Seyidli oymağının Şərifli nəslinin görkəmli övladları

 

Azərbaycanın qədim Qarabağ torpağında müxtəlif adda çoxlu türk tayfaları yaşamışlar. Görkəmli şəxsiyyətlər yetirmiş bu tayfalar oymaqları, obaları ilə seçilmiş, Qarabağın ictimai-siyasi, mədəni həyatında önəmli rol oynamışlar

Qarabağın qədim oymaqlarından sayılan Seyidli XVIII əsrdə Kəbirli tayfasının oymaqlarından sayılırdı. Qarabağ xanlığının qurucusu Pənahəli xan rəqiblərinə qarşı mübarizədə arxalandığı, etibar edə biləcəyi bir neçə tayfabu tayfaların oymaqlarından çıxmış qoçaq insanları olmuşdur. Qarabağa aid salnamə müəlliflərinin yazdığına görə, Cavanşir, Otuziki, Kəbirli və başqa tayfalar hər zaman Pənahəli xana sədaqətli olmuşlar. Seyidli oymağının əhalisi də Pənahəli xanın etibar etdiyi qoçaq insanlar sırasında idi.

XVIII əsrdə Qarabağ xanlığı zamanında Seyidli oymağının ərazisi geniş imiş. Həmin dövrlərdən etibarən Seyidli oymağında Qazılı, Məmmədbəyli, Kərbəlayi Miralılar, Mollalar, Seyidlər, Şərifli, Molla Qurbanlı, Eyvazlı, Hacıismayıllılar, Hacıtağlılar, Kəlbavəlilər, Əbülqasımlı, Nədirlərbaşqa nəsillər yaşamışlar.

Bu nəsillərdən bəziləri zaman keçdikcə müəyyən təsirlər nəticəsində qaynayıb-qarışmaqla bir nəsil kimi öz varlıqlarını itirməli olmuşlar. Seyidli ərazisindən axan Kötəl çayı adıyla məşhur idi. Kötəl Qarqar çayının qoludur. Qarabağda Kötəlin suyunu içənin qoçaq, igid, eyni zamanda gözəl səsə malik şəxs olması barədə bir inanc da vardır.

Uşaqlığı Seyidli oymağında keçmiş Azərbaycanın görkəmli dramaturqu, nasiri, maarif xadimi Süleyman Sani Axundov yazırdı: Seyidli kəndi və onu əhatə edən kəndlilərin bağ-bağatı o dərəcədə boldur ki, göz ətrafda otağacdan savayı bir şey görmür. Haraya baxırsan bağ, bağ və yenə də bağ. Hətta göyün üzü ağacların arasında parça-parça görünür. Dar doqqazlarından başqa açıqlıq yer yoxdur. Buranın üzüm bağları Gürcüstan bağları kimi kələsər deyildir. Tənəkləri hər növ hündür ağaclara dırmaşdırılmışdır....

Yay fəslində ərik, gavalı, böyürtkən, dəyərdi. Payız gəldikdə, böyüklərlə bərabər, üzüm, heyva, nar, əzgil, zoğal, alma, armud, qozqeyri meyvələr yığmağa məşğul olardıq.

Qeyd etmək lazımdır ki, Süleyman Sani Axundovun ulu babaları soy, kök etibarilə Seyidli oymağındandırlar. Onun babası Dərgahqulu bəy Qarabağın tanınmış, sayılıb seçilən şəxslərindən idi. O, XVIII əsrin sonları XIX əsrin əvvəllərində Seyidli oymağında yaşamışdır. Dərgahqulu bəyin Mirzə Məmməd bəy, Abbas bəy, Rzaqulu bəy adlı oğlanları olmuşdur. Süleyman Sani Axundov Rzaqulu bəyin oğludur.

Seyidli oymağının sayılıb-seçilən nəsillərindən biriHüseyn bəyin övladlarıdır. Bu nəslin bəzi övladlarına Şərifli nəsli də deyilir. XVIII əsrdə yaşamış Hüseyn bəy Seyidli oymağının adlı-sanlı bəylərindən idi. Hüseyn bəy Seyidli oymağında anadan olmuşdur. O, XVIII əsrin sonlarına kimi yaşamışdır. Hüseyn bəyin Şirin bəy, Şərif bəy adlı oğlanları var imiş. Şirin bəyin Əsəd bəy (1818-?), Məmmədqasım bəy (1828-?), Şükür bəy (1838-?) adlı övladları Seyidli oymağında yaşamışlar.

Şirin bəyin böyük oğlu Əsəd bəy 1818-ci ildə Seyidli oymağında anadan olmuşdur. Təhsilini molla yanında almışdır. Azərbaycan Respublikası Dövlət Tarixi arxivində saxlanılan 1863-cü il Seyidli bəylərinin siyahıya alınması sənədinə görə, Əsəd bəyin on dörd yaşlı Cavad bəy, iki yaşlı Qara bəy adlı oğlanları var imiş.

