"Diaspora təşkilatlarımız müsbət mənada səs-küy gətirən bir görə bilmir"

 

Vurğun Həsənli:"Hər təşkilat öz ağlına nə gəlir onu etməyə çalışır və nəticə də uğursuz alınır"

 

Ankara Universitetinin doktorantı, politoloq Vurğun Həsənlinin "Təzadlar"a  müsahibəsi

 

- Vurğun bəy, bugünkü Azərbaycan diplomatiyasını necə dəyərləndirirsiniz? Xüsusilə, Dağlıq Qarabağ məsələsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında uğurlu nəticələr sizi qane edirmi?

- İllər keçdikcə ölkəmizin dövlətçilik təcrübəsi daha da artır. Bu da mövcud qüsurların aradan qaldırılması ilə nəticələnə bilir. Eyni vəziyyəti diplomatik sahəyə aid etmək olar. Xüsusilə, səfirliyimizin olduğu ölkə sayının artması, BMT TŞ-na qeyri-daimi üzv seçilməyimiz diplomatiyamızın ən başlıca uğurlarındandır. Eyni zamanda, Xocalı soyqırımı ilə bağlı bir neçə ölkənin parlamentində müzakirə olunaraq, məsələ ilə bağlı müvafiq qərarların çıxarılması da Azərbaycan üçün diplomatik uğur sayıla bilər. Bütün bunlarla yanaşı, bir sıra ölkələrdə ölkəmizlə bağlı keçirilən mədəniyyət tədbirlərinin, turizm sərgilərinin təşkili kiçik olsa keçmişimizdə olmayan uğurlardan hesab oluna bilər.

Biz Dağlıq Qarabağı dünya ictimaiyyətinə çatdırmışıq. Bundan sonrakı hədəfimiz Dağlıq Qarabağın geri qaytarılması ilə bağlı olmalıdır. Artıq "Dağlıq Qarabağ Azərbaycanındır" təbliğatı yetərlidir. Bundan sonra sözügedən regionun geri qaytarılması üçün addımlar atılmalı, təbliğat bu müstəvidə aparılmalıdır. Yəni necə ki, ermənilər qondarma "erməni soyqırımını" müəyyən müddət, daha doğrusu, 90-cı illərdən etibarən dünya ictimaiyyətinin diqqətinə çatdırdılar. İndi isə artıq sırasıyla o məsələni bir çox ölkələrin parlamentində tanıtmağa başlayıblar, biz "ora bizim torpaqdır" təbliğatını aparmışıq. Dağlıq Qarabağın geri qaytarılması istiqamətində fikir formalaşdırmalıyıq.

O baxımdan, biz Dağlıq Qarabağ sahəsində uğurlar əldə etməsinə etmişik, amma əsl əldə etmək istədiyimiz uğurun yanında bu uğurlar cılız görünür. Dağlıq Qarabağ məsələsində zaman itirmədən çox işlər görməliyik. Çünki keçən zaman Ermənistanın lehinə işləyir.

- Azərbaycan prezidenti Dünya Azərbaycanlılarının III qurultayında diplomatik diaspor qurumlarımız arasında birgə fəaliyyətin vacibliyini qeyd etmişdi. Sizcə, indi vəziyyət necədir?

- Prezidentin vurğuladığı məsələ uzun zamandan bəri vacibliyini çox hiss etdiyimiz məsələ idi. Çünki bizim diaspora təşkilatlarımız dağınıq hərəkət etdikləri üçün müsbət mənada səs-küy gətirən heç bir görə bilmirlər. Diaspora ilə diplomatik korpus ilk dəfə Taksimdə birgə koordinasiyalı fəaliyyət həyata keçirdilər, həftələrlə türk ictimaiyyətində müzakirə mövzusu oldu. O baxımdan, biz bu məsələdə yetərincə gecikmişik, artıq bir an öncə birgə koordinasiyalı fəaliyyət göstərməyin zamanı gəldiyini başa düşməli, buna görə addımlar atılmalıdır.

Hazırkı vəziyyətə baxanda, Azərbaycanın xaricdəki diplomatik korpusları ilə diaspora təşkilatları arasında hələ əlaqə zəifliyi mövcuddur. Avropanın bəzi dövlətləri ilə MDB-nin bəzi dövlətləri istisna olmaqla bir çox dövlətlərdəki bu əlaqə zəifliyi problemi davam etməkdədir.

Bir bu məsələdə təcrübəsizlikləri unutmamaq lazımdır. Bizlər bu işləri yeni-yeni görməyə başlamışıq. Onun üçün birdən-birə yəhudi lobbisi qədər güclü ola bilmərik. Ancaq qarşımızda güclü düşmən erməni lobbisinin olduğunu da unutmamalıyıq. Onun üçün onlar yeriyirsə, biz qaçaraq təcrübə toplamalıyıq. Allaha şükür, artıq dünyanın hansı ölkəsinə gediriksə, orada azərbaycanlı ilə rastlaşmaq adi hala çevrilib. Yəni diaspora fəaliyyətində insan resursu problemimiz yoxdur. Sadəcə, yaxşı olardı ki, lokal azərbaycanlı mütəxəssislərə görəv verilsin koordinasiyaya nəzarət gücləndirilsin. Belə olacağı halda, qısa zaman ərzində dünyada söz sahibi lobbiçilik fəaliyyətinə sahib ola bilərik.

- Bəzən belə fikir eşidirik ki, qardaş Türkiyədə erməni lobbisi güclüdür s. Bu haqda deyə bilərsiniz?

- Ermənilərin bu sahədə yüz ildən çox təcrübəsinin olduğu faktorunu unutmamalıyıq. Həmçinin, onlar olduqları ölkələrdə "erməni camaatı" adı altında birləşirlər. Həm oradakı erməni səfirliyi, həm digər erməni təşkilatları sözügedən "erməni camaatı" məfhumu ilə birgə fəaliyyətlərini nizamlayırlar. Bu vəziyyət ABŞ-da da, Fransada da, Livanda da, Türkiyədə eynidir. Məsələn, iddialara görə, Türkiyədə 3 milyona yaxın azəri türkü, cəmi yetmiş minə yaxın erməni yaşayır. Siz koordinasiyalı fəaliyyətin təsir gücünə baxın. Yetmiş min erməni Hrant Dink cinayətindən bütün dünyanı agah etdilər. Dağınıq 3 milyon azərbaycanlı isə 20 ildə əl barmaqlarının sayını keçməyəcək qədər az təsirə malik fəaliyyət həyata keçiriblər. Çünki Türkiyədəki dünyadakı bütün ermənilər vahid mərkəzdən təşkilatlanırlar. Bizimkilərə gəldikdə isə, hər təşkilat öz ağlına gəlir onu etməyə çalışır nəticə uğursuz alınır. Mənə görə, onların uğurunun arxasında "birgə fəaliyyət" prinsipi dayanır.

 

 

ELNUR

 

Təzadlar.- 2012.- 29 mart.- S.12.