Mirzəyevçilik - ən yüksək vətənpərvərlikdir

 

Dünən igid komandir Şirin Mirzəyevin şəhid olduğu gün idi... 18 iyun! Bu gün vicdanı, əməlləri, düşüncəsi, arzuları, bütövlükdə varlığı Azərbaycan adlı bir Vətənin, bir millətin məcmusu olan, bugünkü müstəqil Azərbaycan dövlətinin milli ordusunun ilk yaradıcısı, 836 saylı Ağdam ərazi özünümüdafiə alayının komandiri, döyüş fədakarlığının və igidliklərinin, hərbi savadının, düşmənə qarşı nifrət və qəzəbinin əvəzi olmayan Vətənə sədaqət timsalı olan, Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant Şirin Vəli oğlu Mirzəyev şəhid olduğu gündür.

Şirin Mirzəyevin- xalqına sadiq əsl vətəndaş olan bir insanın, çox da uzaq olmayan tariximizi öz qəhrəmanlığı ilə zənginləşdirən, bəzəyib-düzəyən, öz həyatının Vətənə məxsusluğunu sözü və əməli ilə bariz şəkildə göstərən, şərəfli ölümü ilə  mənsub olduğu Vətənin şöhrətini artıran, əməlləri ilə qəhrəmanlıq, şəhidliyi ilə əbədiyyət zirvəsini fəth edən, Qarabağ müharibəsindəki saf və təmiz, gələcək nəsillər üçün rəşadət, mərdlik məktəbi olan igid komandirin indi yeri görünür. Artıq unudulmaz sərkərdəmizin müqəddəsliyə qovuşduğu həmin tarixin 20 ili tamam olur.

Şirin Mirzəyev! Adı Vətənlə qoşa çəkilən, mənalı, hamımıza örnək ola bilən ömür sahibi, xalqımızın öyünc və güvənci "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına halallıqla layiq görülmüş sərkərdəmiz-Şirin Mirzəyev, sanki doğma yurdu Azərbaycana gərəkli olduğu üçün doğulmuşdu.

Tanrı bu xalqı amansız bir müharibəyə düçar edəcəyini bilib, onu bir Simurq quşu kimi qoruyub saxlamış, bu xalqı bu müharibənin dəhşətlərinin girdabından qurtaracaq xilaskar kimi pay vermişdi Azərbaycana.

Əfsuslar olsun ki, biz belə bir tanrı qismətini vaxtında dəyərləndirə və qoruya bilmədik.

Əzəmətli bir dağın sinəsindəki sal qayadan tökülən şəlaləyə baxanda adamın ürəyi necə açılırsa, həvəslənirsə, ona da baxanda qəlbin qürurla dolur, qarşındakı düşməni saya salmır, çöp yerinə belə, qoymursan. Kişiliyin özünü, qeyrətin təcəssümünü duyursan.

Qarabağ müharibəsinin ilk günlərindən onun ürəyində, gözlərində sevinclə kədər, sanki üz-üzə dayanıb, amansız bir mübarizə aparırdı. Bu sevinc qələbəyə inamdan, kədər isə bu ağır yolda veriləcək qurbanların ağrısından doğurdu. O, əbəs yerə demirdi: "Qələbəmiz üçün qurbanlar vermək lazım gələcək, buna hazır olmaq lazımdır".

Onun özü də doğma Vətən; Qarabağ uğrunda, qələbə yolunda, namus və şərəf üçün qurban oldu.

...Məni xəlq edən atamı, işıqlı dünyaya bəxş edən, şirin laylasıyla, təmiz südüylə məni böyüdən, həyatda əzabımı çəkən anamı itirsəm belə, onu-Şirin Mirzəyevi itirdiyimiz gündə ağladığım, sızladığım qədər ağlayıb-sızlamayacağam. Çünki, mən də başqaları kimi atam ölsə, tək atamı, anam ölsə, tək anamı itirəcək, aylar, illər ötdükcə torpağın soyuq üzü məni onlardan az da olsa, soyutduracaq. Uzağı, milyardlar kimi mən də valideynsiz qalacağam.