Hüseyn bəyin böyük oğlu Şirin bəyin nəsli tarixin müxtəlif zamanlarında Qarabağın sayılan hörmətli şəxslərindən olmuşlar.

Hüseyn bəyin ikinci oğlu Şərif bəydir. Şərif bəy Seyidli oymağında anadan olmuşdur. Şərif bəy dövrünün qoçaq, cəsarətli insanlarından idi. O, Seyidli oymağının adlı-sanlı bəylərindən sayılırdı. Şərif bəyin Qasım bəy, Xurşud bəy adlı övladları olmuşdur.

Seyidli oymağında anadan olan Qasım bəyin molla təhsili var imiş. Qasım bəy sələfləri kimi Seyidli oymağının sayılıb-seçilən bəylərindən idi. Qısa ömür yaşamış Qasım bəy Seyidli oymağının Qazılı nəslindən olan Məhəmmədalı bəyin ortancıl qızı Mənzər xanımla ailə həyatı qurmuşdur. Xurşidbanu Natəvanın yaxın rəfiqələrindən sayılmış Mənzər xanım dövrünün oxumuş, savadlı xanımlarından sayılırdı. O, kiçik bacısı Mələk xanımla Xurşidbanu Natəvanın evində təşkil edilən qadın ədəbi məclisinin iştirakçılarından idi.

Qasım bəyin Mənzər xanımdan İldırım xan, Çərkəz bəy, İldız xanım adlı üç övladı olmuşdur. İldırım xan Çərkəz bəy qardaşları ilk təhsillərini yaxın qohumu Seyid Həşim Seyid Qara Məhəmməd oğlundan (1858-1931) almışlar. Seyid Həşim Seyid Qara Məhəmməd oğlu Qarabağda dövrünün tanınmış ağır seyidlərindən idi. İldırım xan Çərkəz bəy qardaşlarının adları Qarabağa aid yazılan tarixi əsərlərdə xüsusi ilə qeyd olunur. Hər iki qardaş Qarabağın ictimai-siyasi həyatında əhəmiyyətli rol oynamış şəxslər idi. İldırım xan Çərkəz bəy qardaşları Qarabağın sayılıb-seçilən nüfuzlu bəylərindən sayılırdı. Neçə-neçə tarixi şəxsiyyətlər məhz bu iki qardaşın igidliyi sayəsində sağ qala bilmişlər. Azərbaycanın qəhrəmanlıq tarixində silinməz iz qoymuş İldırım xan Çərkəz bəy qardaşları dövrlərinin cəsarətli, qoçaq, qeyrətli insanları kimi xatırlanırlar. İldırım xan Çərkəz bəy öz silahdaşları ilə Şuşada vəhşiliklər törətmiş ermənilərə qarşı uzun illər silahlı mübarizə aparmışlar. Daha doğrusu, erməniləri himayə edən çarizmə qarşı döyüşmüşlər. İldırım xan İranda Səttarxan hərəkatında iştirak etdiyi üçün xan tituluna layiq görülmüşdü. Səttarxan hərəkatına aid tədqiqat əsərlərində İldırım xanın adına da təsadüf edilir.

Həyatları boyu silahlı mübarizələrdə, döyüşlərdə iştirak etmiş bu qardaşlar faciələrlə dolu ömür yaşamışlar. İldırım xan Çərkəz bəy qardaşları 20-ci illərin sonlarında vəfat etmişlər. Hər ikisinin məzarı Seyidlinin Qaracı qəbiristanlığındadır.

İldız xanım Qasım bəyin qızı, Şərif bəyin nəvəsidir. Qardaşları kimi Qarabağda qeyrətli, qoçaq, cəsarətli, savadlı şəxs kimi tanınmış İldız xanım Seyidli oymağının ictimai həyatında da yaxından iştirak etmişdir. İldız xanım qardaşlarına kömək edərək, bir neçə tarixi şəxsiyyətin həyatının xilasında əhəmiyyətli rol oynamışdır. O, əmisi Xurşud bəyin oğlu Fərhad bəylə ailə həyatı qurmuşdur.

Sələflərinin layiqli davamçısı olan Fərhad bəy Şərifli nəslinin oxumuş, qoçaq insanlarından sayılırdı. Əmisi oğlanlarının yaxın silahdaşı kimi Fərhad bəy uzun illər ermənilərə qarşı döyüşlərdə iştirak etmişdir.

Fərhad bəy İldız xanım həyatlarının sonlarına kimi Seyidlidə yaşamışlar. Fərhad bəy 1931-ci ildə Seyidlidə dünyasını dəyişmişdir. İldız xanım isə 1945 ildə faciəli şəkildə həlak olmuşdur.

