəfəkkir şair, lirik dramaturq, istedadlı alim və publisist, qeyrətli və cəsarətli ictimai xadim, sadə və səmimi insan kimi məşhurdur. Təsadüfi deyil ki, onun əsərləri - şer kitabları, dramları və publisist yazıları dünyanın çox dillərində, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar və köhnə Sovyet birliyinə dahil olan bir çox salqların dillərinə tərcümə edilmiş və bu əsərlər çox böyük maraq və sevgi ilə qarşılanmışdır... Bəxtiyar Vahabzadə bədii yaradıcılığa ikinci cahan müharibəsi illərində başlamış, 1945-ci ildə Yazıçılar İttifaqının üzvlüyünə qəbul olunmuşdur. Məhsuldar bədii yaradıcılıqla yanaşı, B.Vahabzadə 40 ildən artıq Universitetdə dərs demiş, 1990-ci ildən təqaüdə çıxmışdır. 1980-ci Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. B.Vahabzadə 70-dən artıq şer kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin müəllifidir. Bakı Akademik Dövlət Dram Teatrının səhnəsində onun "Vicdan", "İkinci səs", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad", "Hara gedir bu dünya ?", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı" pyesləri tamaşaya qoyulmuşdur. O, tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir. O, 1974-cü ildə əməkdar incəsənət xadini, 1975-ci ildə respublika, 1984-cü ildə isə SSRI Dövlət Mükafatı laureatı adlarına laik görülmüşdür. 1985-ci ildə ona "Xalq şairi" adı verilmiş, 1995-ci ildə isə Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsində xəsusi xidmətlərinə görə "İstiqlal" ordeni ilə təltif edilmişdir. B.Vahabzadənini şerləri obrazların kamilliyi, bədii vasitələrin məasirliyi və orijinallığı ilə seçilir. Onun bütün əsərlərində dünyaya fəlsəfi baxış əsas yer tutur. Son 30-40 ildə Azərbaycan ədəbiyyatında B.Vahabzadə qədər ümumxalq məhəbbəti qazanmış ikinci bir şairin adını çəkmək çətindir. Bədii, elmi, publisistik yaradıcılığını ictimai-siyasi fəaliyyətlə üzvi surətdə əlaqələndirən B.Vahabzadə 5 dəfə Azərbaycan Ali Sovetinə millət vəkili seçilmişdir (1980-2000).

O, hələ 60-cı illərdən başlayan mili azadlıq hərəkatının öncüllərindən biri olmuşdur. 1959-cu ildə yazdığı "Gülüstan" poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirmiş, rus və fars imperiasının pənçəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalədli mübarizəsinə qoşulmuşdur. Bu poemaya görə 1962-ci ildə şair "Millətçi" damğası ilə Universitetdən çıxarılmış, yalnız 2 ildən sonra yerinə qaytarılmışdır. Sovyet rejimində milli varlığı tapdanan, hər cür məhrumiyyətlərə məruz qalan millətin dərdlərini rəmzlər və müxtəlif ədəbi üsullarla ifadə itmiş, iri həcmli poemaları və pyeslərində hadisələri ya tarixə, ya da başqa ölkələrə keçirərək öz millətinin dərdlərini dilə gətirmişdir. Birbaşa Sovyet diktaturasını ifşa edən əsərlərini isə şair, Sovyetlər İttifaqı dağılandan sonra "Sandıqdan səslər" başlığı altında nəşr etdirmişdir. Bu vaxta qədər qüdrətli söz ustası, kəskin publisist, ədəbi-bədii prosesin təşkilaçısı kimi tanınan B.Vahabzadə son vaxtlar xalqı düşündürən bir çox məsələlərdə, o cümlədən uydurma Qarabağ problemi ilə əlaqədar məsələlərdə ağsaqqal kimi ciddi fəaliyyət göstərir. Həmçinin o, ana dilimizin saflığı, təmizliyi uğrunda daim, yorulmadan mübarizə aparır. B.Vahabzadənin evi bir növ, millətin ümid qapısına dönmüşdür. Belə ki, respublikanın müxtəlif kənd və rayonlarından hər gün onlarla məktub alır, neçə-neçə şikayətçini evində qəbul edir, onları dinləyir və imkan daxilində hər birinin dərdinə əlac etməyə çalışır. Respublika Ali sovetinin sessiyalarında, ictimai-siyasi məclislərdə, kütləvi informasiya vasitələrindəki çıxışlarında o, xalq mənafeyinin əsl müdafiəçisi, həqiqi vətənpərvər və ictimai xadim kimi hamının dərin hörmət və məhəbbətini qazanmışdır. Yaradıcılığı boyu xalqın istək və arzularını tərənnüm edən, bu arzuların həyata keçməsinə çalışan vətəndaş şair üçün xalqın mənafeyi onuın şəxsi mənafeyinə çevrilmişdir."

Bu gün qardaş Türkiyədə ötən ay sağlığında əməllərinə rəğmən əbədiyyət qazanan və heykəlləşən ustadın adına verilmiş prospektdə addımlamaq hər bir Azərbaycansevər və Bəxtiyarsevər üçün nə qədər şərəflidir. Çünki şair bu şərəfi məhz əməli işi, zəngin yaradıcılığı və xalqına olan böyük sevgiləri ilə qazanıb.

 Ad günün mübarək, böyük ustad! Sağlığında əməlinə və əməlinlə  qazandıqlarına eşq olsun!

 

 

Asif Mərzili

 

Təzadlar.- 2012.- 16 dekabr.- S.4-5.