Ancaq o, həlak olanda sanki dalağım sancdı ki, tək onu deyil, deyəsən, elə Qarabağı da itirdik. Məni şübhələr boğdu ki, deyəsən belə getsə, valideynsizlik dərdindən min qat ağır, dözülməz olan Qarabağsızlıq dərdi tapacağıq! Qarabağsız qalacağıq!

Tək mən yox, onu tanıyanlar da, yaxından bələd olanlar da, haqqında eşidənlər də görkəmində əsl azərbaycanlı kişinin əzəməti yaşayan bu insanın simasında Azərbaycan xalqının vətənpərvərliyinin, qəhrəmanlığının, mərdlik və cəsurluğunun, qorxmazlıq və cəsarətinin, əzəmətinin portretini görür və polkovnik-leytenant Şirin Mirzəyev deyəndə Qarabağı, Qarabağ deyəndə polkovnik-leytenant Şirin Mirzəyevi düşünürdülər.

Bu, mübaliğəsiz belə idi...

Əlimdə çarə olsaydı, öz həyatımı belə, "uf" demədən əsirgəməyib, səmimi ürəklə, canü-dildən qurban edərək yaşamasını istədiyim, ömrü minlərlə insan kimi mənim də müqəddəs amalıma, həyatımın mayakına dönən, varlığı bəşər məxluğuna xas olan ən pak və ülvi hisslərdən yoğrulmuş bir Vətən oğlu haqqında neçə illərdən bəri ürəyimdə sanki bulaq kimi qaynayıb, özünə göz açmaq istəyən bu kitab Şirinsiz yaşadığımız 20 illik bir ağrılı acılı zamanın bəhrəsidir.

Ölməzliyin, əbədiyyətin zirvəsi şəhidlikdə bitir. Qarabağın-bütöv Azərbaycanın itirib, sonradan yana-yana heyfsləndiyi güvənc, inanc yeri-Vətənin dar günündə gənəşmədən ölüm meydanlarına atılan fədai oğulların düşünən beyni, ürəklərinin təpəri olmuş, hər qarışı yurdun qeyrətli övladlarının al qanı ilə sulanan dilsiz-ağızsız torpaqlarımızın da belə, göz dikdiyi, ağlına, Vətənin ağır günündə zəkasına, qüdrətinə inandığı polkovnik-leytenant Şirin Mirzəyevin də döyüş qabiliyyəti hərb sənətinin peşəkarlıq zirvəsi sərkərdəlikdə  bitir, bu adda öz əksini olduğu kimi tapır.

Əsl insanların qəlbində ən ülvi, saf və pak hisslər-insanpərvərlik, vətənpərvərlik, sədaqətlilik, səxavətlilik, doğruçuluq, qətiyyətlilik, səmimilik, müqəddəs Vətənə, doğma yurda, ata-baba əmanəti olan torpağa bağlılıq, ana təbiətə məhəbbət, vurğunluq və digər təmiz hisslər və duyğular yaşayır. Bu hiss və duyğular həmin insanları bütün ömrü boyu məhək daşı kimi saflaşdırır, həyatını parladır, Günəş kimi şölələndirir.

İnsan ömrünü zinətləndirən sadaladığımız bu müqəddəs duyğular adamların qanına, canına, ruhuna nə havadan, nə sudan, nə də ki, hər hansı bir qidadan keçir. Hər bir saf hissi və duyğunu zaman yetişdirir, o zamanın barıdır, kamil insanlarsa ondan bəhrələnirlər.

Təbii ki, torpaq çönüb Vətən olandan vətənpərvərlik hissi, torpaq, Vətən sevgisi yaranır. Müqəddəs and yeri xilqət olub, onda sədaqətlilik hissi doğulub. Bax, beləcə hər ülvi, saf duyğular zamandan törəyib.