Kənd təsərrüfatı elmləri namizədi Yelmar Şərifov Fərhad bəylə İldız xanımın yeganə övladıdır. Yelmar müəllim elinə-obasına bağlı Şərifli nəslinin layiqli ziyalı övladlarından idi. Yelmar Şərifov meşə torpaqşünaslığı üzrə Azərbaycanın tanınmış mütəxəssislərindən sayılırdı. O, uzun illər müxtəlif vəzifələrdə, Azərbaycan Elmlər Akademiyasında (indiki Azərbaycan Milli Elmlər Akademiyası) çalışmışdır.

Yelmar Fərhad bəy oğlu Şərifov 22 dekabr 1908-ci ildə Şuşa qəzasının Seyidli (indiki Ağdamın Seyidli kəndi) kəndində anadan olmuşdur. Ağdam şəhər məktəbində təhsil almış Y.Şərifov 1931-ci ilə kimi Ağdamda pedaqoji fəaliyyət göstərmişdir.

O, 1931-1935 illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda təhsil aldıqdan sonra Elmi-Tədqiqat Kimya İnstitutunun Aqrokimya torpaqşünaslıq şöbəsində kiçik elmi işçi işləmişdir. SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialının Torpaqşünaslıq bölməsində kiçik elmi işçi vəzifəsinə işə düzəlmiş Yelmar Şərifov 1936-1940 illərdə həmin bölmənin torpaqşünaslıq ixtisası üzrə aspirantı olmuşdur. O, 1940-1942 illərdə Azərbaycan Xalq Torpaq Komissarlığında çalışmışdır.

Yelmar Şərifov 1942-ci ilin yanvar ayından avqust ayına kimi Bakı Piyada Hərbi Məktəbində oxumuşdur. İkinci Dünya Müharibəsi illərində o, 1942-ci ilin avqust ayından 1943-cü ilin sonuna kimi 271 ikinci qvardiya diviziyasının heyətində xidmət etmişdir. Yelmar Şərifov 1943 ilin sentyabr ayından 1944 ilin avqust ayına kimi Xarkov Hərbi Kimyəvi Məktəbinin zabit-kursantı olub. O, 1944-1945-ci illərdə 33-cü atıcı diviziyasının heyətində zabit kimi Almaniya Polşa cəbhəsində vuruşmuşdur.

Müharibədən vətəninə qələbə ilə qayıdan Yelmar Şərifov 1946-1952-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Aqrokimya Torpaqşünaslıq İnstitutunda baş elmi işçi işləmişdir. 1952-ci ildən 1959-cu ilə kimi Meşə Təsərrüfatı İnstitutunun Meşə torpaqşünaslıq şöbəsinin müdiri vəzifəsində çalışmışdır. O, 1959-cu ildə Azərbaycan Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Meşə torpaqşünaslığı laboratoriyasında baş elmi işçi olmuşdur. 1968-ci ildə Meşə torpaqşünaslığı laboratoriyası şöbə şəklində Coğrafiya İnstitutunun tərkibinə keçdikdən sonra həyatının sonuna kimi həmin şöbənin baş elmi işçisi vəzifəsində çalışmışdır.

Yelmar Şərifov İkinci Dünya müharibəsi illərində göstərdiyi igidliyiyə görə SSRİ hökuməti tərəfindən müxtəlif illərdə 6 medalla (Döyüş xidmətinə görə medal, Qafqazın müdafiəsinə görə medal, Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə medal, SSRİ Silahlı Qüvvələrinin qələbəsinin 50 illiyinə görə medal, Böyük Vətən müharibəsinin qələbəsinin 30 illiyinə görə medal, Böyük Vətən müharibəsinin qələbəsinin 25 illiyinə görə döş nişanı) mükafatlandırılmışdır.

Yelmar Şərifov 5 monoqrafiyanın, 50-yə yaxın elmi məqalənin müəllifi idi. O, 1952-1959-cu illərdə respublikanın dağ və dağətəyi meşə altı torpaqlarda tədqiqat işləri aparmış, bunun nəticəsi olaraq Azərbaycan meşə torpaqlarının bəzi genetik xüsusiyyətləri adlı monoqrafiyasını yazmışdır. Bu əsər 1964-cü ildə Bakıda rus dilində nəşr edilmişdir.

Yelmar Şərifovun Kiçik Qafqazın şimal-şərqi yamaclarında yarılmış torpağın genetik-meşəşünaslıq xüsusiyyətləri adlı doktorluq dissertasiyası avtoreferat şəklində çap olunsa da, müəyyən səbəblər üzündən müdafiə edə bilməmişdir.

Yelmar Şərifov Bakıda vəfat etmişdir.

Göründüyü kimi, Seyidli oymağının Şərifli nəsli tarixin müxtəlif dövrlərində özünün sayılıb-seçilən övladları ilə tanınmışdır. Şərifli nəslinin övladları bu gün Azərbaycanın ictimai-mədəni həyatında yaxından iştirak edirlər.

 

 

 

Orxan Zakiroğlu (Baharlı)

Təzadlar.- 2012.- 18 dekabr.- S.11.