Fərman Kərimzadənin
beyninə nədən qan sızdı?
Görkəmli
yazıçının ömür-gün yoldaşı Xalidə
Kərimzadə: "Ay bala, çox çətindir vallah. O
illərdən danışsam gərək oturub
hönkür-hönkür ağlayam"
(Yazıçı
Fərman Kərimzadənin evindən reportaj)
"Fərman o vaxt "Azadlıq Radiosu"na
müsahibə vermişdi. Mirzə Xəzərlə söhbətindən
sonra milis, prokurorluq başladı bizi incitməyə... Ömür boyu
heç başı da ağrımayıb. Sağlam adam idi.
Amma Tərtərdə beyninə qan sızmışdı... Təkcə
"Xudafərin körpüsü"nə görə 32 min
rubl almışdı... Bir də görürdün, bir
uşaq qapını döyür ki, tələbəyəm,
atam deyib, pulun qurtarsa get Fərman müəllimdən
al!.."
ŞAD XƏBƏRİ ÇATDIRMAĞA
GETD İ, ÖZÜ BİR GÜN SONRA TABUTDA QAYITDI...
Şaxtalı fevral günü Yeni Yasamalda görüşürük Yeganə xanımla. Fərman Kərimzadənin ilkidir. Deyir, məndən əvvəl iki qız itirib atamla anam. Ayağım yüngül olub, sonra iki bacı bir qardaşım doğuldu - Sevinc, Aybəniz, Əziz. Evə girər-girməz bəstəboy, ağbəniz oğlanı nişan verib, "Qardaşım Əzizin oğludur, balaca Fərman Kərimzadə. Əziz qızına da anamın adını qoyub - Xalidə" deyir.
Qonşu otağın qapısında Xalidə xanım görünür - Fərman Kərimzadənin ömür-gün yoldaşı. Yuxarı başda Fərman Kərimzadənin böyük fotoşəkili asılıb. Fərman Kərimzadə və Əziz Nesin Xudmani, səliqəli otaqda yerimizi rahatlayıb diktafonu düyməsini sıxıram.
Qışdan, soyuqdan-şaxtadan gileylənir. Deyir, Fərmandan sonra ürəyim sözümə baxmır, məni yaman incidir:
- Kinostudiya işçiləri üçün tikilmiş binada yaşayırdıq. Pəncərədən baxırdım ki, hamı dayanıb söhbət edir, deyib-gülürlər. Fərmanın yeri görünür. Dözə bilmədim.
Qızlar köçmüşdü. Bir
oğlum idi, bir də mən. Əzizə dedim, evi sat, gedək burdan. Hara olur olsun, bircə
burda qalmayaq, tab gətirmirəm. 23 il olacaq
Fərman yoxdur, hələ də inana bilmirəm Fərman
37-ci ildə Vedidə doğulub. On iki
yaşında Beyləqana köçüblər. Orta məktəbi rayonda oxuyandan sonra Bakıya gəlib
və universitetə sənəd verib. Əvvəlcə
qəbul etməyiblər. Sonra uşaq çatışmayıb deyə məcbur
olublar qəbul etsinlər. Amma Fərmana xəbər göndərə bilməyiblər.
İkinci il Əzim Əzimzadə adına
rəssamlıq texnikumuna qəbul olunub. O vaxt mən də tibb
texnikumunda oxuyurdum. Belə şeyləri
danışmaq çətindir mənim üçün.
"Xalidə
xanım, bəlkə tanışlığınızdan,
toyunuzdan danışaq?", - deyib, israr etməyimdən dərhal
peşman oluram. Eynəyini çıxarıb
kirpiklərinin nəmini silir.
- Ay bala,
çox çətindir vallah. O illərdən danışsam
gərək oturub hönkür-hönkür ağlayam.
Dərindən köks ötürməsinin ardınca
araya uzun bir süküt çökür. Bilmirəm,
söhbətin yönünü necə dəyişim, nədən
başlayım. Deyəsən, pərt
olduğumdan duyuq düşür. Amma hiss edirəm,
özü də danışmağa meyl göstərir:
- Bizim
tibb məktəbində Fərmanın kəndçiləri
oxuyurdu. Tez-tez gəlirdi onları görməyə.
Qızlar bizi küçədə tanış
etdilər. Görürdüm, hər gün məktəbin
qabağında dayanır, mənə baxır. Rəfiqəm vardı, Gülçöhrə.
Elə bilirdim, onu istəyir. Deyəsən, Gülçöhrənin də Fərmandan
xoşu gəlirdi. Bir dəfə Fərman mənə məktub
verdi. Elə bildim,
Gülçöhrəyə yazıb. Sevinə-sevinə
apardım ki, Fərman sənə məktub göndərib,
özü də qapıda gözləyir. Gülçöhrə
qaçdı küçəyə ki, yoxdur, gedib. Oxuyanda bildik ki, məktub mənə yazılıb.
