Yeni mövzu, yeni məzmun, yeni mündərəcə

 

Vahid poeziya məclisi üzvlərinin son illərdə davamlı olaraq işıq üzü görən nəşrlərindən ibarət kitab rəfi getdikcə sıxlaşır. Həm də, sevindirici haldır ki, bu kitablarda toplanmış bədii söz nümunələri klassik Şərq şeirinin, demək olar ki, bütün janrlarından tutmuş, ən müasir formalı, yeni məzmun və mündərəcə daşıyan şeirlərədək müxtəlif, bir-birindən fərqli poetik təfəkkür təzahürlərini əhatə edir.

Məclisimizə gələn rəylər, məclisin məşğələlərində səslənən analitik fikirlər göstərir ki, çağdaş poetik zövqə malik oxucuların bugünkü tələbatına cavab verən belə şeirlərə ehtiyac var, onlar oxunur, uğur qazanır və sevilir. Artıq öz imzası ilə tanınan, Vahid poeziya məclisinin fəal üzvlərindən şair Məmməd Məcidoğlunun başa vurmaqda olduğumuz ilin son günlərində çapdan çıxıb ədəbi ictimaiyyətin diqqətinə təqdim edilən İkinci divan"ı da bu qəbildən olan kitablar cərgəsində, ümid edirəm, layiqli yer tutacaq.

Məmməd Məcidoğlu (müəllifin kitabda təqdim edilmiş tərcümeyi-halında göstərildiyi kimi, Abdullayev Məmməd Məcid oğlu) 1947-ci ildə Goranboy rayonunun Xanqərvənd kəndində anadan olmuşdur. İlk şeirlərini Bakı maliyyə-kredit texnikumunda və Azərbaycan Neft Akademiyasında oxuduğu illərdə yazsa da, onun şeir yaradıcılığının cilalanması və püxtələşməsi rəhmətlik Həkim Qəninin yaratdığı və bu gün də ölməz ruhunun rəhbərlik etdiyi Vahid poeziya məclisi ilə bağlıdır. Məhz bu məclisin məşğələlərinə gəldiyi, həm də, istər öz şeirlərini təqdim edəndə, istərsə də məclis üzvlərinin şeirlərinə münasibət bildirəndə yüksək fəallıq nümayiş etdirdiyi illərdə M.Məcidoğlunun poetik təfəkkürü formalaşır və o, bir birinin ardınca Təcnislər (2005-ci il), Məni qınamayın, sevirəm deyə (2007-ci il), Dünyam vardı... (2008-ci il), Divan (2010-cu il), Mən yadına düşəcəyəm (2011-ci il) kitablarını nəşr etdirir. İndi isə budur, İkinci divan (Bakı, Səda nəşriyyatı, 2012-ci il).

Bu kitabın məzmunundan, burada çap edilmiş əsərlərin mövzu dairəsindən bəhs etməzdən əvvəl, qeyd etmək istərdim ki, müəllif çağdaş ədəbiyyatımızda az işlənən, elə bu səbəbdən də az qala unudulmaqda olan müxəmməs, mürəbbe, müstəzad, müsəddəs, sürud, qitə kimi klassik şeir janrlarına müraciət etmişuğurlu nəticələr qazanmışdır. Məmməd Məcidoğlunun xüsusən təxmisləri onun bir şair kimi cəsarətindən xəbər verir. Füzulinin, S.Ə.Şirvaninin qəzəllərini təsdis və təxmis edən müəllif bunlarla kifayətlənmir, Sabirin iki məşhur qəzəlinə də təxmis yazır. Bunu xüsusən poetik cəsarət nümunəsi hesab etmək olar, ona görə ki, Sabir poetikası, Sabir qafiyələri ədəbiyyatşünaslıqda səhl-mümtənə, yəni ilk baxışdan asan və sadə, əslində isə icrası çox çətin, yalnız böyük istedad bahasına başa gələn şeriyyat adlandırılır. Təkcə elə bu sahədə nailiyyətinə görə Məmmədin uğuruna sevinmək olar və lazımdır. Baxın:

 

 

Biz ki, ayaq basmarıq, var neçə cür xanəyə,

Qıymarıq eşqin qəmin hər dəli-divanəyə,

Aşiq olan döndərər qəlbini qəmxanəyə,

Qoyma gələ, saqiya, zahidi meyxanəyə,

Dönməyə meyxanəmiz məscidi-viranəyə.

