Təsir Təbrizi əsərlərinin ilk nəşri

 

Həyat və yaradıcılığı tədqiqatçılarımız tərəfindən kifayət qədər araşdırılmamış, əsərləri ölkəmizdə nəşr edilməmiş Azərbaycan şairlərindən biri də XVII əsrin ikinci yarısı - XVIII əsrin əvvəllərində yaşamış Mirzə Möhsün Təsir Təbrizidir.

Şair Səfəvi hökmdarlarından Şah Süleyman (1666-1694) və Şah Sultan Hüseyn (1696-1722) dövrünün məşhur şəxsiyyətlərindən və dövlət adamlarından olmuşdur. Ulu babası I Şah Abbasın əmri ilə bir çox azərbaycanlılar kimi Təbrizdən İsfahana köçürülmüş, Təsir də 1650-ci ildə orada dünyaya gəlmişdir, Saib, Qövsi, Məczub və digər müasirləri kimi Təsir də əsərlərində İsfahanda yaşasa da, Təbrizi üstün tutduğunu, təbrizli olduğu ilə fəxr etdiyini  bildirmişdir. Mənbələr şairin dövlətin maliyyə işçiləri sahəsində 50 ildən artıq dürüstlüklə çalışdığını, 1719-cu ildə vəfat etdiyini göstərirlər.

Professor Turxan Gəncəyi "İsfahandakı Səfəvi sarayında türk dilinin mövqeyi" adlı məqaləsində şairin müxtəlif ziyafətlər, bayramlar münasibəti ilə yazdığı şeirləri nəzərdən keçirdikdən sonra belə qərara gəlmişdir ki, Təsir Şah SüleymanSultan Hüseyn zamanında faktiki olaraq sarayda məliküşşüəralıq vəzifəsini icra etmişdir.

Təsirin fars dilində yazdığı qəsidə, qəzəl, qitə, rübai və 8 məsnəvisi barədə məlumatımız vardır. Şairin farsca lirik şeirləri bir divan halında tərtib edilmişdir. Hazırda Tehranın Məclise-Şuraye-İslamiye-İran və Sepəhsalar Ali Mədrəsəsi kitabxanalarında Mirzə Möhsünün əsərlərinin əlyazma külliyatı saxlanılmaqdadır.

T.Təbrizinin yaradıcılığında Ənvəri, Xaqani, Nizami, Sədi, Hafiz, Səlman Savəci kimi klassiklərin, Səfəvilər dövrü şairlərindən Nəziri, Saib Təbrizi, Talib Amulu, Feyz Dəkəni, Möhtəşəm Kaşani və Kəlim Kaşaninin təsiri aydın hiss olunur. Farsdilli poeziyada XVI-XVII əsrlərdə meydana çıxmış "hind üslubu"nun nümayəndəsi Təsir, təbii ki, bu yeni üslubun ən böyük ustadlarından olan Saibin yaradıcılığından da bəhrələnmişdir.

İran ədəbiyyatşünaslığında T.Təbrizi yaradıcılığı ilə ən ardıcıl məşğul olan tədqiqatçı Əmin Paşa Eclali olmuşdur. Onun 1990-cu ildə Tehranda nəşr etdirdiyi "Divani-Təsir Təbrizi" kitabında şairin həyat və yaradıcılığı araşdırılmış, külliyatına daxil olan əsərlər (Azərbaycan dilində olanlardan başqa) oxuculara təqdim edilmişdir.

Azərbaycan ədəbiyyatşünaslığında ilk dəfə Qasım Cahani "Azərbaycan ədəbiyyatında Nizami ənənələri" adlı əsərlərində T.Təbrizi yaradıcılığı barədə nisbətən ətraflı danışmış, onun məsnəvilərini təhlil etmişdir. Tədqiqatçı əsas diqqəti Təsirin Nizami irsindən bəhrələnməsi məsələsinə yönəltsə də, şairin yaradıcılığına FüzuliSaibin də təsirini nəzərdən keçirmiş, onu poeziyada yeni meyllərin nümayəndəsi kimi təqdim etmişdir. Ə.Səfərli "XVII-XVIII əsrlər Azərbaycan epik şeiri" adlı tədqiqatında Təsirin poemalarını təhlil etmiş, şairi Nizaminin surət və xarakter yaratmaq təcrübəsindən öyrənən, onun bədii və fəlsəfi kəlamlarından, yüksək humanist fikirlərindən ilham alan, bununla yanaşı, orijinal mövzu seçməyi bacaran sənətkar kimi dəyərləndirmişdir.