Gülçöhrə ilə sonralar get-gəlişimiz
oldu. İndi oğlu ilə Əhmədlidə
yaşayır. Nə isə, Fərman
iki-üç dəfə elçi göndərdi, bizimkilər
razılıq vermirdilər. Biz Qazıməmməddən,
onlar Beyləqandan idilər. Atam-anam deyirdi,
uzaqdır. Nə isə, Fərman
qardaşı, əmisi oğlanlarını yığıb məni
qaçırdı İmişliyə. O vaxt
İmişlinin prokuroru qohumları idi, onların evində
qaldıq. Fərmanın
atası demişdi, qızı oxuya-oxuya niyə
qaçırıbsan, şikayət edib, səni tutduracaqlar.
Amma sonra qayınatam özü gəlib bizi evlərinə
apardı. Fərmanın 21, mənim 19 yaşım
vardı. Toydan sonra qayıtdıq şəhərə
- tələbəliyimizi davam etdirməyə. Nənəm
bir dəfə dedi, hanı sənin
qırın-qızılın, Fərman almayıb? Mən də
dedim, Fərmanın barmaqları mənim
üçün qızıldır. çətinliklə
dolanırdıq. Fərmanın atası hər
ay 50 rubl pul göndərirdi bizə. Məktəbi
bitirəndən sonra, mən qayıtdım Beyləqanda xəstəxanada
işlədim. Atasına dedim,
xahiş edirəm, siz Fərmana pul göndərməyin, daha mən
işləyirəm, özüm kömək edəcəyəm.
Rəssamlıq məktəbini bitirən kimi Fərman da gəldi
rayonda "Yüksəliş" qəzetində beş il işlədi. O vaxt
yazmağını mən bilmirdim. Bir gün evə
kefi kök gəldi, sevinirdi. Gördüm, "Azərbaycan
gəncləri" qəzetini oxumağa başladı, mənə
də heç nə demir. "41 nömrəli
ayaqqabı" adlı hekayəsi
çıxmışdı, ondan sonra mən bildim ki, Fərman
yazır. Həmin hekayə o vaxt çox məşhurlaşdı.
Mən bədii ədəbiyyatı çox
oxuyurdum. Fərmanın yazıçı
olduğunu biləndə, daha çox sevindim.
Vallah, şöhrət, pul, filmlər, kitablar... heç
biri gözümdə deyildi. Tək istədiyim Fərmanın can
sağlığı idi.
-
Atamın Bakıya gəlməyinin səbəbkarı anam olub
- Yeganə xanım söhbəti davam etdirir: - Anam deyib Fərman,
sən burda irəli gedə bilməyəcəksən. Rayon yeri, qayğılar, çətinliklər...O
vaxt mənim 3 yaşım olub, amma hər şey
yadımdadır. Evimizdə hər şəraitimiz
vardı. Atam evi satıb Keşlədə dəmir
yolunun kənarında balaca bir ev aldı. İndiyə qədər yadımdadır,
60-cılar həmin evimizə tez-tez gəlirdilər.
İsi Məlikzadə, Faiq Dərgahov, İsa İsmayılzadə,
Səyavuş Sərxanlı, Sabir Məmmədzadə, Məmməd
İsmayıl... Hamısı gəlib gedirdilər.
Sonra "Qarlı aşırım"
romanını yazdı. Bu əsər Fərmana
çox böyük şöhrət gətirdi. Fərmanın
romanlarının qonorarı nəşriyyat sahiblərini
milyonçu eləmişdi, bizim də güzəranımız
yaxşılaşdı. Təkcə "Xudafərin
körpüsü"nə görə 32 min rubl
almışdı. Film çəkiləndən sonra
1973-cü ildə bizə kinostudiyanın binasından ev verdilər. Getdik Moskvadan evə
mebel, döşənəcək, uşaqlara pal-paltar aldıq.
Sonra özünə maşın aldı. Bir göy "Jiqulisi" vardı. Allah qəni-qəni rəhmət eləsin Adil
İsgəndərova. Fərmana həmişə
ata qayğısı göstərib. Film
çox yaxşı qarşılandı. Bizə beş otaqlı ev verdilər. Həmin
vaxt Şahmar Ələkbərovun iki qızı vardı,
bölgüdə erməni ilə eyni kommunal mənzilə
düşmüşdü. Fərman
razı olmadı ki, Şahmar iki qızla erməninin
yanında qalsın. Adil İsgəndərova dedi, mənim
evim dörd otaqlı olsun, əvəzində Şahmara
ayrıca ev verin. Təzə bölgüdə
Şahmar da üç otaqlı ev
aldı. Film çəkiləndə Fərman
çox sevinirdi, hər yerdə qonaqlıq verirdi. Fərmanın
atası Şıxəli oğlu İsmayıl İrəvan
mahalında adlı-sanlı, hörmətli adam
olub. O qədər təmiz adam olub ki,
qızı kənd kolxozunda partkom işləyirmiş, deyirdi,
həyətə girməmiş ayaqqabını çıxar
çırp, birdən onun içindən bir buğda həyətimizə
gələr, haramlıq olmasın. Fərmanı
da o ruhda böyütmüşdülər. Vediyə görə ürəyini partlatdı.