 

 

Müəllifin qələmindən çıxmış ilk üç misra Sabir dühasının məhsulu olan son iki misra ilə necə də həmahəng səsləşir.

Lakin mənbəini klassik ədəbiyyatdan götürən bu yaradıcılıq uğurlarına baxmayaraq, Məmməd Məcidoğlunun şeirlərində yeni məzmun, xüsusən vətənpərvərlik, üstəlik, hərbi-vətənpərvərlik mövzusu daha diqqətəşayan bir yer tutur. O, dövlətimizin, xalqımızın bu günü ilə səsləşən, tariximizin indiki məqamında son dərəcə vacib olan bu mövzunu klassik qəzəl janrına da uğurla gətirə bilmiş və oxucuların rəğbətini qazanan gözəl şeir nümunələri yaratmışdır:

 

 

Gəldi-gedərik, bizdən əmanətdi, qalandı qeyrət,

Düşmən yoluna oldu sipər, qanda dolandı qeyrət.

Namərdə tuş olsan, çalış alçalma ölümdən,

Öz heyfini gec olsa da düşməndən alandı qeyrət.

Qeyrətli oğullar qisasım almalıdır düşməndən,

Məmməd, ölərəm, qoy deməsinlər ki, yalandır qeyrət.

 

 

Vahid poeziya məclisinin fəaliyyətində belə bir fikir qırmızı xətt təşkil edir: bu gün vətənpərvərlik mövzusunda yazılmış ən zəif şeir belə ən gözəl qəzəldən daha əhəmiyyətlidir. M.Məcidoğlu bu tezisə çox sadiqdiröz sədaqətini yaradıcılığında ilhamla vəsf etməyə çalışır. Haqqında söhbət açdığımız kitaba yazdığı Müqəddəmədə müəllif bu amalını çox gözəl təsvir edir: Tariximizin son iyirmi-iyirmi beş ilində mənfur qonşularımızın xalqımızın başına açdığı oyunlar, düçar olduğumuz məhrumiyyətlər, yarası heç zaman sağalmayacaq Qarabağ dərdi bir çox yazarlarımız kimi, mənim də yaradıcılığımda dərin izlər buraxıb.Ancaq mən xalqımızın bu sınaqdan üzü çıxacağına, yaxınlaşmaqda olan qələbəmizə böyük ümidlərlə o hadisələri qələmə almışam:

 

 

 

 

Titrədir qəlbimi illərdi kədər, qəm, Qaraba

Qalmışam gözləri yaşlı, yanağı nəm, Qaraba

Tayqulaqlar yenə göz tikmədədir torpağıma,

Təzə xülyayə düşüblər, susur aləm, Qaraba.

Xocalı dərdimizin loğmanı əsgər balamız

Zəfərilə edəcəkdir sənə mərhəm, Qaraba!

 

 

 

Mən əminəm ki, bu fikirlər çin olacaq, bu arzular yerinə yetəcəkdir. Bu, təkcə Məmməd Məcidoğlunun arzusu deyil, bu bütün xalqımızın arzusudur. Dövlətimiz bu arzunun reallaşdırılması uğrunda fəal mübarizə aparır. Şair bu prosesləri görür, haqlı mübarizəmizin qələbə ilə başa çatacağına inanır və qələbəmizi ilhamının gücü ilə tərənnüm edir:

 

Məmməd, çalınar, gün gələr, himnim qarabağda,

Ruhum şad olar orda səyahət eləməkdən.

 

 

 

Məmməd Məcidoğlunun poetik qələbəsinə Vahid poeziya məclisinin üzvləri, bütün qələm dostları ürəkdən sevinir, ona daha böyük yaradıcılıq uğurları arzulayır məhsuldar qələminin bəhrəsi olan yeni kitablarını gözləyirlər.

 

 

Hacı RAFİQ,

Vahid poeziya məclisinin sədri

Təzadlar.- 2012.- 29 dekabr.- S.13.