Təsir Təbrizinin anadilli ədəbi irsinin ortaya çıxarılmasında, nəşr və tədqiq edilməsində ən mühüm işi filologiya üzrə fəlsəfə doktoru Paşa Kərimov görmüşdür. O, şairin külliyyatının Tehranın Sepəhsalar Ali Mədrəsəsi kitabxanasında saxlanan əlyazmasının sonunda, 881-904-cu səhifələrində yerləşən "Türkiyyat" başlıqlı hissəsindəki anadilli şeirlərini əldə etmiş, müasir əlifbaya köçürərək bu yaxınlarda geniş ön sözlə çap etdirmişdir. Kitaba həmin əsərlərin fotofaksimilesi də əlavə edilmişdir. P.Kərimov ön sözdə bildirir ki, Təsirin türkcə şeirlərindən bir neçə parça bərpa prosesində oxunmaz hala düşüb, ümumi həcmi 447 beyt olan bu əsərin yalnız 433 beytini oxumaq mümkündür. Buraya münacat məzmunlu qəzəl, nət, şah Süleymana həsr edilmiş qəsidə, Sultan Hüseynin taxta çıxması və Məhəmməd Tahir Vəhid Qəzvininin vəzir təyin edilməsi münasibəti ilə qəzəl, 1 tərcibənd, 4 mürəbbeyi-tərkibbənd, 1 müxəmməsi-tərcibənd, müxtəlif bayramlar (məbəs, cumə, ramazan, qurban, novruz) münasibəti ilə yazılmış məsnəvi formalı kiçik şeirlər, lirik məzmunlu 16 qəzəl və 5 təkbeyt daxildir.

Tədqiqatçı qeyd edir ki, Təsirin türkcə qəzəlləri əsasən 5-9 beytdən ibarətdir. Bunların içində Füzulinin "Bəhs", "Görgəc" və "Ləziz" rədifli şeirlərinə yazılmış nəzirələr də vardır. Mənbələr Təsirin Saib Təbrizidən təsirlənərək fars dilində "hind üslubu"nda şeirlər yazdığını bildirirlər. Lakin şairin Azərbaycan türkcəsindəki şeirlərində "hind üslubu" bir o qədər də nəzərə çarpmır. Bu əsərlərdə ilkin nəzərə çarpan cəhət müəllifin Füzuli irsindən, xalq şeirindən bəhrələnməsidir. Dünyəvi eşqin tərənnümü, real bir gözəlin mədhi şairin əsərlərinin səciyyəvi cəhətlərindəndir.

P.Kərimov Təsirin Azərbaycan türkcəsindəki şeirlər toplusuna yazdığı ön sözdə şairin dili, yaradıcılığının mövzu dairəsi, forma və bədii ifadə xüsusiyyətləri barədə ətraflı elmi fikir söyləmişdir. Tədqiqatçı göstərir ki, T.Təbrizi əsələrində dünyəvi eşqin tərənnümünə üstünlük verən mütərəqqi görüşlü şairlərdən olmuşdur. O, dilimizin incəliklərinə bələd olan, poetik fiqurlardan məharətlə istifadə edən sənətkarlardandır. P.Kərimov bildirir ki, Təsir Təbrizi Məsihi, Zəfər, Qövsi Təbrizi, Vəhid Qəzvini, Məczub Təbrizi və digər XVII əsr şairlərimizlə bərabər, anadilli poeziyamızın inkişafında, dilinin sadələşməsində, realizmə doğru irəliləməsində xidmətləri olmuş sənətkarlarımızdandır.

 

 

İsmayıl İSMAYILOV,

filologiya üzrə fəlsəfə doktoru

 

Təzadlar.- 2012.- 3 mart.- S.15.