Gözü elə o torpaqlarda getdi. Bir
bayatı da yazmışdı:
Vedinin
yanı dağlar,
ürəyi canı dağlar,
Burda bir
el var idi,
Siz deyin,
hanı dağlar?!
Biz evlənəndən sonra dəfələrlə getdik
Vediyə. Həyətdə dayanıb atası ilə
danışırdılar.Kişi dözürdü, amma
qaynanam elə hey ağlayırdı. Onlar
rəhmətə gedəndə mən Vedidən torpaq gətirib,
təskinlik kimi qəbirlərinin üstünə
tökdüm. Atası Beyləqanda
anası Bakıda rəhmətə getdi. Fərmanın
bütün nəslinin taleyinə qəriblik
yazılıbmış. Qardaşı Telman Mehdiabadda,
bacısı Binəqədidə dəfn olundu. Biri-birindən
ayrı düşdülər.
Həmişə deyirdi, beynimdə 14 əsərin
planını cızmışam. Nəsrəddin Tusi
haqqında roman yazırdı, əlyazması da var. Fərman
o vaxt Azadlıq Radiosuna müsahibə vermişdi. Mirzə Xəzərlə söhbətindən sonra
milis, prokurorluq başladı bizi incitməyə. O səs
yazısını hələ də saxlamışam. O vaxt
Vedidən gələn məcburi köçkünlərin bir
hissəsini Fərmanın köməkliyi ilə Tərtərdə
yerləşdirmişdilər. Mirzə Xəzər
demişdi, dünya müsəlmanları fond yaradıb həmin
didərginlərə kömək edəcəklər. Fərman da demişdi, onlara pul yox, Berlin tipli evlər
göndərsəniz daha gözəl olar. çünki
pul burda kiminsə əlinə keçsə, didərginlərə
verməyəcəkdilər.
Deyəsən, razılıq almışdı, evlər
gələcəkdi. Getdi Tərtərə ki, didərginlərə
şad xəbəri çatdırsın, təsəlli versin,
özü bir gün sonra tabutda qayıtdı. Ömür boyu heç başı da
ağrımayıb. Sağlam adam idi.
Tərtərdə beyninə qan
sızmışdı. özü
heç vaxt pis şeylər haqqında fikirləşməzdi.
- Təzyiqlər
çox olurdu?
- Çox,
çox... Moskvadan müstəntiq gəldi.
Həmin səs yazısına heç qulaq
asmadılar.
- KQB
atamı çox incitdi. - Yeganə xanım söhbəti davam
etdirir: - Cəbrayıl rayonunda Şəhriyar müəllim
var idi. Ziyalı, atamı çox istəyən adam idi.
Onun oğlu Fuad müəllimi mən verilişə də çəkdim. Deyir, Fərman Kərimzadə bizdə olanda KQB-dən dəfələrlə gəldilər ki, atana de, yola salsın, evdə saxlamasın. Nə Şəhriyar müəllimin, nə də atamın gələn adamlardan xəbəri olmayıb. O qədər get-gəl olub ki, axır Fuad atasına məsələnin nə yerdə olduğunu deməyə məcbur olub. Şəhriyar müəllim deyib, əgər Fərman bu evdən çıxsa, mən də onunla gedəcəyəm. Bir-birinə qoşulub Cəbrayıldan çıxmışdılar.
- Vedi ilə bağlı sizə bir şey danışım. O vaxt ermənilər Vedidə camaatı çox incidirdilər. Evlərində güllələyirmişlər. Qadınlar Araz çayının kənarındakı qamışlıqda gizləniblər ki, ermənilər gələndə ələ keçməmək üçün özlərini çaya atsınlar. Fərman deyir, biz gedəndə hamısı təşvişə düşmüşdülər. Elə bilirdilər, ermənilər gəlir. Bir ailənin uşağı qalmışdı kənddə, Fərman Naxçıvandan əsgər götürüb uşağı tapıb gətirmişdi. Abbasqulu bəyin qəbrinin üstünə qır tökmüşdülər. Fərman bunu eşidəndə uşaq kimi ağladı. Şərurda Arpa çayının üstündə katibin qonaq evi vardı, oranı alıb Abbasqulu bəyin, onun yaxınlarının, kənddə ölənlərin xatirəsinə gözəl muzey elədi. Mən də getmişdim. Əlindən gələni edirdi ki, təki ürəyi toxtaqlıq tapsın.