20 ildir ki, təkcə onu yaxından tanıyanların, daxili-mənəvi zənginliklərinə bələd olan insanların yox, bütöv xalqımızın bətnində bir hiss, bir duyğu maya tutub, baş qaldırıb kök atır, şaxələnir. Bu müqəddəs hiss və duyğu Mirzəyevçilik hissi, Mirzəyevçilik duyğusudur. Bu hiss və duyğu da zamanın, yaşadığımız bir tarixin bəhrəsidir.

Həyatda hər bir şeyin oxşarı olduğu kimi insanın hiss və duyğularının da bir-birinə çox oxşarı, bənzəyişi var. Mirzəyevçilik hissi vətənpərvərlik  hissinin nəinki oxşarı, onunla eyni olan zirvədir. Bəli, Mirzəyevçilik ən yüksək, ən uca vətənpərvərlikdir.

Vətəni müqəddəsləşdirən, onu ən şirin varlığa, əvəzolunmaz nemətə çevirən insanın Vətən torpağında ata-babasının uyuması, əcdadlarının əl izlərinin, nişanələrinin yaşaması, insanın həmin torpaqda dünyaya göz açması, ayaq açıb-yeriməsi, dövran sürüb-dolanmasıdır. Bundadır Vətənin dadı. Ona görə də hər könüldə yeri olmaq, hər ürəkdə sevgiyə, məhəbbətə bələnmək, hər qəlbdə nəğməyə dönmək Vətənə aiddir. Biz bunu belə bilmişik, belə də biləcəyik. Ancaq onun da hər bir ürəkdə vətən qədər yeri, sevgisi, nəğməsi var. Ona görə də o da Vətən qədər müqəddəs bir varlıqdır, Vətən qədər şirin bir duyğudur, Vətən kimi and yeridir.

Bəli, Mirzəyevçilik həm də ən yüksək, ən uca vətənpərvərlik duyğusudur. Ona görə ki, bu hiss təkcə vətənpərvərlikdən deyil, insanlıq, səmimilik, qorxmazlıq, mərdlik, qətiyyətlilik, dönməzlik, kişilik, qeyrət və qəhrəmanlıq hisslərindən qaynaqlanmışdır.

Kiminsə qəlbində Mirzəyevçilik duyğusu varsa, onda Vətənpərvərlik hissi olmasına heç bir şübhə yerin qalmasın. O kəs mütləq vətənpərvərdir.

...Fikir-xəyalımda 20 il sanki qaranlıq bir zindana salıb, yaşatdığım, mənə rahatlıq verməyən, bütün hisslərimə hakim kəsilən bu təəssüratlarımı qəmli notlarla yazıb, işıqlandırmaq, əlbəttə, mənim üçün çox çətin idi.

Ona görə çətin idi ki, onu dərindən tanıdığıma görə şərəfli ölümü, vaxtsız itkisi, yarımçıq qalan arzuları milyonlarla azərbaycanlının ürəyində qəm dağına dönüb, gündən-günə böyüyən  polkovnik-leytenant Şirin Mirzəyevin şölələnmiş ömrünün vaxtsız-vədəsiz çatan sonluğunu taleyin yazısı kimi tamamladığı onun ruhu önündə özümə günah sayıram. Axı belə olmalı deyildi. Mən onun haqqında bu yazını  o, Xankəndinə, Şuşaya müstəqil Azərbaycanın üçrəngli bayrağını sancandan sonra yazacaqdım. Özü də oxuyacaqdı. Lakin... Tale yar olmadı...

...Ancaq nə qədər ağır olsa da, bəxtə, düşmənə acı gəlsin deyə, bu ağırlığı çəkdim. Çünki biz bu ağırlığı çəkdikcə onun da şərəfi artır, ruhu öyünür, rahatlanır... Bizim də onun çiynimizdə olan haqqı bir qədər yüngülləşir...

Qüdrətli sərkərdəmizin ruhu qarşısında baş əyirəm!

 

 

Baxşeyiş ABBASOĞLU

 

Təzadlar.- 2012.- 19 iyun.- S.12.