- Əsas
iş yeri kinostudiya olub?
- Ümumiyyətlə,
atamın işləməklə arası olmayıb. Ancaq yazmaq istəyirdi. Kinostudiyada
uzun müddət işləyib.
Sonra Şüvəlanda
yaradıcılıq evinin direktoru oldu. Həmin
vaxt yaradıcılıq evi təzə tikilirdi. Çox yorulurdu, yazmağa vaxtı qalmırdı.
Vaqif Səmədoğlu anama demişdi, bu iş Fərman
üçün tramplindir. Anam da deyib, sən
Allah, nə vəzifə, nə tramplin; qoy, yazısını
yazsın. Sonuncu kitablarını heç
özü görmədi. "Təbriz
namusu" və "Qoca qartalın ölümü"
ölümündən sonra çap olundu. Şahbaz
Xuduoğlu "Qanun" nəşriyyatında atamın beş cildliyini nəşr edir. Mən təklif
edəndə dedi, Yeganə xanım, nə yaxşı dediniz,
mənim də ürəyimdən keçirdi. Yəqin
bu günlərdə işıq üzü görəcək.
- Xalidə
xanım, deyirlər, ədəbiyyat adamlarından başqa
katib, prokuror dostları da olub Fərman müəllimin. Məsələn,
katibə zəng vurub bir kasıbın, əlsiz-ayaqsızın
işini aşırırmış...
- Çox,
çox... Fərmanın ətrafı həmişə
böyük olub. Sabir Rüstəmxanlı
ilə qardaş kimi idilər. Mən də, ailəmiz də Sabirin xətrini
həmişə çox istəmişik. Bizə tez-tez gəlib-gedirdilər. Məmməd
Aslan, Məmməd İsmayıl, Sabir Əhmədov, Rasim
Balayev, Şeyx Əbdül... Əziz Nesinlə dost idilər. Hamısı bizə əziz adamlar olublar. Mirvarid Dilbaziyə
"ana" deyirdi. Kənddən bizə o qədər adamlar gəlirdilər.
Deyirdilər, uşağımız instituta
imtahan verir, müəllimlər pul istəsələr,
uşağın kəm-kəsiri olsa, bizə kömək elə.
Bizə uşaqlar gəlib kömək istəyirdilər. Fərman deyirdi, ay
Xalidə, mən bu uşaqları tanımıram axı.
Deyirdim, sənin adına gəliblər,
kömək elə, elə bil balaların oxuyur. Bir də
görürdün, bir uşaq qapını döyür ki, tələbəyəm,
atam deyib, pulun qurtarsa get Fərman Kərimzadə müəllimdən
al! Cibxərcliklərini gətirib özüm verirdim. Qazaxın bir prokurorunun bizə qohumluğu
çatırdı. Erməni itinə
güllə atdığına görə vəzifədən
çıxarmışdılar. Fərman
onun partbiletini Moskvadan geri qaytartdırdı. Əziz universitetdə oxuyanda əynini həmişə
yuxa geyirdi. Deyirdim,
ay bala, soyuq olar, əynini qalın elə. Deyirdi
ana, kənddən gələn o qədər tələbə
yoldaşım var, pencəklə gəlirlər, mən necə
qalın palto geyim?
- Deyirlər,
yazıçı qadını olmaq çətindir. Dostlar, məclislər,
səfərlər... Belə şeylər sizi
incitmirdi?
- Yox, incimirdim. Əksinə
şərait yaradırdım ki, gedib yazsın. Evimiz çox get-gəl olurdu, burda yazmaq çətin
idi. Bəzən bir ay yaradıcılıq
evinə gedib roman yazırdı. Bəzilərinə
məni də aparırdı. Çox vaxt razı olmurdum
ki, sən get, mən uşaqlarla qalım. Sabir
Rüstəmxanlı ilə, başqa dostları ilə bir yerə
yığışıb elə hey danışırdılar
ki, Kirovun heykəli niyə burdadır, Azərbaycanın nefti
hara gedir...Yağlı boyayla mənim bir şəklimi çəkmişdi. Xoşuma gəlmədi,
küsdüm ki, bu mənə oxşamır, kimsə
başqasının şəklini çəkibsən. Leninin bir şəkli var idi evimizdə, onu pozub mənim
şəklini çəkdi. Qayınatam dedi, sən bir
buna bax, Leninin şəklini pozub, bunun şəklini çəkib....
Cavid Zeynallı
Təzadlar.- 2012.-
7 fevral.- S.14.